Neftçala sosial-iqtisadi inkişafın yeni mərhələsində

Ölkəmizin tərəqqisi hər bir rayonun inkişafından asılıdır. Ona görə  də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vaxtaşırı bölgələrə səfər edir və  həm yerlərdəki  mövcud vəziyyətlə yaxından tanış olur, həm də sosial-iqtisadi inkişafı sürətləndirmək üçün əlavə tapşırıq və tövsiyələr verir.

Bunun nəticəsidir ki, son illərdə Azərbaycanın bölgələrinin inkişafı  xeyli sürətlənmişdir. Dövlət başçısının sərəncam və tapşırıqları əsasında regionlarda həyata keçirilən quruculuq işləri hər bir bölgənin inkişaf strategiyasına uyğun aparılır. Yeni tikilən binalar şəhərlərin simasına müasir çalarlar qatır. Regionlarda səngiməyən abadlıq-quruculuq işləri ölkəmizin kompleks inkişafının mühüm tərkib hissəsini təşkil edir.

Elə bu ilin mayında dövlət başçısının Neftçalaya səfəri də həmin məqsədi daşıyırdı. Rayonun əhalisi indi bu səfərin ən xoş təəssüratları ilə yaşayır və Prezidentin Neftçalanın inkişafına diqqət və qayğısını yüksək dəyərləndirir.

Səfərin Respublika Gününə təsadüf etməsi neftçalalılar üçün ikiqat sevindirici olmuşdur. Rayon ictimaiyyəti ilə görüşən ölkə başçısı Neftçala sakinlərini həm əziz bayram, həm də burada Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə təbrik etmişdir. Prezident demişdir ki, səfərin və mərkəzin açılışının bayram gününə düşməsi rəmzi xarakter daşıyır. Çünki bizim müstəqilliyimizin banisi məhz Heydər Əliyevdir. Məhz onun fəaliyyəti, səyləri nəticəsində Azərbaycan dövlət müstəqilliyini möhkəmləndirdi və 20 ildən artıqdır ki, uğurla inkişaf edir. 

Orijinal  layihə əsasında tikilən bu mərkəz ümummilli lider Heydər Əliyevin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir. Burada dahi rəhbərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar sərgilənir. Müstəqilliyin möhkəm dayaqlar üzərində bərqərar olması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, ölkəmizin indi bütün sahələrdə qazandığı uğurlar məhz ulu öndərin adı ilə bağlıdır. Ümummilli lider müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısını almış, iqtisadiyyatı ağır böhran vəziyyətindən xilas edərək inkişaf yoluna çıxarmış, qüdrətli ordu quruculuğu istiqamətində tarixi işlər görmüşdür.  Belə mərkəzlər isə dahi rəhbərin siyasi irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.  

Heydər Əliyev Mərkəzi iki ilə tikilmişdir. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri görülmüşdür. Müasir interyeri ilə diqqət çəkən foyedə ümummilli liderin büstü qoyulmuşdur. Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyində ulu öndərin müxtəlif dövrlərdə, o cümlədən Neftçala rayonuna səfərləri zamanı çəkilən fotoları nümayiş olunur. Bundan başqa, muzeydə ümummilli liderlə bağlı kitablar, sənədlər və digər maraqlı eksponatlar toplanmışdır.

Mərkəzdə elektron kitabxana, xalçaçılıq və toxuculuq, rəqs və xalq çalğı alətləri dərnəkləri fəaliyyət göstərəcək. Xarici dil kursları, 3D kinozalı, Olimpiya və interaktiv tirlər, intellektual oyun zalı, fotostudiya da maraq doğurur. Müasir akustik sistemlə təchiz edilən 400 yerlik konfrans zalında mühüm tədbirlər keçiriləcək.

Binada Prezident İlham Əliyevin Neftçalaya səfərlərini əks etdirən fotolardan ibarət stend təşkil olunmuşdur. Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunmuşdur. Burada sərgi salonu, kafe, istirahət otağı və digər yardımçı otaqlar da var.

Dövlətimizin başçısı yeni mərkəzlə tanışlıqdan sonra onun göz oxşadığını  vurğulamış və əminlik ifadə etmişdir ki, rayon sakinləri, gənclər bu mərkəzdən səmərəli istifadə edəcəklər.

 Regionların inkişafı ilə bağlı fikirlərini bölüşən cənab İlham Əliyev demişdir ki, bu məqsədlə qəbul edilmiş konkret proqramlar uğurla icra olunur. İki proqram artıqlaması ilə yerinə yetirilmişdir, indi üçüncü proqram icra edilir, 2018-ci ilə qədər o da tamamilə sona yetəcək və o vaxta qədər bütün rayonlarımızda əsas infrastruktur layihələri başa çatacaqdır. Proqramların icrası üçün ölkəmizdə güclü maddi təminat var. O cümlədən Neftçala rayonunda da həllini gözləyən layihələr icra edilir və ediləcək.

İndi yolların tikintisi xüsusilə diqqət mərkəzindədir. Bundan ötrü külli miqdarda dövlət vəsaiti ayrılır, ən müasir səviyyədə yollar salınır və bu işlər rəhbərlik tərəfindən ciddi nəzarətdə saxlanır. Salyan-Neftçala avtomobil yolunun əsaslı təmiri artıq gündəmdədir. Bakı-Salyan yolunun böyük hissəsi artıq istifadəyə verilib. Dördzolaqlı çox gözəl yoldur. Buradan həm Bakı, həm digər rayonlarla əlaqələr daha da möhkəm olacaq. Prezident İlham Əliyev demişdir ki, kənd yollarının tikintisi də gündəlikdə duran məsələdir. Neftçalada böyük bir yol layihəsi öz icrasını gözləyir. Bu,  61 kilometr uzunluğunda, təqribən 20-dən çox kəndi birləşdirən bir yol olacaq. Beləliklə, həm o yol, həm də hazırda icra edilən digər yol layihələri, demək olar ki, bu problemi bütünlüklə həll edəcəkdir.

Görüşdə içməli su məsələsindən də danışılmışdır. İyirmidən çox kənddə təmizləyici qurğular quraşdırılıb və bu qurğular əhalinin təxminən 50 faizini təmin edir. Ancaq Neftçala sakinlərini təmiz içməli su ilə tam şəkildə təmin etmək üçün layihələr hazırlanır və yaxın vaxtlarda onların icrasına başlanacaq. Modul tipli layihələr də davam etdiriləcək.  Bunlarla bərabər, şəhərin yeni şəbəkəsi qurulmalıdır.    Rayonun qazlaşdırılması da tam həllini tapmalıdır. Neftçala  indiyədək təxminən 50 faiz qazlaşdırılıb. Prezident qarşıya vəzifə qoymuşdur ki, rayon mavi yanacaqla tam təmin edilsin.    Sosial infrastrukturun  təzələnməsi prosesləri sürətlənmişdir. Mərkəzi xəstəxanada təmir işləri başlanıb, vəsait ayrılıbdır. Yeni Olimpiya Kompleksi tikiləcək. Məktəblər təmir edilir, tikilir. 

Dövlət başçısı Neftçalada olarkən sənayenin inkişafına da toxunmuşdur: “Şübhəsiz ki, Neftçala rayonunda yeni iş yerlərinin açılması da çox vacib məsələdir. Burada bir neçə müəssisə fəaliyyət göstərir. Ancaq hesab edirəm ki, onların sayı daha da çox olmalıdır. Xüsusilə nəzərə alaq ki, bu il “Sənaye ili” elan edilmişdir. “Sənaye ili”nin xüsusiyyəti ondan ibarətdir ki, bu sahəyə daha da böyük diqqət göstərilir. Bizim bir neçə böyük sənaye mərkəzimiz vardır və onların inkişafı, əlbəttə ki, prioritet xarakter daşıyır. Ancaq, eyni zamanda, mən göstəriş vermişəm ki, hər bir rayonda sənaye zonaları yaradılsın. Hər bir rayonun xüsusiyyətlərinə görə bu zonalarda müxtəlif istehsalat sahələri yaradılsın. O cümlədən Neftçala rayonunda da belə zona olmalıdır. Yəqin ki, ictimaiyyət və rayon rəhbərliyi o yerləri müəyyən edəcəkdir. Orada dövlət hesabına infrastruktur layihələri icra olunacaqdır. Bütün kommunikasiyalar çəkiləcək və sahibkarlara şərait yaradılacaqdır ki, onlar orada öz sənaye müəssisələrini qursunlar. Dövlət də öz tərəfindən maliyyə dəstəyini göstərəcəkdir. Çünki sahibkarlığın inkişafı üçün hər il dövlət büdcəsindən təxminən 300 milyon manat güzəştli şərtlərlə kreditlər verilir və bu, özəl sahibkarlığı stimullaşdırır.

Son illərdə bölgələrin, qeyri-neft sektorunun inkişafı sahəsində böyük işlər görülmüşdür. Bu, bizə bu gün iqtisadiyyatımızın böyük hissəsinin qeyri-neft sektorunda formalaşmasına imkan verib. Bu, böyük nailiyyətdir və çalışmalıyıq ki, qeyri-neft sektoru, sahibkarlıq, kənd təsərrüfatı sahələrində daha da böyük uğurlara nail olaq. Buna nail olmaq üçün bütün imkanlar vardır - dövlət siyasəti, maliyyə resursları, sahibkarlığa dəstək siyasəti. Əlbəttə ki, yerlərdə təşəbbüs də göstərilməlidir. İctimaiyyət, iş adamları, rayon rəhbərliyi burada vahid mövqe göstərməlidirlər. Belə olan halda hər bir rayonda güclü sənaye inkişaf edəcəkdir. Bu, bizim siyasətimizdir, arzumuzdur, belə də olacaqdır. Çünki bizim bütün proqramlarımız yerinə yetirilir. Bir dənə də olsun, proqram yarımçıq qalmamışdır. O cümlədən regional inkişaf proqramları, dediyim kimi, artıqlaması ilə icra edilibdir.

Üçüncü proqram qəbul edilərkən yerlərdən təkliflər verilmişdir. Bu təkliflər əsasında proqram da tərtib olunub, hər rayon üzrə görüləcək işlər orada göstərilibdir. Bax, budur bizim gələcəklə, regionların inkişafı ilə bağlı olan yanaşmamız”.

Ölkəmizdə, o cümlədən Neftçalada həyata keçirilən abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyevə ictimaiyyət adından minnətdarlığını çatdıran rayon sakini 1950-ci illərdə inşa edilmiş uşaq incəsənət məktəbi binasının müasir tələblərə cavab vermədiyini və yenidən qurulmasının vacibliyini önə çəkmişdir. Cənab İlham Əliyev ona cavab olaraq bildirmişdir ki, rayonun inkişafı üçün bütün lazım olan tədbirlər görüləcək. Əlbəttə, uşaq incəsənət məktəbinin binası da təmir ediləcək. Bütövlükdə, Neftçala rayonunun hərtərəfli inkişafı üçün əlavə tədbirlər görüləcək.

Prezident İlham Əliyev səfər çərçivəsində Neftçala Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir. Burada yaradılmış şərait bir faktı da təsdiqləyir ki, ölkədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi daim diqqət mərkəzindədir. Müasir memarlıq üslubunda inşa olunan bu bina rayonun görkəminə də xüsusi gözəllik verir. Bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilmişdir. Müasir idarəetmə metodlarından istifadə etmək üçün burada bütün texniki imkanlar yaradılmışdır. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına, icra hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyətinə geniş imkan yaradır. Operativ idarəetmə otağı vasitəsilə sakinlər inzibati binaya gəlmədən onları narahat edən problemlərlə əlaqədar icra hakimiyyətinin məsul şəxsləri ilə birbaşa videoəlaqə yarada biləcəklər. Akt zalında rəsmi tədbirlər üçün hər cür şərait yaradılmışdır. Binada kitabxana, iclas və konfrans zalları, inzibati və digər otaqlar var. İcra hakimiyyətinin inzibati binasının yerləşdiyi ərazidə geniş yaşıllaşdırma işləri aparılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Buradakı fəvvarələr isə ərazini daha da gözəlləşdirir.

Bayraq Meydanı da Neftçalanın üzə gülən ünvanlarındandır. Cənab İlham Əliyev Neftçalaya səfəri zamanı bu meydanda yaradılan şəraitlə də tanış olmuşdur.

 Meydan və burada ucaldılan üçrəngli bayrağımız öz möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bayraq dirəyinin hündürlüyü 36 metrdir. Bu da dövlət bayrağının şəhərin hər yerindən görünməsinə imkan verir. İnşasına 2012-ci ildə başlanan meydan həm də rayonda aparılan abadlıq-quruculuq işlərinin göstəricisidir. Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmış və müasir işıqlandırma sistemi quraşdırılmış, sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. 

Azərbaycanda hər bir vətəndaş sosial-iqtisadi inkişafı öz həyatında hiss edir. Bu məsələdə dövlətimizin başçısının təsdiq etdiyi regional inkişaf proqramlarının yerlərdə uğurla icrası mühüm əhəmiyyətə malikdir. İndi Neftçala da geniş abadlıq və quruculuq meydanını xatırladır. Yeni infrastruktur layihələrinin icrası şəhərin simasının müasirləşməsi ilə yanaşı, əhalinin rahatlığının təmin olunmasına xidmət edir. Yeni bulvarın salınması, dilbər guşələrin çoxaldılması bu məqsədi daşıyır.

 Altmış min kvadratmetr ərazidə salınan bu istirahət məkanında vacib iaşə obyektləri, hovuz-fəvvarə inşa olunmuşdur. Bulvar müasir işıqlandırma sistemi ilə təchiz edilmiş, geniş yaşıllıq və abadlıq işləri görülmüşdür. Bu işlərin müasir tələblər səviyyəsində həyata keçirilməsi, ilk növbədə, vətəndaşların sosial şəraitinin yaxşılaşdırılması, onların istirahətinin mənalı təşkilinə xidmət edir. 

Nəhayət, əlavə edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tarixi səfərindən bir neçə gün sonra Neftçaladakı Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin  yığıncağı keçirilmişdir. İcra hakimiyyətinin başçısı İsmayıl Vəliyev dövlət rəhbərinin rayona səfərinin yekunları ilə bağlı  məlumat vermişdir. O demişdir ki,  dövlətimizin iqtisadi qüdrətinin artmasının və ölkə başçısı cənab İlham Əliyevin regionların inkişafına diqqət və qayğısının nəticəsində  respublikanın bütün bölgələri, o cümlədən Neftçala  da gündən-günə  inkişaf edir, abadlaşır və müasir bir diyara çevrilir. Son illərdə rayonda xeyli tikinti-inşaat və abadlıq işləri görülmüş, yeni-yeni istehsal, kommersiya və xidmət obyektləri tikilib istifadəyə verilmiş, yüzlərlə daimi iş yerləri açılmış, küçə, park və meydanlarda yenidənqurma, yaşıllaşdırma işləri aparılmış, bir çox təhsil müəssisələri tikilmiş və əsaslı şəkildə təmir edilmişdir. Burada əlil və şəhid ailələri üçün çoxmərtəbəli yaşayış evləri inşa edilmiş, bir neçə özəl bank filialı istifadəyə verilmiş, iri sənaye müəssisələri fəaliyyətə başlamışdır. Çox sevindirici haldır ki, həmin obyektlərin bəzilərinin açılışında məhz ölkə rəhbəri də iştirak etmiş, rayonda gedən quruculuq işləri ilə yaxından tanış olmuş, rayonun inkişafındakı müsbət meyillərdən razı qalmışdır.

Şəhərdəki yaşayış binalarının ətrafında və məhəllələrdə abadlıq işləri həyata keçirilmiş, ekoloji  mühitə mənfi təsir göstərən “Axmaz göl”ün təmizlənməsi üçün mühüm addımlar atılmışdır. Qısa vaxtda zövqlə salınmış park və xiyabanlar minlərlə insanın istirahət mərkəzinə çevrilmişdir. Hazırda isə bu işlərin davamı olaraq rayon mərkəzində Olimpiya İdman Kompleksinin inşası, Mərkəzi Xəstəxananın əsaslı təmiri, yeni təhsil ocaqlarının tikintisi davam etdirilir.

Prezident İlham Əliyevin rayonla bağlı imzaladığı sərəncamlar ciddi irəliləyişə vəsilə olmuşdur. Rayonun 11 yaşayış məntəqəsini birləşdirən Şorsulu-Xolqarabucaq-Xəzər avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncama uyğun olaraq yeni çəkilmiş asfalt yol Xol zonasına gediş-gəlişi xeyli asanlaşdırmış və bu əhali tərəfindən böyük razılıqla qarşılanmışdır.

İsmayıl Vəliyev tədbirdə dedi ki, ölkə başçısının səfərindən sonra Neftçala rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə və 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinə dair imzaladığı sərəncamlar böyük minnətdarlıq hissləri ilə qarşılanmışdır. Artıq müvafiq hazırlıq işləri aparılır. Tam əminlik var ki, cənab İlham Əliyevin qayğısı sayəsində rayonda gedən nəhəng quruculuq işləri daha böyük vüsətlə  davam edəcək.

Neftçala şəhərinin və ətraf ərazilərin get-gedə müasirləşdiyini, gözəlləşdiyini görən hər kəs ürəkdən sevinir. Çünki bu yaxınlaradək əhalinin təsəvvüründə belə çətinliklə canlandırdığı, arzuladığı böyük layihələr, artıq reallığa çevrilir.

 

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında