Prezident İlham ƏLİYEV: Bu gün qarşıda duran ən mühüm strateji məqsəd Azərbaycanı dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı ölkələri səviyyəsinə yüksəltməkdir

İyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılış mərasimində ölkə Prezidenti İlham Əliyev demişdir: Ermənistan-Azərbaycan münaqişəsinə baxmayaraq, Azərbaycan sürətli iqtisadi inkişafını nümayiş etdirir. Son 10 il ərzində biz dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malik olmuşuq. Sosial və iqtisadi islahatlar firavanlığı təmin edib, işsizliyi və yoxsulluğu azaldıb. Hesab edirəm ki, hökumətimizin ən böyük nailiyyətlərindən biri sürətli iqtisadi inkişafın güclü sosial siyasətlə müşayiət olunmasından irəli gəlir.

Son 10 ildə iqtisadiyyatımız 3 dəfədən çox artıb. Bu, dünyada ən sürətli inkişaf göstəricisidir. Eyni zamanda, yoxsulluq demək olar ki, 10 dəfə azalıb. Hazırda yoxsulluq 5 faiz səviyyəsindədir. Biz ümumən işsizlik məsələsini həll etmişik. İşsizlik də təxminən 5 faiz səviyyəsindədir. Çox sabit maliyyə sistemimiz mövcuddur. Xarici borcumuz ümumi daxili məhsulun yalnız 8 faizini təşkil edir. Bu, dünyada ən yaxşı göstəricilərdən biridir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 70 faizdən çoxunu təşkil edir. Bunun sayəsində bizim sərmayə qoymaq və beynəlxalq bazarlarda kredit götürmək imkanımız vardır. Kredit reytinqimiz S&P, Moody’s və Fitch kimi əsas reytinq agentlikləri tərəfindən yaxşılaşdırılıb. Azərbaycan xarici sərmayələri lazımi qaydada qoruyan ölkə kimi yaxşı nüfuza malikdir. Ötən 10 ildə Azərbaycana 170 milyard dollar məbləğində sərmayə yatırılıb. Keçən il bu göstərici 28 milyard dollar olub. Bu rəqəmin 70 faizi yerli, 30 faizi isə xarici sərmayədir. Gələcək üçün iqtisadi perspektivlər çox müsbətdir. Hazırda biz iqtisadiyyatımızın şaxələndirilməsi üzrə fəal çalışırıq...”.

Bu gün Azərbaycanın sosial-iqtisadi inkişafında digər uğurlar da diqqət çəkir. Bunların bir qisminə nəzər salaq. Hazırda ölkəmizdə mühüm infrastruktur layihələri yüksək səviyyədə icra olunur. Böyük İpək Yolunun bərpasına və canlandırılmasına xidmət edəcək və transregional əhəmiyyətə malik olan yeni Bakı Dəniz Limanının, Bakı-Böyükkəsik dəmir yolunun yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihələri üzrə işlərin davam etdirilməsi məqsədilə  maliyyələşmələr davam etdirilir. Azərbaycanda artıq həm kosmik sənayenin əsası qoyulmuş, peykimiz fəzaya qaldırılmış,  ölkəmizin neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi üçün tarixi “Şahdəniz-2" investisiya sazişi bağlanmışdır. Bunlar tarixi nailiyyət, Azərbaycanın tarixi qələbəsidir.

Müstəqilliyimizin ilk illərindən ölkəmizdə normal investisiya mühitinin yaradılması və xarici kapital axınının təmin edilməsi qarşıya mühüm vəzifə kimi qoyulmuşdur. Düzdür, 2005-ci ilədək iqtisadiyyata qoyulan investisiyanın böyük bir qismi enerji sektoruna yönəldilirdi, lakin sonralar bu tendensiya qeyri-neft sektorunun xeyrinə dəyişdi. Ümumiyyətlə, investisiya siyasəti Azərbaycan hökumətinin müəyyənləşdirdiyi  uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. İnvestisiya axınının təşviq edilməsində əsas məqsəd iqtisadiyyata xam vəsaitlərin daxil olması və istehsalat bazasının genişləndirilməsi, rəqabətqabiliyyətli biznes mühitinin formalaşdırılması kimi mühüm məsələlərin həllini sürətləndirməkdir.

Xatırladaq ki, hazırda Azərbaycan xarici investisiyaları lazımi qaydada qoruyan ölkə kimi böyük nüfuza malikdir. Ötən 10 ildə ölkəmizə 170 milyard dollar məbləğində sərmayə yatırılmışdır. Keçən il bu göstərici 28 milyard dollar olmuşdur. Bu rəqəmin 70 faizi yerli, 30 faizi isə xarici investisiyadır.Ekspertlərin fikrincə, gələcək üçün iqtisadi perspektivlər də müsbətdir.

Burada bir məsələ də xüsusilə diqqət çəkir. Bu da neft-qaz resurslarından səmərəli istifadə olunması ilə bağlıdır. Azərbaycanın güclü  neft-qaz potensialı onun beynəlxalq və regional miqyaslı enerji layihələrinin əsas təşəbbüskarına çevrilməsinə imkan yaratmışdır. Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz ehtiyatlarının istismarının genişlənməsi respublikamızın enerji təhlükəsizliyini tam təmin etmişdir. Hazırda Azərbaycanın zəngin enerji resursları 7 neft-qaz kəməri ilə dünya bazarına nəql edilir.

Ümummilli liderimiz Heydər Əliyev enerji layihələrinin uğurla həyata keçirilməsinə həmişə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Dahi öndərin təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin imzalanması nəticəsində ölkəmizdə yeni  neft strategiyası uğurla həyata keçirilməyə başladı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı qat-qat artdı və ölkəmizin neft ehtiyatlarının istismarına böyük həcmdə  xarici investisiyalar yönəldildi.

Avropanın enerji təminatında ölkəmizin xüsusi çəkisi və strateji əhəmiyyəti getdikcə yüksəlir. Artıq Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir infrastruktur layihəsinin reallaşdırılması mümkünsüzdür. Çox mühüm coğrafi mövqedə yerləşən respublikamız regionda əsas enerji resurslarına malikdir. Bundan başqa, ölkəmiz Asiya ilə Avropa arasında həm də təbii körpü rolunu oynayır. Hazırda bu regionda qlobal əməkdaşlığa daha böyük maraq olduğu bir dövrdə nəqliyyat, təhlükəsiz enerji dəhlizləri daha çox əhəmiyyət daşımağa başlayır. Azərbaycan yalnız enerji daşıyıcılarının tranziti üçün təhlükəsiz ölkə deyil, eyni zamanda, bunları hasil edən dövlətdir. Eyni zamanda, nəhəng qaz potensialımız da mövcuddur. Buna görə də Azərbaycanın regionun ən mühüm dövlətinə çevrilməsi təbiidir.

Neftin və qazın irihəcmli nəqlini və xarici bazarlara ixracını təmin etmək məqsədilə çoxşaxəli boru nəqliyyat infrastrukturunun yaradılması mühüm əhəmiyyət daşıyır. Belə ki, yeni neft strategiyasının həyata keçirilməsinin ilk illərində Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərlərinin yenidən qurulması, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədilə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas neft  və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz ixrac boru kəmərlərinin tikilərək istifadəyə verilməsi Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının dünya bazarına çatdırılmasında önəmli rol oynamışdır. Xüsusən də Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizi ölkənin tranzit potensialının daha da güclənməsinə əlverişli şərait yaradır.

 Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi ölkəmizin enerji təhlükəsizliyi məsələsində həlledici rol oynadı. Azərbaycan neftinin dünya bazarına təhlükəsiz və fasiləsiz ixracında əvəzedilməz rol oynayan BTC Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, illik ötürücülük qabiliyyəti 60 milyon ton olan BTC sutkada 1,2 milyon barel neftin Səngəçal terminalından Aralıq dənizi sahillərinə ixrac edilməsinə imkan yaradır.

Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin fəaliyyətə başlaması ilə respublikamız Qərbin mühüm qaz ixracatçısına və qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilmişdir. “Şahdəniz” yatağında qazın istismarının genişlənməsi isə ölkənin daxili tələbatını tam ödəməklə yanaşı, beynəlxalq bazarlara da daşınmasını təmin etdi. Bu, dövlətimizin iqtisadi qüdrətinin durmadan artmasının bariz nümunəsidir.

Hazırda respublikada hasil olunan təbii qazın əsas hissəsi Xəzərin Azərbaycan sektorunda yerləşən yuxarıda adını çəkdiyimiz “Şahdəniz” strukturundan əldə edilir. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq iri qaz-kondensat yatağı sayılan “Şahdəniz” 1999-cu ildə kəşf olunmuşdur. Xarici tərəfdaşlarla birlikdə işlənilən “Şahdəniz” yatağı dəniz akvatoriyalarında ən iri qaz-kondensat yataqlarından hesab edilir. Yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qaza “Cənub qaz dəhlizi” layihəsi üçün əsas mənbə kimi baxılır. “Şahdəniz-2" layihəsi üzrə qazın ixracına 2017-ci ildən başlanılması planlaşdırılır.

“Şahdəniz-2"dən əldə olunan qazın ildə 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri Avropa ölkələrinə satılacaqdır. Azərbaycan qazını Avropaya aparan yollar da məhz Türkiyədən keçəcəkdir. Azərbaycanla Avropa arasında körpü yaratmaq rolu TANAP-ın  – Trans Anadolu Qaz Boru Kəmərinin üzərinə düşür. Keçən ilin iyun ayında Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında TANAP üzrə hökumətlərarası müqavilə imzalamışlar.

 Bütün bunlar barədə Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılış mərasimində ölkə Prezidenti İlham Əliyev demişdir: “Azərbaycan dünyada ilk ölkədir ki, Xəzər, Qara və Aralıq dənizlərini şaxələndirilmiş boru kəmərləri ilə birləşdirir. Bunun sayəsində biz təchizat marşrutlarını müxtəlifləşdirmişik ki, bir marşrutdan asılı olmayaq. Bu, hasilatçı kimi bizim üçün çox vacibdir. Eyni zamanda, həmin şaxələndirilmə tərəfdaşlarımız üçün də vacibdir. Onlar enerji resurslarının əlavə mənbələrini qazanır, neft və qaz yataqlarımızda aparılan hasilat və infrastrukturumuz Avropanın enerji təhlükəsizliyinə töhfə verir.

Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər müəyyən dərəcədə enerji əməkdaşlığına söykənir. Mənimlə Avropa Komissiyasının sədri arasında 3 il əvvəl imzalanmış memorandumda Azərbaycan “Cənub” qaz dəhlizinin əsas tərəfdarı və təşəbbüskarlarından biri kimi qeyd olunur. “Cənub” qaz dəhlizi Azərbaycanın irəli sürdüyü tarixi layihədir. Biz maliyyə yükünün əsas hissəsini öz üzərimizə götürmüşük. Bu, çox böyük məsuliyyətdir və biz bu layihəni həyata keçiririk. Bu gün “Cənub” qaz dəhlizi üç əsas elementdən ibarətdir: dünyada ən böyük qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağından qazın hasilatı, həmin qazın nəqli və şaxələndirmədir. Qazın nəqli üç boru kəməri ilə həyata keçiriləcəkdir. Tikinti işləri başa çatdıqda bizim Bakıdan Avropaya, xüsusən də İtaliyaya gedən böyük boru kəmərimiz olacaqdır. Söhbət Trans-Anadolu, Cənubi Qafqaz və Trans-Adriatik boru kəmərlərindən gedir. Bu, Avropa üçün hazırda həyata keçirilən ən böyük infrastruktur layihəsidir.

Azərbaycan isə belə bir tarixi layihənin həyata keçirilməsində lider rolunu oynayır. Bu layihə bölgəmizin və Avropanın enerji xəritəsini dəyişəcək və bizim, yəni hasilatçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarına xidmət edəcəkdir.

Enerji siyasəti, enerji təhlükəsizliyi və enerji diplomatiyası sahəsində həmin üç komponent arasında maraqların tarazlığı uğur üçün əsas şərtdir. Əminəm ki, biz buna nail olacağıq. Gələn illərdə tərəfdaşlarımızla bir yerdə biz bu tarixi layihəni başa çatdıracağıq...”.

Azərbaycanın enerji siyasətindən danışarkən, bir məqamı da vurğulamaq istərdik. Bu da dünyada neft ölkəsi kimi tanınan respublikamızda iqtisadiyyatın neftdən asılılığına son qoyulması ilə bağlıdır. Xatırladaq ki, bu məsələ ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi əsas prioritetlərdən biri sırasında olmuşdur. Məhz buna görə də Azərbaycanın malik olduğu əmək ehtiyatlarından, təbii və iqtisadi potensialından səmərəli istifadə etməklə neftdən gələn gəlirləri iqtisadiyyatın digər sahələrinə yönəltmək, ölkədə rəqabətqabiliyyətli malların istehsalını artırmaq, əhalinin yoxsulluq səviyyəsini aşağı salmaq, müasir tipli infrastruktur yaratmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü il fevralın 11-də “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” icrası ilə bağlı fərman imzalamışdır. Həmçinin Quba-Xaçmaz, Şəki-Zaqatala, Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam imzalanmışdır. Bununla da regionların iqtisadi inkişafında üçüncü mərhələnin başladığını demək olar.

Proqramın icrası nəticəsində regionların sosial - iqtisadi inkişafı əhalinin gəlirlərinin və həyat səviyyəsinin yaxşılaşdırılmasına səbəb olmuşdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, proqramın həyata keçirildiyi 5 il ərzində qeyri-neft sektoru 1,8 dəfə, qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi isə 6,2 dəfə artmış və ümumi investisiyaların strukturunda onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə çatmışdır. Ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında isə 25,2 faiz artım olmuşdur.

Prezident İlham Əliyev başladığı işləri daha böyük əzmlə davam etdirmək məqsədilə 2009-cu il aprelin 14-də  “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı”  Dövlət Proqramını imzaladı. Dövlət Proqramında qeyd olunduğu kimi, bu sənədin əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaq idi. Bu məqsədlərdən irəli gələn vəzifələrin icrası 5 il ərzində Azərbaycanın iqtisadi inkişaf tempini daha da irəli aparmağa yönəlmişdi. Təbii ki, buna da nail olundu.

Avropanın “Neurope.eu” informasiya portalına müsahibəsində Prezident İlham Əliyev bununla bağlı demişdir: “2004-cü ildə ilk regional inkişaf proqramını qəbul edərkən məqsədimiz bölgələrin hərtərəfli inkişafını təmin etmək və paytaxtla ölkənin qalan hissəsi arasındakı uyğunsuzluğu aradan qaldırmaq olmuşdur. Hətta 2003-cü ildə keçirilən seçkilərdən öncə demişdim ki, əgər xalq mənə etimad göstərsə, ilk növbədə regionların inkişafı məsələsi ilə məşğul olacağıq və bu məqsədlə xüsusi dövlət proqramı qəbul ediləcək. Bu baş verdi. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı, bu proqramlara əlavə olaraq 250 sənədin imzalanması və həyata keçirilməsi regionların inkişafında dönüş nöqtəsi olmuş və bölgələrimizn sosial-iqtisadi mənzərəsini dəyişmişdir. Nəticədə regionlardakı ictimai xidmətlərin keyfiyyəti və sosial infrastruktur əsaslı dərəcədə təkmilləşmiş, biznes mühiti daha əlverişli olmuş, sərmayələr artmış, minlərlə yeni müəssisə istifadəyə verilmiş və 900 mini daimi olmaqla, 1,2 milyondan artıq yeni iş yeri yaradılmışdır. Son 10 ildə regionlarda məhsul buraxılışı 3,2 dəfə, sənaye istehsalı isə 3,1 dəfə artmışdır. Azərbaycanın bütün regionları və qəsəbələri abadlaşmış və müasirləşmişdir. İnamla qeyd edə bilərəm ki, həyata keçirilmiş proqramlar ölkəmizin regionlarının, ümumilikdə Azərbaycanın iqtisadi potensialının inkişafına böyük töhfə vermişdir...".

Dövlət başçımız yuxarıda adıçəkilən müsahibəsində həmçinin vurğulamışdır ki, bu gün Azərbaycanın qarşısında duran ən mühüm strateji məqsəd ölkəmizin müstəqilliyini bundan sonra da gücləndirmək və respublikamızı  dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı dövlətləri səviyyəsinə yüksəltməkdir. Buna görə də müasir dünyanın çağırışları da nəzərə alınmaqla, regionlardakı sürətli inkişaf davam etdiriləcəkdir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın və digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradacaq, ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşəcək və Azərbaycan dünyanın aparıcı ölkələri sırasına çıxacaqdır.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında