2014-cü ildə ümumi iqtisadi artımda
bu sektorun payı 61,5 faizə qədər yüksələcək
Azərbaycanın tarixi müstəqilliyinin son 10 ili ölkəmizdə sosial-iqtisadi həyatın bütün sahələrində həyata keçirilən genişmiqyaslı işlərin uğurlu nəticələri ilə yadda qalmışdır. Belə ki, ötən müddətdə ölkəmizdə iqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsul (ÜDM) istehsalı 3,4 dəfə artaraq 2013-cü ildə 57,7 milyard manata çatmışdır. Hazırda Azərbaycanda ÜDM-in hər nəfərə düşən həcmi 7912,5 ABŞ dolları təşkil edir ki, bu da dünyanın inkişaf etməkdə olan ölkələri arasında yüksək göstərici hesab olunur.
Ölkəmizdə makroiqtisadi inkişafın davam edəcəyi 2014-cü ildə isə ÜDM-in həcminin son iki ildəkinə nisbətən 5,2 faiz artaraq 58,6 milyard manat təşkil edəcəyi gözlənilir. Bütövlükdə isə ÜDM-in artım tempinin növbəti üç ildə 5,8-6 faiz arasında dəyişəcəyi proqnozlaşdırılır ki, bu da “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş hədəflərə nail olunmasına real zəmin yaradacaq.
Azərbaycanda ümumi iqtisadi artımın əsas hissəsi ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış neft strategiyasının uğurlu nəticələri hesabına təmin olunsa da, son illər qeyri-neft sektoru üzrə də xüsusi fəallıq nəzərə çarpır. Bu da Azərbaycanın dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə iqtisadiyyatın qeyri-neft sektoru 10 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildə 53,5 faizdən 56,6 faizədək yüksəlmişdir. Ölkə iqtisadiyyatının şaxələndirilməsinin uğurlu nəticələrindən sayılan qeyri-neft sektorunun dinamik inkişafını müsbət amil kimi dəyərləndirən Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “Ölkəmizin əsas inkişaf dinamikasını iqtisadi gücümüz müəyyən edir və iqtisadi islahatların dərinləşdirilməsində Azərbaycan böyük uğurlara imza atıb... Ən sevindirici məsələ ondan ibarətdir ki, qeyri-neft sektoru 10 faiz artmışdır və bu da son illərdə aparılan islahatların nəticəsidir. Aparılan islahatlar bunu təmin edibdir. Qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün indi ciddi proqram icra edilir və növbəti illərdə də icra ediləcəkdir”.
Ötən il ölkə iqtisadiyyatının aparıcı sahəsi olan sənaye sahəsində istehsal edilən məhsulun və göstərilən xidmətlərin 74 faizi mədənçıxarma bölməsində, 20,1 faizi emal, 5,3 faizi elektrik enerjisi,qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində yaradılmışdır. İl ərzində sənayenin qeyri-neft bölməsində 4,8 faizlik artım qeydə alınmışdır. Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi ərzaq təhlükəsizliyi ilə bağlı tapşırıqların ardıcıl şəkildə yerinə yetirilməsinin nəticəsidir ki, ötən il qeyri-neft sektorunun mühüm sahələrindən sayılan qida məhsulları və içki istehsalı üzrə 4,2 faizlik artım qeydə alınmışdır. Qida məhsulları və içki istehsalı ilə məşğul olan müəssisələr tərəfindən il ərzində 2,8 milyard manatlıq məhsul istehsal edilmişdir. Bununla yanaşı, qeyri-neft sektorunun digər mühüm sahələrindən sayılan toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən hesabat ilində 93,3 milyon manatlıq, kimya sənayesi üzrə 270,5 milyon manatlıq, tikinti materialları üzrə 345,4 milyon manatlıq, metallurgiya sənayesi üzrə 400,7 milyon manatlıq, maşın və avadanlıqların istehsalı sahələrində isə 262,7 milyon manatlıq məhsul istehsal olunmuşdur. Son illər ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi sahəsində də əhəmiyyətli tədbirlər həyata keçirilir. Elə Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin Azərbaycanda “İKT ili” elan olunması da bunu sübut edir. Yeri gəlmişkən, ötən ilin fevral ayında Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması ölkəmizin İKT sahəsində əldə etdiyi son dərəcə mühüm nailiyyət kimi dəyərləndirilir. Bütövlükdə isə, 2013-cü ildə Azərbaycanda 237,3 milyon manatlıq kompyuter, elektron və elektrik avadanlıqları istehsal edilmişdir.
2013-cü ildə qeyri-neft sənayesinin digər mühüm sahəsi olan elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 1,8 milyard manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki illə müqayisədə 3,2 faizlik artım deməkdir. Qeyri-neft sənayesinin su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə məhsul istehsalı və xidmətlərin səviyyəsi əvvəlki ilə nisbətən 4,1 faiz artaraq 254,8 milyon manat təşkil etmişdir.
Ötən il ölkəmizdə əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 17 milyard 872,1 milyon manat təşkil etmişdir ki bunun da 66,3 milyonu tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Həmin vəsait hesabına Bakı şəhərində Gəmi Təmiri və Gəmiqayırma Zavodu, Heydər Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, Qaz Turbinli İstilik Elektrik Stansiyası, Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikası, paytaxtımızın simvoluna çevrilmiş “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” oteli, metronun “Gənclik” stansiyasının yaxınlığındakı müxtəlif səviyyəli tunel tipli yol qovşağı, “Azadlıq” meydanında iki min maşın tutumuna malik ikimərtəbəli yeraltı avtomobil dayanacağı və s. obyektlər bu qəbildəndir. Son illərin buraxılış obyektlərinin əksəriyyətinin regionların payına düşməsi isə, heç şübhəsiz, Azərbaycanın hərtərəfli inkişafının bariz nümunəsidir. Bu baxımdan 2013-cü ildə də ölkənin ayrı-ayrı regionlarında çoxsaylı xidmət və istehsal təyinatlı obyektlər, təhsil, səhiyyə və idman, mədəni-məişət obyektləri tikilb istifadəyə verilmişdir. Ölkəmizin ikinci böyük sənaye mərkəzi statusunu qaytarmaqda olan Sumqayıt şəhərində “Gilan” Tekstil Parkı, polad boru istehsalı müəssisəsi və Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Arpaçay SES, Şirvan şəhərində “Cənub” İstilik Elektrik Stansiyası, Şirvan-Muğan qrup su kəməri, olimpiya-idman kompleksi, Abşeron rayonunda birdəfəlik plastik qablar və priforminqlər istehsalı zavodu, həmçinin Ağcabədi, Balakən, Gədəbəy, Qazax, Qəbələ, Hacıqabul, İsmayıllı, Şabran və digər rayonlarda çoxsaylı istehsal təyinatlı və sosial infrastrukrur obyektləri işə salınmışdır. Bununla yanaşı, ölkədə həyata keçirilən uğurlu investisiya siyasəti nəticəsində il ərzində digər sahələrdə də son dərəcə vacib olan bir sıra infrastruktur obyektləri inşa edilmişdir. İstifadəyə verilmiş hər bir obyekt isə, heç şübhəsiz, ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır.
Ölkə iqtisadiyyatının digər vacib sahəsi sayılan kənd təsərrüfatının inkişaf etdirilməsi üçün də son illər konkret işlər görülür, mühüm dövlət proqramları qəbul edilərək icraya yönəldilir. Məhz bunun nəticəsidir ki, 2013-cü ildə ölkənin aqrar bölməsi üzrə 5 milyard 244,6 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 4,9 faiz çoxdur. Bununla belə, Azərbaycanda kənd təsərrüfatının potensialı olduqca yüksəkdir və bu imkanlardan istifadə edilməsi istiqamətində dövlət tərəfindən təsirli tədbirlər görülür. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin məlum iclasında bu barədə demişdir: “Kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunun deyə bilərəm ki, əsas istiqamətlərindən biridir. Keçən il kənd təsərrüfatı təxminən 5 faiz artmışdır. Ancaq potensial daha böyükdür. Mən hesab edirəm ki, 2014-cü ildə və ondan sonrakı illərdə kənd təsərrüfatının inkişafı ilə bağlı daha da böyük işlər görüləcəkdir”. Bütün bunlar isə onu deməyə əsas verir ki, yaxın illərdə kənd təsərrüfatı sahəsində mövcud potensialın hərəkətə gətirilməsi istiqamətində mühüm işlər həyata keçiriləcək ki, bu da ölkəmizin qeyri-neft sektorunun inkişafı ilə nəticələnəcək.
Qeyri-neft sektorunun prioritet sahələrindən biri də turizmdir. Adıçəkilən sahə gəlir gətirmək baxımından olduqca cəlbedicidir. Məhz buna görədir ki, son illər ölkəmizin mövcud turizm potensialının tam hərəkətə gətirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bakıda, eləcə də regionlarda müasir turizm obyektləri tikilib istifadəyə verilir, bu sahədə xidmətlərin səviyyəsi getdikcə yaxşılaşdırılır. Ötən il, həmçinin nəqliyyat, informasiya və rabitə sahələrində də əhəmiyyətli dərəcədə artım baş vermişdir ki, bu da qeyri-neft sektorunun inkişafına dəyərli töhfə hesab edilməlidir.
Göründüyü kimi, ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətimizin iqtisadi siyasətinin prioritet istiqaməti kimi getdikcə aktuallıq kəsb edir. Ölkəmizin sosial-iqtisadi inkişafı fonunda adıçəkilən bölmənin ÜDM-də xüsusi çəkisinin artması 2014-cü ildə də davam edəcək. İqtisadçı ekspertlərin proqnozlarına görə, dövlətin iqtisadi siyasətinin aparıcı trendinə müvafiq olaraq bu il ÜDM-in artımı onun tərkibində neft sektorunun payının mütləq və nisbi mənada azalması və müvafiq olaraq qeyri-neft sektorunun istehsal həcminin artması şəraitində baş verəcək. Cari ildə qeyri-neft sektorunun artım sürətinin 10 faizdən artıq olacağı gözlənilir. Bu inkişaf tendensiyası növbəti illərdə də davam edəcək. Belə ki, qeyri-neft sektorunun ÜDM-də payı 2012-ci ildəki 52,7 faizdən 2014-cü ildə 61,5 faizə qədər yüksələcək. Proqnozlar göstərir ki, iqtisadi inkişafımızın bu müsbət meyilləri gələcəkdə də davam etdiriləcək və 2017-ci ildə qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 72,4 faiz təşkil edəcək. Bu dövr ərzində dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neft sektorunun payı nəzərəçarpacaq dərəcədə aşağı enəcək ki, bu da iqtisadiyyatımızın neftdən asılılığının ildən-ilə azaldığlnı göstərməklə iqtisadiyyatın şaxələndirilməsi hesabına qeyri-neft sektorunun dinamik inkişaf etdirilməsi sahəsində həyata keçirilən genişmiqyaslı fəaliyyətin nəticəsi kimi qiymətləndirilə bilər. 2014-cü ildə qeyri-neft sektorundan daxilolmalar qeyri-neft ÜDM-in 17,3 faizini təşkil edəcək ki, bu da 2013-cü illə müqaisədə 1,1 faiz çoxdur. Bu il qeyri-neft ÜDM-in büdcə vasitəsilə yenidən bölünən hissəsinin artırılması planlaşdırılır ki, bu da büdcənin balanslaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, qarşıdakı illərdə büdcədə neft gəlirlərinin payının aşağı enməsi, əsasən Dövlət Neft Fondundan transferlərin azalması hesabına baş verəcək. 2014-cü ildə qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin 2012-ci ilə nisbətən 34 faiz, 2013-cü ilə nisbətən isə 20,8 faiz artması büdcənin müsbət cəhəti kimi qeyd edilməlidir.
Yeri gəlmişkən, son on ildə əmtəə ixracı 12,5 dəfə, xidmətlərin ixracı isə10 dəfə artmışdır. İxracda neft və neft məhsullarının yüksək paya malik olması Azərbaycan iqtisadiyyatının formalaşmış ənənəvi strukturu ilə bağlıdır. Bununla belə, son illər ixracın strukturunda neft sektorunun payı azalmağa başlamışdır. Belə ki, 2011-ci ildə ixracda neft sektorunun payı 95,3 faiz, 2012-ci ildə 94,1, 2013-cü ildə 92,4 faiz olmuşdusa, cari ildə bu göstəricinin 90,1 faiz təşkil edəcəyi proqnozlaşdırılır. İqtisadçı ekspertlərin qənaətinə görə, bu tendensiya qarşıdakı illərdə də davam edərək 2017-ci ildə 81 faiz həcmində olacaq. Əvəzində isə ölkəmizdən dünya bazarlarına çıxarılacaq qeyri-neft məhsullarının həcmi artacaq. Bu da Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinin məntiqi nəticəsi olan qeyri-neft sektorunun inkişafı hesabına mümkün olacaq.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.