Prezident İlham Əliyev: İki proqramın icrası nəticəsində bölgələrdə yaşanan bu inkişaf və tərəqqi bizi daha da gücləndirir

 

Azərbaycan Respublikası dünyanın ən sabit və dinamik inkişaf edən dövləti kimi beynəlxalq təşkilatların diqqətini getdikcə daha çox cəlb edir. Hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü ölkəmizin payına düşür. Bu inkişaf və tərəqqi meyilləri əksər  nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən rəğbətlə qarşılanır. Təsadüfi deyil ki, ölkəmizdə gedən sürətli inkişafı diqqətlə izləyən həmin təşkilatlar illik hesabatlarında Azərbaycanın adını öncül yerlərdə göstərir, ölkəmizin kredit reytinqlərini getdikcə artırırlar.  Dünyanın bir nömrəli iqtisadi qurumu olan Dünya Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyi üzrə dünya miqyasında 39-cu yerdədir. Bu da, heç şübhəsiz, ölkəmizdə aparılan islahatların nəticəsidir.

Ölkə iqtisadiyyatının dinamik inkişafında və yüksək nailiyyətlərin qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı dövlət proqramları mühüm rol oynamışdır. Azərbaycanın tarazlı və regional inkişafı üçün möhkəm baza yaradan həmin proqramların reallaşdırılması ilə ölkənin iqtisadi potensialı xeyli güclənmişdir. Elə son on ildə ölkə iqtisadiyyatının 3,4 dəfə, sənaye istehsalının isə 2,7 dəfə artması da bunun  bariz nümunəsidir. Regional inkişaf proqramlarında nəzərdə tutulan tədbirlərin dövlətin dəstəyi ilə ardıcıl şəkildə həyata  keçirilməsi nəticəsində qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisi xeyli artaraq 2013-cü ildə 10 faizə çatmışdır. Bu da dünya miqyasında ən böyük göstəricilərdən biridir. Fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda ölkə Prezidenti İlham Əliyev bu barədə demişdir:  “2004-cü ildə əgər birinci proqram qəbul edilməsəydi, bugünkü Azərbaycan reallıqları tam fərqli ola bilərdi. Regionların inkişafı, sahibkarlara verilən dəstək, qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığımızın azaldılması, ixrac potensialının yaradılması son illərin əlamətidir.  Bu, onu göstərir ki, biz iqtisadi siyasətimizi çox böyük dəqiqliklə, həssaslıqla aparırıq”. Regionların inkişafını daim diqqət mərkəzində saxlayan dövlət başçısı ötən on il ərzində bölgələrə etdiyi çoxsaylı səfərlər çərçivəsində 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektinin və yeni müəssisənin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş,  müəssisələrin fəaliyyəti ilə yaxından tanışlıq zamanı, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə əlavə olaraq 737,4 milyon manat vəsaitin ayrılması barədə  240 sərəncam imzalamışdır.  Bütövlükdə isə  bütün mənbələr hesabına  birinci proqramın icrasına 16 milyard manat, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilmişdir.

Azərbaycanda yaradılmış siyasi sabitlik və əlverişli biznes mühiti ölkəmizin xarici sərmayələr üçün cəlbediciliyini xeyli artırmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, son on ildə ölkəmizə 160 milyard dollar investisiya cəlb edilmişdir. Ötən il isə Azərbaycan iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulmuşdur ki, bu da rekord göstərici hesab olunur. Bununla yanaşı, Azərbaycanın maliyyə gücünün ilbəil artması dövlət və qeyi-dövlət təşkilatlarının ölkə iqtisadiyyatına sərmayə yaratmaq imkanlarını genişləndirir. Artıq yerli sərmayələr xarici sərmayələri üstələyir. Azərbaycana investisiya qoyuluşunun artması isə infrastruktur layihələri və ölkə iqtisadiyyatı üçün lazım olan digər proqramların icra edilməsini sürətləndirir. Bazar iqtisaiyyatına keçid dövrünü uğurlu başa çatdıran Azərbaycan Respublikasında iqtisadiyyatın şaxələndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu da öz növbəsində qeyri-neft sektorunun ümumi iqtisadi artımda neft sektorunu üstələməyə səbəb olmuşdur.  Ölkənin qeyri-neft sektorunun inkişafında özəl bölmənin rolu danılmazdır. Məhz buna görədir ki, ölkəmizdə sahibkarlara göstərilən dövlət dəstəyi ilbəil gücləndirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, son on ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına ölkə üzrə 19 mindən çox sahibkara bir milyard 200 milyon manat güzəştli kreditlər verilmişdir. Həmin vəsaitlər hesabına maliyyələşdirilən layihələr hesabına 110 minədək yeni iş yeri yaradılmışdır. Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşür. Yeri gəlmişkən, güzəştli kreditlər hesabına ölkədə ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilmiş, bu layihələr üzrə 80 müəssisə istifadəyə verilmiş, 24-ü üzrə işlər isə davam etdirilir. Son on ildə  regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əmək haqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər isə 6 dəfə artmışdır.

Azərbaycanın aqrar sahədə mövcud potensialının hərəkətə gətirilməsi də regional inkişaf proqramlarının strateji hədəflərindəndir. Sevindirici haldır ki, adıçəkilən mühüm dövlət sənədlərinin icra olunduğu ötən on il ərzində aqrar sektorun çoxsahəli sabit inkişafının təmin edilməsi istiqamətində əhəmiyyətli nəticələr əldə olunmuşdur. Belə ki, 2004-2013-cü illərdə ölkə üzrə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,3 dəfə artmışdır. Kənd təsərrüfatının mühüm bölməsi olan bitkiçilikdə 2004-2013-cü illərdə əkin sahələrinin 64,2 min hektar artması ilə yanaşı, əksər bitki növləri üzrə məhsuldarlıq səviyyəsində də əhəmiyyətli artımlara nail olunmuşdur. Bu amillər hesabına həmin dövrdə bitkiçilik məhsulları istehsalı 3 dəfə artaraq 2 milyard 627 milyon manat təşkil etmişdir. Heyvandarlıq məhsulları istehsalı isə 2004-cü ildəki 697 milyon manatdan 2013-cü ildə 2 milyard 617 milyon manata çataraq 3,8 dəfə artmışdır.

 2004-cü ildə 1 milyon 635 min hektar sahənin 79,2 faizində əkin aparıldığı halda, 2013-cü ildə 1 milyon 695 min hektar əkin sahəsinin 99,4 faizində əkin aparılmışdır. Ölkə Prezidentinin müvafiq sərəncamı ilə 2004-cü ildə yaradılmış “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 2005-2013-cü illər ərzində dövlət büdcəsindən və ehtiyat fondlar hesabına 458 milyon manat vəsait ayrılmışdır. Ötən müddətdə  təkrar istifadədən qaytarılan 179 milyon manat, eləcə də müxtəlif mənbələrdən ayrılan 13 milyon manat da daxil olmaqla onun investisiya portfeli 650 milyon manat təşkil etmiş və həmin vəsaitlər hesabına 1200-dən artıq yeni kombayn, 5145 traktor, 184 ekskavator və digər kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlar alınaraq 6591 nəfər müxtəlif hüquqi və fiziki şəxslərə lizinqə verilmiş və ya lizinq yolu ilə satılmışdır ki, bu da kənd təsərrüfatı məhsulları istehsalçılarının texniki təchizatında müstəsna rol oynamışdır.

Regionların iqtisai potensialının hərəkətə gətirilməsində infrastruktur layihələrinin icrası prioritet məsələ olduğundan dövlət proqramalarında bununla bağlı çoxsaylı tədbirlər nəzərdə tutulmuşdur. Regionların inkişafının mühüm amillərindən olan infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ötən on il ərzində yol-nəqliyyat infrastrukturunun, elektrik, qaz və su təchizatının yenilənməsi işləri aparılmış, nəticədə regionlarda kommunal xidmətlərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Bu baxımdan son on il ərzində, ilk növbədə, Azərbaycanın enerji potensialının artırılması  istiqamətində çox ciddi addımlar atılmış, ölkədə ümumi generasiya gücü 2300 meqavat təşkil edən17 elektrik stansiyası tikilmişdir. Dövlətin enerji siyasətinin uğurla reallaşdırılması nəticəsində Azərbaycanın ümumi generasiya gücü 6300 meqavata çatmışdır. Son on ildə regionlarda reallaşdırılan sosial infrastruktur layihələri arasında xüsusi yer tutan qazlaşdırma ilə bağlı böyük işlər görülmüşdür. Hazırda Azərbaycanda qazlaşdırmanın səviyyəsi təqribən 90 faizə çatdırılmışdır. Artıq ölkəmizin ən ucqar dağ kəndlərində yaşayan sakinlərin mənzillərində belə, “mavi yanacaq” şölələnir. Qarşıdakı beş il ərzində isə ölkə üzrə qazlaşdırmanın səviyyəsinin 95-96 faizə çatdırılması nəzərdə tutulur.

Ölkəmizin hərtərəfli inkişafının təmin edilməsində yol infrastrukturunun böyük əhəmiyyəti var. Bu vacib məsələni xüsusi diqqət mərkəzində saxlayan dövlət başçısı İlham Əliyev magistral yollarla yanaşı, şəhərlərarası, eləcə də kəndlərarası və kənddaxili yolların tikintisi məqsədilə həm dövlət büdcəsindən, həm də Prezidentin ehtiyat fondundan yetərincə vəsait ayırmışdır. Dövlət Proqramında yol-nəqliyyat kompleksinin - dəmir yolu, avtomobil, hava, su nəqliyyatı və avtomobil yolları sahələrində müasir infrastrukturların yaradılması üzrə 64 tədbir nəzərdə tutulmuşdur ki, onların icrası nəticəsində  1103 kilometr respublika əhəmiyyətli və 1914 kilometr yerli əhəmiyyətli yol çəkilmiş, yenidən qurulmuş və təmir olunmuşdur. Bu yollarda 164 yeni körpü və yol ötürücüsü tikilmiş, 47 körpü isə əsaslı təmir olunmuşdur.

 Bundan əlavə, dövlət başçısının regionlara etdiyi çoxsaylı səfərlərin nəticəsi olaraq bölgələrdə avtomobil yollarının yenidən qurulması və təmiri ilə bağlı imzaladığı sərəncamlara əsasən, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış  vəsaitlər hesabına  kəndləri rayon mərkəzləri ilə birləşdirən və kəndlərarası 1334 kilometr uzunluğunda yollar əsaslı təmir edilmişdir.

 Regionlarda sosial infrastruktur layihələri arasında xüsusi əhəmiyyət daşıyan  içməli su və kanalizasiya layihələrinin  icrası da son illər xeyli intensivləşmişdir. Dövlət başçısının xüsusi göstərişi ilə “Azərsu” ASC-nin qarşısında əhalini Dünya Səhiyyə Təşkilatının standartları səviyyəsində keyfiyyətli su ilə fasiləsiz təmin etmək tapşırığı qoyulmuşdur. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün dövlət büdcəsi vəsaiti və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına ümumilikdə ölkənin 52 şəhəri və 730 kəndi əhatə edən layihələr üzrə işlər icra olunur. Həmin şəhərlərin 38-də tikinti işlərinə başlanılmış, 14-də isə layihə-smeta işləri başa çatdırılmışdır və tikintiyə hazırlıq görülür. Artıq 8 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması yekunlaşmış, 12 şəhərə yeni mənbələrdən suyun verilməsi təmin edilmişdir. Nəticədə həmin rayon mərkəzlərində yaşayan 330 min nəfərin su təchizatı əsaslı şəkildə yaxşılaşmışdır ki, onların da 125 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.

 Ötən on il ərzində ölkəmizdə digər sosial infrastruktur layihələrinin icrası da uğurla davam etdirilmiş, 2700 məktəb, 500-dən çox tibb müəssisəsi tikilmiş və təmir edilmişdir. Bundan əlavə əksəriyyəti regionlarda olmaqla ölkə üzrə 41 olimpiya-idman kompleksi tikilmiş, çoxsaylı mədəniyyət ocaqları bərpa edilmişdir. Yeri gəlmişkən, ölkə üzrə sosial infrastrukturun yaradılmasında regional dövlət proqramlarının müstəsna əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev qeyd etmişdir ki, bu sənədlərin formalaşmasında Azərbaycan vətəndaşları fəal iştirak etmiş və onların  təklifləri tam nəzərə alınmışdır.

Regional inkişaf proqramlarının icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev Azərbaycanın qarşıdakı illər üçün  sosial-iqtisadi tərəqqisinin əsas konturlarını müəyyən edərək bildirmişdir ki, növbəti illərdə ölkəmizin ümumi iqtisadi inkişafı təmin edilməli, makroiqtisadi vəziyyət sabit saxlanmalıdır. Növbəti illərdə həm neft-qaz, eyni zamanda, qeyri-neft sektorlarının inkişafı sayəsində ölkəmizə böyük valyuta axınının gözlənildiyini böyük əminliklə söyləyən dövlət başçısı həmin vəsaitin şəffaf şəkildə saxlanılacağını, əsas xərclər üçün və sosial məsələlərin həllində istifadə ediləcəyini, eyni zamanda, infrastruktur layihələrinin icrasının və sahibkarlığa dəstək məsələlərinin də diqqət mərkəzində olacağını bildirmişdir. Ölkə Prezidentinin təbirincə desək,  növbəti beş il ərzində Azərbaycanın kifayət qədər iqtisadi, maliyyə və texniki resursları olacaqdır ki, bu da üçüncü regional inkişaf proqramını uğurla icra etməyə imkan yaradacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev qarşıdakı beş il ərzində infrastruktur layihələrinin icrasının tam başa çatdırılmasını aidiyyatı dövlət qurumlarının rəhbərləri qarşısında konkret vəzifə kimi qoymuşdur. Qeyd olunmuşdur ki, növbəti illərdə ölkə əhalisinin, o cümlədən regionlarda yaşayan sakinlərin elektrik enerjisi, qaz, içməli su və digər kommunal xidmətlərlə təminatının əsaslı şəkildə yaxşılaşdırılması məqsədilə sosial infrastruktur layihələri yüksək  səviyyədə icra edilməlidir. Eyni zamanda, regional iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafı növbəti illərdə iqtisadi sahədə prioritet olaraq qalacaqdır. Bu məqsədlə  iri fermer təsərrüfatları ilə yanaşı, kiçik və ailə fermer təsərrüfatları da yaradılmalı, subsidiyaların verilməsində tam şəffaflıq təmin edilməlidir. Dövlət başçısı, həmçinin Azərbaycanda istehsal olunan məhsulların bazara çıxarılmasını və daxili bazarın qorunması üçün təsirli tədbirlərin görülməsini aidiyyatı dövlət qurumlarına mühüm bir vəzifə kimi tapşırmışdır. Son on il ərzində özəl sektora göstərilən dövlət qayğısının nəticəsi olaraq ölkəmizdə 55 min yeni müəssisənin yaradıldığını vurğulayan Prezident İlham Əliyev qarşıdan gələn hər bir ildə sahibkarlıq subyektlərinə təxminən 270-300 milyon manat həcmində güzəştli kreditlərin veriləcəyini bəyan etmişdir.

2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan olunduğunu xatırladan dövlət başçısı ölkə iqtisadiyyatının aparıcı sahəsi olan sənayenin inkişafına xüsusi diqqət göstəriləcəyini bildirmiş, bu məqsədlə bir sıra bölgələrdə—Gəncə, Sumqayıt və  Mingəçevirdə texnoparkların, eləcə də hər bir şəhərdə xüsusi sənaye yerlərinin, sənaye zonalarının  yaradılacağını bildirmişdir.  Bütün bunlar isə onu deməyə əsas verir ki, bu yaxınlarda qəbul ediləcək üçüncü regional inkişaf proqramı Azərbaycanın davamlı və tarazlı inkişafı üçün əlavə imkanlar yaradacaq, bununla da ölkə əhalisinin həyat səviyyəsi daha da yaxşılaşacaq.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında