Ankarada Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın 7-ci iclası işə başlamışdır

Ankarada Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın 7-ci iclasının rəsmi açılışı olmuşdur.

Azərbaycan Respublikası Baş nazirinin müavini, komissiyanın həmsədri Abid Şərifovun rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyətimizin təmsil  olunduğu iclasdan əvvəl nümayəndə heyətimiz Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız ilə görüşmüşdür.

 Görüşdə  ölkələrimiz arasında iqtisadi əlaqələrin, o cümlədən energetika sahəsi üzrə əməkdaşlığın real nəticələri və perspektivlərinə dair səmərəli fikir mübadiləsi aparılmışdır.

İclası giriş sözü ilə açan Türkiyə Baş nazirinin müavini, komissiyanın həmsədri Beşir Atalay nümayəndə heyətimizi səmimiyyətlə salamlayaraq Azərbaycan-Türkiyə Hökumətlər

arası Müştərək İqtisadi Komissiyanın 6-cı iclasından bəri görülən işlərdən  bəhs etmişdir. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” tarixi fikrini xatırladaraq, ulu öndərimizin bu sözlərinin hər birimiz üçün örnək olduğunu diqqətə çatdıran B.Atalay qeyd etmişdir ki, Azərbaycan ilə Türkiyənin ortaq  işləri dünya birliyi tərəfindən beynəlxalq əhəmiyyətli iqtisadi layihələr kimi dəyərləndirilir. Dünya birliyi  bu layihələrin  mahiyyəti ilə hesablaşır.

Səmimi qonaqpərvərliyə və qardaşlıq münasibətlərinə görə dərin təşəkkürünü ifadə edən Azərbaycan Respublikası Baş nazirinin müavini, komissiyanın həmsədri Abid Şərifov ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş ölkəmizin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin iki qardaş ölkənin inkişafına yaratdığı böyük imkanlardan və bu şansların lazımı qaydada dəyərləndirilərək onlardan düzgün istifadə edilməsindən danışmışdır.

 Ermənistan  - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanı təmənnasız dəstəklədiyinə görə Türkiyə dövlətinə və qardaş türk xalqına səmimi minnətdarlığını çatdıran hökumətimizin nümayəndəsi qeyd etmişdir ki, ölkələrimiz arasında hərtərəfli münasibətlərin dinamik inkişafı xalqlarımızın qardaşlığının ortaya qoyduğu tələbdir. Baş nazirin müavini qeyd etmişdir ki, Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində ərazi bütövlüyünü bərpa etmək üçün bütün imkanlardan istifadə etməkdə  israrlıdır.

Bakı-Tbilisi-Ceyhan neft ixrac, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi nəticəsində ölkələrimizin iqtisadi qüdrətinin dinamik inkişaf etdiyini diqqətə çatdıran komissiyanın həmsədrləri bildirmişlər ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən neft strategiyası faktiki olaraq qitələrarası enerji nəqletmə şəbəkəsinə çevrilməkdədir. Bildirilmişdir ki, yaxın dövrdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi beynəlxalq polad magistrallarda axın sürətini artıracaq və tarixi İpək Yolu müasir kommunikasiya sistemində bərpa olunacaqdır.

Çıxışlarda TANAP və TAP nəqletmə və PETKİM istehsal layihələrinin beynəlxalq  iqtisadiyyatın inkişafında və dünyanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan danışılmış, ölkələrimiz arasında hərtərəfli əlaqələrin dinamikasında artım tempinin qorunmasının əhəmiyyəti qeyd olunmuş, iqtisadi göstəricilər barədə məlumat verilmişdir.

Açılış mərasimindən sonra tərəflər  ölkələrimiz arasında iqtisadi-ticarət, qarşılıqlı sərmayə, elm-sənaye və texnologiyalar, energetika, nəqliyyat, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, mədəniyyət və turizm, əmək və sosial müdafiə, ətraf mühit və şəhərsalma, meşə təsərrüfatı, təhsil, səhiyyə, gənclər və idman sahələri üzrə əlaqələrin daha da genişləndilməsi ilə bağlı müzakirələri davam etdirmişlər.

İyulun 11-də Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın 7-ci iclasının protokolu imzalanacaqdır.

 

Sabir ŞAHTAXTI

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında