Azərbaycan hökuməti ilə Səudiyyə İnkişaf Fondu arasında kredit sazişi imzalanmışdır

Nazirlər Kabinetində Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya  sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi üzrə kredit sazişinin imzalanma mərasimi keçirilmişdir.

İmzalanma mərasimində Baş nazirin müavini Abid Şərifov Azərbaycanla Səudiyyə İnkişaf Fondu arasında əməkdaşlığın uğurla davam etdiyini bildirmişdir. Azərbaycan hökumətinin müxtəlif sahələri əhatə edən infrastruktur layihələrinin icrasında beynəlxalq maliyyə qurumlarının, o cümlədən  Səudiyyə İnkişaf  Fondunun kreditlərindən istifadə etdiyini vurğulayan A.Şərifov fondun indiyə qədər ölkəmizdə su,  yol, təhsil sahələrini əhatə edən dörd layihəyə güzəştli şərtlərlə maliyyə vəsaiti ayırdığını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Səudiyyə İnkişaf Fondu ilə imzalanan bu saziş isə Xırdalan şəhərinin sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək.

Müqəddəs Ramazan ayı münasibətilə Azərbaycan xalqını təbrik edən Səudiyyə İnkişaf Fondunun vitse-prezidenti və icraçı direktoru Yusif İbrahim Əl-Bassam Azərbaycan hökuməti ilə əməkdaşlığı yüksək qiymətləndirmişdir.   Azərbaycana dördüncü dəfə səfər etdiyini diqqətə çatdıran qonaq ölkəmizdə sürətli inkişafın şahidi olduğunu və infrastrukturun yaxşılaşdırılmasında Səudiyyə İnkişaf  Fondunun da yaxından iştirak etdiyini bildirmişdir. Qonaq, həmçinin gələcəkdə Azərbaycandan yeni layihələrin maliyyələşdiriləməsi ilə bağlı müraciətlərin olaçağı təqdirdə də təmsil etdiyi qurumun  kredit ayıracağına hazır olduğunu vurğulamışdır. 

Sonra Azəbaycan hökuməti ilə Səudiyyə İnkişaf Fondu arasında “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya  sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi üzrə kredit sazişi imzalanmışdır. Sənədi Azərbaycan hökuməti adından  “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Səudiyyə İnkişaf  Fondunun vitse-prezidenti və icraçı direktoru Yusif İbrahim Əl-Bassam imzalamışlar.

Sazişə əsasən, Səudiyyə İnkişaf Fondu “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya  sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinə güzəştli şərtlərlə 35 milyon dollar kredit ayıracaq. Ümumi dəyəri 75 milyon dollar olan layihənin qalan hissəsini Azərbaycan hökuməti maliyyələşdirəcək.

Xatırladaq ki, “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya  sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 190 mindən artıq sakinin dayanıqlı içməli su ilə təmin edilməsinə hesablanmışdır. Layihə çərçivəsində Xırdalan şəhərində ümumi tutumu 60 min kubmetr olan üç ədəd su anbarı tikiləcək, istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin etmək məqsədilə müxtəlif diametrli polietilen və polad borularla 178,5 kilometr uzunluğunda su şəbəkəsi yaradılacaq, hər bir ünvana ev birləşməsi verilərək “smart-kart” tipli sayğaclar quraşdırılacaq.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

 

 

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında