Beyləqan rayonunun su təchizatı sistemi yenidən qurulur

Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdikləri “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlər uğurla davam etdirilir.

 “Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi” çərçivəsində rayon mərkəzinin su və kanalizasiya şəbəkəsi tamamilə yenidən qurulacaq, şəhərin yaxınlığındakı Aşıqlı, Şəfəq və Əlinəzərli kəndlərinə içməli su veriləcəkdir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhərində 20 mindən artıq insanın su təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasını, eyni zamanda, rayon mərkəzində yeni kanalizasiya sisteminin yaradılmasını nəzərdə tutur.

Xatrladaq ki, icrasına 2012-ci ilin oktyabrında başlanılmış layihə üzrə işlərin böyük hissəsi artıq yerinə yetirilmişdir. Belə ki, Beyləqan şəhərini içməli su ilə təmin etmək üçün Əlinəzərli kəndi yaxınlığında beş ədəd subartezian quyusu qazılmış və buradan şəhərə qədər 8,6 kilometr uzunluğunda magistral su xətti çəkilmişdir. Quyu ərazisində hər birinin tutumu 500 kubmetr olan iki ədəd su anbarının, xlorator binası və nasos stansiyasının tikintisi isə davam etdirilir.

Əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 91 kilometr planlaşdırılan şəhərdaxili su şəbəkəsinin 75 kilometrlik hissəsində işlər tamamlanmış, 4200 ev birləşməsi verilmişdir. Növbəti mərhələdə bütün abunəçilər “smart-kart” tipli sayğaclarla təmin olunacaqdır. Layihə çərçivəsində şəhərin müxtəlif küçə və məhəllələrində 285 ədəd yanğın hidrantı da quraşdırılmışdır.

Şəhərdə yaranan tullantı sularının optimal idarə edilməsi məqsədilə tikintisi nəzərdə tutulan 89 kilometr uzunluğunda kanalizasiya xəttinin isə 72 kilometrlik hissəsində işlər başa çatdırılmış, 2 minə yaxın müşahidə quyusu tikilmişdir. Su və kanalizasiya şəbəkələrinin tikintisi cari ilin sonunda başa çatdırılacaqdır. Layihənin növbəti mərhələsində tutumu 1000 kubmetr olan su anbarı və sutkalıq məhsuldarlığı 10 min kubmetr olan çirkab sutəmizləyici qurğu inşa ediləcəkdir.

Yeri gəlmişkən, Beyləqan şəhərində su və kanalizasiya sistemləri 1980-ci illərdə yaradılmışdır. Hazırda şəhər sakinlərinin təqribən 30 faizi mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunur. Yeni layihənin icrası tam başa çatdıqdan sonra isə şəhər və ətraf üç kəndin əhalisi, həmçinin bu ərazidə məskunlaşmış məcburi köçkünlər keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaqdır.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında