Regionların içməli su təchizatı yaxşılaşdırılır

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə  yeni layihələrin icrasını davam etdirir. Hazırda içməli su çatışmazlığının müşahidə olunduğu Kürətrafı rayonlarda da içməli su probleminin aradan qaldırılması istiqamətində mühüm işlər görülür.

Bu məqsədlə Talış-Sabirabad-Saatlı magistral su kəmərinin tikintisi uğurla həyata keçirilir. Xatırladaq ki, magistral kəmərin tikintisi Azərbaycan hökuməti ilə Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində həyata keçirilir.  Məlum olduğu kimi, Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi Bakı şəhəri və Abşeron yarımadasının su təminatını kifayət qədər yaxşılaşdırmışdır. Paytaxtın su təchizatında yaranmış sabitlik Kür sutəmizləyici qurğular kompleksindən Abşeron yarımadasına nəql edilən  suyun bir hissəsinin Kürətrafı bölgələrə yönəldilməsinə imkan yaratmışdır. Bu məqsədlə 2012-2013-cü illərdə Şirvan-Muğan qrup su kəməri inşa edilmiş, bu mənbədən Şirvan, Hacıqabul və Biləsuvar şəhərlərinə içməli suyun verilməsi təmin edilmişdir.  Kür sutəmizləyici qurğular kompleksinin emal potensialı nəzərə alınaraq bu mənbədən Saatlı və Sabirabad şəhərlərinə, eləcə də ətraf kəndlərə içməli suyun verilməsi məqsədəuyğun hesab edilmişdir.

Mənbəyini Hacıqabul rayonunun Talış kəndi yaxınlığında yerləşən Kür sutəmizləyici qurğular kompleksindən götürən Talış-Sabirabad-Saatlı su kəmərinin uzunluğu 61,5 kilometr təşkil edir. Kəmərin 25,7 kilometr  hissəsi 810 millimetr diametrli metal və polietilen, qalan hissəsi isə 500 millimetr, 630 millimetr, 710 millimetr və 800 millimetr diametrli polietilen borularla çəkilir. Artıq kəmərin 45 kilometrlik hissəsində işlər başa çatdırılmışdır.

İşlərin keyfiyyətlə yerinə yetirilməsi üçün texniki tələblərə uyğun olaraq boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyətini yüksək səviyyədə saxlamaq və korroziyanın qarşısını almaq məqsədilə borular daxildən xüsusi izolyasiya ilə örtüklənir. Eyni zamanda, kəmərin marşrutu boyunca yerləşən kəndləri su ilə təmin etmək üçün çıxışlar verilir. 

Talış-Sabirabad-Saatlı su kəmərinin inşasının ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla da, Sabirabad və Saatlı şəhərlərinə keyfiyyətli və dayanıqlı içməli suyun verilməsi təmin ediləcəkdir. Magistral kəmərin  istismara verilməsi ilə Sabirabad və Saatlı şəhərlərinin, həmçinin marşrut boyunca yerləşən  44 kəndin  143 min nəfər sakini  keyfiyyətli içməli su ilə təmin olunacaqdır. Yeri gəlmişkən, “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi”  çərçivəsində Sabirabad və Saatlı şəhərlərinin su təchizatı və kanalizasiya infrastrukturları da yenidən qurulur.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında