“Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda III Vergi Forumu işə başlamışdır

 

 

Bakıda “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda 2 günlük vergi forumu öz işinə başlamışdır. Forumun “Vergi inzibatçılığında partnyorluq münasibətləri” və “Müasir vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolu” adlı sessiyalarında dövlət orqanlarının, Avropa Birliyinin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Niderland Krallığının, Türkiyə, Gürcüstan və Qazaxıstanın vergi qurumlarının, bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri və iş adamları iştirak etmişlər.

“Vergi inzibatçılığında partnyorluq münasibətləri” adı altında vergilər nazirinin müşaviri Akif Musayevin, Türkiyə Gəlirlər Administrasiyası rəhbərinin müavini Mehmet Atuğun və “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyevin moderatorluğu ilə keçirilən sessiyada Vergilər Nazirliyinin İqtisadi Təhlil və Sahibkarlıq Subyektlərinin Dövlət Qeydiyyatı Baş İdarəsinin rəisi İlkin Vəliyev “Risklərin idarə edilməsı və partnyorluq”, Azərbaycan Respublikası Mərkəzi Bankın Pul Siyasəti Departamentinin direktor müavini Fəxri İsmaylov “Vergi öhdəliklərinin icra modeli”, Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov “Bələdiyyələrin avtomatlaşdırılmış vergi informasiya sisteminin yaradılması”, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə “Dövlət və bələdiyyələr arasında iqtisadi münasibətlər”, vergilər nazirinin müşaviri Ələkbər Məmmədov “Vergilərin məcburi yığılmasından könüllü ödənilməsinə keçid: problemlər, perspektivlər”, Auditorlar Palatasının Keyfiyyətə Nəzarət Komitəsinin sədri İslam Bayramov “Auditin inkişafında ictimai etimadın qazanılmasının rolu”, Paşabank ASC-nin idarə heyətinin üzvü Şahin Məmmədov “Müasir vergi xidməti: vergi orqanları və biznes arasında dialoq”, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Natəvan Məmmədova “Vergi xidmətinin inkişafında özəl sektor və dövlət arasında partnyorluq münasibətləri”, Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun rəhbəri Telman Əliyev “Dövlət-biznes əməkdaşlığı: qarşılıqlı faydalı partnyorluq münasibətləri”mövzularında çıxış etmişlər.

İlkin Vəliyev çıxışında bildirmişdir ki, bu günədək 613 vergiödəyici ilə tərəfdaşlıq sazişi imzalanmışdır. Onun sözlərinə görə, indiyədək nazirliyə 791 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin ümumi sayından 115-i qəbul edilməmişdir.

Tərəfdaşlıq müqavilələrinin bağlanması istənilən vergi ödəyicisinin könüllü hüququdur. Lakin vergi orqanları müəyyən hallarda qaydalar əsasında onları bağlamaqdan imtina edə bilər. İmtinaya səbəb aşağıdakılar ola bilər: vergi ödəyənin dövlət büdcəsi qarşısında öhdəçiliyinin olması, vergi ödəyənin fəaliyyəti ilə bağlı nəzarət ölçüləri üzrə yekun qərarın olmaması, eləcə də vergiqoymaya aid olan gəlirlərin və ya obyektin vergi ödəyən tərəfindən gizlədilməsi haqqında təsdiqlənmiş informasiya.

Belə müqavilələrin ölkənin Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qaydalara əsasən, nağdsız üsullarla alqı-satqı əməliyyatını həyata keçirən şəxslər, mühasibat uçotunun aparılması zamanı sertifikatlaşdırılmış proqram təminatından istifadə edən şəxslər, ƏDV ödəyiciləri, eləcə də kredit və sığorta təşkilatları, vergi ili ərzində yaranan öhdəlikləri vaxtında və tam yerinə yetirən şəxslər üstünlük əldə edəcəklər.

Ələkbər Məmmədovun sözlərinə görə, əhalinin vergilərə dair normativ-hüquq aktları və bu sahədə informasiya texnologiyalarının imkanları haqqında biliklərinin məhdud olması könüllü vergi ödənişinin artımına əngəl törədir. Başqa sözlə, əhali arasında vergi mədəniyyətinin tam formalaşdırılmasına vergi sisteminin formal xarakter daşıdığı keçmiş sovet düşüncəsi mane olur. Nazirlik bu problemləri həll etmək məqsədi ilə əhalinin maarifləndirilməsi üzrə işləri davam etdirmək və “onlayn-müəllim” xidmətini işə salmaq niyyətindədir.

Vergilər nazirinin müşaviri Asəf Əsədovun, Beynəlxalq Maliyyə Korporasiyasının vergilər üzrə regional koordinatoru Maykl Engelşalkın və Azərbaycanda Amerika-Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlunun moderatorluğu ilə keçirilən “Müasir vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolu” adlı ikinci sessiyada Asəf Əsədovun “Müasir vergi inzibatçılığının inkişafında bilik menecmentinin rolu”, Maykl Enqelşalkın “Kiçik və orta müəssisələr üçün informasiya texnologiyalarına əsaslanan vergiyə əməletmə sisteminin yaradılması”, Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndəsi, “Azerfon” şirkətinin baş direktoru Kent Maknillinin “Nağdsız ödəniş sistemləri”, Gürcüstan Gəlirlər Xidmətinin İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Vaxtanq Laşkaradzenin “Vergi sistemində elektron xidmətlər”, “Ernst&Young” Audit Şirkətinin partnyoru Arzu Hacıyevanın “Neft-qaz sektorunda korporativ vergi menecmenti və vergi risklərinin idarəedilməsi”, “PricewaterhouseCoopers” Audit Şirkətinin vergi direktoru Arif Quliyevin “İstehsal və xidmət sahələrində korporativ vergi menecmenti və vergi risklərinin idarə edilməsi”, “Deloitte&Touche” Audit Şirkətinin partnyoru Nuran Kərimovun “Maliyyə sektoru sahəsində vergi menecmenti və vergi risklərinin idarə edilməsi”, “GBRS” şirkətinin idarəedici partnyoru Elşən Rəhimovun “Azərbaycanda mühasibat uçotunun mövcud vəziyyəti və inkişaf yolları” və Türkiyə Gəlirlər Administrasiyasının qrup rəhbəri Ahmet Kurtun “Ödənişi qeydə alan cihazlar” mövzusunda çıxış və təqdimatları da dinlənilmişdir.

Sessiyalarda müzakirə olunan məsələlər ətrafında geniş diskussiyalar aparılmış, forum iştirakçıları vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflərlə çıxış etmişlər.

“Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda III Vergi Forumu bu gün öz işini plenar iclasla davam etdirəcəkdir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında