Londonda Böyük Britaniya–Azərbaycan yüksək texnologiyalar forumu keçirilmişdir

Londonda Böyük Britaniya–Azərbaycan yüksək texnologiyalar forumu keçirilmişdir. Forumda dövlət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, hər iki ölkənin 30-dan çox şirkətinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov forumda çıxış edərək ölkəmizin yaxın gələcək üçün inkişaf strategiyasının əsas istiqamətləri haqqında məlumat vermiş, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hazırlanan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının mahiyyətindən bəhs etmişdir. Bildirilmişdir ki, ölkədə ümumi daxili məhsul istehsalının həcminin artırılması, qeyri-neft sektorunun, turizm, sənaye, kənd təsərrüfatı və başqa sahələrin inkişafı Konsepsiyada nəzərə alınan əsas məsələlərdəndir.

Həmçinin Konsepsiyada iqtisadiyyatın şaxələndirilməsi baxımından informasiya-kommunikasiya texnologiyalarına, xüsusən yüksək texnologiyalar sahəsinə geniş yer ayrıldığını deyən nazir liberal bazar iqtisadiyyatının təmin olunması istiqamətində hökumətin atdığı addımlardan, o cümlədən yaradılan azad, əlverişli biznes mühiti, xarici investorların cəlb edilməsi üçün imkanların genişləndirilməsindən söz açmışdır. Hökumət sektoru ilə yanaşı, qeyri-hökumət sektorunun da inkişafının vacib amillərdən olduğu qeyd edilmişdir.

Neft və qaz sahəsindən əldə edilən gəlirlərdən iqtisadiyyatın şaxələndirilməsi üçün məqsədyönlü şəkildə istifadə edildiyini deyən nazir, informasiya-kommunikasiya texnologiyalarının prioritet sahələrdən olduğunu bildirmişdir.

Azərbaycanda nüvə və radioaktiv element resurslarının da olduğunu deyən Ə.Abbasov, ölkəmizin bu ehtiyatlardan sülh məqsədləri ilə istifadə etmək niyyətində olduğunu vurğulamışdır.

Nazir, həmçinin Azərbaycanda biznes mühitinin inkişafı, həyata keçirilən və keçirilməsi planlaşdırılan layihələr haqqında danışmış, “Ağıllı şəhər”, “Ağ şəhər” layihələrini nümunə göstərmişdir. Azərbaycana investisiya yatırmaq istəyən sərmayədarlar üçün hökumət tərəfindən geniş imkanlar yaradıldığı diqqətə çatdırılmışdır.

Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə səfiri Çarlz Hendri forumun əhəmiyyətini vurğulamış, Azərbaycan ilə Britaniya arasında texnologiya sahəsində əməkdaşlığın müzakirə edilməsi baxımından vacib olduğunu diqqətə çatdırmışdır. Britaniya-Azərbaycan münasibətlərinə toxunan Ç.Hendri xüsusən neft və qaz sahəsində əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini bildirmişdir. İyunun əvvəllərində Prezident İlham Əliyev ilə görüşü haqqında məlumat verən səfir, Azərbaycan dövlətinin başçısının neft və qaz sahəsi ilə yanaşı, qeyri-energetika, İKT, təhsil və digər sahələrdə əlaqələrimizin möhkəmləndirilməsini dəstəklədiyini vurğulamışdır.

Ölkəmizin regionlarında texnologiya sektorunun inkişafından bəhs edən Ç.Hendri Azərbaycana səfəri zamanı Qəbələdə kənd təsərrüfatı və istehsal sahələrində istifadə edilən texnoloji yeniliklərdən bəhs etmişdir. Paytaxt Bakı ilə yanaşı, Azərbaycanın regionlarında da investisiya üçün güclü potensialın olduğunu diqqətə çatdıran səfir, Britaniya da daxil olmaqla xarici şirkətləri bu imkanlardan faydalanmağa çağırmışdır.

Ç.Hendri Azərbaycan ilə Birləşmiş Krallıq arasında bütün sahələrdəki əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Birləşmiş Krallıq ilə Azərbaycan arasındakı münasibətlərdən bəhs etmiş, hazırda ikitərəfli əlaqələrin inkişafının yüksək səviyyədə olduğunu vurğulamışdır. Ölkələrimiz arasındakı münasibətlərin əsasını enerji sahəsində əməkdaşlıq təşkil etməsinə baxmayaraq, son illərdə digər sahələr, həmçinin İKT sektorunda ikitərəfli əlaqələrin genişlənməsinin və inkişaf səviyyəsinin təqdirəlayiq olduğu diqqətə çatdırılmışdır. Əməkdaşlığın inkişafında  Azərbaycanın bu sahələrdə əldə etdiyi nailiyyətlərin böyük rolu olduğu bildirilmişdir. İKT sektorunun müasir və qloballaşan dünya üçün vacib sahə olduğunu deyən səfir, forumun əhəmiyyətini vurğulamış, tədbirin təşkilatçılarına minnətdarlığını ifadə etmişdir.

Daha sonra forumda yerli və xarici şirkətlərin rəhbərləri təqdimatla çıxış edərək təmsil etdikləri qurumların fəaliyyəti haqqında ətraflı məlumat vermişlər. Təqdimatlarda qarşılıqlı əlaqələrin genişləndirilməsi imkanları və perspektiv vəzifələr müzakirə olunmuşdur.

 

Orxan İSMAYILOV,

AzərTAc-ın xüsusi müxbiri

London


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında