Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ölkənin iqtisadi inkişaf strategiyası hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Keçən əsrin 90-cı illərinin ortalarından sonra Azərbaycan özünün siyasi sabitlik və iqtisadi inkişaf mərhələsinə qədəm qoydu. Böyük neft və qaz müqavilələrinin gerçəkləşməsi bizim əsas sevinc mənbəyimizə çevrildi.
Ölkənin ildən-ilə artan iqtisadi imkanlarını nəzərə alan Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, hər bir vətəndaşın firavan həyat səviyyəsini təmin etməyi ali məqsəd kimi qarşıya qoyan Azərbaycan hökuməti fəaliyyətini yalnız sosial müdafiə tədbirləri ilə məhdudlaşdırmamalıdır. Hərtərəfli inkişafa nail olmaq üçün bütün sahələrdə kompleks islahatlar aparılmalı, o cümlədən, infrastruktur layihələrin gerçəkləşməsinə xüsusi diqqət yetirilməli, qlobal investisiya layihələrinin həyata keçirilməsinə nail olunmalıdır.
Məlum məsələdir ki, bazar iqtisadiyyatı şəraitində yaşayan ölkələrdə həyata keçirilən hər bir layihə sırf bazar iqtisadiyyatı prinsiplərini, açıq desək, daha çox mənfəət götürülməsini nəzərdə tutur. Buna baxmayaraq, bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq, Azərbaycanda belə layihələr mənfəət nəzərə alınmadan xalqın rifahı naminə həyata keçirilir. Məhz son illərin dövlət büdcəsinə nəzər salsaq görərik ki, infrastruktur layihələrinin gerçəkləşməsinə ayrılan vəsaitin miqdarı bu deyilənləri təsdiq edir. Bütün bunlar onu göstərir ki, infrastruktur layihələrinin həyata keçirilməsi ictimai həyatın bütün sahələrinin yenidən qurulması məqsədilə Azərbaycanda reallaşdırılan sosial yönümlü layihələrin tərkib hissəsidir. Ölkə Prezidenti də haqlı olaraq davamlı sosial-iqtisadi inkişafın yeganə yolunu infrastrukturun yeniləşməsində, qabaqcıl texnologiyanın mənimsənilməsində görür və bu istiqamətdə əlindən gələni edir. Bunun nəticəsidir ki, ölkəmizin bütün regionları canlanmış və hər yerdə irimiqyaslı layihələrin həyata keçirilməsinə başlanılmışdır. Artıq kəndlərin illər boyu yığılıb qalan problemləri tədricən öz həllini tapır.
Mən burada bir faktı xüsusilə qeyd etmək istərdim. 2000-ci ilin mayın 18-də Bakı şəhərində donor ölkələrin, beynəlxalq humanitar təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən “İnkişaf problemləri və strateji istiqamətlər” mövzusunda beynəlxalq konfransda məhz ulu öndərimiz Heydər Əliyev “Humanitar yardımdan inkişafa doğru” strategiyasını müəyyənləşdirdi. Bu istiqamətdə son illər qəbul edilmiş və uğurla həyata keçirilən iqtisadi proqramlar arasında Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) xüsusi yeri var. Həmin layihə ilkin olaraq Azərbaycan hökuməti və Dünya Bankı arasında 2004-cü ilin sentyabrın 23-də bağlanmış sazişə əsasən respublikanın 3 zonasında - Naxçıvan (Şərur, Ordubad, Culfa, Kəngərli, Babək, Şahbuz, Sədərək), Muğan-Salyan (Cəlilabad, Neftçala, Salyan, Saatlı, İmişli, Biləsuvar, Sabirabad), Düzən Şirvan (Hacıqabul, Kürdəmir, Zərdab, Ucar, Göyçay, Ağdaş, Yevlax) zonalarında həyata keçirilərək 2005-2008-ci illəri əhatə etmişdir. Sözügedən dövrdə adları sadalanan rayonlarda 340 layihənin həyata keçirilməsi təqribən bir milyona qədər kənd əhalisinin yaşayış səviyyəsinin daha da yaxşılaşmasına səbəb olmuşdur. Bu, sadəcə, rəqəm yox, hər üç zonada onlarca kəndin içməli və suvarma suyu ilə təmin edilməsi, kənd yollarının əsaslı təmiri və bərpası, məktəb tikintisi və təmiri, elektrik sisteminin bərpası və genişləndirilməsi, drenaj kanallarının təmiri və çəkilməsi və s. deməkdir. Dəfələrlə Dünya Bankının nəzarət missiyası layihələrin texniki icrası və onun keyfiyyətinin monitorinqini keçirmiş, nəticə etibarı ilə Dünya Bankı və Azərbaycan hökuməti layihələrin yüksək keyfiyyətini vurğulamışdır.
AzKİL-in uğurlu fəaliyyəti onun əhatə dairəsinə daxil olmayan rayon rəhbərlərində, kənd sakinlərində, bələdiyyələrdə ciddi maraq yaratmış, Azərbaycan hökumətinin, Kənd Təsərrüfatı Nazirliyinin, təmsil olunduğu agentliyin və nəhayət, layihə rəhbərliyinin ünvanına bu layihənin həmin rayon və kəndlərdə də həyata keçirilməsi barədə çoxlu sayda məktublar daxil olmuşdur. Məhz AzKİL-in uğurlu işi Azərbaycan hökuməti və Dünya Bankını 2009-cu ilin aprelin 20-də onun fəaliyyətinin uzadılması və yeni zonaların cəlb olunması bərədə “Əlavə maliyyələşdirmə sazişi” bağlamağa sövq etdi. Layihənin fəaliyyət zonası Naxçıvan da daxil olmaqla şimal (İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Qax, Balakən, Quba, Qusar, Xaçmaz) və şimal-qərb (Bərdə, Tərtər, Goranboy, Samux, Göygöl, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Daşkəsən, Gədəbəy) zonalarına qədər genişləndi. Hazırda həmin zonalarda da kənd sakinlərinin özləri tərəfindən qəbul olunan yüzə qədər layihə yüksək keyfiyyətlə həyata keçirilir və əsasən, bələdiyyələrin, eləcə də dövlət qurumlarının balanslarına təhvil verilir.
Xatırladım ki, Dünya Bankının AzKİL üzrə nəzarət missiyası ildə ən azı iki dəfə layihənin fəaliyyətini qiymətləndirmək məqsədilə Azərbaycana səfərlər edir və hər dəfə də texniki icrada olan və təhvil verilmiş layihələrə öz rəy və təkliflərini bildirir. Həmin missiyanın tərkibində həmişə yüksək səviyyəli beynəlxalq mütəxəssislər təmsil olunurlar.
Burada bir məqamı da qeyd etmək istərdim. 2010-cu ilin yayında Dünya Bankının Şərqi Avropa və Mərkəzi Asiya regionları ərazisində həyata keçirilən yüzdən artıq layihənin 47-si və “İnsanların həyatının yaxşılaşdırılması” müsabiqəsində qalib gələn 12 layihədən biri seçilmişdi. Münsiflər heyəti üzvlərinin yekdil qərarı ilə AzKİL də həmin müsabiqənin qalibi olmuş 12 layihə sırasında yer almışdı. Onu da deyim ki, həmin ilin sentyabrında Dünya Bankının vitse-prezidenti Azərbaycana səfəri zamanı “İnsanların həyatının yaxşılaşdırılması” müsabiqəsində qalib gələn AzKİL-in rəhbərliyinə bu geniş miqyaslı yarışmanın mükafatını təqdim etmişdi. Əlbəttə, bütün bunlar ölkəmizdə siyasi sabitliyin və iqtisadi inkişafın qarantı olan Prezident İlham Əliyevin məqsədyönlü, qətiyyətli və reallığa söykənən fəaliyyətinin nəticəsidir.
Xatırladım ki, həmin müsabiqədə münsiflər heyəti iş yerlərinin sayının artırılması, kiçik biznesin inkişafı, səhiyyə xidmətinin gücləndirilməsi, məhsul artımına səbəb olan suvarma sistemlərinin bərpası kimi məsələlərə xüsusi əhəmiyyət vermişdi.
Yeri gəlmişkən, kəndlərin hərtərəfli və uzunmüddətli inkişafına yönələn layihələrin məhz Kənd Təsərrüfatı Nazirliyinin ümumi rəhbərliyi altında həyata keçirilməsi bu uğurların əldə olunmasında əsas amildir.
Burada bir məqamı da diqqətə çatdırmaq istərdim. Uzun müddət idi ki, Kənd İnvestisiya Layihəsinin uğurlu fəaliyyəti ilə bağlı onun əhatə dairəsinə daxil olmayan rayon rəhbərlərindən, kəndlərin yerli icra və bələdiyyə strukturlarından layihə rəhbərinin, Kənd Təsərrüfatı Nazirliyinin, eləcə də Azərbaycan hökumətinin ünvanına çoxsaylı müraciətlər daxil olurdu. Onlar bu layihənin fəaliyyət dairəsinin genişləndirilməsini və müddətinin uzadılmasını xahiş edirdilər. Bunu nəzərə alan ölkə rəhbərliyi və Dünya Bankı həmin layihənin ikinci mərhələsinə dair razılıq əldə etdilər. 2012-ci ilin oktyabrın 19-da adı çəkilən bankla Azərbaycan hökuməti arasında layihənin fəaliyyətinin bütün ölkə ərazisini (işğal altındakı ərazilərdən başqa) əhatə etməsi ( İkinci Kənd İnvestisiyaları Layihəsinin beş illik müddətə maliyyələşdirilməsi) barədə saziş bağlandı.
Yeni layihənin məqsədi icmayönümlü kənd infrastrukturuna çıxışı və istifadəni artırmaq, kəndlərdə ailələrin iqtisadi fəaliyyətlərini gücləndirməkdir. Bununla əlaqədar 2012-2017-ci illər ərzində 600-ə qədər icma layihəsi maliyyələşdiriləcəkdir ki, nəticədə regionlarda kənd təsərrüfatı məhsullarının artımı və məhsulun bazarlara çıxışı əhəmiyyətli dərəcədə artacaqdır. Bu layihədən təqribən 2 milyona yaxın kənd sakini faydalanacaqdır.
Onu da qeyd etmək yerinə düşər ki, layihə çərçivəsində yeni subkomponent kimi kəndlərdə gəlir gətirən bir neçə pilot layihənin də həyata keçirilməsi planlaşdırılmışdır ki, bu da kəndlərin inkişafının və orada yaşayanların maddi durumunun daha da yaxşılaşmasına səbəb olacaqdır. Artıq Balakənin Qaysa, Biləsuvarın Yuxarı Ağalı, Bərdənin Alpout, Saatlının Kamallı, Göyçayın Qaraxıdır, Ağdaşın Tofiqi icmalarında layihələrin icrasına başlanılmışdır .
Layihənin Dünya Bankı və Azərbaycan hökuməti tərəfindən yüksək qiymətləndirilməsi nəticəsində AzKİL-2 üçün əlavə maliyyələşdirilmə istiqamətində danışıqlar artıq yekunlaşmışdır və bu, yaxın bir neçə ay ərzində öz təsdiqini tapacaqdır. Bir məsələni də xüsusilə qeyd etmək istərdim ki, ölkə daxilində belə layihələrin davamlı olaraq 4-cü dəfə Dünya Bankı və Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilməsi sözügedən sahədə əldə olunan böyük uğurların məntiqi nəticəsidir.
Sübhan ƏSGƏROV,
İkinci Kənd İnvestisiya Layihəsinin direktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.