Son illər Azərbaycanın sürətli iqtisadi inkişafında özəl sektor mühüm rol oynayır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, hazırda ölkədə investisiyaların böyük əksəriyyəti özəl sektor tərəfindən qoyulan daxili investisiyalardır. Bu, həm də onu göstərir ki, Azərbaycan dövlətinin gücü artmış, özəl sektor respublikada gedən uğurlu proseslərdən bəhrələnmişdir. Prezident İlham Əliyev bununla bağlı demişdir: “Biz bundan sonra da dövlət investisiya proqramlarını icra edəcəyik. Hər il dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. Amma mən çox istərdim ki, özəl sektor daha da böyük həcmdə investisiyalar qoysun, həm öz imkanlarını genişləndirsin, eyni zamanda, ölkənin inkişafı üçün də bunun böyük əhəmiyyəti vardır...”.
Azərbaycanda biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, stimullaşdırıcı şərtlərin və vergi güzəştlərinin tətbiqi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi regionların inkişafına öz töhfəsini vermişdir. Sahibkarlara göstərilən xidmətlərin elektronlaşdırılması və bu xidmətlərə görə dövlət rüsumlarının və haqların “online” rejimində elektron qaydada həyata keçirilməsi vaxt itkisinin və əlavə xərclərin qarşısını almışdır.
Dövlət başçısı İlham Əliyev respublikamızda özəl sektorun inkişafına daim xüsusi diqqət göstəriləcəyini dönə-dönə vurğulamışdır. Ölkə rəhbəri dəfələrlə çıxışlarında sahibkarların himayədarı olduğunu bildirərək demişdir ki, mənim üçün özəl şirkətlə dövlət şirkəti arasında heç bir fərq yoxdur. Hər ikisi Azərbaycan şirkətidir, hər ikisi Azərbaycanda çalışır, ölkə naminə çalışır.
Hazırda Azərbaycanda sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin - xüsusi iqtisadi zonaların, sənaye şəhərciyinin və biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Onu da deyək ki, istehsal sferasında sahibkarlıq strukturlarının yaradılmasının məqsədəuyğun istiqamətləndirilməsi və stimullaşdırılması vasitəsilə innovasiyaya əsaslanan yüksək keyfiyyətli əmtəələrin və xidmətlərin təklifinin sabit artımına dövlət tərəfindən müvafiq şərait yaradılmışdır. Ötən illərdə vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması, dövlət qeydiyyatında və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin tədbiqi, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi özəl sektorun inkişafını daha da sürətləndirmişdir.
Son illərdə Azərbaycanda sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydaların əhəmiyyətli dərəcədə liberallaşdırılması, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmlərinin təkmilləşdirilməsi, ölkədə ixrac rüsumlarının ləğvi özəl sektorun yüksəliş tempini daha çevik etmişdir. Buna misal olaraq deyə bilərik ki, yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədi ilə 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilmiş, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləği azaldılmışdır.
Yuxarıda sadalananlarla yanaşı, bir məqama da toxunmaq istərdim. Bu gün Azərbaycanda real sektora dövlət dəstəyini nəzərə almasaq, banklar tərəfindən elə bir ciddi maliyyə yardımı göstərilmir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu barədə ətraflı söhbət getmişdir. Dövlət başçımız demişdir: “...Biz ölkəmizdə sənayenin, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafını sürətləndirmək üçün dünyada gedən təcrübəni də bilirik. Mövcud olan təcrübəni öyrənirik və görürük ki, orada banklar bu sahədə çox müsbət rol oynayır. Banklar iqtisadiyyatın real sektoruna vəsait ayırır. Bizdə də belə olmalıdır. Amma belə deyildir. Bu sahəyə çox ciddi fikir verilməlidir. Bu gün dövlət büdcəsində banklara güzəştli şərtlərlə nəzərdə tutulan 300 milyon manat kredit verilir ki, banklar bu vəsaiti sahibkarlara paylasınlar. Yəni, bu, bankların öz resursları deyil, dövlətdən verilən resurslardır. Banklar bunu paylayır, eyni zamanda, hələ pul da qazanırlar. Yəni, bu, Azərbaycan dövlətinin özəl banklara olan böyük bir imtiyazıdır, güzəştidir. Hansı ölkədə dövlət özəl banklara pul verir, özü də bu şərtlərlə?! Amma bizdə Mərkəzi Bank lazım gəldikdə özəl banklara kredit resursları verir ki, onlar pul qazansınlar...”.
Cənab Prezidentin dediyi kimi, həqiqətən də bu gün banklar iqtisadiyyatın real sektoruna kreditlər ayırmırlar.Onlar, əsasən, istehlak kreditləri verirlər. Düzdür, bu da bir növ dövlətin siyasəti, dövlətin özəl bankları dəstəkləməsidir.Amma möhtərəm dövlət başçımızın fikrinə mən də şərikəm ki, banklar öz məsuliyyətini dərk etməlidirlər. Dövlət siyasətini, xüsusilə ölkəmizin inkişafı ilə bağlı olan siyasəti görərək kənarda durmamalıdırlar. Bir halda ki, dövlət o banklara kömək göstərir, deməli, onlar da real sektorun inkişafına öz töhfələrini verməlidirlər. Təəssüf ki, belə deyil. Ona görə də cənab Prezident bu məsələyə münasibətini kəskin şəkildə bildirərək demişdir: “Ona görə burada çox ciddi islahatlar aparılmalıdır. Birinci növbədə, məsələ təhlil edilməlidir. Yəqin ki, bu təhlil vardır. Mənə məlumat verilməlidir ki, Azərbaycanın özəl bankları iqtisadiyyatın real sektoruna hansı həcmdə, nə qədər vəsait qoyur. Onların kredit portfelində iqtisadiyyatın real sektoruna ayrılan vəsait ya investisiya, ya kredit şəklində nə qədərdir və onlar digər sahələrə nə qədər kredit ayırırlar? Mən bunu bilməliyəm və ondan sonra öz qərarımı verəcəyəm. Yenə də deyirəm, mən Azərbaycanın özəl sektorunun inkişafına çox böyük dəstək verirəm. Əgər belə olmasaydı, bu gün bu qədər inkişaf olmazdı. Ancaq, eyni zamanda, özəl sektor da öz məsuliyyətini dərk etməlidir və ümumi işimizə töhfə verməlidir”.
Bəli, təkcə elə bu fakt göstərir ki, cənab İlham Əliyev real sektorun inkişafını daim diqqət mərkəzində saxlayır, bu sahənin inkişafına xüsusi önəm verir.
Kamil QASIMOV,
iqtisadiyyat üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.