Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda yenidən rəhbərliyə gəldikdən sonra əhalinin etibarlı ərzaq təminatı daim dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən olmuşdur.
Ulu öndər respublikamızın daxili imkanları hesabına əsas ərzaq məhsulları ilə təminatına böyük önəm vermiş və bu istiqamətdə bir çox məqsədyönlü tədbirlər görülmüşdür. Dahi rəhbərin təşəbbüsü ilə ötən əsrin 90-cı illərində MDB məkanında ilk olaraq Azərbaycanda torpaq islahatlarının aparılması, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmlərinin formalaşdırılması, beynəlxalq təşkilatlarla bu sahədə əhəmiyyətli layihələrin həyata keçirilməsi, həmçinin 2001-ci ildə təsdiqlənmiş “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” çərçivəsində görülmüş işlər nəticəsində ölkədə kənd təsərrüfatı və ərzaq məhsullarının artırılmasına nail olunmuşdur.
Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hazırda ölkəmiz bir çox strateji ərzaq məhsulları üzrə tələbatını yerli istehsal hesabına ödəyir. Prezident İlham Əliyev bununla bağlı demişdir:-Ərzaq təhlükəsizliyi istiqamətində daim biz öz işlərimizi aparırıq. Bizim tam imkanımız var ki, özümüzü ərzaq məhsulları ilə yüz faiz təmin edək. Nəinki təmin edək, eyni zamanda, böyük ixrac potensialı da yaradaq. Biz burada iki istiqamət üzrə getməliyik. Əlbəttə, bitkiçilik, heyvandarlıq sahələrində intensiv metodlara daha da çox üstünlük verilməlidir. Eyni zamanda, iri fermer təsərrüfatlarının yaradılması prosesi də sürətlənməlidir. Bizim hələ ki, dövriyyədə olmayan böyük torpaq sahələrimiz vardır. Orada meliorativ tədbirlər, infrastruktur layihələri həyata keçirilməlidir ki, biz on minlərlə hektar yeni torpaqları dövriyyəyə buraxaq. Beləliklə, bu, həm yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır, eyni zamanda, ərzaq təhlükəsizliyini tam şəkildə təmin edəcəkdir. Ərzaq təhlükəsizliyi enerji təhlükəsizliyi kimi, bəlkə də ondan da vacib olan məsələdir. İstisna edilmir ki, gələcək illərdə bu, əsas məsələlərdən birinə çevriləcəkdir. Çünki qlobal meyllər bunu göstərir”.
Prezident İlham Əliyevin tövsiyəsi ilə ölkə iqtisadiyyatının ən vacib sahəsi olan kənd təsərrüfatında istehsalın və ixracın stimulnlaşndınrılnmansı, məhsulun rəqabətqabiliyyətliliyinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə dövlət dəstəyinin səmərəliliyinin yüksəldilməsi məqsədilə bitkiçilik və heyvandarlığın inzibati rayonlar üzrə ənənəvi sahələri tədqiq edilərək sinfi təsnifatı hazırlanmışdır. Azərbaycanın regionları üzrə ənənəvi kənd təsərrüfatı məhsullarının mövcud vəziyyəti öyrənilərək müvafiq təklif və tövsiyələr verilmiş, həmçinin, aqrar sektorun əlavə dəyərdə payının dinamikası araşdırılmış, qiymət, gəlirlər, istehsalın həcmi üzrə qiymətləndirmələr aparılmışdır.
Azərbaycanda aqrar-sənaye kompleksinin 270 sayda məhsul üzrə məhsullararası balansı tərtib edilmiş, rəqabətqabiliyyətliliyinin üstünlüyünün qiymətləndirilməsi modeli yaradılmışdır. Model üzrə aparılmış hesablamalar göstərir ki, respublikamızın həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının əksəriyyəti beynəlxalq rəqabət üstünlüyünə malikdir. Bu rəqabətqabiliyyətliliyi reallaşdırmaq məqsədilə ölkədə müxtəlif aqro-xidmətlərin səviyyəsinin yüksəldilməsi, dövlətin subsidiya, kredit, maliyyə və digər dəstəklərindən səmərəli istifadə, istehsal, bazar və sosial infrastruktur sahələrinin inkişafı, müasir yemçilik müəssisələrinin yaradılması, maarifləndirmə, elmi və kadr təminatının yaxşılaşdırılması üzrə təklif və tövsiyələr hazırlanmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı zəncirində kompleksliliyin təmin olunması maya dəyərinin azaldılması, əlavə dəyərin artırılması, sosial rifahın yüksəldilməsi və nəticədə rəqabətqabiliyyətliliyin artırılması baxımından çox vacibdir.
Dövlət başçısının tapşırığına əsasən Ağcabədi və Beyləqan rayonlarında pilot taxılçılıq təsərrüfatları yaradılmış, bunun nəticəsində yüksək məhsuldarlıq əldə olunmuşdur. Növbəti addım olaraq Cəlilabad, Şamaxı və Hacıqabul rayonlarında da taxılçılıq təsərrüfatlarının təşkili məqsədi ilə zəruri işlərə başlanılmışdır. Müvafiq layihələr çərçivəsində taxıl anbarları, heyvandarlıq kompleksləri, bitki yağları istehsalı zavodları və aqroservislərin yaradılması da nəzərdə tutulur. Azərbaycan Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” da qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Adı çəkilən Dövlət Proqramının icrası mühüm nəticələr əldə edilməsinə səbəb olmuşdur. Həmin proqramda əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunması, bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün, heyvandarlığın, o cümlədən ət və süd məhsulları istehsalının inkişaf etdirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və uğurla həyata keçirilməsi ölkədə ərzaq məhsullarının istehsalında artıma və hər bir ölkə vətəndaşının keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının tam ödənilməsinə şərait yaratmışdır. Nəticələr sevindiricidir. Dövlət Statistika Komitəsinin son məlumatına görə, ötən il qarğıdalı da daxil olmaqla 2961,9 min ton taxıl, 992,7 min ton kartof, 1232,8 min ton tərəvəz, 44,8 min ton pambıq, 852,9 min ton meyvə və giləmeyvə, 429,7 min ton bostan məhsulları, 154,1 min ton üzüm, 181,4 min ton şəkər çuğunduru, 18,1 min ton dən üçün günəbaxan, 3,5 min ton tütün, 567,7 ton yaşıl çay yarpağı toplanmış, diri çəkidə 514,4 min ton ət, 1820,5 min ton süd, 1401,5 milyon ədəd yumurta və 16,8 min ton yun istehsal olunmuşdur. Dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı 4,2 faiz, heyvandarlıq məhsulları istehsalı 5,5 faiz və kənd təsərrüfatının ümumi məhsulu 4,9 faiz artmışdır. 2014-cü ilin məhsulu üçün 1088,2 min hektar sahədə şum qaldırılmış, 979,1 min hektar sahədə dən üçün taxıl, o cümlədən 646,3 min hektar sahədə buğda, 332,7 min hektar sahədə arpa səpilmişdir.
Lakin etiraf edək ki, aqrar sahədə çətinliklər də az deyil. Ona görə də mövcud maneələrin aradan qaldırılması, ərzaq bazarında süni qiymət artımının qarşısının alınması, kənd təsərrüfatı və ərzaq məhsullarının qəbulu üzrə ixtisaslaşmış terminalların və onların saxlanılması üçün anbarların yaradılması, həmin məhsulların daşınmasına xidmət edən nəqliyyat infrastrukturunun təşkili, xüsusi ərzaq mağazaları şəbəkəsinin genişləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac vardır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin 16 yanvar 2014-cü il tarixli “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası sahəsində əlavə tədbirlərin görülməsi məqsədilə imzaladığı sərəncam mühüm əhəmiyyətə malikdir. Sərəncamda aqrar siyasətin əsas prinsiplərinin reallaşdırılması məsələləri, o cümlədən yerli icra hakimiyyəti orqanları ilə birlikdə paytaxtda keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili, onların fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, yarmarkalarda sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsi məsələləri öz aydın ifadəsini tapmışdır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, dövlət başçısının respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları növbəti illərdə də Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaqdır.
V. BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.