Prezident İlham ƏLİYEV: Azərbaycan iqtisadiyyatı güclü iqtisadiyyatdır və bizim gözəl gələcəyimiz vardır

 

 

 

Azərbaycanın iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir. Son 10 ildə ölkədə ümumi daxili məhsul istehsalı

3,4 dəfə artmışdır. Aparılan iqtisadi islahatlar, iqtisadi liberallaşma, dünya iqtisadiyyatına inteqrasiya siyasəti beynəlxalq təşkilatlar və aparıcı beyin mərkəzləri tərəfindən yüksək dəyərləndirilir.

2014-cü ildə gənc müstəqil dövlətimizin qarşısında daha böyük vəzifələr dayanır. Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin yekun nitqində qeyd olunduğu kimi əvvəlki illərdə qəbul edilmiş qərarlar və 2014-cü ildə görüləcək işlər imkan verəcək ki, biz cari ili də uğurla başa vuraq.

 Təbii ki, bu zaman 2013-cü ildə həyata keçirilmiş planların və icra olunmuş Dövlət Proqramlarının formalaşdırdığı təcrübənin xüsusi əhəmiyyətini nəzərə almalıyıq.

Xatırladaq ki, Azərbaycanda iqtisadi islahatların aparılmasında böyük təcrübə toplanmışdır. Son on il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılmışdır. Onların böyük hissəsi bölgələrin payına düşür. Bu, həm bölgələrdə gedən canlanmaya müsbət təsir göstərir, şəhərlərə miqrasiya meyllərinin qabağını alır, yerli istehsalın artımına imkan yaradır, həm də idxaldan asılılığımızı azaldır. Dövlət başçımızın dediyi kimi bu sahədəki fəaliyyət cari ildə də davam etdiriləcəkdir.

2013-cü ildə başa çatmış Bakı və onun ətraf qəsəbələrinin inkişafı ilə bağlı Dövlət Proqramının nəticələri öyrənilərək yeni proqram qəbul ediləcəkdir. Növbəti üçillik proqramın icrası nəticəsində Bakı qəsəbələrində mövcud olan bütün problemlər öz həllini tapacaqdır.

Bu zaman bir məsələni xüsusilə vurğulamaq zərurəti var. Prezident İlham Əliyev 2014-cü ildə reallaşdırılacaq tədbirlər zamanı da 30-40 il sonranı düşünməyi tövsiyə edir: “Bu məsələlər elə həll edilməlidir ki, biz perspektivi də nəzərə alaq. ...Biz hamımız yaxşı bilirik ki, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir. Bu göstəriciyə görə biz Avropada birinci yerdəyik və getdikcə Azərbaycan əhalisi daha da artacaqdır. Əhalinin artımı birbaşa iqtisadi inkişafla bağlıdır. Əgər biz iqtisadi inkişafın dinamikasına nəzər salsaq görərik ki, bunun əhalinin artımı ilə birbaşa bağlılığı vardır. Ona görə, ərzaq təhlükəsizliyimizlə bağlı məsələlər indiki əhaliyə hesablanmamalıdır, gələcəyə hesablanmalıdır. Əlbəttə ki, kənd təsərrüfatının intensiv inkişafı prioritetdir”.

 Bu sahənin inkişaf etdirilməsi üçün isə zəruri kənd təsərrüfatı texnikasının əldə edilməsi vacibdir. İclasda qeyd edildiyi kimi bu yönlü texnikanın alınması və Azərbaycanda istehsalı ilə bağlı konkret fikirlər, təkliflər vardır. Dövlətimiz texnika parkımızı yeniləşdiririr və bu tədbirlər davam etdiriləcəkdir. Dövlət vəsait ayırır və ayıracaqdır. Bu il Şəmkirçay su anbarının tikintisi başa çatmalıdır. Həmin anbar qərb zonasında kənd təsərrüfatının inkişafına böyük təkan verəcəkdir. Xatırladaq ki, 2013-cü ildə kənd təsərrüfatı sahələrinin suvarılması və əhalinin içməli su ilə təmin ediməsi məqsədilə yüzdən çox kənddə subartezian quyuları qazılmışdır. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmışdır. Dövlət başçımızın bu il yanvarın 29-da imzaladığı sərəncam əsasında isə həmin məqsədlə Prezidentin Ehtiyat Fondundan 15 milyon manat vəsait ayrılmışdır. Bu qədər vəsaitlə 32 rayonun 223 yaşayış məntəqəsində 250 subartezian quyusu qazılacaq.

2014-cü ildə Bakıda yeni elektrik stansiyasının istifadəyə veriləcəyini söyləyən dövlət başçımız yada salır ki, biz keçən il “Cənub” Elektrik Stansiyasının istifadəyə verilməsini qeyd etmişdik. Təxminən 800 meqavata yaxın gücü olan həmin elektrik stansiyası bütün cənub zonasının tələbatını təmin edəcəkdir. Hazırda isə Bakıda “Şimal-2" Elektrik Stansiyasının tikintisi davam etdirilir, yəqin ki, bu il istifadəyə veriləcəkdir. Orada da təqribən 400 meqavata yaxın elektrik gücü yaranacaqdır. Tələb ondan ibarətdir ki, bizim enerji potensialımız bütün dövrlərdə tələbatdan artıq olmalıdır. Bu gün bu, belədir və gələcəkdə də belə olmalıdır. Prezident qarşıya məqsəd qoyur ki, günəş, külək enerji növlərinin inkişafı ilə bağlı işlər daha da sürətlə getməlidir. 2014-cü ildə burada işlər daha da sürətlə getməlidir.

2014-cü ilin əsas hədəflərindən biri də Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin tikintisinin məhz bu il icra edilməsidir. Prezident əmindir ki, bu il biz şəhərin mərkəzində yerləşən Bakı Ticarət Limanının köçürülməsinə nail ola bilərik. Həmin limanın boşalan ərazisində isə ictimai obyektlər, parklar, bağçalar, gəzinti yerləri salınacaqdır. Hazırkı Bakı bulvarı uzadılacaq, Dəniz vağzalından sonra “Ağ şəhər” istiqamətində tikilən bulvarla birləşəcək və beləliklə, gəzinti üçün bir neçə kilometri əhatə edən gözəl bulvar yaranacaqdır.

 Bu il Bakı sakinləri üçün təkcə yeni bulvarın istifadəyə verilməsi ilə deyil, həm də yeni metro stansiyalarının tikilməsi ilə əlamətdar olacaq. Hazırda paytaxtda bir neçə stansiya tikilir. Dövlətin metro ilə bağlı əvvəlki dövrdə tərtib etdiyi proqrama əsasən Bakıda əlliyə yaxın yeni stansiya tikiləcəkdir.

Təbii ki, dövlət başçımızın sərəncamı ilə “Sənaye ili” elan edilmiş 2014-cü ildə sənaye istehsalının artırılması ilə bağlı texnoparkların fəaliyyəti xüsusi əhəmiyyət daşıyacaq. Bu istiqamətdə artıq ilkin nəticələr vardır. Sumqayıt Texnoparkı fəaliyyət göstərir. Yeni Kimya Texnologiya Parkı artıq fəaliyyətə başlayır. Digər şəhərlərdə, Mingəçevirdə texnoparkın yaradılması nəzərdə tutulur. Balaxanı Texnoparkının yaradılması prosesi gedir. Vəzifə ondan ibarətdir ki, bu il həmin istiqamətdə daha da ciddi addımlar atılmalıdır. 2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı da ciddi addımların atılması gözlənilir. Azərbaycanda bu sahə çox perspektivli bir sahədir. Çünki metallurgiya sənayesinin inkişafı üçün bizdə kifayət qədər yerli xammal, təbii resurslar vardır. Müasir metallurgiya kombinatının tikintisi əlbəttə ki, çox böyük bir nailiyyət olacaqdır. Sahə mütəxəssisləri əmindirlər ki, bu il həmin sahəyə xüsusi diqqət göstəriləcəkdir.

Ölkə ərazisində ekoloji vəziyyətin yaxşılaşdırılması işləri hər il diqqət mərkəzindədir. Daha ciddi tədbirlərin görülməsi planlaşdırılır. Xüsusilə mütəxəssislər havanı çirkləndirən amilləri bir daha təftiş edirlər. “Avro-3” standartına keçid başa çatdıqdan sonra “Avro-4”, “Avro-5” ilə bağlı işlər daha da sürətlə gedəcək. Nazirlər Kabinetinin iclasında qeyd edildiyi kimi havanı çirkləndirən müəssisələrdə ciddi yoxlamalar aparılması gözlənilir. Prezident xatırladır ki, ekologiyanın qorunması məsələsi hər bir Azərbaycan vətəndaşının sağlamlığı məsələsidir. Sağlamlıq isə dövlət üçün birinci yerdə dayanan məsələlərdəndir.

2013-cü il kimi 2014-cü il də Azərbaycanda kosmik sənayenin uğurları ilə bağlı yaddaqalan hadisələrlə zəngin olacaq. Təbii ki, Azərbaycanın birinci rabitə peykinin orbitə çıxarılması böyük tarixi hadisə idi. Ancaq dövlət başçısı bildirir ki, bu il ikinci, üçüncü peyklərin də hazırlanması ilə bağlı konkret addımlar atılmalıdır. Yəni bu il Azərbaycanda kosmik sənaye daha da inkişaf edəcəkdir. Bu il növbəti peyklərin hazırlanması və fəaliyyəti üçün konkret addımlar atılacağı gözlənilir.

 Azərbaycan dövləti 2014-cü ildə Avropa Oyunlarına hazırlıq üçün həlledici mərhələyə qədəm qoyur. Məlum olduğu kimi, Bakıda Avropa Oyunları 2015-ci ildə keçiriləcəkdir. Hazırlıq üçün bizə cəmi iki il yarım vaxt verilmişdir. Ancaq beynəlxalq aləmdə Olimpiya Oyunlarına hazırlıq 7-8 il davam edir. Azərbaycan iki il yarım ərzində Yay Olimpiya Oyunları səviyyəsində Avropa Oyunlarını keçirmək niyyətindədir. Təbii ki, buna nail olacağıq. Bu məqsədlə yaradılmış Təşkilat Komitəsi fəaliyyət göstərir. Məsələyə aidiyyəti olan bütün dövlət qurumları bu işlərə daha da böyük diqqət yetirirlər ki, biz hazırlıq işlərinin əsas hissəsini bu il başa çatdıraq. Olimpiya stadionu, gimnastika mərkəzi, su idman növləri sarayı, stend atıcılığı mərkəzi və digər obyektlərin tikintisi gedir. Heydər Əliyev İdman Kompleksi, Əl Oyunları Sarayı əsaslı təmir edilir, digər idman obyektləri yaradılır. Xalqımız əmindir ki, bu istiqamətdə heç bir problem olmayacaqdır. Nazirlər Kabinetinin iclasında qeyd olunduğu kimi bu oyunların hazırlanması təkcə olimpiya obyektlərinin tikintisi ilə məhdudlaşmır. Burada təhlükəsizlik məsələləri çox böyük əhəmiyyət daşıyır. Nəqliyyat məsələləri, qonaqların, idmançıların yerləşdirilməsi, Olimpiya şəhərciyinin yaranması və digər məsələlər ciddi diqqət tələb edir.

2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdi. Bunun əsas səbəbi ondan ibarət idi ki, keçən il biz birinci peyki orbitə buraxdıq və bütövlükdə İKT sahəsinə böyük diqqət verilmişdir. Ona görə də Prezident belə bir qərar qəbul etdi ki, 2014-cü ildə ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri, ixracyönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması – bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir. Bütün bu amilləri nəzərə alan dövlət başçımız öz sərəncamı ilə 2014-cü ili “Sənaye ili” elan etdi. Sonra “Sənaye ili”ndə sənayenin inkişafı ilə bağlı görüləcək konkret tədbirlər planının tərtib olunması məsələsi gündəliyə gətirildi.

 Beləliklə, gənc müstəqil dövlətimizin böyük hədəflər seçdiyi 2014-cü il artıq iki böyük obyektin açılışı ilə yaddaşlara yazıldı . Qəbələdə “Tufan” Dağ-Xizək Mərkəzi, Bakıda isə böyük tibb ocağı - Bakı Sağlamlıq Mərkəzi artıq ölkə əhalisinin və respublikamızın qonaqlarının ixtiyarındadır. Yəni, dövlətimiz ili artıq gözəl hadisələrlə başlayıb.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında