Ölkəmizin maliyyə vəziyyəti çox sabitdir. Mən dəfələrlə demişəm, bizim iqtisadi və maliyyə vəziyyətimiz müstəqilliyimizi şərtləndirən əsas amillərdən biridir. Azərbaycan böyük maliyyə resurslarına malikdir. Bu resursları biz özümüz yaratmışıq, bizə heç kim kömək etməmişdir. Azərbaycan xalqının istedadı və düşünülmüş siyasət nəticəsində bunu əldə etmişik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür və ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçımız giriş nitqində demişdir ki, Azərbaycanın əldə etdiyi uğurların təməlində düşünülmüş siyasət, sabitlik dayanır. İqtisadi sahədə aparılan islahatlar mühüm yer tutur.
Çünki bu islahatlar nəticəsində ölkəmizin dayanıqlı inkişafı mümkün olmuşdur. Vaxtilə bəziləri Azərbaycanın sosial-iqtisadi uğurlarını ancaq neft amili ilə bağlayırdılar. Belə bir fikir irəli sürülürdü ki, Azərbaycanın nefti var və buna görə ölkə iqtisadiyyatı inkişaf edir. Əlbəttə, son illərdə bu amil öz rolunu oynamışdır. Ancaq aparılan uğurlu siyasət nəticəsində hazırda neftdən asılılıq azalmışdır. Elə buna görə də indi ümumi daxili məhsulun böyük hissəsi qeyri-neft sektorunda yaranır.
Dövlət başçımız demişdir ki, bu, düşünülmüş siyasətin nəticəsidir və reallaşdırılan islahatlar mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Xarici ekspertlər öz proqnozlarını müəyyənləşdirərkən, Azərbaycanın bundan sonra da uzun illər ərzində uğurlu inkişafını diqqətə çatdırırlar.
Prezident İlham Əliyevin giriş nitqində belə bir məqam da xüsusi vurğulanmışdır ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırırlar. Bu gün xarici maliyyə bazarlarından kredit resurslarının cəlb edilməsi üçün ölkəmizin heç bir problem yoxdur. Əksinə, respublikamızda bu məsələyə bir qədər təmkinlə yanaşılır. Çünki daha çox daxili imkanlardan istifadə etməyə üstünlük verilir. Davos Dünya İqtisadi Forumu tərəfindən Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyi yüksək qiymətləndirilərək 39-cu yerdə yerləşdirilmişdir. Bu, gənc müstəqil ölkə üçün bu, çox böyük göstəricidir.
Azərbaycan Prezidenti bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarından danışarkən, demişdir: “Birinci altı ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir - iqtisadiyyat 2,1 faiz artmışdır. Bəlkə də əvvəlki dövrlərlə müqayisədə bu, o qədər də böyük rəqəm deyildir. Ancaq bu gün dünyada, bölgədə və Avropada yaşanan iqtisadi çətinliklər fonunda hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, - mən bunu sevinc hissi ilə qeyd edirəm, - son illər ərzində qeyri-neft sektorumuz uğurla artır və qeyri-neft sektorumuzda inkişaf 7 faiz səviyyəsindədir. Bu da əlbəttə ki, dediyim məsələlərin nəticəsidir. Çünki əgər biz vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydik, bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi. Bəlkə də tənəzzülə uğrayardı və onda biz ancaq neft amilindən asılı ola bilərdik. Gələcək illərdə ayrılan vəsait və aparılan islahatlar qeyri-neft sektorunun daha da böyük çəkiyə malik olmasına gətirib çıxaracaqdır...”.
Dövlət başçımız nitqində həmçinin bu ilin birinci yarısının sosial-iqtisadi inkişafını əks etdirən göstəriciləri də diqqətə çatdırmışdır. Bildirmişdir ki, sözügedən dövrdə inflyasiya nəinki birrəqəmli olmuş, hətta 1,6 faiz təşkil etmişdir. Əhalinin pul gəlirləri 4,7 faiz artmış, inflyasiyanı 3 dəfə üstələmişdir. Kənd təsərrüfatında da inkişaf müşahidə olunmuş, təxminən 6 faiz artım qeydə alınmışdır. Valyuta ehtiyatları artmışdır. Hazırda Azərbaycanın 54 milyarddan çox valyuta ehtiyatı vardır.
İclasda hesabat dövründə Azərbaycanın sosial-iqtisadi inkişafının uğurla davam etməsi, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması barədə ətraflı danışılmış, əhalinin rifahının getdikcə yüksəlməsi konkret göstəricilərlə diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, bu tərəqqi ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının 10 ildən artıq bir müddətdə Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməsinin məntiqi nəticəsidir.
İclasda bu ilin birinci yarısında sosial-iqtisadi inkişafla bağlı səsləndirilən göstəricilərin bir qisminə nəzər salaq. Hesabat dövründə ümumi daxili məhsulun artımı 2,1 faiz, qeyri-neft sektorunun real artım tempi 7 faiz, inflyasiya 1,6 faiz təşkil etmişdir. Qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 56,3 faizə çatmışdır. Dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilmiş, xərcləri isə 8,7 milyard manat olmuşdur.
Vergilər Nazirliyi tərəfindən proqnoza 103,6 faiz əməl edilmiş, qeyri-neft sektorundan büdcəyə daxil olmuş vəsait isə ötən ilin eyni dövrünə nisbətən 14,5 faiz artmaqla ümumi daxilolmalarda payı 56,9 faizə çatmışdır. Dövlət Gömrük Komitəsi tərəfindən isə proqnoza 100,2 faiz əməl edilmiş, daxil olmuş vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artmışdır. İqtisadiyyatın və sosial sahələrin inkişafı məqsədilə bütün maliyyə mənbələri hesabına əsas kapitala 7,6 milyard manat investisiya yönəldilmiş və bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artmışdır. Əsas kapitala qoyulmuş vəsaitin 70,7 faizini daxili investisiyalar təşkil etmişdir.
Yuxarıda sadalananlarla yanaşı, eyni zamanda bildirilmişdir ki, sözügedən dövrdə əhalinin gəlirlərinin artması da davam etmiş və 2013-cü ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz, hər nəfərə düşən gəlirlər isə 3,3 faiz yüksəlmişdir. Yanvar-may ayları ərzində orta aylıq əməkhaqqı 6,5 faiz artaraq 438,1 manata çatmışdır. Bu il iyun ayının 1-dək əhalinin banklardakı əmanətləri keçən ilin eyni dövrünə nisbətən 12,8 faiz artaraq 6,6 milyard manata yüksəlmişdir. Bütün bu uğurlar nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. “Fitch”, “Standard and Poors” və “Moodys” reytinq agentlikləri bir çox inkişaf etmiş ölkələrin reytinqlərini azaltdıqları halda, Azərbaycanın kredit reytinqini yüksəltmişdir.
İclasda regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının uğurla reallaşdırılmasına da toxunulmuşdur. Qeyd edilmişdir ki, sonuncu regional proqram Azərbaycanın bütün bölgələrinin hərtərəfli və tarazlı inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı layihələrin həyata keçirilməsində mühüm rol oynayır.
Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında həmçinin diqqətə çatdırılmışdır ki, sosial sahələrin inkişafına bu gün də mühüm önəm verilir. Belə ki, hesabat dövründə regionlarda 32 məktəb, 15 bağça, 12 səhiyyə, 6 gənclər və idman, 20 mədəniyyət və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 300-dən çox sosial obyektdə təmir-tikinti işləri cədvəl üzrə uğurla aparılır. Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı çərçivəsində isə ötən 6 ayda 10 təhsil, 8 gənclər və idman obyektində təmir-tikinti işləri yekunlaşdırılmışdır. Hazırda 100-ə yaxın sosial obyektdə işlər davam etdirilir.
Yeri gəlmişkən, iclasda diqqətə çatdırılan bir məqama da xüsusi toxunmaq istərdik. Prezident İlham Əliyev Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası məsələsinə mühüm önəm verir.
Xatırladaq ki, 2015-ci ilin iyununda tarixdə ilk dəfə reallaşacaq Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar paytaxt Bakıda bir sıra mühüm infrastruktur layihələri icra ediləcəkdir. Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası da bu qəbildən olan tədbirlərdəndir. İlk Avropa Oyunlarına aid əksər tədbirlər Böyükşor gölünün şərq sahilində, hazırda tikilməkdə olan Bakı Olimpiya Stadionu kompleksində keçiriləcəkdir. Məhz bu ərazi çoxsaylı qonaqları, idmançıları və turistləri qəbul edəcəkdir. Bu baxımdan Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpasının mühüm əhəmiyyəti vardır. Buna görə də Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması və mühafizəsinin “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Abşeron yarımadasının 9 gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər planı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur. Gölün ekoloji bərpası ilə əlaqədar layihə iki mərhələdə olacaqdır. 2014-2015-ci illəri əhatə edəcək birinci mərhələdə gölün, Olimpiya Stadionunun inşa edildiyi yerin yaxınlığında yerləşən 300 hektara yaxın ərazisi bərpa olunacaqdır. Birinci mərhələdə gölün şimal hissəsinin tarixən neftlə çirklənmiş sahəsinin bənd vasitəsilə sahil xəttindən ayrılaraq təcrid olunması nəzərdə tutulmuşdur. Bununla da neftin, çirklənmiş suyun və üzən tullantıların axınının qarşısını almaq mümkün olacaqdır.
İclasda, eyni zamanda, aqrar sahədə həyata keçirilən tədbirlər barədə də ətraflı danışılmışdır. Bildirilmişdir ki, hesabat dövründə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, aqrar sahədə müasir istehsal və infrastruktur komplekslərinin yaradılması istiqamətində işlər davam etdirilmiş, bir sıra ərzaq məhsullarının, o cümlədən quş əti, yumurta, ət və ət məhsulları, süd məhsullarının istehsalı artmış, özünü təminetmə səviyyəsi yüksəlmiş, bəzi məhsullarımızın məşhur brendlərin adı ilə istehsalına başlanılmışdır.
Nazirlər Kabinetinin iclasında 2014-ci ilin “Sənaye ili” elan edilməsi haqqında dövlət başçısının sərəncamı ilə Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə daxil olması xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, sərəncama uyğun olaraq, 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanmış və proqramda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyənləşdirilmiş sənayenin uzunmüddətli inkişaf istiqamətləri əsas götürülmüşdür.
Qeyri-neft sektorunun prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2600-dən çox sahibkara 129 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 6 minədək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 27,4 faiz artmışdır ki, onların da 98 faizi kiçik kreditlərin payına düşür.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində demişdir: “Əminəm ki, ilin sonuna qədər qarşımızda duran bütün məsələlər öz həllini tapacaqdır və Azərbaycan 2014-cü ili də böyük uğurlarla başa vuracaqdır.
Gələn altı ayda biz, əlbəttə, çalışmalıyıq ki, nəzərdə tutulmuş bütün infrastruktur layihələrini başa çatdıraq. Son illərdə bu istiqamətdə böyük işlər görülmüşdür, amma hələ ki, görüləsi işlər çoxdur. Xüsusilə nəzərə alsaq ki, ölkə qarşısında maliyyə problemi kimi bir problem durmur, - mən bunu giriş sözümdə də demişəm, bizim maliyyə vəziyyətimiz yaxşıdır, kifayət qədər vəsaitimiz vardır, - ona görə infrastruktur layihələrinin icrası ilə bağlı heç bir yubanma olmamalıdır. Burada əsas şərt keyfiyyət və sürətdir. Əlbəttə ki, bütün aidiyyəti qurumlar keyfiyyətə ciddi diqqət yetirməlidirlər. Elə etməlidirlər ki, xərclənən vəsait lazımi səviyyədə təmin edilsin...”.
Dövlət başçısı yekun nitqində, eyni zamanda, sosial həyatda rast gəlinən neqativ hallara qarşı ciddi mübarizə aparılmasının zəruriliyini də diqqətə çatdıraraq demişdir: “Xoşagəlməz hallara qarşı mübarizə davam edir. Bu, daim diqqət mərkəzində olan məsələdir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə gözəl nəticələr verir. Bunu əhali də görür, təqdirlə qarşılayır. Beynəlxalq qurumlar da bunu qeyd edirlər. Hesab edirəm ki, biz bu sahədə köklü dəyişikliklərə nail ola bilmişik. Burada əvvəlki dəfələrdə qeyd etdiyim kimi, müxtəlif amillərin rolu xüsusi məna daşıyır - inzibati tədbirlər, cəza tədbirləri, institusional tədbirlər, şəffaflıq, yeni metodların tətbiqi...”.
Göründüyü kimi, bu ilin ilk altı ayı da əvvəlki dövrdə olduğu kimi, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur. Bu müddət ərzində ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri davam etdirilmiş, bir sıra sosial obyektlər tikilmiş, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş vermişdir. Görülən işlər və nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.