Prezident İlham Əliyev: Azərbaycan heç vaxt indiki qədər iqtisadi cəhətdən güclü olmamışdır

 

 

 

Azərbaycan iqtisadiyyatının son illərdəki dinamik  inkişafı,  görünməmiş yüksəliş, tərəqqi   şəhər və kəndlərimizin simasını dəyişir,  insanların həyat tərzini yeniləşdirir. Genişmiqyaslı dövlət proqramları həyata keçirilir,   xalqımızı düşündürən sosial-iqtisadi problemlər həll edilir. İstehsal və sosial infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır. Təhsilə, elmə, mədəniyyətə, səhiyyəyə, idmana dövlət qayğısı artır. Aqrar sahədə müsbət dinamika davamlı xarakter alır.

Azərbaycan iqtisadiyyatı artım tempinə  görə hazırda digər Qafqaz ölkələrini təxminən iki dəfə qabaqlayır, həmçinin MDB-də ilk yeri tutur. Onu da qeyd edək ki, bu il Azərbaycanın tarixdə ilk dəfə olaraq  dövlət büdcəsinin xərcləri 27 milyard dollar təşkil edir. Bu isə onu deməyə əsas verir ki, dünyanın heç bir ölkəsində bu cür dinamika yoxdur. Belə inkişafın əsasında dövlət başçısı İlham Əliyevin apardığı titanik və son dərəcədə məhsuldar fəaliyyət durur.  Hazırda Azərbaycanın yüksək inkişafı artıq innovasiyalı iqtisadiyyata keçmək üçün strukturların təkmilləşdirilməsinə imkan verir.

Ötən il üzrə makroiqtisadi göstəricilərin dinamikası da ölkə iqtisadiyyatının şaxələnməsinə yönəlmiş iqtisadi kursun uğurla icra olunmasını nümayiş etdirir. Belə ki, 2013-cü  ildə 57 milyard manat ümumi daxili məhsul istehsal olunmaqla real artım 5,8 faiz olmuş, qeyri-neft sektoru üzrə isə 9,8 faiz artım əldə edilmiş, adambaşına düşən ümumi daxili məhsulun həcmi isə 4,4 faiz artaraq 6 min 132 manata (təxminən 8 min ABŞ dollarına) çatmışdır.

Əhalinin rifah halının göstəricilərində də müsbət dinamika nəzərə çarpır. 2012-ci illə müqayisədə işləyənlərin orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manat, pullu xidmətlərin həcmi isə 8,2 faiz artaraq 6,5 milyard manat olmuşdur.

Ötən müddət ərzində manatın dəyəri sabit qalmış, inflyasiya əhalinin pul gəlirlərinin artımından xeyli aşağı olmuşdur. 2013-cü ildə əhalinin banklarda olan əmanətlərinin məbləği 6,8 milyard manata çataraq 34 faiz artım əldə edilmişdir.

Ötən il dövlət büdcəsinin mədaxili 19 milyard 494 milyon manat və ya 101,8 faiz yerinə yetirilməklə 2012-ci illə müqayisədə 2 milyard 213 milyon manat və ya 12,8 faiz çox olmuşdur. Qeyri-neft sektorundan əldə olunan daxilolmalar 2012-ci illə müqayisədə 584 milyon manat və yaxud 13 faizə yaxın artmışdır.

Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi müvafiq olaraq 104,1 faiz və 100,2 faiz əməl edərək büdcəyə 6 milyard 664 milyon manat və 1 milyard 383 milyon manat vəsait təmin etmişlər ki, bu da 2012-ci ilə nisbətən müvafiq olaraq 639 milyon manat (10,6 faiz) və 175 milyon manat (14,5 faiz) çoxdur.

2013-cü ildə dövlət büdcəsi vəsaiti hesabına əməkhaqları, müavinətlər, pensiyalar üzrə öhdəliklər tam və vaxtında yerinə yetirilmişdir. 2013-cü ildə dövlət büdcəsinin xərcləri 19 milyard 112 milyon manat və yaxud 96,3 faiz yerinə yetirilmişdir. Bu, 2012-ci illə müqayisədə 1 milyard 697 milyon manat və ya 9,7 faiz çox deməkdir.

Ötən il dövlət büdcəsi xərclərinin 32,6 faizi və ya 6 milyard 239 milyon manatı sosial təyinatlı xərclərin (elm, təhsil, səhiyyə, mədəniyyət, idman xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2012-ci illə müqayisədə 598 milyon manat və ya 10,6 faiz çoxdur.

Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət başçısının məqsədyönlü kursunun davamı olaraq ötən il minimum əməkhaqqının 13 faiz, əmək pensiyasının baza hissəsinin 17,6 faiz, bütün növ sosial müavinətlərin 10-67 faiz çərçivəsində artımı təmin edilmişdir. Dövlət sektorunda çalışanların əməkhaqları isə ən azı 10 faiz həcmində artırılmışdır. Tətbiq olunmuş artımlar təxminən 3 milyon nəfərdən çox insanın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaratmışdır. 2013-cü ildə də dövlətin sosial siyasətinin mərkəzində doğma yurd-yuvalarından didərgin düşmüş 1 milyona yaxın məcburi köçkünün mənzil-məişət şəraitinin və sosial təminatının yaxşılaşdırılması məsələləri durmuşdur ki, bu məqsədlərə dövlət büdcəsindən və Neft Fondunun büdcəsindən üst-üstə 522 milyon manat vəsait yönəldilmişdir. Məcburi köçkünlərə ərzaq təminatı ilə bağlı 110 milyon manat sosial müavinət, bəzi kommunal xidmətləri (elektrik enerjisi, qaz, su və s.) üzrə güzəştlərin tətbiqi ilə bağlı 96 milyon manat vəsait ödənilmiş, sosial müavinətlərin aylıq məbləği isə 10 faiz artırılmışdır.

Ötən il Dövlət büdcəsinin investisiya xərcləri ilə yanaşı, ölkəmizdə  yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatına, sosial və digər infrastrukturların tikintisinə və yenidən qurulmasına Azərbaycan hökuməti  tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına təxminən 754 milyon manat məbləğində vəsait sərf edilmişdir. Dövlət Neft Fondunun vəsaiti hesabına ölkəmizdə və xaricə qoyulmuş sərmayələr hesabına həyata keçirilən bir sıra investisiya layihələrinin icrası üçün 2013-cü ildə 1 milyard 74 milyon manat vəsait yönəldilmişdir. Sözügedən dövrdə regionların sosial-iqtisadi inkişafında sürətli dinamika təmin edilmiş, bütövlükdə regionlarda 380-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 237 məktəb, 47 bağça, 30 səhiyyə, 25 idman, 45 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı bərpa olunmuşdur, 470-ə yaxın müəssisənin isə tikintisi davam etdirilir.

Ölkədə  sahibkarlığın inkişafına dövlət dəstəyi daha da gücləndirilmiş, iqtisadiyyatın müxtəlif sahələri üzrə 4468 sahibkara 275 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 150 milyon manatını dövlət büdcəsindən ayrılmış vəsait təşkil edir.

Yuxarıda qeyd olunan işlərlə yanaşı, dövlət və icmal büdcələrin vəsaiti, həmçinin xaricdən cəlb olunmuş kreditlər hesabına növbəti illərdə qeyri-neft sektorunun daha da iri miqyasda inkişafına zəmin yaradacaq və tarixi əhəmiyyət kəsb edən bir sıra infrastrukturlar, o cümlədən Bakı və Sumqayıt şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması üçün Samur-Abşeron suvarma sistemi yenidən qurulmuş, Taxtakörpü su anbarı və Taxtakörpü Su Elektrik Stansiyası, 780 meqavat gücündə Cənub Elektrik stansiyası istifadəyə verilmiş, regionların elektrik, qaz, su, kanalizasiya şəbəkələrinin inşası və yenidən qurulması üzrə işlər geniş vüsət almışdır. Böyük İpək Yolunun bərpasına və canlandırılmasına xidmət edəcək və transregional əhəmiyyətə malik olan yeni Bakı Dəniz Limanının, Bakı-Böyükkəsik dəmir yolunun yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihələri üzrə işlərin davam etdirilməsi üçün dövlət və icmal büdcələrinin vəsaiti, həmçinin xaricdən cəlb edilmiş kreditlər hesabına maliyyələşmələr davam etdirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Azərbaycan heç vaxt indiki qədər iqtisadi cəhətdən güclü olmamışdır”. Bu, həqiqətən də  belədir və Azərbaycanı gələcəkdə böyük uğurlar gözləyir.  “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Qanun da bu fikrin təsdiqi kimi diqqəti çəkir.

Xatırladaq ki, 2014-cü il dövlət büdcəsinin gəlirləri 18384 milyon manat, xərclər isə 20063 milyon manat nəzərdə tutulur. 2014-cü ildə dövlət büdcəsinin kəsiri 1679 milyon manat və yaxud proqnozlaşdırılan ümumi daxili məhsulun 2,9 faizini təşkil edəcəkdir.

Yeri gəlmişkən, bu  ilin  dövlət büdcəsində    əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin maliyyələşdirilməsinə 1 milyard 649 milyon manat, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə 222 milyon manat vəsait yönəldiləcəkdir.

2014-cü ildə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 6,3 milyard manat vəsait ayrılacaqdır. İnvestisiya xərclərindən (əsasən 2014-cü ilə keçid obyektləri üçün) ölkənin nəqliyyat, energetika, kənd təsərrüfatı, sənaye və digər infrastrukturlarının, sosial-mədəni təyinatlı müəssisələrin tikintisinə, əsaslı təmirinə, yenidən qurulmasına və bərpasına, əsas vəsaitlərin alınmasına, regionların, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının, habelə  bir sıra digər proqramlar üzrə layihələrin maliyyələşdirilməsinə vəsait ayrılması da nəzərdə tutulur.

Bu il  Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinə 132 milyon manat, azərbaycanlı gənclərin xaricdə təhsil almasına 33, 7 milyon manat, Samur-Abşeron kanalının inşasının tamamlanması üçün 80,2 milyon manat, o cümlədən ölkənin bütün yaşayış məntəqələrinin optik çıxışının təmin edilməsinə 100 milyon manat, yeni neft-qaz emalı müəssisənin və neft-kimya kompleksinin tikintisinə 285 milyon manat, TANAP layihəsinin maliyyələşdirilməsinə 800 milyon manat, Türkiyədə tikiləcək neft emalı müəssisəsində Azərbaycanın payı üçün 223 milyon manat vəsait xərclənməsi nəzərdə tutulur.

Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq yerinə düşər. Nazirlər Kabineti Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan Prezidentinə vaxtında təqdim edilməsi məqsədilə bu il yanvarın 30-da sərəncam qəbul etmişdir.

Sərəncamda ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsinin və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin hazırlanıb hökumətə təqdim edilməsi üçün Maliyyə, İqtisadiyyat və Sənaye,  Vergilər nazirliklərinə, Gömrük və Statistika komitələrinə, digər dövlət qurumlarına müvafiq tapşırıqlar verilmişdir.

İqtisadi proqnozlara görə, bu  il neft sektoru üzrə ÜDM 1,5 faiz azalacaq, qeyri-neft sektoru üzrə isə 10 faiz artacaqdır. Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 61,5 faiz, özəl sektorun ÜDM-də payı isə 83,2 faiz səviyyəsində proqnozlaşdırılır.  Bu  il iqtisadiyyata 18,4 milyard manat və ya 2,9 faiz çox investisiyaların yönəldilməsi gözlənilir. Bu həcmin 9,7 milyard manatı və ya 52,7 faizi dövlət investisiyalarının payına düşür. Bundan əlavə, 2014-cü ildə 30,7 milyard dollar həcmində mal ixracı və 11,5 milyard dollarlıq idxal proqnozlaşdırılır.  Ortamüddətli proqnozlara görə, 2015-ci ildə iqtisadi artım 5,8 faiz, 2016-cı ildə 4,8 faiz və 2017-ci ildə 6 faiz səviyyəsində gözlənilir. Eyni zamanda, 2015-ci ildə neft sektorunda 2,1 faizlik artım, 2016-cı ildə 3,2 faizlik azalma, 2017-ci ildə isə 1,5 faizlik artım proqnozlaşdırılır. Qeyri-neft sektoru üzrə isə iqtisadi artım 2015-ci ildə 8,1 faiz, 2016-cı ildə 8,6 faiz, 2017-ci ildə isə 7,8 faiz səviyyəsində gözlənilir.

Rəsmi proqnozlara görə, 2014-cü il də daxil olmaqla gələcək 4 il üçün Azərbaycan iqtisadiyyatının real artım tempi orta hesabla təxminən illik 5 faiz olacaq. Qlobal böhranın hələ də davam etdiyini nəzərə alsaq bu, çox pozitiv rəqəmdir və yaxın illərdə iqtisadi islahatların davam etdiriləcəyindən xəbər verir. Son illərdə Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunda baş verən canlanma və diversifikasya meylləri proqnozlaşdırılan artımların reallaşacağına ümidləri daha da artırır.

Mütəxəssislər 2018-ci ilədək iqtisadiyyatımızın 23 faiz, yəni 12,6 milyard manat artacağını proqnozlaşdırır. Bu müddət ərzində qeyri-neft sektoru 31,9 milyard manatdan 48,7 milyard manta qədər artacaq. Nəticədə ölkə iqtisadiyyatının neft amilindən asılılığı yaxın 4 ildə kifayət qədər azalacaq ki, bu da olkəmizdə daha dayanıqlı maliyyə sisteminin formalaşmasını, işsizliyin və yoxsulluğun azalmasını, rəqabətlilik indeksinin artımını təmin edəcək.

Diqqəti çəkən pozitiv məqamlarından biri də 2013-cü ildə qeyri-neft sektorunun cəmi ÜDM-dəki xüsusi çəkisi 58,4 faiz olduğu halda, 2017-ci ildə 72,4 faizə qədər artacağı proqnozlaşdırılır.  Bu da qısa müddətdə çox ciddi nailliyyət hesab edilə bilər.

Yeri gəlmişkən,  onu xatırlatmaq yerinə düşər ki, Beynəlxalq Valyuta Fondu (BVF) 2013-2017-ci illərdə Azərbaycan iqtisadiyyatının orta hesabla ildə 5,1  faiz, o cümlədən, qeyri-neft sektorunun illik 8 faiz artacağını proqozlaşdırır. Ölkə iqtisadiyyatının növbəti dörd ili üçün hökumətin makroiqtisadi proqnozu ilə dünyanın ən önəmli maliyyə qurumu hesab edilən BVF-nin gözləntilərinin təxminən üst-üstə düşməsi proqnozların reallığa söykəndiyini deməyə əsas verir.

Təbii ki, iqtisadi artım fonunda 2014-2017-ci illərdə əhalinin gəlirləri, orta aylıq əməkhaqları da artacaq. Nəticədə növbəti dörd ildə əhalinin gəlirləri örta hesabla illik 4-7 faiz artaraq, 2017-ci ildə təxminən 56 milyard manata qədər yüksələcək. Bunu şərtləndirən əsas amil isə növbəti illərdə qeyri-neft sektorunun ölkə iqtisadiyyatında öz yerini möhkəmləndirməsi olacaq. Çünki neft sektorunda çalışanlarla müqayisədə qeyri-neft sektorunda məşğul əhalinin təxminən 40 dəfə artıq olması bu sahədəki inkişafın əhalinin daha böyük kəsiminin həyat şəraitinin yüksəlməsinə və gəlirlərinin artmasını təmin edəcək. Bu müddət ərzində orta aylıq əmək haqqının da təxminən 41 faiz artaraq 618 manata çatması ehtimal edilir. Nəzərə alsaq ki, növbəti illərdə inflyasiyanın 4 faiz altında olacağı proqnozlaşdırılır. Əhalinin gəlirlərindəki artım onların real alıcılıq gücünü artıracaq ki, bu zaman istehsal və xidmət sektorunda tələbat böyüyəcək, eyni zamanda, Azərbaycan vətəndaşı daha keyfiyyətli məhsul tədarükçüsünə çevriləcək. Qeyd edək ki, BVF 2013-2017-ci illər üçün ölkəmizdə orta illik 4,4 faiz inflyasiyanın olacağını proqnozlaşdırmışdır.

Proqnozlardan o nəticəni çıxarmaq mümkündür ki, yaxın gələcəkdə kənd təsərrüfatı, İTK, turizm kimi sektorlar daha çox diqqət mərkəzində saxlanılacaq və bu sahələrdəki inkişaf təmi ediləcək. Bütün bunlarla yanaşı, xüsusi texnoparklar yartmaqla daha cox elm tutumlu və rəqabətə davamlı sənayenin də formalaşdırılması istiqamətində səylər davam etdiriləcək. Beləlikə, Azərbaycana məxsus brendlərin dünya bazarlarına maneəsiz çıxışının təmin edilməsi istiqamətində səylər artırılacaq.

Ümumilikdə növbəti illəri ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının kəskin artacağı, rəqabətə davamlı yerli istehsal mühitinin təmin ediləcəyi, büdcədə neft gəlirlərinin payının azalacağı dövr kimi xarakterizə etmək olar. Həmçinin bu müddət ərzində əhalinin həyat şəraiti xeyli yüksələcək, iqtisadi dayanıqlılıq artacaq, daha cox real iqtisadiyyata söykənən büdcə formalaşacaq.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında