(əvvəli qəzetin 1-3 iyul tarixli sayında)
Azərbaycanda indi – iqtisadi islahatların həyata keçirilməyə başlanmasından cəmi bir neçə il sonra iqtisadi və sosial inkişaf prosesləri arasında qarşılıqlı əlaqə yaranmışdır. İqtisadi səmərəlilik müəyyən mənada cəmiyyətin sosial yönümlülüyündən, sosial problemlərin həllinin vaxtamüvafiqliyindən və miqyaslılığından asılı olmağa başlamışdır. Öz növbəsində, sosial proseslərin inkişafında, rəngarəng sosial proqramların genişliyində və həyata keçirilməsində iqtisadi səmərəliliyin əhəmiyyəti aydın görünür. Dövlətin bütün iqtisadi siyasəti iqtisadi və sosial inkişaf prosesləri arasında optimal nisbətin əldə edilməsinə yönəldilmişdir.
Məlumdur ki, Azərbaycan Republikasının iqtisadi siyasətinin əsasını və uzunmüddətli dövr üçün birinci dərəcəli vəzifəni möhkəm və sabit iqtisadi artım təşkil edir. Bu da təsadüfi deyildir. İqtisadi artımın baş verdiyi şəraitdə dövlət hakimiyyəti cəmiyyətin sosial cəhətdən müdafiə olunmayan üzvlərinin (əlillərin, yetim uşaqların, yoxsulların və s.) taleyinə daha çox diqqət yetirə bilər.
Sosial problemlərin həllinə iqtisadi artımın əlverişli təsiri aşağıdakı mühüm istiqamətlər üzrə baş verir: 1) İqtisadiyyatda məşğul olanların əməkhaqqı və həyat səviyyəsi yüksəlir: 2014- cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 436,7 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əməkhaqqı daha yüksəkdir;
2) İstehsalın genişləndirilməsi hesabına yeni iş yerləri yaradılır və işsizlərin bir qismi işə düzəlmək imkanı əldə edir. Son on il ərzində Azərbaycanda 1 milyon 240 min yeni iş yeri açılmışdır. Onların böyük hissəsi bölgələrin payına düşür. Təkcə keçən il 110 min yeni iş yeri açılmışdır ki, bunun da 80 mini daimi iş yeridir. Ölkədə işsizliyin səviyyəsi 5 faizə düşmüşdür. 2014-cü il mayın 1-nə olan məlumata görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 510,5 min nəfər olmuş, onlardan 900,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 609,8 min nəfəri isə qeyri -dövlət bölməsində fəaliyyət göstərmişdir. Muzdla işləyənlərin 22,7 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,6 faizi tikintidə, 5,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və baramaçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 17,4 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşdur;
3) Müəssisələrin (firmaların) maliyyə vəziyyəti yaxşılaşır, buna uyğun olaraq, işçi heyətinə sosial yardım, uşaq tərbiyə-təhsil müəssisələrinə, qocalar evlərinə sponsor yardımı göstərmək və s. üçün potensial imkanlar artır;
4) Dövlət büdcəsinə pul daxilolmaları artır. 2014-cü ilin əvvəlinə Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatmışdır ki, bu da ümumi daxili məhsulun 70 faizini təşkil edir. Nəticədə dövlət işsizlərə və əhalinin sosial cəhətdən digər müdafiə olunmayan və ehtiyacı olan təbəqələrinə (tənha qocalara, uşaqlara, əlillərə, yoxsullara və s.) daha çox diqqət yetirir.
Bütövlükdə, sosial sferanın iqtisadi mahiyyəti, onun iqtisadi artım göstəricilərinə və səviyyəsinə təsiri, iqtisadiyyatın real sektoru ilə qarşılıqlı fəaliyyətinin xarakteri problemi vacib müstəqil problem olaraq qalmaqla, daha dərin araşdırmalar tələb edir. Həm də ona görə ki, sosial sferanın inkişafının iqtisadi artıma təsirinə bir sıra Qərb iqtisadçıları birmənalı yanaşmırlar. Onların bir qismi iddia edir ki, sosial sfera iqtisadi artım tempinə təkcə müsbət deyil, hətta ləngidici təsir göstərir. Məsələn, bu nöqteyi-nəzərin fəal tərəfdarlarından biri monetarizm nəzəriyyəsinin banisi amerikalı alim M.Fridmendir. Bazar proseslərinə dövlətin müdaxiləsinə qarşı çıxış edərkən o, eyni zamanda, əhalinin aztəminatlı təbəqəsinə dövlət yardımı göstərilməsinin qatı əleyhinə çıxırdı. Aydındır ki, bu halda insan fəaliyyətinin iki sferasının inkişafında optimal nisbəti və aşağıdakı vacib məqamları nəzərə almaqla onların səmərəli qarşılıqlı fəaliyyəti məsələsi meydana çıxır: birincisi, sosial-iqtisadi inkişafın konkret tarixi şəraiti və ölkənin milli xüsusiyyətləri; ikincisi, müsbət beynəlxalq təcrübə. Zəngin iqtisadi potensiala, təbii ehtiyatlara və insan resurslarına, kifayət qədər maliyyə imkanlarına malik olan Azərbaycan üçün vahid tamın tərkib hissəsi olan iqtisadi və sosial səmərəliliyin optimallaşdırılması problemi bu potensialdan istifadə baxımından xüsusi aktuallıq kəsb edir.
Dövlət müstəqilliyinin bərpa edilməsi ilə əlaqədar siyasi həyatda və bazar münasibətlərinə keçidlə bağlı iqtisadi siyasətdə baş verən çox mühüm dəyişikliklər sosial və iqtisadi tərəqqi üçün böyük imkanlar və real perspektivlər açır. Etibarlı sosial müdafiə sistemi və sosial xidmətlərin bütöv kompleksi bu şəraitdə xüsusi əhəmiyyət kəsb edir, çünki bazar sisteminə uyğunlaşmaqla bağlı məsələlərin bütöv spektrini həll etməyə imkan verir.
Bu gün sosialyönümlü bazar iqtisadiyyatı artıq daha məqsəd yox, dövlət strukturları ilə əhali arasında fəal şəkildə formalaşdırılan yeni münasibətlər sistemidir. Onun başlıca fərqli xüsusiyyəti məhsuldar qüvvələrin daha da inkişaf etdirilməsi, cəmiyyətdə nəzərəçarpacaq iqtisadi və sosial tərəqqinin əldə edilməsidir. Bazar iqtisadiyyatına keçid qarşıya prinsip etbarilə bir sıra yeni vəzifələr qoymuşdur ki, onlardan da ən vacibi yeni sosial-iqtisadi şəraitə adekvat olan səmərəli idarəetmə sisteminin yaradılmasıdır. Çünki sosial iqtisadiyyat konsepsiyasının işlənib hazırlanması və həyata keçirilməsinin özü təkcə iqtisadi artım üçün deyil, həm də əhalinin sosial müdafiəsi: işsizliklə mübarizə və tam məşğulluğun əldə olunması, adamların əmək və həyat şəraitinin, sağlamlığının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, təhsilin inkişafı və s. üçün cavabdeh olan idarəetmə strukturlarının işinin səmərəliliyindən asılıdır. Yeni sosial siyasət idarəetmə strukturlarının işinin keyfiyyətinə və səmərəliliyinə daha yüksək tələblər irəli sürür, bunsuz isə sosial siyasətin formalaşdırılmasını təsəvvür etmək çətindir.
Hazırda sosial iqtisadiyyatın formalaşması şəraitində sosial-iqtisadi proseslərin idarə olunmasının beş əsas funksiyası fərqləndirilir:
1. Sosial-iqtisadi proseslərin analizi və qiymətləndirilməsi (monitorinqi).
2. Sosial-iqtisadi proseslərin inkişafının strateji planlaşdırılması.
3. Sosial-iqtisadi tənzimləmə proseslərinin təşkili.
4. Sosial-iqtisadi proseslərin inkişaf tendensiyalarının proqnozlaşdırılması.
5. Layihələrin və normativ qərarların həyata keçirilməsi.
Sosial iqtisadiyyata keçdikcə idarəetmənin prinsipləri də dəyişir. Bu prinsiplər sosial və iqtisadi siyasəti həyata keçirərkən idarəçilərin rəhbər tutmalı olduqları əsas ideyaları, qayda və normaları əks etdirir. İdarəetmənin yeni, bazar prinsipləri: sistemlilik, hakimiyyətin mərkəzsizləşdirilməsi və idarəetmənin ilkin vəsiləsinin rolunun artması, dövlət tənzimləməsinin təsirliliyi, resurslardan istifadənin iqtisadi səmərəliliyinə görə yüksək məsuliyyət, idarəetmə işçilərinin peşəkarlığı və səriştəliliyi, sosial ədalət, adekvat mükafatlandırma və s. bərqərar olur. Yeni idarəetmə strukturlarının fərqli xüsusiyyətlərindən biri onların resurslardan istifadənin iqtisadi səmərəliliyinə görə yüksək məsuliyyət daşımalarıdır. Bu, yeni şəraitdə idarəetmənin mahiyyəti və məqsədləri ilə yanaşı, onun prinsip və funksiyalarında da özünü büruzə verir.
Sosial iqtisadiyyatın idarə edilməsinin başlıca fərqləndirici xüsusiyyəti iqtisadi, siyasi, sosial və mənəvi maraqlardan cəmiyyətin səmərəli inkişafı üçün bacarıqla istifadə edilməsi zərurətidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Azərbaycan düzgün yoldadır. Bizim apardığımız siyasət real işlərdə – insanların həyat səviyyəsinin yaxşılaşmasında, şəhərlərimizin gözəlləşməsində, ölkəmizin güclənməsində və Azərbaycanın iqtisadi inkişafında özünü göstərir.
Bu gün bölgələrdə vəziyyət tamamilə dəyişmişdir. Yeni müəssisələr, fabriklər yaradılır, abadlıq işləri sürətlə gedir, iri infrastruktur layihələri həyata keçirilir.
Biz bunu dünyada mövcud olan ən yüksək səviyyədə edirik. Bölgələrin inkişafı nəticəsində Azərbaycanın hərtərəfli inkişafı təmin olunur. Biz dünyanın ən qabaqcıl təcrübəsini Azərbaycanda, bizim şəraitimizə uyğun şəkildə tətbiq edirik, ən yeni texnologiyaları Azərbaycana gətiririk. Bizim niyyətimiz ölkəmizi müasirləşdirməkdir. Bizim yolumuz inkişaf yoludur. Biz bu yolla uğurla gedirik və gedəcəyik".
Dövlət müstəqilliyinin arxada qalan illəri ərzində Azərbaycanda idarəetmə sistemində əvvəllər mövcud olmayan yeni, sosial problemləri daha fəal surətdə həll etməli olan strukturlar meydana gəlmişdir. Bunlar iqtisadi siyasətin sosialyönümlülüyünü gücləndirmiş, bununla da sosial ziddiyyətlərin həllinə və bazar təsərrüfatçılıq sisteminin sosial çatışmazlıqlarını və qüsurlarını aradan qaldırmağa kömək etmişdir.
Sosial iqtiadiyyatı formalaşdırarkən nəzərə almaq lazımdır ki, o, korrupsiyanın hər hansı təzahür formaları, mülkiyyətin qanunsuz olaraq ələ keçirilməsi, “kölgə iqtisadiyyatı”, ilkin kapitalın qeyri-sivil və başlıcası, kriminal xarakterli yığımı, ictimai nemətlərin hamılıqla qəbul edilmiş normalarından yayınmaq və s. ilə bir araya sığmaz. Dövlətin iqtisadi və sosial funksiyalarının daha da möhkəmlənməsi, cəmiyyət həyatının demokratikləşdirilməsi korrupiyaya qarşı mübarizədə əhəmiyyətli nəticələr verir. Sosial iqtisadiyyat ideyalarının daha mütərəqqi və bütün xalqın mənafelərinə cavab verən sosial-iqtisadi sistem olmasının ictimai şüur tərəfindən dərk edilməsi tam şəffaflıq, istisnasız olaraq bütün idarəetmə aparatı qulluqçularından davranışda və konkret hərəkətlərdə təmizlik, düzlük tələb edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - “ASAN xidmət” mərkəzlərinin yaradılması və uğurla fəaliyyət göstərməsi bu mənada nümunə ola bilər. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “Keçən ildə olduğu kimi, bu il də korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaqdır. Bu mübarizənin gözəl nəticələri vardır. Kompleks tədbirlər görülür.Keçən ilin əvvəlində ”ASAN xidmət"in fəaliyyətə başlaması bu sahədə böyük bir dönüş yaratdı, bir yenilik gətirdi. “ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycan ixtirasıdır, Azərbaycan brendidir. Qısa müddət ərzində yüz minlərlə insan bu xidmətə müraciət etmişdir. Bu günə qədər eşitməmişəm ki, hər hansı bir şikayət və ya narazılıq olsun. Bütün xidmətlər şəffaf, mədəni şəkildə göstərilir. “ASAN xidmət”də göstəriləcək xidmətlərin sayı artırılmalıdır və bu il regional mərkəzlər də yaranmalıdır. Artıq Gəncə, Sumqayıt şəhərlərində mərkəzlər vardır və səyyar xidmət də göstərilir. Biz bu il bölgələrdə ən azı dörd, bəlkə də beş “ASAN xidmət” mərkəzi tikməliyik, yaratmalıyıq və bu, investisiya proqramında da öz əksini tapmalıdır”.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən proqramların — Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)”, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın, eləcə də “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın, habelə ayrı-ayrı regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı dövlətimizin başçısı tərəfindən qəbul edilmiş bir sıra sərəncamların icrası iqtisadi inkişafla sosial problemlərin həllinin uzlaşdırılması üzrə dövlət siyasətinin ardıcıl, məqsədyönlü xarakter daşıdığını sübut edir.
İndiki mərhələdə və yaxın gələcəkdə regionların iqtisadi inkişafını sürətləndirmək üçün hansı istehsal sahələrinə üstünlük verilməsi və qarşıda duran vəzifələrin qənaətbəxş nəticələrlə, habelə yüksək səmərə ilə həlli gündəmə çıxan başlıca məsələlərdəndir. Bu cəhətdən ölkəmizə əvvəlki inkişaf dövrlərindən miras qalmış istehsal potensialını lazımi dərəcədə qiymətləndirib ondan məqsədyönlü istifadə edilməsi imkanlarını nəzərə almaq çox vacibdir.
Bilavasitə neft strategiyasının ardıcıllıqla gerçəkləşdirilməsinin yaratdığı əlverişli şərait, xüsusən Dövlət Neft Fondunda toplanan vəsaitlərin həm də ölkədə yeni istehsal sahələrinin inkişafı məqsədləri üçün istifadə edilməsi vəzifəsinin müəyyənləşdirilməsi, aparılan islahatların uğurları, Azərbaycan iqtisadiyyatının hərtərəfli kompleks inkişafının ildən-ilə daha miqyaslı xarakter alması, milli sahibkarlığın inkişafı üçün müstəsna şəraitin yaradılması, demək olar ki, bütün regionların sosial-iqtisadi yüksəlişinin təmin edilməsini şərtləndirir. Rayonlarda bir sıra sahələrin inkişafına olan böyük tələbat və bu tələbatı gerçəkləşdirmək imkanı qazanmış milli sahibkarların fəaliyyətinin uzlaşdırılması müasir mərhələdə regionlarda məhsuldar qüvvələrin yüksəlişinin əsas yolu olmalıdır. Regional istehsal sahələrinin çoxunun dirçəldilməsinin nisbətən az əsas kapital tələb etməsi, qoyulan vəsaitin yüksək mənfəətlə tez qaytarılması bu vəzifənin həllində böyük dönüş yaratmağa imkan verər.
Son illərdə Azərbaycanda sahibkarlığı inkişaf etdirmək ölkənin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri hesab edilir. Təsadüfi deyildir ki, bazar iqtisadiyyatı prinsiplərinin dönmədən həyata keçirildiyi bir şəraitdə bu məsələ dövlət başçısının daimi diqqətindədir. Sahibkarlığın inkişafı ilə bağlı onun imzaladığı mühüm sənədlər, yerli və xarici iş adamları ilə keçirdiyi görüşlər özəl təsərrüfat sisteminin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramının həyata keçirilməsi, sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında prezident fərmanları əməli fəaliyyətdə öz əksini tapmışdır. Eyni zamanda, Azərbaycanın bütün iqtisadi rayonlarında məhsuldar qüvvələrin ümumi inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətində son vaxtlar respublikada aparılan məqsədyönlü işlər, o cümlədən ölkə Prezidentinin kiçik və orta sahibkarlığın daha miqyaslı inkişaf etdirilməsi üçün həlledici əhəmiyyət kəsb edən əhatəli tədbirlər sisteminin həyata keçirilməsi üzrə qərarları özünün müsbət səmərəsini tezliklə verəcəkdir. Milli sahibkarlığın inkişafı üçün yaradılan yeni şərait və imkanlar tezliklə respublikanın ümumi sosial-iqtisadi inkişafının xeyli güclənməsində öz ifadəsini tapmalıdır. Bu inkişafın başlıca tərkib hissəsini isə ölkə ərazisinin müxtəlif regionlarında yeni iş yerləri açmaqla əhalinin güzəranının müntəzəm olaraq yaxşılaşdırılması təşkil edir. Elə buna görə, sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, ilk növbədə, istehsal yönümünə üstünlük verilməsi vəzifəsi ön plana çəkilmişdir.
Son zamanlar həyata keçirilən aqrar islahatlar nəticəsində bir sıra kənd təsərrüfatı məhsullarının istehsalında böyük nailiyyətlər qazanılması göstərir ki, sənaye potensialı yaratmaq meyli daha yüksək olan başqa ənənəvi kənd təsərrüfatı sahələrinin də (pambıqçılıq, üzümçülüq, çayçılıq, tütünçülük, zeytunçuluq və s.) inkişafının gücləndirilməsi əksər rayonlarda sənayeləşmə prosesini xeyli sürətləndirərdi. Kənd təsərrüfatının məhsuldarlıq imkanlarını yüksəltmək, ona texniki və başqa xidmət növləri üzrə yardım göstərmək, habelə yığılan məhsulun itkisinə yol verməmək və bununla da istehsalçıların maddi marağını artırmaq məqsədilə respublika ərazisinin müxtəlif hissələrində təşkil olunması dövlət tərəfindən tənzimlənən və müasir tələblərə cavab verən regionlararası müvafiq özəl qurumların yaradılması da bölgələrin ümumi sosial-iqtisadi inkişafına əhəmiyyətli təsir göstərə bilər.
Azərbaycan iqtisadiyyatının daha bir mühüm sahəsi - müalicə-istirahət və turizm kompleksi də respublikanın əksər regionlarının inkişafında əhəmiyyətli rol oynaya bilər. Bu sahənin üstünlüklərindən biri də ondan ibarətdir ki, onun bu və ya digər istiqamətinin inkişafı üçün respublikanın hər bir regionunda böyük imkanlar vardır. Bundan başqa, bu sahənin inkişafına yönəldilən vəsait tezliklə böyük mənfəət gətirir. Onun geniş miqyasda inkişafı, hər şeydən əvvəl, respublikanın özünün böyük tələbatı ilə şərtlənir və kifayət dərəcədə yüksək faydası ilə təşviq olunur. Bu halı da nəzərə almaq lazımdır ki, sahənin inkişafının maliyyə vəsaitlərinə tələbatı nisbətən əlçatan olduğundan onun genişləndirilməsində və yeni mərkəzlərin yaradılmasında ya müstəqil halda, ya da vəsaitlərini birləşdirmək yolu ilə əsasən yerli sahibkarların fəaliyyəti hesabına çox böyük işlər görülə bilər.
Regionların inkişafı mənafeyindən dövlətin maliyyə tədbirlərində belə bir cəhət də diqqəti cəlb edir ki, idxal məhsullarını əvəz edən yerli istehsal sahələrinə üstünlük verilməsi, yəni daxili bazarı qorumaq üçün, ölkənin valyuta imkanlarını artırmaq məqsədilə daha çox ixracyönümlü və idxaləvəzedici məhsulların hasilatını genişləndirmək, habelə turizmin inkişafını həvəsləndirmək üçün daha çox vəsait ayrılması məqsədəuyğun sayılır.
Ölkənin demokratiya yolu ilə inkişafının bariz nümunələrindən biri - yerli özünüidarə orqanı olan bələdiyyələrin geniş fəaliyyəti regionların sosial-iqtisadi yüksəlişində çox böyük imkanlara malikdir. Bələdiyyələr haqqında qanunvericiliyə əsasən, onlar malik olduqları kifayət qədər əmlak, torpaqlar (hazırda respublika torpaqlarının 1/3 qədəri bələdiyyələrin sərəncamındadır), yerli büdcə və büdcədənkənar fondlar hesabına geniş iqtisadi fəaliyyət aparmaqla, zəruri istehsal sahələrinin, xidmət sferasının inkişafına güclü təkan verə bilər, təkcə mənsub olduqları inzibati rayonlar çərçivəsində deyil, tərkibində olduqları müvafiq bölgələr üçün həlli zəruri olan birgə böyük layihələrin həyata keçirilməsində də öz səy və imkanlarını birləşdirməklə, ümumi tərəqqiyə mümkün olan köməyi göstərə bilərlər.
Ölkədə baş verən böyük yüksəlişin nəticələrini də nəzərə almaqla, tezliklə Azərbaycan regionlarının miqyaslı sənayeləşməsi və bu əsasda onların ümumi sosial-iqtisadi yüksəlişi daha sürətlə həyata keçiriləcəkdir. Bunun üçün indi respublikada çox ciddi əlverişli inkişaf mühiti yaranmışdır.
Respublikanın regionlarında aparılan irimiqyaslı tikinti, abadlıq və quruculuq işləri, insanların yüksək səviyyəli həyat tərzinin təmin edilməsi məqsədilə inşa olunan ən müasir sosial obyektlər, gerçəkləşdirilən nəhəng infrastruktur layihələri, yaradılan güclü iqtisadi potensial, kənd, qəsəbə və şəhərlərimizin başdan-başa dəyişən siması son on ildə Azərbaycanın sürətli, dinamik, hərtərəfli və irimiqyaslı sosial-iqtisadi inkişafı barədə indiki və gələcək nəsillərdə aydın təsəvvür yaratmaq üçün istifadə oluna bilən sanballı əyani vəsaitdir. Prezident İlham Əliyev demişdir: “Bizim gözəl iqlimimiz, təbiətimiz, torpağımız var, əlverişli coğrafi vəziyyətimiz, zəngin təbii ehtiyatlarımız, gözəl, istedadlı insanlarımız var. Bunlar olan halda, biz mütləq və mütləq Azərbaycanı müasir, zəngin, qüdrətli dövlətə çevirməliyik və çevirəcəyik”.
Son on ilin yekunları sübut edir ki, məhz belə də olacaqdır. Bunun üçün, deyilənlərdən əlavə, Azərbaycanda çox mühüm daha iki amil mövcuddur: dövlət rəhbərliyinin siyasi iradəsi və xalqın dəstəyi. Bunlar var ikən ən çətin və mürəkkəb vəzifələrin də öhdəsindən gəlmək mümkündür!
Ayaz ORUCOV,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
iqtisad elmləri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.