Sürətlə yeniləşən, gözəlləşən Goranboy

Yevlax–Gəncə yolunun Goran stansiyası adlanan ərazisindən sola burulub Goranboy şəhərinə yön alanda gözlərinə inana bilmirsən. İllər boyu hafizəmizdə qalmış əvvəlki boz-bulanıq, ifadəsiz mənzərədən indi əsər-əlamət belə qalmayıb. Abadlıq, zövqlə yaradılmış memarlıq tərtibatları, ümumi gözəllik əvvəllər əkinqırağı arxların, alaq otlarının əhatələdiyi yolkənarı mənzərəni birdəfəlik yox etmişdir. Goran stansiyasından ayrılan yolun ətrafında aparılmış əsaslı yenidənqurmanın davamı olan bu ürəkaçan mənzərə 5 kilometrlik yoldan sonra müsafirləri Gəncəbasarın tamamilə yeniləşmiş, gözəlləşmiş bir şəhərinə gətirib çıxarır. İstər-istəməz, düşünürsən: doğrudanmı, bütün bunlar son illərdə baş vermişdir?..

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev bu sualımızın cavabında dedi ki, təkcə şəhər deyil, bütün yaşayış məntəqələri yeni görkəm alır, abadlıq işləri hər yeri əhatə edir. Əvvəl gəzin, görün, ətraflı tanış olun, sonra mən də öz sözümü deyərəm...

İcra hakimiyyəti başçısının müavini  Elçin İsmayılovla Goranboy şəhərində son vaxtlar istifadəyə verilmiş, hazırda tikintisi başa çatdırılmış əksər obyektlərdə olduq, Ağcakənddəki “Gülüstan” turizm obyektinədək gedib çıxdıq, bir sözlə, rayonu əriş-arğac etdik. Hər yerdə qızğın işin, geniş quruculuq- abadlıq işlərinin, hasilə gətirilənlərin  gərəkliyindən doğan ümumi razılığın, xoş əhvalın şahidi olduq. Adamlar bütün bunları ölkə rəhbəri İlham Əliyevin bölgələrin inkişafına müstəsna diqqətinin nəticəsi kimi dəyərləndirdilər.

Axşam yenidən Rayon İcra Hakimiyyətinə döndük. Goranboy rayonunda son vaxtlar həyata keçirilmiş quruculuq, tikinti- abadlıq işləri, 6 ayda həyata keçirilmiş social-iqtisadi inkişaf tədbirləri ilə əyani və ətraflı tanışlıqdan sonra icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə söhbətimiz daha konkret və faydalı oldu. Müsahibimiz səhər verdiyimiz “bütün bunlar qısa müddətdə necə mümkün olmuşdur? - sualımızı indi məmnunluqla cavablandırdı:

– Bu gün ölkədə gedən ümumi inkişaf elə miqyaslı və sürətlidir ki, açığı, bölgələrin belə bir tərəqqi ilə ayaqlaşması o qədər də asan deyildir. Aydın proqram, lazımi dövlət dəstəyi olan yerdə isə ümumi axından geri qalmağa heç kəsin haqqı yoxdur. Kim indi bir balaca gecikdisə, onun sonra başqalarına çatması mümkün olmayacaq. Nazirlər Kabinetinin bu günlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən iclasında səslənən inkişaf göstəriciləri bir daha göstərdi ki, ölkəmiz başdan-başa yeniləşir, uğurlar davamlı olaraq artır. Ümumi tərəqqidə regionlar da öz sözünü deyir.

 Artıq Goranboy kimi aqrar rayonlara ölkənin xammal əlavəsi kimi deyil, ümumi orqanizmin bir hissəsi kimi baxılır. Paytaxt, sənaye mərkəzləri hansı standartlarla tikilib- qurulursa, kənd rayonları da həmin meyarlarla inkişaf etdirilir. Bu, dövlət başçısı İlham Əliyevin 11 il əvvəl prezident seçkiləri zamanı regionların sürətli inkişafına nail olmaqla bağlı bəyan etdiyi proqramın ardıcıl, artan sürətlə həyata keçirilməsinin parlaq göstəricisidir. Deməli, yüksək sürətin təminatı yuxarıdan, icrası isə aşağıdan gerçəkləşdirilir.

Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb uğurla həyata keçirilmiş regionların sosial-iqtisadi inkişafına dair birinci və ikinci dövlət proqramları respublikanın hər yerində olduğu kimi, rayonumuzda da davamlı inkişafı təmin etmişdir. Ötən müddətdə bir sıra infrastruktur layihələr icra edilmiş, xeyli sayda müasir sosial obyekt istifadəyə verilmişdir. Bunlar Goranboy şəhərinin, bütövlükdə, rayonumuzun simasını əsaslı surətdə dəyişmiş, müstəqillik dövrünün Goranboyunu formalaşdırmışdır. Bu ildən icrasına başlanılmış üçüncü dövlət proqramı növbəti 5 ildə bütün rayonlar kimi, Goranboyun da  bu yeni əsas üzərində hərtərəfli inkişafı davam edirməsinə imkan verəcəkdir. İndi isə nümunə üçün bir neçə obyektdəki işimizdən danışım.

Bu günlər bütün qüvvə və ehtiyatlar proqramda nəzərdə tutulmuş tədbirlərin, layihələrin dəqiq icra edilməsinə səfərbər olunmuşdur. Havaların əvvəl yağıntılı, son həftələrdə isə isti keçməsinə baxmayaraq, tikinti meydançalarında fasiləsiz iş gedir, kənd adamları məhsul bolluğu yaratmaq üçün əlini torpaqdan, sudan çəkmirlər. İlin əvvəlindən götürülmüş yüksək sürət Heydər Əliyev Parkında yaradılan müasir memarlıq nümunəsi olan üçmərtəbəli, 4000 kvadratmetrlik Heydər Əliyev Mərkəzinin tikintisini qısa müddətdə başa çatdırmağa imkan vermişdir.

Gördüyünüz kimi, ulu öndərin adına, ölməz ideyalarına layiq olan bu bina Goranboy şəhərinin mərkəzinə böyük və gözəl şəhərlərə məxsus bir görkəm gətirmişdir. Mərkəzin həyətinə 2000 kvadratmetr beton plitə döşənmişdir. Mədəniyyət və istirahət parkı bütövlükdə, yenidən qurulur. Əraziyə xüsusi yaraşıq verən 2 fəvvarənin və təntənəli giriş qapısının tikintisi başa çatmaq üzrədir. Ətrafa müasir divar çəkilir, aqlay daşı ilə üzlənilir.

Qeyd etmək yerinə düşər ki, respublikada bənzəri olmayan bu mərkəzdə rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Burada ulu öndərin irsinin öyrənilməsi ilə yanaşı, gənclərin və yeniyetmələrin yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün dərnəklər də fəaliyyət göstərəcəkdir.

Rayonumuz üçün önəmli digər bir obyektdə –  Prezident İlham Əliyevin tapşırığı ilə tikilntisinə başlanılan Olimpiya idman kompleksində də işlər sürətlə aparılır. Nizami Gəncəvi Parkının 4 hektarlıq ikinci hissəsinin  isə tikintisi başa çatmışdır. “Goranboy” otelinin yanında parka memarlıq üslubunda giriş qapısı tikilmişdir. Burada əhalinin istirahəti üçün əyləncə guşələri, “Şəlalə” kompleksi inşa edilmiş, dekorativ ağaclar və gül kolları əkilmiş, 4000 kvadratmetr sahədə yaşıllıq zolağı salınmış, 600 metr suvarma xətti çəkilmişdir. Xüsusi gecə görüntüsü yaratmaq üçün işıqlandırma sistemi quraşdırlmışdır. Şəhərin Goran istiqamətindən giriş qapısının ətrafında yenidənqurma işləri başa çatmış, ikitərəfli yol çəkilmiş, işıqlandırma sistemi qoyulmuşdur. 2500 kvadratmetr yaşıllıq zolağı salınmış, avtomatik suvarma sistemi quraşdırılmışdır.

Bundan əlavə, Avtobaza dairəsindən “Goranboy” otelinə qədər olan məsafədə, C.Cabbarlı, R.Mustafayev küçələrində, Ağcakənd istiqamətindən girişdə yol genişləndirilmişdir. İkitərəfli yolun tikintisi başa çatmaq üzrədir və həmin ərazilərə 195 müasir işıqlandırma dayaqları qoyulmuşdur. Ümumilikdə, küçələrə 12600 metr bardür düzülmüş, 2200 kvadratmetr piyada yolu tikilmişdir. Gördüyünüz kimi bütün bunlar Goranboy rayonunun pərakəndə, primitiv görkəminin yerində müasir bir şəhərin yeni mənzərəsini bərqərar etmişdir.

Başçının bütün quruculuq tədbirləri barədə məlumat verməyə macalı olmasa da rayonda olarkən gördüyümüz və topladığımız materiallar əsasında ilin 6 ayının ən mühüm yenilik və uğurlarını oxucuların nəzərinə çatdırırıq.

 İlin əvvəlindən İrəvanlı kəndi ərazisində avtomobil yolu boyu 580 metr divar, H.Əliyev prospektində və Nizami adına parkda 3100 kvadratmetr məhəccər inşa edilmişdir. H.Əliyev prospektində 850 kvadratmetr, R.Mustafayev küçəsində isə 800 kvadratmetr hasar bərpa edilmişdir. Ümumilikdə, 680 kvadratmetr divar aqlay daşı ilə üzlənmiş, 820 kvadratmetr divara suvaq çəkilmiş, 3600 kvadratmetri rənglənmişdir.

Goranboy şəhərinin 58-ci kvartal adlanan yeni yaşayış massivində küçələrə 3600 kvadratmetr, V.Bayramov və C.Cabbarlı küçələrinə isə 42000 kvadratmetr asfalt örtük salınmışdır. S.Civəzadə küçəsində 5, 9 və 11 saylı 2 mərtəbəli yaşayış binalarının dam örtüyü müasir formada yenidən qurulur. H.Əliyev prospektində 2 mərtəbəli yaşayış binasının həyətində sakinlərin istirahəti üçün əyləncə yeri tikilmişdir. C.Cabbarlı küçəsində 4 saylı binada daxili su xətləri çəkilmişdir.

Ağcakənd istiqamətindən şəhərə yeni giriş qapısı tikilmiş, 300 Eldar şamı əkilmişdir. Şəhərin 2 yerində ulu öndər Heydər Əliyevin iri portreti üçün panno  inşa edilmişdir. Böyük Vətən müharibəsində və Qarabağ müharibəsində həlak olanların xatirəsinə ucaldılmış kompleksdə yenidənqurma işləri davam etdirilir. Burada 160 kvadratmetr hasar hörülmüş, 1000 kvadratmetr tamet döşənmiş, 500 kubmetr torpaq tökülmüş, 60 dekorativ ağac əkilmiş, fontan tikilmişdir. İşlər başa çatmaq üzrədir. Şəhərin ərazisində salınmış yaşıllıq zolaqlarında və digər yaşayış məntəqələrində 34 mindən çox ağac və gül kolları əkilmişdir.

Yeni obyektlərin sayı son vaxtlar xeyli artmışdır. Rayon Təhsil Şöbəsinin qarşısındakı yol dairəsində saat qülləsi inşa edilmişdir. Şəhər Avtovağzalının inzibati binasının tikintisi başa çatmış, istifadəyə hazır vəziyyətdədir. Rayon Paylayıcı Elektrik şəbəkəsinin inzibati binasında son tamamlama işləri aparılır. Müasir ticarət  mərkəzi və yeni çörək zavodu inşa edilmişdir. Əlillər və şəhid ailələri üçün 6 mərtəbəli 54 mənzilli yaşayış binası da istifadəyə verilmək ərəfəsindədir. İmtiyazlı şəxslərin mənzillə təmin olunması üçün əlavə 2 ədəd 6 mərtəbəli 54 mənzilli yaşayış binasının tikintisi ilə bağlı müraciət edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Goranboy şöbəsi üçün müasir üslubda yeni inzibati binanın tikintisinə başlanmışdır.

İlin birinci yarısında rayon mərkəzi ilə yanaşı, digər yaşayış məntəqələrində də abadlıq-quruculuq işləri davam etdirilmişdir. Tatarlı və Qarqucaq kəndlərində giriş qapısı inşa edilmişdir. Əzizbəyov kəndində 22 ton tutumu olan meyvə-tərəvəz saxlamaq üçün soyuducu anbar tikilir.

Son illər rayonda yol tikintisi sahəsində xeyli iş görülmüşdür. 22,5 kilometr Dəliməmmədli-Həmənli, 7,5 kilometr Səmədabad-Əhmədabad, 5 kilometr Dəliməmmədli-Fəxralı, 7  kilometr uzunluğunda Goran-Goranboy yolu, magistral yoldan Nadirkənd kəndindən keçməklə 3,3 kilometr dövrələmə yol asfalt-beton örtüklə yenidən tikilmişdir.  

Nəqliyyat naziri Ziya Məmmədov fevralın 28-də Goranboy rayonunda vətəndaşları qəbul edərkən Sarov kəndinin bir qrup sakini Dəliməmmədli-Sarov avtomobil yolunun təmiri ilə bağlı müraciət etmişdir. Nazirin tapşırığı əsasında 3 kilometr uzunluğunda yol qısa müddətdə asfalt-beton örtüklə yenidən tikilərək sakinlərin istifadəsinə verilmişdir. Hazırda ölkə Prezidentinn müvafiq sərəncamı ilə 35 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən 38 kilometr uzunluğunda Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi aparılır. Yol tikintisinin davam etdirilməsi üçün 7,2 milyon manat vəsait ayrılmışdır. Artıq Qaraçinar kəndinədək 25 kilometr yola asfalt-beton örtük salınmışdır.

 Ötən il olduğu kimi, bu il də kənddaxili yolların təmiri işləri davam etdirilmişdir. AzKİL təşkilatı ilə birlikdə 2014-cü ilin 6 ayı ərzində Zeyvə, Qarqucaq, Hacallı, Şəfibəyli kəndlərində 22,5 km kənddaxili yollar təmir edilmişdir.

Bütün kəndlərdə nümunəvi sosial obyektlər yaradılması, zəruri ehtiyacların aradan qaldırılması işi ardıcıl davam etdirilir. Nadirkənd kəndində klub binasının tikintisi başa çatmaq üzrədir. Yaxın vaxtlarda yeni dəyirmanın tikintisinə başlanacaqdır. Aşağı Ağcakənd qəsəbəsində, Rəhimli, Gürzallar, Yenikənd, Xəsədərli, Quşçular, Muzdurlar, Yolpaq və İrəvanlı kəndlərində 6950 metr içməli su xətləri çəkilmiş, 350-dən çox ev içməli su ilə təmin edilmişdir. Hazırda Xınalı kəndində küçələrə su xətti çəkilir. Yaxın vaxtlarda Qazanbulaq qəsəbəsində, Nadirkənd kəndində və Veyisli kəndi yaxınlığındakı qəsəbədə yeni içməli su xəttinin çəkilişi layihəsinin icrasına başlanacaqdır.

Ölkə Prezidentinin tapşırığı ilə təmas xəttində yerləşən Tap Qaraqoyunlu və Tap kəndlərinin problemlərinin həlli istiqamətində işlər davam etdirilmişdir. Murov-Goranboy su kəmərindən kəndə su xətti çəkilmiş, o cümlədən evlərə su xəttinin çəkilişi başa çatmış, sayğaclar quraşdırılır. 500 metr mühafizə divarı tikilmişdir. Xeyir-şər evinin tikintisi davam etdirilir. Yaxın aylarda kənd qəbiristanlığının ətrafının hasarlanmasına, 45 evin yenidən tikintisinə və 267 evin bərpasına başlanılacaqdır.

Öyrəndik ki, son 5 ildə rayonda 3880 yerlik 20 məktəb və 2 əlavə tədris korpusu tikilmiş, 1920 yerlik 8 məktəb əsaslı təmir edilmişdir. Hazırda hər biri 180 şagird yerlik Xınalı, Qarasuçu, Yenikənd kənd və Goran qəsəbə məktəblərinin tikintisi aparılır. Növbəti dərs ilinədək bu məktəblər istifadəyə veriləcəkdir. Hazırda Qaradağlı kənd tam orta məktəbinin istilik sisteminin qurulması üçün iş aparılır. Bu il Qaradağlı kənd və Qızılhacılı qəsəbə 2 saylı uşaq bağçaları əsaslı təmir edilmiş, Xınalı kəndində yeni uşaq bağçası açılmışdır.

Mədəniyyət müəssisələrinin maddi bazasının yaxşılaşdırılması istiqamətində işlər də uğurla davam etdirilir. Mərkəzləşmiş kitabxana sistemində bərpa işləri aparılmışdır. Hazırəhmədli kənd mədəniyyət evinin əsaslı təmiri başa çatmaq üzrədir. Tarix-Diyarşünaslıq Muzeyinin köçürülməsi məqsədi ilə Heydər Əliyev Mərkəzinin köhnə binasında 105 kvadratmetr sahəsi olan yardımçı otaqların tikintisi aparılır.

Prezident İlham Əliyevin tapşırığına əsasən, rayonda fevral ayının 17-dən may ayının 1-dək olan dövrdə əhalinin kütləvi profilaktik tibbi müayinəsi keçirilmişdir. Tibbi müayinəyə 65,578 nəfər cəlb olunmuş, 9329 nəfər xəstə aşkarlanmış, 406 nəfər rayon mərkəzi və Dəliməmmədli şəhər xəstəxanalarına stasionar müalicəyə cəlb olunmuş, 102 nəfər Bakı şəhərinin klinikalarına göndərilmişdir. Müayinə zamanı 88 yataq xəstəsi aşkar olunmuş, onlara tibbi yardım göstərilmişdir.

Rayonda rabitə xidmətinin istifadəçiləri artmaqdadır. 2014-cü ilin birinci yarımilində 325 nəfərə yeni telefon çəkilmiş, Nərimanlı kəndində 208 nömrəlik EATS istifadəyə verilmişdir. Todan elektron ATS-i istisna olmaqla 34 ATS-də genişzolaqlı internet avadanlıqları quraşdırılmış, 3500 abunəçi bu xidmətdən istifadə edir. Son illər əhaliyə göstərilən poçt xidmətləri də xeyli genişlənmişdir. Borsunlu poçt şöbəsi üçün yeni bina inşa edilmiş, poçt filiallarında müasir avadanlıqlar quraşdırılmışdır. Rayon Poçtamtı artıq daxili və beynəlxalq pul köçürmələrinin qəbulunu və göndərilməsini də həyata keçirir.

Əhalinin güzəranı, sosial ehtiyacları daim nəzarətdə saxlanılır, problemlər ardıcıl həllini tapır. 6 ay ərzində rayonda 795 iş yeri açılmışdır ki, bunun 505-i daimidir. Əhalinin enerji daşıyıcıları ilə təminatı daim diqqətdə saxlanılmış, həyata keçirilmiş tədbirlər nəticəsində ciddi problem yaranmamışdır. Ötən il Qaraçinar, Yolqullar, Dəyirmanlar, Azad və Baxçakürd kəndlərinin qazlaşdırılmasına başlanmışdır.

“Goranboy şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi başa çatmışdır. 45,2 kilometr  Murov-Goranboy su kəməri, 109,6 kilometr şəhərdaxili su və 81,7 kilometr kanalizasiya xətti çəkilmişdir. Səfikürd kəndində hər birinin tutumu 1000 kubmetr olan 3 su anbarı, Yuxarı Ballıqaya kəndində 9000 tonluq  2 sutəmizləyici qurğu tikilmişdir. Kanalizasiya təmizləyici qurğusu inşa edilmiş, burada xaricdən gətirilən avadanlıqlar quraşdırılmışdır. Evlərə smart-kart tipli sayğacların qoyulması başa çatmaq üzrədir. Artıq şəhər əhalisinin 90 faizi və Murov-Goranboy su kəməri boyunca yerləşən 17 kəndin 18 min 500 nəfərdən çox əhalisi  ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunmuşdur.

Goranboy rayonunda ilin birinci yarısında sosial- iqtisadi inkisafın yekunları təsdiq edir ki, Azərbaycanın qazandığı uğurlarda bu bölgənin də öz payı var. Ən əsası odur ki, rayonun inkişafı davamlıdır, Goranboy da öndə gedən bölgələr sırasındadır. Goranboy rayonunun ölkəmizin ümumi inkişafına verdiyi töhfələr isə ildən-ilə artır.

Goranboylular bildirdilər ki, bu inkişaf və quruculuq bundan sonra da davam etdiriləcək, işlərin miqyası daha da genişləndiriləcək, ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr layiqincə yerinə yetiriləcəkdir.

 

Tahir AYDINOĞLU, Ziyəddin SULTANOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında