Nizami rayonu: sosial-iqtisadi tərəqqi və quruculuq işləri davam edir

Dünən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  hesabat yığıncağı keçirildi. Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq Nazirlər Kabinetinin 2014-cü ilin altı ayının  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bəzi məqamlarına toxundu.

Rayon icra hakimiyyəti başçısının müavini İldırım Mehdiyev  2014-cü ilin altı ayı  ərzində  rayonun sosial-iqtisadi  inkişafının  yekunları və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış etdi. Cari ilin ötən dövrünü Azərbaycan Respublikası üçün kifayət qədər uğurlu və yüksək nailiyyətlərlə zəngin bir dövr olduğunu qeyd edən natiq bildirdi ki, iyul ayının 10-da  dövlət başçısı cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında son illər ölkə iqtisadiyyatında müşahidə olunmuş iqtisadi artımın hazırda da davam etməsi müsbət hal kimi qiymətləndirlimişdir. Belə ki, Prezident İlham Əliyev statistik göstəricilər əsasında Azərbaycanda sənaye istehsalının, qeyri-neft bölməsinin, o cümlədən kənd təsərrüfatının və digər bütün sahələr üzrə istehsalın artdığını qeyd etmiş, ölkədə  sosial  proqramların  uğurla icra olunduğunu vurğulamış, makroiqtisadi vəziyyətin sabit qaldığını diqqətə çatdırmışdır.

Ölkəmizin dinamik inkişafının təmin olunmasında  paytaxtın Nizami rayonunun da yaxından iştirak etdiyini vurğulayan məruzəçi bildirdi ki, cari ilin birinci yarısında rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 210,1 milyon manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,7 faiz çoxdur. İstehsal olunmuş sənaye məhsulunun 39,7 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Sənayenin dövlət sektorunda isə 126,3 milyon manatlıq və ya ümumi istehsalın 60,3 faizi qədər məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Qeyd olundu ki, rayon üzrə ötən ilin eyni dövrü ilə müqayisədə zeytun yağı istehsalı 77 faiz, kakao yağı istehsalı 2,2 dəfə, günəbaxan yağı istehsalı 16,5 faiz, marqarin istehsalı 33 faiz, süd məhsullarının istehsalı 21,6 faiz, sair kimyəvi məhsulların istehsalı 14 faiz, beton, gips və sement məmulatlarının istehsalı 84,3 faiz, tikinti məhsulları istehsalı isə 35,8 faiz artmışdır. Müəssisələr tərəfindən bazar münasibətlərinin düzgün qurulması nəticəsində cari ilin yanvar-iyun aylarında istehlakçılara 212,6 milyon manatlıq məhsul göndərilmişdir. Natiq bildirdi ki, hesabat dövründə daxili imkanlar hesabına 166,4 milyon manatlıq podrat işləri yerinə yetirilmişdir ki, bunun da 21,9 milyon manatlığı tikintinin dövlət sektorunun, 144,5 milyon manatlığı isə qeyri-dövlət sektorunun payına düşmüşdür. Cari ilin altı ayında rayon iqtisadiyyatının və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 123,7 milyon manatlıq investisiya yönəldilmiş, ötən ilin eyni dövrü ilə müqayisədə 95,2 faiz artım əldə olunmuşdur. İstifadə edilmiş investisiyaların 91,2 milyon manatı və ya 73,7 faizi  tikinti-quraşdırma işlərinə sərf olunmuşdur. Bütün maliyyə mənbələri hesabına 17 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir.

Məruzəçi qeyd etdi ki, 2014-cü ilin birinci yarısında rayon üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 23,1 faiz artaraq 981 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin səviyyəsi isə  8,2 faiz artaraq 193,7 milyon manat təşkil etmişdir. Hesabat dövründə rayon üzrə rabitə sahəsində 113,8 milyon manat, nəqliyyat üzrə isə 40,9 milyon manat dəyərində xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövründəkindən müvafiq olaraq 3 faiz və 38,1 faiz çoxdur. Məşğulluq strategiyasının həllinə diqqətin getdikcə  artırıldığını bildirən məruzəçi dedi ki, cari ilin altı ayı ərzində rayonda 1370 yeni iş yeri yaradılmışdır. Bunun 128-i yeni açılmış müəssisələrə, 172-si mövcud müəssisə və təşkilatlara, 1070 isə fiziki şəxslərıə aid olmuşdur. Bütövlükdə isə 2003-cü ildən indiyədək Nizami rayonunda 24284 yeni iş yeri açılmışdır ki, bunun da 24187-si daimidir. Cari ilin yanvar-iyun aylarında rayon üzrə orta aylıq əmək haqqının 487,6 manat təşkil etdiyini diqqətə çatdıran məruzəçi ayrı-ayrı sahələr üzrə artımın baş verdiyini bildirdi. Bununla yanaşı, natiq rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş  tədbirlərdən də geniş bəhs etdi.

2014-cü ilin ötən dövrü ərzində  rayonda elektrik enerjisi, istilik, qaz və içməli su təchizatı ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verən İ.Mehdiyev  abadlıq və quruculuq işlərinə də xüsusi diqqət yetirildiyini bildirdi. Natiq, həmçinin rayonun təhsil, səhiyyə, mədəniyyət və idman sahələri üzrə də yüksək nailiyyətlərin əldə olunduğunu qiqqətə çatdırdı, qazanılmış  uğurlardan geniş bəhs etdi.

Məruzə ətrafında çıxış edən digər natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm işlərdən, sosial və iqtisadi sahələrdə əldə olunmuş uğurlardan söhbət açdılar. Azərbaycanın sosial-iqtisadi inkişafında paytaxtın Nizami rayonunun da mühüm rol oynadığını vurğulayan natiqlər rəhbərlik etdikləri sahələrin işi ilə bağlı hesabat verdilər, ilin qalan dövrü ərzində görüləcək işlərdən bəhs etdilər.

Hesabat yığıncağına yekun vuran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyevin proqram xarakterli yekun nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən, həmçinin  rayonda həllini gözləyən bir sıra məsələlərdən söhbət açdı, bununla bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verdi.

Tədbirdə  Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov  iştirak edirdilər.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında