Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi strategiyanı müasir dövrün reallıqlarına uyğun davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bir sıra mühüm nailiyyətlərə imza atmış, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Dövlət başçısı İlham Əliyevin elmi əsaslara söykənən praqmatik siyasəti sayəsində Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı təmin olunmuş, son 10 ildə ölkəmizdə ümumi daxili məhsul üç dəfədən çox, dövlət büdcəsinin gəlirləri 16 dəfə, sənaye məhsulları istehsalı 2,7 dəfə, strateji valyuta ehtiyatları 31 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi isə 18,4 dəfə artmışdır.
Bu dövrdə Azərbaycanda orta illik iqtisadi artım 12,9 faiz təşkil etmiş, ölkəmizin bu uğuru dünyada ən yaxşı nəticələrdən biri kimi qeydə alınmışdır. Belə ki, ÜDM-in həcminə görə Azərbaycan dünya ölkələri arasında 40 pillə irəliləmiş və 2003-cü ildəki 106-cı yerdən 66-cı yerə yüksəlmişdir. Yeri gəlmişkən, son illər ərzində qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapmışdır. Belə ki, “Dünya rəqabətqabiliyyətliyi 2013-2014” hesabatında Azərbaycan MDB ölkələri arasında ilk sırada qərarlaşmşdır. Dünyanın nüfuzlu reytinq agentlikləri “Fitch”, “Moodys” və “Standard and Poors” Azərbaycanın investisiya səviyyəli kredit reytinqini bir daha təsdiqləmişlər. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə isə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 39-cu yerdədir. Yeri gəlmişkən, ötən il Davos İqtisadi Forumunun Bakıda keçirilməsi də məhz Azərbaycanın iqtisadi uğurlarına verilən yüksək qiymətin, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.
Bütün bu uğurların təməli isə, heç şübhəsiz, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış neft strategiyasının reallaşdırılması ilə qoyulmuşdur. Xatırladaq ki, 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın transmilli neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını qoymuş, ölkəmizin sürətli sosial-iqtisadi inkişafının təminatçısına çevrilmişdir. Bununla belə, həmin dövrdə Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyev neftin bizim üçün məqsəd deyil, qarşıya qoyulmuş vəzifələrə çatmaq, müasir dövlət qurmaq üçün bir vasitə olduğunu bildirmişdi. Zaman Azərbaycanın indiki dövlət başçısı İlham Əliyevin böyük uzaqgörənliklə söylədiyi bu fikrin həqiqiliyini tam sübuta yetirmişdir. Belə ki, ötən dövrdə neftdən əldə olunan gəlirləri iqtisadiyyatın digər sahələrinin inkişafına, eləcə də bir sıra uğurlu layihələrin reallaşdırılmasına sərf edən Azərbaycan indi dünyanın sürətlə inkişaf edən dövlətləri ilə bir sırada addımlayır.
Ölkəmizin son illərdə dinamik inkişafını təmin edən başlıca amillərdən biri iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsidir. Xatırladaq ki, bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. Məhz buna görədir ki, Azərbaycan Respublikası iqtisadiyyatın şaxələndirilməsini iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Təsadüfi deyil ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafını iqtisadi siyasətin əsas istiqaməti kimi müəyyənləşdirən Prezident İlham Əliyev demişdir: “İqtisadiyyat inkişaf etdirilmək üçün şaxələndirilməlidir. Çünki əlbəttə, təbii sərvət hesab edilən neft və qaz uğurlarımızın aparıcı meyarı olub. Hazırda şaxələndirilmə bizim əsas prioritetimizdir. Çünki neft və qaz sektoru hesabına çox iş yerləri açılmır. Buna görə, iqtisadiyyatın şaxələndirilməsi, sosial infrastruktura yatırımlar uzaq bölgələrdə belə lazımi həyat tərzini təmin edir”.
Artıq dörd ilə yaxındır ki, qeyri-neft sektorunun Azərbaycan iqtisadiyyatında payı artır. Bu isə o deməkdir ki, ölkəmizdə iqtisadi inkişafın enerji sektorundan asılılığının azaldılması istiqamətində görülən işlər, həyata keçirilən uğurlu siyasət öz müsbət nəticələrini vermişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycanda hazırda ümumi daxili məhsulun artımı, əsasən, qeyri-neft sektorunun hesabına formalaşır. 2014-cü ilin yanvar-may aylarında qeyri-neft sektorunda 8,3 faizlik artıma nail olunması və onun ÜDM-də payının artaraq 55,4 faizə yüksəlməsi də bunu təsdiq edir. Bundan əlavə, sənayenin qeyri-neft sahələrində istehsalın həcminin əvvəlki ilin eyni dövründəkindən 3,4 faiz artıq olması da ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı həyata keçirilmiş tədbirlərin məntiqi nəticəsidir.
İqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm nəticələrindən biri ölkənin sənaye potensialının son illərdə əhəmiyyətli dərəcədə güclənməsidir. Qeyri-neft sektorunun davamlı inkişafına nail olmaq üçün hazırda ölkədə sənayeləşmə siyasəti çərçivəsində qeyri-neft sənayesində məqsədyönlü tədbirlər həyata keçirilir, rəqabət və ixracyönümlü məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması istiqamətində zəruri işlər görülür. Ötən il Azərbaycanda gəmiqayırma, sement, alüminium, qızıl zavodları, karton qablar, seramik plitələr istehsal edən müəssisələr, Cənub Elektrik Stansiyası da daxil olmaqla 30-dan çox iri sənaye müəssisəsi istifadəyə verilmişdir. Hazırda isə ölkədə 90-dan çox sənaye müəssisəsinin tikintisi davam edir. Yeri gəlmişkən, ölkə Prezidentinin sərəncamı ilə 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edilməsi də məhz bu sahəyə göstərilən dövlət qayğısının növbəti təzahürüdür.
Azərbaycanda reallaşdırılan sənaye parkları layihəsi qeyri-neft sənayesinin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl, bu layihə ölkədə güclü sənaye potensialının və yeni iqtisadi artım amillərinin formalaşdırılmasına imkan yaradacaq. Digər tərəfdən, sənaye parkları Azərbaycanda qeyri-neft sektorunun rəqabət qabiliyyətinin artırılmasını və onun ixrac potensialının gücləndirilməsini təmin edəcək. Regionların ənənəvi istehsal sahələrinin inkişafı perspektivlərini və xammal bazasının mövcudluğunu nəzərə alaraq Gəncə və Mingəçevir şəhərlərində, eləcə də Bakının Qaradağ rayonunda müasir sənaye şəhərciklərinin yaradılması istiqamətində işlər görülür. Bu da gələcəkdə həmin regionlarda innovativ və yüksək texnologiyalar əsasında müasir sənayenin inkişafına təkan verəcək, qeyri-neft sektorunun davamlı inkişafını təmin edəcək və əhalinin istehsal sahəsində məşğulluğunun artmasına imkan yaradacaq. Bir sözlə, Prezident İlham Əliyevin “Gələcəkdə iqtisadiyyatın bütün sənaye kompleksinin modernləşdirilməsi prosesi daha da sürətlə getməlidir” tapşırığına uyğun olaraq həyata keçirilən uğurlu sənayeləşmə siyasəti Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsini təmin edəcək.
Ölkə iqtisadiyyatının ikinci böyük sahəsi sayılan aqrar bölmənin inkişaf etdirilməsi də iqtisadi şaxələndirmənin mühüm istiqamətlərindəndir. Məhz buna görədir ki, ölkəmizdə kənd təsərrüfatı dövlət tərəfindən davamlı olaraq dəstəklənir, fermerlərə subsidiyalar və güzəştli kreditlər ayrılır, aqrar infrastrukturun yaradılmasına hər cür kömək göstərilir. Azərbaycanın kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində böyük potensialı mövcuddur. Hazırda həmin potensialın reallaşdırılması istiqamətində tədbirlər görülür, daxili tələbatı ödəmək, ərzaq təhlükəsizliyini təmin etmək, xarici bazarlara çıxış imkanlarını genişləndirmək istiqamətində müvafiq işlər görülür.
Məlum olduğu kimi, XXI əsr informasiya-kommunikasiya texnologiyaları, kosmik sənaye əsridir. Hazırda ölkəmizdə bu istiqamətdə konkret tədbirlər həyata keçirilir, kosmik sənayenin inkişafı ilə bağlı mühüm işlər görülür. Dövlət başçısının müvafiq sərəncamı ilə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmiş 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki— “Azərspace-1"orbitə çıxarılmış, bununla da ölkəmiz dünya kosmik klubunun üzvünə çevrilmişdir. Növbəti illərdə isə daha iki peykin orbitə buraxılması üçün hazırlıq görülür.
İqtisadi şaxələndirmənin digər vacib sahələrindən biri də turizmdir. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi məkan və iqlim şəraiti burada turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Hazırda ölkənin coğrafi və əlverişli iqlim şəraitindən yararlanaraq turizm sənayesinin inkişaf etdirilməsi istiqamətində zəruri işlər görülür. 2013-cü ildə Bakıda, Qubada, Qusarda, Qəbələdə, Şəmkirdə mehmanxana kompleksləri istifadəyə verilmişdir. “Şahdağ” qış-yay turizm kompleksində “Şahdağ” və “Pik Palas” hotellərinin istifadəyə verilməsi Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar yaratmaqla, sürətlə inkişaf edən turizm sektoruna böyük töhfədir. Bundan əlavə, son illər paytaxtda 6 beşulduzlu otel istifadəyə verilmişdir. Dövlət başçısının Bakının elitar şəhərə çevrilməsi ilə bağlı tövsiyəsi nəzərə alınaraq bu istiqamətdə də işlər sürətlə davam etdirilir. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan regionun turizm mərkəzinə çevriləcək.
Qarşıdakı illərdə isə ölkəmizdə qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək, iqtisadi şaxələndirməyə nail olmaq məqsədilə genişmiqyaslı tədbirlər nəzərdə tutulur. Bu baxımdan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası diqqəti xüsusilə cəlb edir. Təsadüfi deyil ki, Azərbaycanın növbəti illər üçün əsl fəaliyyət proqramı kimi qəbul olunmuş bu mühüm dövlət sənədinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev demişdir: “Bizim üçün davamlı inkişaf gələcək üçün planlaşdırma deməkdir. Bizim “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyamız vardır. Bu sənəd gələcəyimizin əsas bələdçi sənədi kimi qəbul edilib”. Xatırladaq ki, “Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası”nda məhz ölkəmizdə iqtisadi şaxələndirmə əsas məqsəd, hədəf kimi qoyulub. Belə ki, 2020-ci ilə qədər Azərbaycanda qeyri-neft sektorunun orta illik artım tempinin 7 faizdən az olmamaqla təmin edilməsi mühüm bir vəzifə kimi müəyyənləşdirilmişdir. Qeyri-neft ixracının adambaşına düşən həcminin min dollara çatdırılması da əsas hədəflərdəndir.
“Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyasının reallaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun ölkə iqtisadiyyatında xüsusu çəkisi ildən-ilə artaraq 2017-ci ildə 71 faizə, 2020-ci ildə isə 80 faizə çatdırılacaq. Eyni zamanda, qeyri-neft sektorunun ÜDM ilə yanaşı, ixracatda və dövlət büdcəsinin gəlirlərində payı da xeyli artacaq. Göründüyü kimi, Azərbaycan yeni bir yolun başlanğıcındadır. Bu yol Azərbaycan iqtisadiyyatının köklü surətdə dəyişdirilməsinə, ölkəmizdə rifahlı cəmiyyətin yaradılmasına yönəlik bir yoldur.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli – Mətbuat Günü ilə əlaqədar elan etdiyi müsabiqəyə təqdim etmək üçündür.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.