bp şirkəti neft və qaz ixtisası alan tələbələrə ənənəvi illik mükafatlarını təqdim etmişdir

 

 

Ölkəmizdə iri neft-qaz layihələrinin operatoru olan bp şirkəti təhsil sahəsində bir sıra uğurlu tədbirlər həyata keçirir. Şirkət artıq bir neçə ildir ki, Azərbaycanın bir sıra universitetlərində neft-qaz sahəsində ixtisaslaşan tələbələrə xüsusi mükafatlar təqdim edir. Xatırladaq ki, bu layihə bp-nin ölkədə təhsilin inkişafını dəstəkləmək və neft-qaz sənayesində yerli bacarıqların yaradılması imkanlarını genişləndirmək öhdəliyinin bir hissəsidir.

Şirkətin 2013-cü il üçün xüsusi mükafatlarının əhatə dairəsi daha da genişlənmiş və ötənilki beş universitetin sıralarına əlavə olaraq Bakıda yerləşən iki ali təhsil müəssisəsi (Milli Aviasiya Akademiyası və Azərbaycan Texniki Universiteti) və bölgədə yerləşən bir universitet (Gəncə Dövlət Universiteti) daxil edilmişdir.

Yanvarın 29-da paytaxtda keçirilən növbəti mükafatlandırma mərasimində  təxminən 60 nəfər ən yaxşı göstəriciyə malik birinci kurs tələbəsinə bp-nin illik xüsusi mükafatı təqdim olunmuşdur. Məlumat üçün bildiririk ki, onlar  Azərbaycan Dövlət Neft Akademiyası (38 nəfər),Qafqaz Universiteti (6 nəfər), Azərbaycan Memarlıq və İnşaat Universiteti (5 nəfər), Bakı Dövlət Universiteti (5 nəfər), Gəncə Dövlət Universiteti (3 nəfər), Azərbaycan Texniki Universiteti (1 nəfər), Xəzər Universiteti (1 nəfər) və Milli Aviasiya Akademiyasında (1 nəfər)  neft və qaz ixtisası üzrə təhsil almaq üçün qəbul imtahanlarında ən yüksək keçid balları toplamış tələbələrdir. Bundan əlavə, həmin tələbələr bp-nin maliyyəsi ilə 10 aylıq ingilis dilinin təlimi proqramında iştirak etmək imkanı qazanmışlar. Bu proqramla tələbələr texniki sahəyə aid dil bilgilərini təkmilləşdirəcəklər ki, bu da onların ixtisasları sahəsində alacaqları biliklərə dəyərli töhfə olacaq. Bundan əlavə, bp şirkəti ötən il xüsusi mükafatlar almış və hazırda ikinci kursda təhsillərini davam etdirən 27 nəfər tələbə üçün ingilis dilinin təlimi kursunu əlavə bir il də artırmaq qərarına gəlmişdir.

Mükafatların təqdimatına həsr edilmiş tədbirdə çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda insan resursları üzrə vitse-prezidenti Leyla Novruzova demişdir: “Azərbaycanın etibarlı və uzunmüddətli tərəfdaşı olan bp şirkəti ölkədə, xüsusən də neft-qaz sənayesi ilə bağlı sahələrdə təhsil və yerli bacarıqların yaradılması səylərini dəstəkləmək öhdəliyi götürmüşdür. Azərbaycanın ənənəvi olaraq həmişə neft-qaz sahələrində yüksək səviyyəli mütəxəssisləri olub. Lakin sənaye inkişaf etdikcə  əlaqədar sahələrdə yerli bacarıqların daha da artırılmasına və təkmilləşdirilməsinə tələbat yaranır. Azərbaycanın böyük neft və qaz layihələrinin operatoru olan bp şirkəti bu istiqamətdə ölkəyə kömək edən təşəbbüslərin və səylərin dəstəklənməsində çox maraqlıdır.

Yeri gəlmişkən, Azərbaycanda bp-nin xüsusi mükafat proqramı 2007-ci ildə fəaliyyətə başlamışdır. İndiyədək şirkət təxminən 400 nəfər yüksək nəticə göstərmiş tələbəyə öz xüsusi mükafatlarını təqdim etmişdir.

M. YAQUBZADƏ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında