İnkişafın və yüksəlişin Füzuli təcrübəsi

Füzulidə son illər ərzində görülən işlərlə bağlı sizi təbrik etmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, Prezident kimi bundan sonra da Füzuli rayonunun inkişafı ilə bağlı səylərimi göstərəcəyəm. Daim bu məsələ diqqət mərkəzində olacaqdır. Biz hələ çox-çox görüşəcəyik, çünki Füzulidə gələcəkdə böyük işlər görüləcək, böyük açılışlar olacaqdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Əslində, Füzuliyə budəfəki səfərimizin məqsədi başqa idi: taxıl yığımının yekunları barədə yazı hazırlamaq istəyirdik. Mövzu təsadüfən seçilməmişdi. Taxıl əkini sahələrinin, demək olar ki, hamısının cəbhə xəttində, necə deyərlər, düşmənin ikiaddımlığında yerləşməsinə, atışma, hücum və basqınlara baxmayaraq, son illər dalbadal yüksək məhsul əldə edən Füzulinin kənd əməkçiləri hər cür tərif və xoş sözə layiqdir. Ancaq, sözün düzü, Horadiz şəhərində gördüklərimiz, müşahidə etdiklərimiz və eşitdiklərimiz bizi mövzuya daha geniş planda yanaşmağa çağırırdı. Cəmi iki ay əvvəl burada olmuşduq. Ona görə qısa müddət ərzində görülüb başa çatdırılmış işlər, aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq tədbirləri, adamların əhval-ruhiyyəsi, sabaha olan inam və ümidləri xüsusi maraq və rəğbət oyadırdı.

Bəli, bu günlər Füzuli Rayon İcra Hakimiyyətinin inzibati binası, sözün əsl mənasında, cəbhə qərargahını xatırladır. Düzdür, çevik və operativ iş üslubu, daha çox elmi münasibətlərə əsaslanan idarəetmə məsələləri, yerlərlə sıx əlaqə, insan amili son illər burada xüsusilə diqqət mərkəzindədir. Ancaq orası da var ki, indiki sürət və keyfiyyət, daha böyük hadəflərə istiqamətlənmiş yaradıcı və mütəşəkkil fəaliyyət ayrıca qeyd edilməyə layiqdir.

Beyləqandan üzü Horadiz şəhərinə ilk görünən Bayraq meydanıdır. Əvvəlcə onu qeyd edək ki, coğrafi məkan etibarilə meydan olduqca uğurlu seçilmişdir. Ən hündür yerdə salınmış Bayraq meydanı, az qala, Qarabağın hər yerindən görünür. Yüksəklikdə qürur və qalibiyyətlə dalğalanan Azərbaycanın üçrəngli bayrağı düşmənin gözünə ox kimi batır. Nəinki təkcə Horadiz şəhərinə, ümumiyyətlə, bu bölgəyə xüsusi əzəmət verən Bayraq meydanı bura qədəm basan hər kəsin qəlbində xoş və unudulmaz duyğular oyadır. Xalqımız, millətimiz və dövlətimiz barədə qürur və şərəflə düşünür, sabahki günümüzə böyük inam və ümidlə baxırıq.

Ən sevindirici cəhət isə ondan ibarətdir ki, bu böyük kompleks qısa müddətdə, xüsusi zövq və səliqə ilə başa gəlmişdir. İndi bu hündür təpənin sinəsini on mindən çox müxtəlif ağac və gül kolları bəzəyir. Ümumiyyətlə, son 2 ildə rayon ərazisində 130 min müxtəlif ağac və gül kolları əkilmişdir. Bayraq meydanına həm maşın yolu çəkilmiş, həm də maraqlı üslubda pilləkənlər tikilmiş, yeraltı suvarma şəbəkəsi yaradılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Yeri gəlmişkən, onu da əlavə edək ki, füzulililər 10 hektar ərazini əhatə edən Bayraq meydanına təkcə əyləncə və istirahət məkanı kimi baxmırlar. Onlar bura həm də zəfər və qələbə rəmzi kimi baxır və möhkəm inanırlar ki, tezliklə Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Ağdamda ... dalğalanacaqdır. Təsadüfi deyildir ki, indi burda tez-tez hərbi hissələrinin əsgərlərini, şəhər sakinlərini, gəncləri görmək olar.

Biz Bayraq meydanında Horadiz şəhər sakini Sulduz Məmmədovla görüşdük. Meydandan aşağı enirdi. Hiss olunurdu ki, ürəyi sözlə doludur.

– Hər gün bura baş çəkirəm, - dedi. - Elə bil ki, qoluma qüvvət, dizimə taqət gəlir. Xalqımızın qəhrəmanlıqlarla dolu tarixi, keçdiyi şanlı mübarizə yolu, dünyanı heyran qoyan bu günün inkişaf və yüksəlişi gəlib gözümün önündən keçir. Heç uzağa getməyək. Yəqin ki, Horadizi əvvəllər görmüşdünüz. Şəhər son 2-3 il ərzində tanınmaz dərəcədə dəyişmiş, daha abad və yaraşıqlı olmuşdur. Bu gücün, bu yüksəlişin, bu bayrağın qarşısında heç bir qüvvə tab gətirə bilməz. 

–  Son vaxtlar şəhər xeyli böyümüş, yeni prospekt və küçələr, park və xiyabanlar salınmış, müxtəlif təyinatlı binalar tikilmiş, yaşıllıq zolaqları yaradılmışdır. Biz həmin prospektlərin biri - Gənclər prospekti ilə addımlayırıq. Əvvəllər bura boş sahə olub. İndi gülüstana dönüb, şəhərin görkəminə yeni bir gözəllik gətirib. Tikintisi gedən və inşası artıq başa çatdırılmış binalar, hər şeydən əvvəl, milli memarlıq ənənələri və müasir elementlərlə diqqəti cəlb edir. Ümumiyyətlə, prospektin uzunluğu hələlik 4 kilometrdir. Geniş asfalt yolun kənarları ilə səkilər düzəldilib, gül-çiçək əkilib, yaşıllıq zolaqları salınıb. Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin inzibati binaları, tarix-diyarşünaslıq muzeyi tam hazırdır. Maliyyə şöbəsinin inzibati binasında isə tikinti işləri sürətlə davam etdirilir.

“Yeni Horadiz”. Füzulilərin böyük məhəbbətlə belə adlandırdıqları şəhərin bu yeni guşəsi bir də öz müasir görkəmi ilə diqqəti cəlb edir. Burada tikilən hər bina, çəkilən yol, səki, yaradılan işıqlandırma sistemi, bulaq və fəvvarələr, əkilən hər ağac, gül yüksək səliqə-sahmandan, zövq və mədəniyyətdən xəbər verir.

Şəhərin ən abad və yaraşıqlı prospekti ulu öndər Heydər Əliyevin adını daşıyan prospektdir, desək, heç də səhv etmərik. Məsələ burasındadır ki, şəhərin bu hissəsi tamamilə yenidən qurulmuş, 2 hektar genişləndirilmişdir. Təzə yollar, səkilər salınmış, küçə boyu yerləşən binalar müasir üslubda əsaslı şəkildə təmir və bərpa olunmuş, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Təkcə bu prospektə 10 mindən çox həmişəyaşıl ağaclar, müxtəlif gül-çiçək kolları əkilmiş, kiçik istirahət güşələri yaradılmış, bulaq və fəvvarələr quraşdırılmışdır.

Prospekt boyu ulu öndərin portretləri, onun ölkəmiz, millətimiz, o cümlədən Füzuli haqqında müxtəlif vaxtlarda dediyi müdrik kəlamlardan ibarət lövhələr asılmışdır. Bu isə adamlarda xoş ovqat yaradır, onları daha qətiyyətli və mübariz olmağa çağırır. Bir sözlə, burada insanların dincəlmələri və istirahət etmələri üçün hər cür şərait yaradılmışdır. Təsadüfü deyildir ki, günün müxtəlif vaxtlarında şəhər sakinlərini prospektdəki müxtəlif istirahət guşələrində görmək olar.

Bura isə rayonun milli qəhrəmanlarının, Horadiz şəhəri şəhidlərinin, 31 Mart soyqırımı qurbanlarının unudulmaz xatirəsinə ucaldılmış abidə kompleksləridir. Bir jurnalist dostumun dediyi kimi, abidə komplekslərini yaddaş və ibrət dərsləri də adlandırmaq olar. Ona görə ki, bu abidələri ziyarət edən hər kəsin qəlbində, yaddaşında dərhal, heç olmasa, ən yaxın tariximiz - Qarabağ müharibəsi, ölüm, faciə, torpaq itkisi, mübarizə və intiqam hissi oyanır. Azərbaycan hərb tarixinin şanlı səhifələrindən olan “Horadiz əməliyyatı” isə ayrıca qeyd olunmalıdır.

Ulu öndər Heydər Əliyevin xalqa tarixi müraciətindən sonra həmin əməliyyat onunla nəticələndi ki, Horadiz şəhəri və Füzulinin əlavə 22 yaşayış məntəqəsi düşmən caynağından azad edildi. Qarşısında dayandığımız həmin abidə komplekslərində də məhz həmin əməliyyat, o zaman canını torpaq, Vətən yolunda qurban verən qəhrəman oğul və qızlarımızın hünəri əks olunub. Doğrudan da, heç kim unudulmur, heç nə yaddan çıxmır. Ancaq bir şərtlə: gərək olub–keçənləri vaxtında tarix səhifəsinə həkk etməyi bacarasan. Horadiz şəhərində olduğu kimi.

İşğaldan azad olunmuş ərazilərdə salınmış qəsəbələrdə, elə Horadiz şəhərinin özündə də ən vacib sosial məsələlərdən biri sakinlərin müvafiq iş yeri ilə təmin olunmasıdır. Bu cəhətdən Füzulidə bir sıra tədbirlər işlənib həyata keçirilmiş, uğurlu layihələr gerçəkləşdirilmişdir. Məsələn, son 3 il ərzində Kərimbəyli kəndində 3 hektar sahədə ailəvi istirahət mərkəzi, 5 min ton kənd təsərrüfatı məhsulları saxlayan soyuducu anbar, ildə 3 min ton quş əti istehsal edən “Qarabağ Broyler” MMC, Bala Bəhmənli kəndində 25 meqavat gücündə su elektrik stansiyası və s. tikilib istifadəyə verilmişdir. Onu da əlavə edək ki, həmin obyektlərin bir çoxunun istifadəyə verilməsi mərasimində ölkə Prezidenti İlham Əliyev şəxsən iştirak etmişdir.

Bu günlərdə Horadiz şəhərində daha bir istehsalat müəssisəsi - toxumçuluq fabiriki öz qapılarını sakinlərin üzünə açacaqdır. Öyrəndik ki, ən müasir xarici avadanlıqlarla təchiz edilmiş bu müəssisə öz istehsal gücünü gələcəkdə daha da artırmaq niyyətindədir. Mütəxəssislərin dediyinə görə, hələlik, burada 100 nəfər işlə təmin olunacaqdır.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə işğal zamanı yandırılmış və dağıdılmış evlərin bərpası istiqamətində Füzuli rayonunda silsilə tədbirlər işlənib həyata keçirilmişdir. Artıq Alıxanlı kəndində 50 ev bərpa olunmuş, müxtəlif şəhər və rayonlarda müvəqqəti məskunlaşmış sakinlər doğma yurd-yuvalarına qayıtmışlar. Bu yaxınlarda isə Əhmədalılar kəndində 25 evin bərpasına başlanılmışdır.

Horadiz şəhərində yandırılmış və dağıdılmış evlərdən 227-nin, eləcə də 3 çoxmərtəbəli kommunal binanın bərpası artıq başa çatmaq üzrədir. Biz həmin evlərdən birinin sakini Alış Həsənovla görüşdük:

- Məlum hadisələrlə əlaqədar 20 ilə yaxın ailəmlə birlikdə Sabirabad rayonunda məskunlaşmışdıq. Şəraitimiz, əlbəttə, dözülməz idi. Üstəlik, iş yeri tapa bilmirdik, gözümüzü verilən yardımlara dikmişdik. Doğma yurd-yuvamızdan kənarda yaşasaq da, ürəyimiz burda idi. Ancaq yandırılmış, dağıdılmış evdə necə yaşayaydıq? İndi isə, gördüyünüz kimi, ev-eşiyimiz, həyət-bacamız tam bərpa edilib, hər cür rahatlıq yaradılıb. Artıq bir neçə aydır ki, öz ev-eşiyimizdə yaşayırıq. Müvafiq işlə də təmin olunmuşuq.

Mən, yeri gəlmişkən, bütün Horadiz şəhər sakinləri adından belə gözəl şəraitə, gündəlik diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə sonsuz təşəkkür və minnətdarlığımı bildirirəm. Gün o gün olsun ki, Füzulinin, işğal altında olan şəhər və rayonlarımızın sakinləri də öz doğma yurd-yuvalarına qayıtsınlar.

Biz, əlbəttə, Füzuli rayonunda, o cümlədən Horadiz şəhərində aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinin hamısını əhatə edə bilmədik. Əgər biz bura son 3 ildə tikilib istifadəyə verilmiş Mədəniyyət Evini, Dram Teatrını, Şahmat Məktəbini, Heydər Əliyev Mərkəzini, Gənclər Mərkəzini, YAP rayon təşkilatının inzibati binasını, Soyuducu anbar kopleksini, polis və təhsil şöbələri, Milli Təhlükəsizlik Nazirliyi rayon şöbəsi üçün inzibati binaları, Horadiz şəhərində 240 yerlik məktəbi, 100 çarpayılıq uşaq bağçasını, Tarix-Diyarşünaslıq Muzeyini, Araz Zərgər, Qarabağ kənd, Gecəgözlü yatağı və 4 saylı Qayıdış qəsəbə tam orta məktəblərini də əlavə etsək, onda mənzərə tam aydın olar.

Hazırda Qazaxlar kəndində 240 yerlik tam orta məktəbin, Əhmədbəyli kəndində 340 yerlik musiqi təmayüllü gimnaziyanın, Bala Bəhmənli kəndində 60 çarpayılıq uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Rayonun 29 şəhər, qəsəbə və kəndi təbii qazla təmin olunmuşdur. Qaz çəkilişi davam edir, ilin sonunadək ərazidəki 39 yaşayış məntəqəsi də qazlaşdırılacaq.

Son illər Füzuli rayonunda kənd təsərrüfatı məhsulları istehsalının artan sürətlə inkişafını, əkin sahələrinin genişləndirilməsini, məhsuldarlığın yüksəldilməsini konkret faktlarla sübut etmək üçün əlimizdə maraqlı bir fakt var. 1996-cı ildə “Xalq qəzeti”ndə dərc olunmuş “Cəbhə xəttinin beş addımlığında...” adlı yazıda oxuyuruq:  “Alı Alıyevi çoxdan tanıyıram. Müxtəlif vəzifələrdə çalışıb. Ən başlıcası odur ki, torpağın da dilini yaxşı bilir, adamların da. Onları səfərbər etməyi, öz ardınca aparmağı bacarır. Indi rayon aqrar sənaye kombinatının baş direktorudur. Budəfəki görüşümüz Araz qırağında oldu. Çayın yatağı boyu uzanan bərəkətli Qarabağ torpaqları onun xəyalını çəkib aparmışdı.

- Belə torpaqları olan xalq gərək heç nədən korluq çəkməsin, dedi - Nə əkirsən, birə–beş qaytarır. Ancaq, təəssüf ki, vaxtında qədrini yaxşı bilməmişik. İndi yağı tapdağı altındadır. Sizi inandırıram ki, təkcə Füzuli rayonunun taxılı ilə bütün bu bölgənin əhalisini təmin etmək olar.

İndi adamlarımız torpaqdan ikiəlli yapışıb. Bir qarış da istifadəsiz qalmır. Elə bu cür can yanğısının nəticəsidir ki, cari ildə 10 min tondan çox taxıl istehsal edilmişdir.

Baş direktor dedi ki, inşallah, torpaqlarımız geri qaytarılandan sonra məhsulu yığıb-yığışdırmaq mümkün olmayacaq. Biz daha əvvəlki adamlar deyilik. Torpağımızı qorumağı da bacarırq, onu əkib-becərməyi də”.

1996 - 10 min ton, 2014 - 90 min ton taxıl! Bizcə, əlavə şərhə ehtiyac yoxdur. Təkcə onu əlavə edək ki, başqa kənd təsərrüfatı məhsulları istehsalı, o cümlədən sənaye, tikinti-abadlıq, sosial-mədəni sahələrdə də yüksəliş və inkişaf dinamikası belədir.

 

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.

Şəkillərə iri formatda baxmaq üçün üzərində klikləyin



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında