İsveçrə Milli Bankının sədri Azərbaycan Mərkəzi Bankında bir sıra görüşlər keçirmişdir

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovla İsveçrə Milli Bankının sədri Tomas Cordan arasında görüş olmuşdur.

Mərkəzi Bankdan AzərTAc-a bildirmişlər ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda Azərbaycanın da daxil olduğu Seçki Qrupunun Bakıda keçirilən növbəti toplantısının yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirən isveçrəli qonaq  ölkəmizin sosial-iqtisadi uğurlarının və Bakının gözəlliyinin onda yaratdığı xoş təəssüratdan danışmışdır. T.Cordan Seçki Qrupunun toplantısı çərçivəsində aparılan müzakirələrin mühüm əhəmiyyət daşıdığını, İsveçrə və Qrupda təmsil olunan digər ölkələrlə Azərbaycan arasında əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır.

Qurumların 15 illik qarşılıqlı sıx əməkdaşlıq tarixinə nəzər salan E.Rüstəmov siyasət məsələləri, eləcə də institusional islahatlar sahəsində İsveçrə Milli Bankının Azərbaycan Mərkəzi Bankı üçün başlıca tərəfdaşlardan biri olduğunu xüsusi vurğulamışdır. Göstərilən genişmiqyaslı texniki yardım proqramlarına görə İsveçrə Mərkəzi Bankına minnətdarlıq edən E.Rüstəmov bu əlaqələrin daim yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini bildirmişdir. O, Azərbaycan Mərkəzi Bankının da digər xarici ölkə banklarına göstərdiyi texniki yardımlar, aparılan institusional dəyişikliklər, bankın tədqiqat potensialı, ölkədə gedən inkişaf proseslərində, xüsusən milli təhsil strategiyasının hazırlanmasında və reallaşdırılmasında iştirakı barədə məlumat vermişdir.

T.Cordan İsveçrə Milli Bankı tərəfindən göstərilmiş texniki yardımların müsbət nəticələnməsindən məmnunluğunu ifadə etmişdir.

 İsveçrə Milli Bankının sədri Azərbaycan Mərkəzi Bankında bir sıra işgüzar görüşlər və təqdimatlar da keçirmişdir. Mərkəzi Bankın əməkdaşları qarşısında “İsveçrə Milli Bankının pul siyasəti” mövzusunda təqdimatla çıxış etmiş, bu siyasətin yeni alətləri, qlobal böhran zamanı və böhrandan sonrakı dövrdə pul siyasətinin dizaynı barədə nəzəri və praktiki biliklərini paylaşmışdır.

Sonra T.Cordan Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzində olmuşdur. Qonağa Mərkəzin yaranma tarixi, elmi-tədqiqat fəaliyyəti və gələcək planları, aparılan son tədqiqat işləri və qazanılan nailiyyətlər barədə geniş məlumat verilmişdir. Bu və digər məlumatları maraqla qarşılayan İsveçrə Milli Bankının sədri Mərkəzdə yaradılan maddi-texniki bazanı yüksək qiymətləndirmişdir.

Daha sonra birgə tədqiqat işlərinin gələcəkdə də davam etdirilməsi və digər əməkdaşlıq istiqamətləri barədə geniş müzakirələr aparılmışdır.

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında