Sosial problemlərin həlli iqtisadi inkişafın rəhnidir

 (əvvəli qəzetin 1 iyul 2014-cü il tarixli sayında)

Ayrıca mühüm əhəmiyyətə malik olan sosial nəticələr bəzən, eyni zamanda, iqtisadi səmərəliliyin əhəmiyyətli dərəcədə yüksəlməsinə yardım  göstərir. Sosial nəticələr qismən iqtisadi göstəricilər vasitəsilə ölçülə bilər və beləliklə, iqtisadi nəticələrə sırf əlavə kimi nəzərə alına bilər. Şəxsiyyətin intellektual inkişafına, təhsilə, səhiyyəyə, məşğulluğun təmin edilməsinə, əmək şəraitinin yaxşılaşdırılmasına, əməkhaqqının artırılmasına və ən başlıcası, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinə çəkilən xərclər bir sıra vacib sosial nəticələrin əldə olunmasına kömək edir ki, sosial iqtisadiyyatın formalaşdırılması baxımından bunlar da birinci dərəcəli əhəmiyyətə malikdir. Bu zaman sosial xidmətlərin həmin  növlərinə çəkilən xərclərin, demək olar ki, hamısı və ya ən azı, əsas hissəsi iqtisadi səmərəliliyin artırılmasına kömək edir və iqtisadi cəhətdən bu və ya digər dərəcədə dürüstlüklə qiymətləndirilə bilər. Bununla əlaqədar olaraq, istehsalın səmərəliliyini əldə edilən sosial nəticələrin mümkün iqtisadi qiymətləndirmələri nəzərə alınmaqla təyin etmək daha məntiqi olar.

Tibbi xidmətin, təhsilin və insanların peşə hazırlığının, yeni iş yerləri yaradılmasının və əhalinin məşğulluğunun təmin edilməsinin, əmək motivasiyasının gücləndirilməsinin, mənzil və əmək fəaliyyəti şəraitinin yaxşılaşdırılmasının və s. sosial nəticələrinin iqtisadi səmərəliliyi adamların əmək qabiliyyətinin və iş qüvvəsinin keyfiyyətinin yüksəldilməsi nəticəsində əldə olunur. Sonuncu halda əmək məhsuldarlığının artırılması, qeyri-istehsal məsrəflərinin və itkilərin azaldılması, keyfiyyətli, rəqabət qabiliyyətli məhsulun (xidmətlərin) istehsalı, əsas fondlardan, maliyyə resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi, istehsal və tədavül xərclərinin azaldılması və s. nəzərdə tutulur. Eyni zamanda, istehsalın sosial və iqtiasadi səmərəliliyinin daha da yüksəldilməsinə, sadəcə olaraq, sosial xərclərin artırılması kömək etmir. Bazar təsərrüfatçılığının dəyişməz qaydalarına görə, istənilən cəmiyyət, hətta zəngin iqtisadi imkanlara malik olan cəmiyyətlər üçün bu sosial nəticələrin hansı səylər və məsrəflər hesabına əldə olunması əhəmiyyətsiz deyildir. İnkişaf etməkdə olan digər ölkələr kimi, Azərbaycan üçün bu da çox vacibdir ki, məhdud iqtisadi imkanlarla və bazar münasibətlərinə keçidin asan olmadığı bir şəraitdə maksimum sosial nəticələri necə əldə etmək olar.

Buradan belə bir nəticəyə gəlmək olar ki, istehsalın sosial və iqtisadi səmərəliliyinin artırılması perspektivlərinə və sosial sahənin inkişafına onun təsirinin gücləndirilməsinə məhz bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Bazar iqtisadiyyatı şəraitində əhalinin bazar hərc-mərcliyinin mənfi təsirlərindən sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş müxtəlif yeni tədbirlər arasında iqtisadi məqsədyönlülük və onların vəziyyətinin və inkişafının qiymətləndirilməsinin iqtisadi metodları getdikcə daha böyük əhəmiyyət kəsb edir.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, əlverişli sosial şəraitdə və əmək gəlirlərinin səviyyəsinin yüksək olduğu təqdirdə əmək motivasiyasının yüksək olması, işçi heyətin iş qabiliyyətinin yüksəldilməsi, iş qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması və bunun əsasında əmək məhsuldarlığının artımı, qeyri-istehsal xərclərinin və kadr axıcılığının azaldılması, həyati qüvvələrin və enerjinin daha tez və səmərəli bərpası, əsas istehsal əməliyyatlarının yerinə yetirilməsi, keyfiyyətli məhsul buraxılışı və s. üçün vaxtın artırılması üzündən resurslardan istifadənin səmərəliliyi yüksək olur. Məsələn, səs-küyün azaldılması, havanın temperaturunun, rütubətliliyinin daha rahat şərtlərədək  dəyişdirilməsi, iş yerlərinin işıqlandırılmasının normativ səviyyəyədək artırılması əmək məhsuldarlığını əhəmiyyətli dərəcədə yüksəltməyə imkan yaradır. Deməli, əmək şəraitinin yaxşılaşdırılmasına və sosial səmərənin əldə olunmasına yönəldilmiş maliyyə məsrəfləri bütünlüklə öz xərcini çıxarır və iqtisadi səmərəliliyin artırılmasına kömək edir.

Yeni iş yerlərinin yaradılmasına və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, işsizliyə qarşı digər tədbirlərin həyata keçirilməsinə çəkilən xərclər də təkcə sosial nəticələr deyil, həm də hiss ediləcək iqtisadi səmərə verir. Bəzən əmək bazarında həyata keçirilən sosial siyasətdən alınan iqtisadi səmərənin kəmiyyəti çəkilən xərclərlə müqayisədə xeyli çox ola bilər. Lakin praktikada çox vaxt elə olur ki, kadrların işə düzəldilməsi məqsədilə təhsilə və ixtisasartırmaya, müavinətlərin ödənilməsinə və s.  çəkilən xərclər özünü ödəmir, yaxud da ən yaxşı halda qismən ödəyir.

Almaniyada əmək bazarının və peşələrin öyrənilməsi məsələləri ilə məşğul olan institutun alimləri (H.Şmidt, H.Mosli və başqaları) fəal əmək bazarı siyasətinin səmərəliliyinin artırılmasına dair  tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi ilə bağlı araşdırmaların nəticələrini dərc etdirmişlər. Onların hesablamalarına görə, ölkədə fəal əmək bazarı siyasətinin həyata keçirilməsinə hər il 50 milyard marka vəsait xərclənir. Araşdırmanın nəticələrinə əsasən, alman alimlər belə bir qənaətə gəlmişlər ki, sosial xidmətlərin iqtisadi səmərəliliyinin səviyyəsi ölkədə ümumi iqtisadi vəziyyətdən bilavasitə asılıdır. Əməyin məhsuldarlığına və bütün resurslardan istifadənin səmərəliliyinə elmi-texniki tərəqqinin inkişafı əsasında əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və  onun təhlükəsizliyinin yüksəldilməsi, əməkhaqqının artımı və digər sosial amillər müsbət təsir göstərir. Təbii ki, məhsuldarlığın artımı istehsal olunan məhsulun (xidmətlərin) əmək tutumluluğunun və maya dəyərinin aşağı salınmasına gətirib çıxarır.

İctimai əmək bölgüsündə sosial sferanın fərqləndirilməsi və sivil bazar münasibətləri şəraitində onun keyfiyyətcə təkmilləşdirilməsinin yüksək templəri gərgin səylərin nəticəsidir və insan fəaliyyətinin bütün sahələrində tərəqqi üçün vacib şərtdir. Dünya miqyasında elmi-texniki inqilabın nəticələrindən səmərəli istifadə eləmiş ölkələr ağıllı tərpənərək insana sərmayə  qoyuluşlarını artırmağı lazım bilmişlər. Qərb ölkələrində bunu sosial sfera sahələrinə büdcə maliyyələşdirməsini artırmaqdan daha çox bütün əhalinin gəlirlərinin (ilk növbədə də əməkhaqqının) artırılması yolu ilə həyata keçirmişlər. Faktlar göstərir ki, bu ölkələrdə “insana  sərmayə qoyuluşları”nın artırılması müsbət səmərə vermiş və elmi-texniki tərəqqinin bəhrəsi olan yüksək məhsuldar və resursqoruyucu texnologiyalardan istifadə edilməsi hesabına  yüksək iqtisadi artım tempi və iqtisadi inkişafın səmərəliliyi ilə özünü doğrultmuşdur. Çünki sosial sfera  və onun keyfiyyət xarakteristikaları (təhsil, səhiyyə, intellektual və fiziki inkişaf) insan vasitəsilə iqtisadi inkişafın sürətinə və səmərəliliyinə fəal təsir göstərir. Maddi istehsal isə iş qüvvəsinin keyfiyyət xarakteristikalarının yüksəldilməsi əsasında özünün məhsuldarlığını artıraraq, öz növbəsində, əhali gəlirlərinin  və sosial sferanın maliyyələşdirilməsinin əsas mənbəyi olan dövlət büdcəsinin artımına yardım edir.

Bütövlükdə dövlətin sosial siyasəti dövlət hakimiyyəti orqanlarının sosial inkişaf sahəsində aşağıdakı məqsədlərə nail olmağa yönəlmiş tədbirlərinin  sistemidir: – Əhali gəlirlərinin və istehlakının artımı; – həyat fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi; – vətəndaşların sosial müdafiəsi.

Ölkənin yeni siyasi quruluşunun təşəkkül tapdığı bazar münasibətlərinə keçid şəraitində dövlətin sosial siyasəti bir neçə səviyyədə işlənib hazırlanır və həyata keçirilir:

1) Dövlətlərarası səviyyə–tərəflərin bağladıqları müqavilə və sazişlərdə nəzərdə tutulmuş miqrasiya, pensiya və sosial təminat məsələlərinin həlli, idman və mədəni əlaqələrin inkişaf etdirilməsi üçün sosial-iqtisadi, siyasi və digər xidmət bölmələrinin  qarşılıqlı fəaliyyət səviyyəsi;

2) ümumdövlət səviyyəsi;

3) regional və regiondaxili səviyyə;

4) mövcud sahələr və qüvvədə olan mülki qanunvericiliklə nəzərdə tutulmuş təşkilati-hüquqi təsərrüfatçılıq formaları (səhmdar cəmiyyətləri, assosiasiyalar, birliklər, fondlar və s.) səviyyəsi;

5) ictimai təşkilatlar və vətəndaş birlikləri (veteranlar cəmiyyətinin, istehlakçılar cəmiyyətinin həmkarlar ittifaqları) səviyyəsi;

6) şəxsiyyətlər və ailələr səviyyəsi.

Regionlarda isə sosial siyasət aşağıdakıları nəzərdə tutur:

– təhsil, peşə hazırlığı, mədəni artım, tibbi yardım almaq üçün bərabər imkanların yaradılması;

– əmək fəaliyyəti seçimi azadlığı, işsizliklə mübarizə, istismara yol verilməməsi, sinfi antoqonizmlərin aradan qaldırılması;

– əhali gəlirlərinin indeksləşdirilməsi və tənzimlənməsi;

– əhalinin aztəminatlı təbəqəsinin ünvanlı yardımla təmin edilməsi;

– mənzil islahatının aparılması;

– qeyri-bazar sosial sferasının (səhiyyə, bədən tərbiyəsi və idman, təhsil, elm, mədəniyyət və incəsənət) dəstəklənməsi;

– fəlakət halları üçün fondların yaradılması.

Sosial siyasətin birinci dərəcəli vəzifəsi əməyin ödənilməsi və əmək münasibətləri sahəsində vəziyyəti əsaslı şəkildə yaxşılaşdırmaqdır. Məhz bu baxımdan, birinci Dövlət Proqramının uğurlu icrasını və beş ildə bütün sahələrdə əldə olunmuş nailiyyətləri real qiymətləndirən Prezident İlham Əliyev 2009-cu il 14 aprel tarixli fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq etmişdir. Qlobal iqtisadi böhran vəziyyətinə baxmayaraq, ölkə iqtisadiyyatının şaxələndirilməsi, bölgələrin infrastruktur və kommunal xidmətlərlə təminat səviyyəsinin və xalqın rifahının daha da yüksəldilməsi yeni proqramın əsas hədəfləri kimi müəyyən edilmişdi.

 Bu hədəflərə çatmaq üçün makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ixracyönümlü məhsul istehsalının artırılması başlıca vəzifə kimi irəli sürülmüşdü.

 Dövlət proqramlarının icrası nəticəsində ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində mühüm uğurlar əldə edilmişdir.

İki proqramın icrası nəticəsində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, kənd təsərrüfatı istehsalı 3,3 dəfə artmışdır. İnvestisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə çoxalmış, ölkədə 1 milyon 240 min yeni iş yeri yaradılmışdır ki, bunun da 71 faizi, yəni 882 mini regionların payına düşür.

 Bütövlükdə, 2004-2013-cü illərdə ölkənin bütün regionları üzrə  55,615 yeni müəssisə açılmışdır. Yeni iş yerlərinin və yeni müəssisələrin yaradılması hesabına yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 2008-ci ildə 13,2 faizə, 2013-cü ildə isə 5,3 faizə endirilmişdir. Yeri gəlmişkən, yoxsulluğun aradan  qaldırılması  dedikdə,  insan  amilinin geniş  spektrdə nəzərə alınması, onun təkcə  ərzaqla  deyil, istehsal imkanlarına  yiyələnməsi, işlə  təmin  olunması, təhsil  alması,  sağlamlığına  şərait yaradılması,  kommunal  xidmətlərdən istifadə  etməsi və  digər bu  kimi əhəmiyyətli  məsələlərin həyata  keçirilməsindən  söhbət  gedir.  Bununla  əlaqədar Dövlət  Proqramına  uyğun olaraq iqtisadi  artımın  imkanlarından əhalinin  yoxsul  təbəqələrinin güzəranının yaxşılaşdırılması üçün istifadə edilməsi dövlət büdcəsinin layihələri tərtib edilərkən  nəzərə  alınmışdır.

 Ötən on ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın fərdi layihələrinin maliyyələşməsinə 1,2 milyard manat güzəştli kredit verilmiş və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılmışdır. Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşür.

Böyük potensiala malik olan və regionların iqtisadiyyatının əsasını təşkil edən aqrar sektorun inkişafının dəstəklənməsi siyasəti, o cümlədən bu sahənin vergilərdən azad olunması, fermerlərə subsidiyaların verilməsi, “Aqrolizinq” xətti ilə onların güzəştli şərtlərlə kənd təsərrüfatı texnikası, avadanlıq, toxum, gübrə və cins mal-qara ilə təmin edilməsi, dövlətin dəstəyi ilə regionlarda aqroservislərin və logistik mərkəzlərin yaradılması ölkə iqtisadiyyatının inkişafının mühüm istiqamətlərindəndir.

 Həyata keçirilən aqrar siyasəti və ərzaq təhlükəsizliyi proqramı nəticəsində bu gün regionlarda iri quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı üzrə komplekslər yaradılmış, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artmışdır.

Son 10 ildə inşa edilmiş və ya əsaslı təmir olunmuş yüzlərlə su anbarı, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri, subartezian quyuları aqrar sektorda sahibkarlığın inkişafını sürətləndirmiş, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə, içməli su və enerji təchizatının daha da yaxşılaşdırılmasına imkan yaratmışdır.

 Qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, bu sahədə sahibkarlığı dəstəkləmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə dövlət başçısının müvafiq sərəncamları ilə Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır və hazırda digər iri sənaye mərkəzlərinin təşkili işi həyata keçirilir.

Son 10 il ərzində regionlarda 500-dən çox iri sənaye müəssisəsi, o cümlədən Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlığı, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, habelə yüzlərlə digər istehsal və emal müəssisələri fəaliyyətə başlamışdır.

Birinci və ikinci dövlət proqramlarında infrastruktur layihələrinin icrası prioritet məsələ olmuşdur. On  il ərzində Azərbaycanın elektrik enerjisi sistemində 17 yeni elektrik stansiyası, o cümlədən regionlarda 10 elektrik stansiyası - “Şahdağ” , “Sumqayıt”, “Cənub”, “Füzuli” , “Qusar-1”, “İsmayıllı-1”,  “Göyçay-1”, “Biləv”, Arpaçay və Taxtakörpü su elektrik stansiyaları tikilib istifadəyə verilmiş, 10 min kilometrdən çox elektrik xətti və 1500-dən çox yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur. İndi ölkənin ümumi generasiya gücü artıq 6300 meqavata çatdırılmışdır ki, bunun da 2300 meqavatı son on il ərzində yaradılmışdır. Bu gün ölkənin enerji təhlükəsizliyi artıqlaması ilə təmin edilmiş, təxminən 600-700 meqavat həcmində ixrac potensialı yaradılmışdır. Ölkədə alternativ enerjinin əldə edilməsi istiqamətində görülən işlər çərçivəsində Qobustan rayonunun ərazisində 5 meqavat gücündə hibrid tipli eksperimental poliqon və tədris mərkəzi istifadəyə verilmişdir.

 2004-cü ildə ölkə üzrə qazlaşdırma səviyyəsi cəmi 39,8 faiz təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 89,8 faizə, o cümlədən Bakı şəhəri üzrə 99 faizə, regionlar üzrə 83,4 faizə çatdırılmışdır. Ölkə əhalisi üzrə qaz abunəçilərinin sayı 2004-cü ildə 700 mindən aşağı olduğu halda, bu gün 1 milyon 600 mindən artıqdır. Bunun üçün ümumi uzunluğu 4800 kilometrdən artıq magistral qaz kəmərləri, 25 min kilometrdən çox müxtəlif diametrli daşıyıcı xətt çəkilmiş, 8 min kilometrə yaxın boru xətti əsaslı təmir olunmuşdur. Qazlaşdırma layihələri çərçivəsində 18 yeni qazpaylayıcı stansiya inşa olunmuş, 41 qazpaylayıcı stansiya yenidən qurulmuş və ən müasir qurğularla təchiz olunmuşdur. Uzun – 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikasına təbii qaz verilməsi bərpa edilmiş, Lerik, Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə olaraq təbii qazla təmin edilmişdir.

 Sosial infrastrukturun yaradılması ilə bağlı işlər də diqqət mərkəzində olmuşdur. Son on il ərzində dövlət proqramlarına uyğun olaraq 22 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması yekunlaşmış, 12 şəhərə yeni mənbələrdən suyun verilməsi təmin edilmişdir. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması üçün 400 mindən çox əhalisi olan 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır.

 Birinci və ikinci dövlət proqramları çərçivəsində regionlarda 3430 kilometr içməli su xətti, 1225 kilometr kanalizasiya xətti, 96 su anbarı, 39 su və kanalizasiya nasos stansiyası tikilmişdir. Dövlət proqramlarının icrasından əvvəl ölkə üzrə xidmət göstərilən əhalinin cəmi 26 faizi fasiləsiz içməli su alırdısa, hazırda bu rəqəm 55 faizə çatdırılmışdır. Bakıda 10 il bundan əvvəl əhalinin cəmi 29 faizi 24 saat ərzində su ilə təmin edilirdisə, indi bütün gün ərzində tam su təminatı əhalinin 78 faizini əhatə edir.

 Ölkənin hərtərəfli inkişafı üçün böyük əhəmiyyət daşıyan yol infrastrukturunun inkişaf etdirilməsi məsələləri daim diqqət mərkəzində olmuş, magistral yolların, şəhərlərarası və kəndlərarası yolların, şəhərdaxili və kənddaxili yolların tikintisi, təmiri və yenidən qurulması işləri geniş vüsət almışdır.

Ümumilikdə, 2004-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı və əlavə tədbirlər daxilində 8332 kilometr, o cümlədən 2622 kilometr respublika əhəmiyyətli, 5710 kilometr yerli əhəmiyyətli avtomobil yolları çəkilmiş və təmir edilmişdir. Bundan əlavə, ümumi uzunluğu 10087 metr təşkil edən 222 körpü və yol ötürücüsü tikilmiş, 85 körpü əsaslı təmir olunmuşdur. Bu dövr ərzində 16 avtovağzal tikilmiş, 9 avtovağzal yenidən qurulmuş, iri və orta tutumlu 2760 yeni avtobus, 1800 taksi vətəndaşların istifadəsinə verilmişdir. Bu müddət 400 kilometrdən çox dəmir yolu əsaslı təmir olunmuş, regionlarda yeni 4 hava limanı tikilmiş, 2 liman tam yenidən qurularaq istismara verilmiş, yeni hava gəmiləri alınmışdır. Yol-nəqliyyat kompleksi üzrə bu tədbirlərin yerinə yetirilməsinə müxtəlif mənbələrdən 8,2 milyard manat vəsait sərf olunmuşdur.

Bu dövrdə əhəmiyyətli ekoloji tədbirlər həyata keçirilmiş, mühafizə olunan təbiət ərazilərinin sahəsi iki dəfə artırılaraq 900 min hektara çatdırılmış, 9 milli park yaradılmış, 20 milyon ağac və bəzək kolu əkilmişdir.

 Rabitə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə regionlarda telefon stansiyaları və poçt binaları istifadəyə verilmiş, bütün rayon mərkəzlərinə fiber-optik kabel çəkilmişdir. Bu gün regionlarda hər 100 nəfərdən 60-ı internet istifadəçisidir.

 Proqramlar çərçivəsində regionlarda 2708 məktəb, 38-i mərkəzi xəstəxana olmaqla, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilmiş və ya əsaslı təmir olunmuş, 41 Olimpiya İdman Kompleksi yaradılmışdır.

 Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə regionlarda uşaq bağçası-körpələr evlərinin, məktəblərin, səhiyyə müəssisələrinin, mədəniyyət obyektlərinin tikintisi, yenidən qurulması, təmiri, eləcə də tarixi-mədəni abidələrin bərpası və qorunub saxlanması sahəsində irimiqyaslı layihələr həyata keçirilmişdir.

 Ümumilikdə, 2001-2013-cü illərdə qaçqın və məcburi köçkünlər üçün yeni salınan 82 qəsəbədə və ya məhəllədə 40 min mənzil istifadəyə verilmişdir. Son 10 ildə məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 12 çadır şəhərciyi ləğv olunaraq 77 qəsəbə və məhəllə salınmış, burada 37 min ailə yerləşdirilmiş, 170 minə yaxın köçkün yeni evlərə köçürülmüşdür. Qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbə və məhəllələrdə 120 orta məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi tikilmişdir. Bu təbəqədən olan insanların sosial müdafiəsi üçün ümumilikdə indiyədək 4,4 milyard manat vəsait sərf olunmuşdur. Bu vəsaitin 84 faizi son 10 ildə ayrılmışdır. Eyni zamanda, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işləri davam etdirilmiş, 2788 mənzilli, o cümlədən regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilmişdir.

Turizmin inkişafı ilə bağlı atılan böyük addımlar, xüsusilə bölgələrdə hər cür şəraiti olan otellərin istifadəyə verilməsi, yeni turizm mərkəzlərinin açılması Azərbaycanın zəngin turizm potensialını ölkənin inkişafına, xalqın rifahının yaxşılaşmasına yönəltmək məqsədlərinə xidmət edir. Son beş ildə Qusarda “Şahdağ” Qış-Yay Turizm Kompleksinin, Qəbələdə “Tufan” Dağ-Xizək Mərkəzinin yaradılması Azərbaycanda turizmin inkişafı üçün mövcud imkanlardan səmərəli və yaradıcı istifadənin bariz ifadəsidir. Bu gün artıq keçmiş şöhrətini bərpa etməkdə olan Naftalanda inşa edilmiş möhtəşəm “Çinar” və “Qaşaltı” otel kompleksləri buranı turizm və sağlamlıq mərkəzi kimi daha cazibədar etmişdir. Bütövlükdə, ötən müddətdə 14-ü beşulduzlu otel olmaqla, regionlarda turizm komplekslərinin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafında yeni mərhələ açmışdır.

İstehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələri əhatə edən müəssisələrin, komplekslərin yaradılması sahəsində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən hərtərəfli, çoxşaxəli və sistemli sosial-iqtisadi siyasət, genişmiqyaslı quruculuq işləri bu gün Azərbaycanı müasir, dinamik inkişaf edən, iqtisadi cəhətdən qüdrətli ölkəyə, çiçəklənən bir diyara çevirməklə, xalqımızın rifahını gündən-günə yaxşılaşdırmaqla yanaşı, müstəqilliyimizin möhkəmlənməsinə, əbədiliyinə və dönməzliyinə birbaşa xidmət edir.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Biz regionların sosial-iqtisadi inkişafının bütün istiqamətlərində istədiyimizə nail ola bilmişik. Bu gün regionların siması dəyişir, şəhərlərimiz öz qədim simasını saxlamaqla müasirləşir, gözəlləşir, abadlaşır. Bölgələrdə iri infrastruktur layihələri icra edilir, sosial obyektlərin tikintisi həyata keçirilir.

 Bizim ildən-ilə artan iqtisadi imkanlarımız bizə şərait yaradır ki, quraq, yaradaq, tikək, ölkəmizi abadlaşdıraq, güclü infrastruktur yaradaq. Bununla da Azərbaycanın gücü artır.

 Azərbaycan yüksək sürətlə inkişaf edir. Biz bunu həyatda görürük, bölgələrin inkişafında, bölgələrdə yaradılan müasir iqtisadi, sənaye, nəqliyyat, səhiyyə, təhsil infrastrukturunda görürük. Biz bütün bu işlərlə Azərbaycanın hərtərəfli inkişafına nail ola bilmişik”.

 

Ayaz ORUCOV,

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

iqtisad elmləri doktoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında