Neft gəlirləri ölkəmizin iqtisadi gücünü artırır

Azərbaycanın yeni neft strategiyasının reallaşdırılmasının əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ili tamam olur. Ötən müddətdə neft strategiyası çərçivəsində həyata keçirilmiş tədbirlər, mühüm infrastruktur layihələrinin reallaşdırılması ölkəmizin dinamik sosial-iqtisadi  inkişafı üçün möhkəm zəmin yaratmışdır. Özünün zəngin karbohidrogen ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadə edən Azərbaycan Respublikası regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə çevrilmişdir.

Artıq bir neçə ildir ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak edir. Eyni zamanda, neft və qaz ixracından əldə edilən gəlirlər hesabına Azərbaycanın iqtisadi imkanları xeyli artmış, ölkəmiz bir sıra regional layihələrin təşəbbüskarı və əsas iştirakçısına çevrilmişdir. “Əsrin müqaviləsi”nin uğurla reallaşdırılması ilə əsası qoyulmuş  Azərbaycanın yeni neft strategiyası iqtisadiyyatın şaxələndirilməsi, xüsusən də qeyri-neft sektorunun inkişafı üçün də əlverişli imkan yaratmışdır. Bu da öz növbəsində ölkənin neftdən asılılığının azalmasına və yeni iş yerlərinin yaradılmasına səbəb olur. Bununla belə, ölkəmizdə neft-qaz sektoru hələ uzun illər iqtisadiyyatın aparıcı sahəsi olaraq qalacaqdır. Prezident İlham Əliyev bununla bağlı demişdir: “Neft-qaz sektorunda işlər yaxşı gedir. Həm ölkə daxilində, həm xarici tərəfdaşlar burada investisiyaları artırırlar. Yeni tikilən platformalar, qazılan quyular bizim enerji potensialımızı artırır”.

Ölkəmizin neft sənayesinə böyük həcmli investisiyaların qoyulması və müasir texnologiyaların tətbiqi nəticəsində bu sahədə böyük nailiyyətlər əldə olunmuşdur. 2014-cü il yanvarın 28-də “Azəri-Çıraq-Günəşli” dəniz yataqlar blokunun tammiqyaslı işlənməsi proqramı çərçivəsində yeni istismara verilmiş “Qərbi Çıraq” platformasından ilk neft hasil olunmuşdur və bu əlamətdar hadisə müasir neft tariximizin növbəti uğuru kimi qiymətləndirilməlidir. Məlumat üçün bildiririk ki, “Qərbi Çıraq” platforması dənizin 170 metr dərinliyində quraşdırılmışdır və onun layihə gücü gündəlik 25 min ton xam neft və təxminən 8 milyon kubmetr qaz hasil etmək potensialına malikdir. Bu platformadan ildə təxminən 8,2 milyon ton neft və 2,8 milyard kubmetr qaz hasil ediləcəkdir. Hasilata başlamış və yeni texnologiyalar üzərində inşa edilmiş bu platforma gələcəkdə hələ uzun illər boyunca dünya səviyyəli qurğu kimi Azərbaycanda neft hasilatının həcminin sabit səviyyədə saxlanılmasını təmin edəcəkdir. Artıq “Qərbi Çıraq” platformasından hasilat artaraq üç quyudan gündə 40 min barelldən artıq səviyyəyə çatmışdır. Adıçəkilən platformadan hasilat  il ərzində digər öncəqazma quyuları işə düşdükcə artacaq.

“Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat tədbirlərinə 216 milyon dollar, əsaslı məsrəflərinə isə 692 milyon dollar xərclənmişdir. İlin əvvəlindən “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində istismar edilən 6 platformadan ümumi hasilat gündə orta hesabla  58 milyon barel və ya 8 milyon ton təşkil etmişdir. Hazırda  konsorsium iştirakçıları tərəfindən müqavilə sahəsində 79 quyudan neft hasilat olunur. Daha 35 quyudan isə texniki məqsədlər üçün istifadə edilir. “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsindəki istismar quyularından ayda 2,8 milyon tona qədər neft və 1,2 milyard kubmetr səmt qazı hasil olunur. İşlənmənin əvvəlindən isə “Azəri-Çıraq-Günəşli” yatağından 335,3 milyon tondan artıq neft çıxarılmışdır.

Cari ilin əvvəlindən “Dərinsulu Günəşli” platformasından hasil edilən səmt qazının 28 düyməlik sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına göndərilməsi davam etmişdir. Xatırladaq ki, “Azəri” yatağındakı üç platformadan səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə “Mərkəzi Azəri” kompressor və suvurma platformasına göndərilmiş, oradan qazın bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuş, qalan hissəsi isə Səngəçal terminalına nəql edilərək ölkənin daxili istifadəsi üçün “Azəriqaz” İstehsalat Birliyinə təhvil verilmişdir. Hazırda “Mərkəzi Azəri” platformasından altı quyudan laya qaz vurma əməliyyatları davam edir.

Bundan əlavə, yenicə isismara verilmiş verilmiş “Qərbi Çıraq” platformasından hasil edilən səmt qazının da bir hissəsi Səngəçal terminalına göndərilmişdir. Hazırda “Çıraq” layihəsi çərçivəsində neftlə bərabər çıxarılan səmt qazının tam həcmdə terminala göndərilməsini təmin etmək üçün qaz kondensasiya və kompressiya sistemlərinin sınaqdan keçirilərək istismara təhvil verilməsi istiqamətində işlər davam etdirilir.

“Çıraq” platformasında hasil edilən səmt qazının müəyyən hissəsi isə mövcud 16 düyməlik  sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-in “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. Qazın məşəldə yandırılmasını azaltmaq məqsədilə bp rüb ərzində buxarlanan qazlar kompressoru və boru kəməri üçün nəzərdə tutduğu təkmilləşdirmə işlərinin əksər hissəsini başa çatdırmışdır. Bu qəbildən olan işlər hazırda da  davam etdirilir. Bütövlükdə isə bu ilin birinci rübü ərzində “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində gün ərzində təxminən 6,2 milyon kubmetr, ümumilkdə isə 0,6 milyard kubmetr səmt qazı Azərbaycanın qazpaylama şəbəkəsinə təhvil verilmişdir.

Bu ilin əvvəlindən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda  qazma və tamamlama işləri uğurla davam etdirilmiş, dörd hasilat və bir suvurma quyusu qazılmışdır. Belə ki, 2013-cü il dekabrın sonunda qazılmasına start verilmiş yeni A06X hasilat quyusu 2014-cü ilin mart ayında tamamlanaraq istismara verilmişdir. “Mərkəzi Azəri” platformasından isə B28 yeni hasilat quyusunda qazma əməliyyatları başa çatdırılmışdır. Mart ayında “Qərbi Azəri” platformasından qazılan C28 hasilat quyusu  tamamlanaraq istismara verilmiş, ilin ötən dövründə bir sıra quyularda lazımi texniki əməliyyatlar həyata keçirilmişdir. Analoji işlər “Şərqi Azəri” platformasından istismar olunan quyularda da aparılmış, D11z quyusunda yenidən tamamlanma,  D11y quyusunda isə yanaqazma əməliyyatları davam etdirilmişdir. Bundan əlavə, ötən dövrdə  “Dərinsulu Günəşli” platformasından istismar olunan bir sıra quyularda da texniki və tamamlama işləri aparılmışdır. Qeyd etdiyimiz kimi, bu ilin ilk ayında istismara verilmiş “Qərbi Çıraq” platforması vasitəsilə üç hasilat quyusundan neft çıxarılmasına başlanılmışdır.

 “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi də uğurla davam etdirilmişdir. Məlumat üçün bildiririk ki,  terminalın texniki emal sistemlərinin gücü gün ərzində 1,2 milyon barrel nefti qəbul edib ixraca yönəltməyə imkan verir. 2014-cü ilin birinci rübü ərzində Səngəçal terminalından ixrac olunmuş xam neftin 65,2 milyon barreli Bakı-Tbilisi-Ceyhan və 8,02 milyon barreli Qərb ixrac boru kəmərləri, 1,34 milyon barreli isə dəmir yolu vasitəsilə daşınmışdır. Bundan əlavə, ilin ilk üç ayında buradan 0,44 milyon barrel kondensat ixrac kəməri vasitəsilə dünya bazarına göndərilmişdir.

Yeri gəlmişkən, Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında xüsusi yer tutan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin istismara verilməsindən səkkiz il ötür.  Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin ilk rübündə də uğurlu fəaliyyətini davam etdirən kəmərlə bağlı əsaslı xərclərə 14,6 milyon dollar vəsait sərf olunmuşdur. Hazırda kəmərin gündəlik ötürmə gücü 1,2 milyon barrel təşkil edir. Bu ilin aprel ayının 21-Türkiyənin Ceyhan terminalından neftlə yüklənmiş 2500-cü tanker yola salınmışdır. Xatırladaq ki, “Vinga” adlı tankerə Bakı yaxınlığındakı Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına nəql edilmiş 735 min barrel xam neft yüklənərək İspaniyaya çatdırılmışdır. “Vinga” tankerinə yüklənilmiş xam neft isə Azərbaycan Dövlət Neft Fonduna məxsus mənfəət nefti olmuşdur.

2014-cü ilin birinci rübündə BTC vasitəsilə ixrac olunmuş 8,7 milyon ton (66 milyon barrel) xam neft Ceyhanda 88 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. Bütövlükdə isə uzunluğu 1768 kilometr olan  BTC vasitəsilə ötən səkkiz ildə 1,9 milyard barreldən artıq (256 milyon ton) xam neft nəql edilmişdir. Yeri gəlmişkən, hazırda BTC boru kəməri Azərbaycandan, əsasən, “Azəri-Çıraq-Günəşli” neftini və “Şahdəniz” kondensatını daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan nefti də nəql olunur. 2013-cü ilin oktyabrından başlayaraq isə BTC vasitəsilə Qazaxıstanın “Tengiz” yatağından çıxarılan neftin nəqli də  bərpa olunmuşdur. Bundan əlavə, bu ilin fevral ayında ARDNŞ-in əməliyyatçısı olduğu Şimal ixrac boru kəmərinin axın istiqaməti də dəyişdirilmişdir. Bu, bp ilə ARDNŞ-in bu boru kəməri boyunca bir neçə obyektin yenidən işə salınması üçün birgə səylərinin nəticəsində mümkün olmuşdur. Müvafiq kommersiya razılaşmalarının əldə edilməsi nəticəsində Şimal ixrac boru kəmərindən neft həcmlərinin BTC vasitəsilə ixracına imkan yaranmışdır.

Yeri gəlmişkən, artıq 15-ci ildir ki, “Azəri-Çıraq-Günəşli”  layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər. 1999-cu ilin dekabrından Azərbaycanın “mənfəət nefti” xarici bazarlara çıxarılmışdır. Cari ilin iyunun 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 178,8 milyon tona qədər “mənfəət nefti” satılmışdır. Təkcə 2013-cü ildə “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilmiş 32,7 milyon ton neftin 22,5 milyon tonu, yəni 68,8 faizi Azərbaycanın payına düşən “mənfəət nefti” olmuşdur. Mənfəət neftindən əldə edilən gəlirlər hesabına ölkə iqtisadiyyatının şaxələndirlməsi və bir sıra infrastruktur layihələrinin reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2013-cü il ərzində Neft Fondunun illik büdcəsinin icrası çərçivəsində  dövlət büdcəsinə 11 milyard 350 milyon manat vəsait transfert edilmişdir. Bundan əlavə, il ərzində Neft Fondundan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 300 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 173,9 milyon manat, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə isə 25,7 milyon manat vəsait xərclənmişdir.  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 33 milyon manat , “Star” neft emalı kompleksinin tikintisinə isə 372,6 milyon manat vəsait yönəldilmişdir.  Göründüyü kimi, neft gəlirləri ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına və xalqımızın həyat səviyyəsinin yaxşılaşmasına geniş imkanlar yaradır. 

 

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında