Etibarlı ərzaq təminatı iqtisadi və sosial sabitliyin başlıca şərtidir

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda yenidən rəhbərliyə gəldikdən sonra əhalinin etibarlı ərzaq təminatı daim dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən olmuşdur. Ulu öndər respublikamızın daxili imkanları hesabına əsas ərzaq məhsulları ilə təminatına böyük önəm vermiş və bu istiqamətdə bir çox məqsədyönlü tədbirlər görülmüşdür.

Dahi rəhbərin təşəbbüsü ilə ötən əsrin 90-cı illərində MDB məkanında ilk olaraq Azərbaycanda torpaq islahatlarının aparılması, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmlərinin formalaşdırılması, beynəlxalq təşkilatlarla bu sahədə əhəmiyyətli layihələrin həyata keçirilməsi, həmçinin 2001-ci ildə təsdiqlənmiş  “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” çərçivəsində görülmüş işlər nəticəsində ölkədə kənd təsərrüfatı və ərzaq məhsullarının artırılmasına nail olunmuşdur.

Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hazırda ölkəmiz bir çox strateji ərzaq məhsulları üzrə tələbatını yerli istehsal hesabına ödəyir, xarici ölkələrə məhsul ixrac edir.

Dövlət başçımız ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq hökumət qurumlarına daim xüsusi göstərişlər verir və qarşıda duran vəzifələri müəyyənləşdirir. Prezident İlham Əliyev bununla bağlı demişdir: “Biz burada iki istiqamət üzrə getməliyik. Əlbəttə, bitkiçilik, heyvandarlıq sahələrində intensiv metodlara daha da çox üstünlük verilməlidir. Eyni zamanda, iri fermer təsərrüfatlarının yaradılması prosesi də başlamışdır. Bizim hələ ki, dövriyyədə olmayan böyük torpaq sahələrimiz vardır. Orada meliorativ tədbirlər, infrastruktur layihələri həyata keçirilməlidir ki, biz on minlərlə  hektar yeni torpaqları dövriyyəyə buraxaq. Beləliklə, bu, həm yeni iş yerlərinin  açılmasına gətirib çıxaracaqdır, eyni zamanda, ərzaq təhlükəsizliyini tam şəkildə təmin edəcəkdir. Ərzaq təhlükəsizliyi enerji  təhlükəsizliyi kimi, bəlkə də, ondan da  vacib olan məsələdir. İstisna edilmir ki, gələcək illərdə bu, əsas məsələlərdən birinə çevriləcəkdir. Çünki qlobal meyllər bunu göstərir”.

Prezident İlham Əliyevin tövsiyəsi ilə ölkə iqtisadiyyatının ən vacib sahəsi olan kənd təsərrüfatında hazırda istehsalın və ixracın stimullaşdırılması, məhsulun rəqabətqabiliyyətliliyinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə dövlət dəstəyinin səmərəliliyinin yüksəldilməsi məqsədilə  bitkiçilik və heyvandarlığın inzibati rayonlar üzrə ənənəvi sahələri tədqiq edilərək sinfi təsnifatı hazırlanmışdır. Azərbaycanın regionları üzrə ənənəvi kənd təsərrüfatı məhsullarının mövcud vəziyyəti öyrənilərək müvafiq təklif və tövsiyələr verilmiş, həmçinin, aqrar sektorun əlavə dəyərdə payının dinamikası araşdırılmış, qiymət, gəlirlər, istehsalın həcmi üzrə qiymətləndirmələr aparılmışdır.

Xatırladaq ki, bu gün Azərbaycanda aqrar-sənaye kompleksinin 270 sayda məhsul üzrə məhsullararası balansı tərtib edilmiş, rəqabətqabiliyyətliliyinin üstünlüyünün qiymətləndirilməsi modeli yaradılmışdır. Model üzrə aparılmış hesablamalar göstərir ki, respublikamızın həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının əksəriyyəti beynəlxalq rəqabət üstünlüyünə malikdir. Bu rəqabətqabiliyyətliliyi reallaşdırmaq məqsədilə ölkədə müxtəlif  aqro-xidmətlərin səviyyəsinin yüksəldilməsi, dövlətin subsidiya, kredit, maliyyə və digər dəstəklərindən səmərəli istifadə, istehsal, bazar və sosial infrastruktur sahələrinin inkişafı, müasir yemçilik müəssisələrinin yaradılması, maarifləndirmə, elmi və kadr təminatının yaxşılaşdırılması üzrə təklif və tövsiyələr hazırlanmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı zəncirində kompleksliliyin təmin olunması maya dəyərinin azaldılması, əlavə dəyərin artırılması, sosial rifahın yüksəldilməsi və nəticədə rəqabətqabiliyyətliliyin artırılması baxımından çox vacibdir.

Azərbaycan Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramı” da qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, ötən müddətdə  Dövlət Proqramının icrası mühüm nəticələr əldə edilməsinə səbəb olmuşdur. Adıçəkilən Dövlət Proqramında əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunması, bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün, heyvandarlığın, o cümlədən ət və süd məhsulları istehsalının inkişaf etdirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və uğurla həyata keçirilməsi ölkədə ərzaq məhsullarının istehsalında artıma və hər bir ölkə vətəndaşının keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının tam ödənilməsinə şərait yaratmışdır.

Fikrimizin təsdiqi kimi Dövlət Statistika Komitəsinin son məlumatına diqqət yetirək. İyun ayının 1-nə kimi 342,5 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmış, 26,6 min hektar sahədə dənli və dənli paxlalılar, 34,7 min hektar sahədə dən üçün qarğıdalı, 61,5 min hektar sahədə kartof, 73,3 min hektar sahədə tərəvəz, 21,1 min hektar sahədə pambıq, 26,8 min hektar sahədə bostan bitkiləri, 5,5 min hektar sahədə şəkər çuğunduru, 9,8 min hektar sahədə dən üçün günəbaxan, 1107 hektar sahədə tütün əkilmişdir.

Yaztarla işlərinin aparılması ilə yanaşı, kənd əməkçiləri yetişdirdikləri məhsulları toplamağa başlamışlar. İyun ayının 1-nə kimi tarlalardan 40,1 min ton dənli və dənli paxlalılar, 52,6 min ton kartof, 77,9 min ton tərəvəz, 8,6 min ton meyvə və giləmeyvə, 220,4 ton yaşıl çay yarpağı toplanmışdır.

İlin əvvəlindən 174,7 min ton diri çəkidə ət, 753 min ton süd, 638,1 milyon ədəd yumurta, 12,6 min ton yun istehsal olunmuş, 2013-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,1 faiz, süd istehsalı 2,8 faiz, yumurta istehsalı 12,6 faiz, yun istehsalı 1,5 faiz artmışdır. Beləliklə, beş ay ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.

Burada bir məqama da diqqət çəkmək yerinə düşər. Hazırda ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Bitkiçilik sahəsinə aid olan taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edərək əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Ona görə də taxılçılıq təsərrüfatının inkişafına diqqətin artırılması mühüm məsələ kimi qarşıya qoyulmuşdur. Mütəxəssislərə görə, məqsədə nail olmaq üçün vahid əkin sahəsindən yüksək məhsul götürülməsi və taxılçılıqda elmi-texniki tərəqqidən geniş istifadə olunması ön plana çəkilməlidir. Hesablamalar göstərir ki, yalnız məhsuldarlığın yüksəldilməsi hesabına Azərbaycanda illik taxıl istehsalını 2,8-3 milyon tona çatdırmaq üçün real imkanlar vardır. Bunun üçün əkin sahəsini 700-800 min hektar ətrafında saxlamaqla məhsuldarlığı hektardan 4-4,5 tona çatdırmaq kifayətdir.

Ekspertlər  hesab edirlər ki, taxıl istehsalının artırılmasının əsas yolları fermerlərin tələbatına uyğun qısa rotasiyalı əkin dövriyyələrinin, torpaq becərmələrinin və gübrə verilməsinin səmərəli üsullarının, optimal səpin müddəti və normalarının, yeni intensiv sortların təsərrüfatlara tətbiqindən, keyfiyyətli toxum materialından istifadə edilməsindən və əkinlərin xəstəlik, ziyanverici və alaqlardan mühafizə olunmasından ibarətdir. Göstərilən becərmə kompleksinə daxil olan əhəmiyyətli tədbirlərdən biri taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasıdır. Keyfiyyətli səpin aparmaqla sağlam və kütləvi cücərtilərin alınması məhsulun yarısı deməkdir.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, dövlət başçımızın respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları bundan sonra da  Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaqdır.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında