Vergilər Nazirliyində ötən ilin yekunları və 2014-cü ildə görüləcək işlərə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov 2013-cü ildə Vergilər Nazirliyinin fəaliyyətinin yekunları ilə bağlı ətraflı məlumat verərək Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilmiş sosial-iqtisadi siyasət nəticəsində qarşıda duran mühüm vəzifələrin uğurla həyata keçirilməsi üçün möhkəm və dayanıqlı zəmin yaradıldığını qeyd etmişdir.
Bildirilmişdir ki, 2013-cü il ərzində nazirlik tərəfindən dövlət büdcəsinə 6 milyard 663,6 milyon manat vəsaitin ödənilməsi təmin olunmuşdur. Bu da 2013-cü ilin dövlət büdcəsində müəyyənləşdirilmiş proqnozlara nisbətən 263,6 milyon manat və ya 4,1 faiz, 2012-ci illə müqayisədə isə 638,1 milyon manat və ya 10,6 faiz çoxdur. Qeyri-neft sektorundan daxil olan vergilərin məbləği 2012-ci ilə nisbətən 474,9 milyon manat və ya 14,4 faiz artaraq, 3 milyard 761,6 milyon manat təşkil etmişdir.
S.Məmmədxanov 2013-cü ildə vergi sistemində həyata keçirilən islahatlar, vergi nəzarətinin təkmilləşdirilməsi, vergi inzibatçılığı sahəsində reallaşdırılan yeni tədbirlər, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərdən danışaraq demişdir ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş “İnformasiya-Texnologiyaları İli” çərçivəsində Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin sayı artırılaraq 51-ə çatdırılmışdır. Hazırda bu, ölkədə dövlət strukturları tərəfindən tətbiq olunan ən geniş elektron xidmətlər toplusudur. Bu gün vergi ödəyicisi vergi orqanına gəlmədən, praktiki olaraq, qeydiyyatdan tutmuş bəyannamələrin göndərilməsi və vergilərin ödənişinə qədər dövlət qarşısında bütün vergi öhdəliklərini distant formatda yerinə yetirə bilir.
2013-cü ildə elektron hökumət proqramı çərçivəsində həyata keçirilən layihələrin davamı olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə birlikdə “Asan imza” layihəsinin reallaşdırılmasına, habelə elektron və mobil imzaların tətbiqi məqsədilə Vergilər Nazirliyinin Sertifikat Xidməti Mərkəzinin fəaliyyətə başladığını bildirən nazir müavini artıq mobil rəqəmsal imza sahiblərinin sayının 23 min nəfəri, mobil elektron imzanın istifadəsi üzrə əməliyyatların ümumi sayının isə 2 milyonu ötdüyünü diqqətə çatdırmışdır. Bakı şəhərində yeni Vergi Ödəyicilərinə Xidmət Mərkəzi və genişləndirilmiş 195 Çağrı Mərkəzi istifadəyə verilmişdir.
KİV nümayəndələrinə ötən il tətbiqinə başlanmış elektron audit layihəsi, vergi partnyorluğu sazişlərinin bağlanması, yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqini genişləndirmək məqsədi daşıyan “Bələdiyyələrin Vergi İnformasiya Sistemi” pilot layihəsi barədə məlumat da verilmişdir.
2013-cü ildə operativ nəzarət tədbirlərindən, səyyar və kameral vergi yoxlamalarından, eləcə də vergi hüquqpozmaları ilə mübarizə sahəsində görülən işlərdən danışan nazir müavini qeyd etmişdir ki, vergi inzibatçılığında səmərəli mexanizmlərin tətbiqi sayəsində vergi ödəyicilərinin dövlət büdcəsinə olan borclarının məbləği ötən il ərzində 9 faiz azalmış, borclu vergi ödəyicilərinin ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi 3,4 faizə qədər azalmışdır.
S.Məmmədxanov ötən müddət ərzində nağdsız ödənişlərin stimullaşdırılması, muzdlu işlə əlaqədar əmək haqqından tutulan gəlir vergisi üzrə vergitutma bazasının və qeyri-leqal məşğulluğun leqallaşdırılması istiqamətində Vergilər Nazirliyi tərəfindən həyata keçirilən kompleks tədbirlər, bu sahələrdə mövcud olan xarakterik nöqsanları KİV nümayəndələrinin diqqətinə çatdırmışdır.
Bu il vergi orqanları qarşısında duran vəzifələrə toxunan nazir müavini dövlət büdcəsinə vergi daxilolmaları, qeyri-neft sektoru üzrə büdcə proqnozları, vergi orqanları tərəfindən həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələr barədə də məlumat vermişdir.
Nazir müavini bildirmişdir ki, Bakı şəhərində vergi işçiləri və audit vergi əməkdaşları müasir “İPad”lər və internetlə təmin edilmişdir. Bu isə onların hansı ərazidə olduğunu müəyyənləşdirməyə imkan yaradır.
Səyyar vergi yoxlamalarının sayının 18,7 faiz azaldılmasına baxmayaraq, vergi yoxlamalarında 711 milyon manat əldə olunmuşdur ki, bu da daha əvvəlki illərlə müqayisədə 17,7 faiz çoxdur.
Sonda nazir müavini qeyd etmişdir ki, bu ilin dövlət büdcəsinə vergi daxilolmaları 7,102 milyard manat səviyyəsində proqnozlaşdırılmışdır. Bu isə ötən ilin büdcə göstəricilərindən 14,4 faiz çoxdur. Həmçinin 2014-cü ildə “POS-terminal”lar və nəzarət-kassa aparatlarının sayı artırılacaqdır. Əsas önəm veriləcək sahələr iş yerlərinin rəsmiləşdirilməsi və vergi ödənişlərinin büdcəyə ödənilməsinin təmin edilməsi olacaqdır.
Mətbuat konfransında kütləvi informasiya vasitələri nümayəndələrini maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.