Bu gün İKT respublikanın davamlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır.
Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası"nda müəyyən edilmiş əsas hədəfə çatmaq üçün növbəti on ildə İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi, İKT-nin iqtisadi potensialının gücləndirilməsi, cəmiyyətin İKT ehtiyaclarının ödənilməsi tələb olunur. Dövlətin daimi qayğı göstərdiyi bu sahənin ölkə iqtisadiyyatının gələcək inkişafı üçün prioritetlərdən olduğu bəyan edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli sərəncamı ilə 2013-cü il Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. Məhz bunun təzahürüdür ki, bir çox beynəlxalq hesabatlarda, o cümlədən Dünya İqtisadi Forumunun “The Global Information Technology Report” hesabatında Azərbaycan Respublikasının İKT sahəsindəki nəticələri nəzərə alınmağa başlanılmış və 2013-cü ilin hesabatında “İKT-yə dəstəkdə hökumətin uğurları” və “Hökumətin gələcək baxışlarında İKT-yə verilən əhəmiyyət” indekslərinə görə ölkəmiz dünya üzrə ilk onluqda yer almışdır. Ümumilikdə isə bu hesabatda Azərbaycan şəbəkə hazırlığı indeksi üzrə 144 ölkə arasında 56-cı yeri tutmuş və MDB ölkələri arasında liderlər qrupunda olmuşdur. 2005-ci və 2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramları, həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2011-ci illərdə ”Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramı" İKT-nin inkişafı ilə bağlı əməli tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Bütün bunlar İKT-nin inkişafı üçün yeni imkanlar açmaqla yanaşı, sahə üzrə azad bazar və sağlam rəqabət prinsiplərinin gözlənilməsinə, vətəndaşların və dövlət orqanlarının İKT-dən geniş istifadəsinə şərait yaratmışdır.
“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” (Milli Strategiya) hazırlanmışdır.
Milli Strategiyaya əsasən informasiya və biliklərə əsaslanan iqtisadiyyatın inkişaf etdirilməsi, rəqabətqabiliyyətli və ixracyönlü yüksək texnologiyalar sektorunun inkişafı, investisiya cəlbediciliyinin yüksəldilməsi, ölkədə dünya səviyyəsinə uyğun elmtutumlu və yüksək texnoloji məhsulların yaradılması və onların tətbiqini təmin edən innovasiya sisteminin formalaşdırılması əsas məqsədlərdəndir. Azərbaycan Respublikası Prezidentinin 15 mart 2012-ci il tarixli sərəncamı ilə yaradılan Azərbaycan Respublikası İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (Fond) uzunmüddətli perspektivə hesablanmış siyasətin və Milli Strategiyanın tərkib hissəsidir. Fondun əsas məqsədi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.
Fondunun yaradılması İKT sahəsində fəaliyyətin stimullaşdırılmasına, innovasiyaların tətbiqinə, habelə tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsinə, istehsal yönümlü fəaliyyətin dəstəklənməsinə, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunmasına xidmət edir. Fond mütərəqqi proqram təminatının və innovativ İKT məhsulları nümunələrinin hazırlanması, həmçinin innovativ infrastrukturun inkişafı, müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması, İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı layihələrinin inkişaf etdirilməsi və onların kommersiyalaşdırılmasına maliyyə dəstəyi göstərir. Fond İKT sahəsində sahibkarlığı inkişaf etdirmək məqsədilə yeni yaranan “start-up” şirkətlərə və kiçik sahibkarlıq subyektlərinə qrantlar şəklində maliyyə dəstəyini həyata keçirməyə başlayıb. Artıq Fond tərəfindən elan olunan 1-ci qrant müsabiqəsi başa çatmaqdadır. Belə ki, Fonda təqdim edilən 194 layihədən 59-u uğurla ilkin və kompleks ekspertizanı keçərək yekun qərarın verilməsi üçün Fondun Müşahidə Şurasına təqdim olunub. Fondun təqdim etdiyi qrantlar müsabiqə yolu ilə seçilən və fondun fəaliyyət istiqamətinə uyğun olan layihələrə veriləcəkdir. Həmçinin, fond İKT sahəsində elmi-tədqiqat işlərinin genişlənməsi, innovativ fəaliyyətin stimullaşması və istehsal yönümlü fəaliyyətin dəstəklənməsi kimi vacib məqsədlərə xidmət edəcək və bu məqsədlərə nail olmaq üçün maliyyə resurslarının cəlb edilməsi, bundan səmərəli istifadə olunmasını həyata keçirəcəkdir. Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə yaradılmış Yüksək Texnologiyalar Parkının rezidentləri və biznes-inkubator layihələri üçün maliyyə-donor rolunun bir hissəsinin Fond tərəfindən yerinə yetirilməsi gözlənilir.
Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri də İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektərinə müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin verilməsidir. İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri artıq güzəştli kreditlərin alınması üçün müvəkkil banklara müraciət etməyə başlayıblar. Fondun kreditlərindən istifadə etməklə sahibkarlar daha iri həcmli İKT layihələrini həyata keçirməyə nail olacaqlar. Kreditlərin qaytarılmasında güzəşt müddətinin olması, həmçinin faiz dərəcəsinin 5 faizə qədər müəyyənləşdirilməsi bu maliyyə alətini sahibkarlar üçün əlçatan edir.
Bundan əlavə, Fond İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin fəaliyyətində payçı və ya səhmdar kimi iştirak edərək, investisiya maliyyələşdirilməsini həyata keçirir. İnvestisiya maliyyələşdirilməsi hüquqi şəxsin nizamnamə kapitalının bir hissəsinin Fondun maliyyə vəsaiti hesabına formalaşdırılması və ya artırılması yolu ilə həyata keçirilir. Fond, özü investisiya subyekti kimi çıxış etməkdən əlavə, birgə layihələrə cəlb olunan xaric investisiyaların qorunmasına təminat verərək ölkənin İKT sektoruna xarici investisiyaları cəlb etməyə şərait yaradır. Fondun maliyyə dəstəyi ilə ölkədə müasir İKT sənayesinin təşəkkül tapacağı, innovativ startapların, həmçinin sahə üzrə iri layihələr həyata keçirəcək sahibkarlıq subyektlərinin ölkədə “bilik iqtisadiyyatı”nın qurulmasına böyük töhvə verəcəyi şübhəsizdir. Görülən işlər sayəsində İKT sahəsinin inkişaf tempinin daha da artacağı, sahənin ÜDM-dəki payının 2020-ci ilədək hədəflənən 10 faizi ötəcəyi də çətin görünmür.
Mehdi MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.