“İqtisadi Azadlıq İndeksi – 2014” hesabatında Azərbaycan azad ölkələr sırasına daxil edilmişdir

 

 

  Azərbaycanın son illər əldə etdiyi sosial-iqtisadi uğurları  nüfuzlu beynəlxalq reytinq qurumlarının hesabatlarında da öz ifadəsini tapmışdır. Bununla əlaqədar bir neçə fakta diqqət yetirək. Dünyanın aparıcı “Fitch”, “Moody’s” və “Standard & Poor’s” reytinq agentlikləri əksər inkişaf etmiş ölkələrin kredit reytinqini aşağı saldıqları halda, ölkəmizin reytinqini artırmışlar. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi, habelə digər qurumların hesabatlarında iqtisadiyyatın sürətli inkişafı ilə bağlı mühüm uğurlar,  o cümlədən Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi məsələləri  əksini tapmışdır.

Azərbaycan BMT-nin İnkişaf Proqramının insan inkişafı ilə bağlı hesabatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupuna yüksəlmişdir. “Doing Business, 2013” hesabatında da  Azərbaycanın mövqeyi yaxşılaşmışdır.

Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə “Dünya Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 148 ölkə arasında 8-ci, əmək bazarının effektivliyi göstəricisinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci və innovasiyalara görə 50-ci yerdə qərar tutmuşdur. Xüsusilə makroiqtisadi sabitliyin ayrı-ayrı komponentləri üzrə Azərbaycanın mövqeləri  isə həmin hesabatda daha güclüdür.

Azərbaycan inflyasiya dərəcəsinin aşağı səviyyəsinə görə dünyada 148 ölkə arasında 1-ci yerdədir, habelə ümumi yığımın ÜDM-dəki payına əsasən 10-cu, dövlət borcunun ÜDM-dəki xüsusi çəkisinə görə 13-cü və icmal büdcənin balansının ÜDM-ə faiz nisbətinə görə 15-ci yerdədir.

Burada digər bir məqama diqqət yetirək. Makroiqtisadi göstəriciləri yaxşılaşdıran ilk  növbədə inflyasiyanın aşağı olmasıdır ki, ölkəmiz  bu göstəriciyə görə birinci yerdədir. Digər tərəfdən Avropa ölkələrinin əksəriyyətində dövlət borclanması, büdcə kəsirinin həcminin böyük olduğu halda, respublikamız icmal büdcə balansının artıqlığına görə dünyada 15-ci yerdə qərarlaşmışdır.

Hesabatda xüsusi vurğulanan başqa bir cəhət isə odur ki, Azərbaycanın məcmu dövlət borcunun ÜDM-ə faiz nisbəti  ölkəmizdə   kifayət qədər aşağıdır və bu göstəriciyə görə respublikamız 13-cü yerdədir. “The Heritage Foundation” təşkilatı isə bu yaxınlarda dünya ölkələrində iqtisadi azadlıq səviyyəsini xarakterizə edən ənənəvi illik “İqtisadi Azadlıq İndeksi - 2014” hesabatını (“2014 Index of Economic Freedom") açıqlamışdır.

Həmin hesabata əsasən, Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə 178 ölkə arasında 81-ci yerdə qərarlaşmışdır. Xatırladaq ki, İqtisadi Azadlıq İndeksi müxtəlif göstəricilər əsasında hesablanır. Adı çəkilən hesabata əsasən,  Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə 100 ballıq qiymətləndirmə sistemi ilə 61,3 bala malikdir. Son bir ildə respublikamızın göstəricisi 1,6 bal artmışdır. Nəticədə Azərbaycan ilk dəfə olaraq “Orta azad” (Moderately Free) ölkələr qrupuna daxil edilmişdir ki, bu da hesabat müəlliflərinin fikrincə, ölkədə həyata keçirilən əhəmiyyətli iqtisadi islahatların nəticəsidir.

Bu barədə iqtisadçı alim,  ekspert Vüqar Bayramov bildirmişdir ki, indeksin hazırlanma metodologiyası qanunun aliliyi (mülkiyyət haqları və korrupsiyadan azadolma səviyyəsi), hökumətin ölçüsü (fiskal azadlıq, hökumət xərcləri), tənzimləmənin səmərəliliyi (biznes azadlığı, əmək azadlığı, monetar azadlıq) və açıq bazar (ticarətin azadlığı, sərmayənin azadlığı, maliyyə azadlığı) üzrə qiymətləndirmələrin aparılmasından ibarətdir. Hər bir istiqamət üzrə konkret hesablamalar aparılır. MDB-dən heç bir ölkə azad və ya əsasən azad ölkələr qrupuna daxil edilməmişdir.

Hesabatda MDB-nin digər ölkələrinə verilən ballar olduqca aşağıdır. Məsələn, Rusiya hesabatda 140-cı, Ukrayna 155-ci yerdədir. Ümumiyyətlə, bu indeksın əsas məzmunu hökumətin biznes fəaliyyəti üçün hansı səviyyədə şərait yaratması ilə bərabər, həmçinin dövlətin rolunun iqtisadiyyatda ölçülməsi ilə bağlıdır. Hesabatda Fransa 70-ci yerdədir və Qazaxıstan sözügedən ölkədən 3 pillə öndədir. Amma bu heç də o anlama gəlməməlidir ki, Qazaxıstan Fransadan iqtisadi baxımdan daha azad ölkədir, sadəcə, Parisdə dövlətin iqtisadiyyata müdaxiləsi yüksək olduğu üçün bu dövlət qismən azad ölkələr qrupunda özünə yer almışdır. Bu baxımdan, əslində metodologiyanın yenidən işlənməsi olduqca vacib məsələdir.

V. Bayramov sonda xatırlatmışdır ki, bütün bunlarla yanaşı, Azərbaycanın yerinin 2013-cü ilə nisbətən 7 pillə irəliləməsi ölkəmiz üçün müsbət haldır. Eyni zamanda, indeksdə Azərbaycanın yerinin daha da yaxşılaşdırması üçün metodologiyada əks olunan istiqamətlər üzrə islahatların davam etdirilməsinə zəruri ehtiyac var.

Hesabatda dövlət borcunun aşağı səviyyədə olduğu da xüsusi vurğulanmışdır. Həmçinin, dövlət xərcləri, vergi, biznes, əmək, monetar, ticarət, investisiya, maliyyə azadlıqlarının vəziyyəti ilə bağlı olduqca pozitiv nəticələr nümayiş etdirildiyi qeyd olunur.

Azərbaycan 42 Asiya-Sakit Okean ölkəsi arasında 13-cü yeri tutmuşdur və onun orta xalı orta regional və qlobal göstəricilərdən daha yüksəkdir. Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə İtaliya, Xorvatiya, Serbiya, Yunanıstan, Hindistan, Rusiya, Ukrayna kimi ölkələri qabaqlamışdır.

Hesabatda qeyd edilir ki, son illər Azərbaycanda iqtisadi azadlıqlar kifayət qədər genişlənmişdir. Ardıcıl şəkildə həyata keçirilən silsilə xarakterli böyük islahatlar nəticəsində Azərbaycan orta azad ölkələr sırasına daxil olmuşdur. Əgər reytinqdə 10 xallıq irəliləmə 9 ölkədən 10-u üçün yaxşı nəticə hesab oluna bilərsə, Azərbaycan ümumi iqtisadi azadlıq səviyyəsinin yaxşılaşmasında 31,3 xal toplayaraq hər bir ölkə üçün ən yaxşı göstərici sayıla biləcək nəticə nümayiş etdirmişdir.

“Bir pəncərə” prinsipinin tətbiqi Azərbaycanda biznesə başlamağı tam sadələşdirmişdir. Bunun üçün zəruri prosedurların sayı 6-ya endirilmişdir, minimal kapital isə tələb olunmur.

Hesabatda bildirilir ki, son illər neft və qaz hasilatı, tikinti sektoru və iqtisadiyyata özəl investisiyalar artmışdır. 2012-ci ilin iyununda Azərbaycan və Türkiyə Avropanın Rusiya qazından asılılığını azaldacaq TANAP layihəsini təsdiq etmişlər.

Bu və digər hesabatlar bir daha təsdiqləyir ki, Azərbaycan iqtisadi cəhətdən azad ölkədir. Azərbaycanda əlverişli biznes, investisiya mühiti mövcuddur. Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmış, ölkə iqtisadiyyatına 150 milyard dollardan çox investisiya yatırılmışdır. Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları ötmüş, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluq isə 5,3 faizə enmişdir.

Bütün bu uğurlar liberal iqtisadi islahatların, düşünülmüş, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olmuşdur və Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən xəbər verir.

Respublikamız artıq bu gün  sıçrayışlı inkişaf nəticəsində “aşağı gəlirli ölkələr” sırasından “orta gəlirli ölkələr” sırasına qəbul olunmuşdur. Qarşıda duran əsas hədəflərdən biri isə  “orta gəlirli ölkələr” sırasının daha yüksək şkalasına, bunun ardınca “yüksək gəlirli ölkələr” cərgəsinə daxil olmaqdır. “Orta gəlirli ölkələr” qrupunun daha yüksək şkalası adambaşına düşən milli məhsulun 17-18 min ABŞ dollarına çatdırılmasıdır. Azərbaycan iqtisadiyyatının ildə təxminən 7-8 faiz artmasının təmin olunması isə reallığa kifayət qədər yaxın olduğundan və bundan əvvəl əldə edilən nəticələr də bunu təsdiq etdiyindən yaxın vaxtlarda respublikamızın “orta gəlirli ölkələr” sırasının daha yüksək şkalasında yer alacağı şübhə doğurmur.

BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsində qeyd edilmişdir ki, 1950-ci ildən sonra belə bir inkişafa 13 ölkə nail olmuşdur. İndi Azərbaycanın tam imkanı vardır ki, 14-cü dövlət qismində çıxış etsin.

İnsan inkişafı indeksi baxımından Azərbaycan yüksək nailiyyətlərin müəllifi kimi çıxış edir. Belə ki, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində inkişafın mühüm bazası və göstəricisi olan insan kapitalının formalaşdırılmasına hər zaman xüsusi diqqət yetirilir. BMT İnkişaf Proqramının insan inkişafı hesabatlarından da aydın görünür ki, Azərbaycan bu istiqamətdə hətta dünya üzrə qabaqcıl sayılan iki dövləti - Çin və Hindistanı da arxada qoymuşdur.

Bazar iqtisadiyyatı üçün səciyyəvi olan qanunvericilik bazasının daha təkmil hala gətirilməsi, müəssisələrin təsərrüfat fəaliyyətində sahibkarlıq subyektlərinə geniş imkanlar verilməsi, mülkiyyətin çoxnövlülüyünün təminatı, qiymətlərin, eləcə də xarici ticarətin liberallaşdırılmasına yol açan institusional islahatlar yeni inkişaf mərhələsində Azərbaycana növbəti böyük uğurlar qazandırmışdır. Ölkəmizdə maliyyə və kapitalın azad hərəkəti, qiymətli kağızlar, sığorta, lizinq, fond birjalarının inkişafı, idxal-ixrac əməliyyatlarının genişlənməsi, tədiyyə balansında bir qayda olaraq müsbət saldonun qeydə alınması,  xarici iqtisadi fəaliyyət prosedurlarının sadələşdirilməsi, qlobal iqtisadiyyatda milli mənafelərin qorunması ilə uğurlu inteqrasiya  və digər amillər Azərbaycanın inkişafını dinamikləşdirən mühüm cəhətlərdir.

Ölkəmiz son illər korrupsiyaya qarşı mübarizə sahəsində də irəliləməkdə davam edir və indeksə daxil edildiyi 2000-ci ildən bəri ötən il ən yüksək nəticəsini göstərmişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatlarından olan “Transparensy İnternational”ın təqdim etdiyi 2013-cü ilin Korrupsiya Qavrama İndeksində Azərbaycan 2012-ci illə müqayisədə 12 pillə irəliləmiş, eyni zamanda, ölkəmizin qiymətləndirmə balı 27-dən 28-ə yüksəlmişdir.

“2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatı üzrə Azərbaycanda respondentlərin 68 faizi korrupsiyaya qarşı dövlət tərəfindən həyata keçirilən mübarizə tədbirlərinin səmərəli olduğunu bildirmişdir. Bu da dünya ölkələri üzrə müəyyən edilmiş 22 faizlik göstəricidən üç dəfə yüksəkdir.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə Prezident İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətidir. Dövlət başçısının təşəbbüsü ilə beynəlxalq təcrübə nəzərə alınaraq mütərəqqi antikorrupsiya qanunvericilik bazası formalaşmış, mühüm institusional tədbirlər həyata keçirilmişdir.

Dövlət başçısı İlham Əliyev korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini bir daha nümayiş etdirərək 2012-ci il sentyabrın 5-də “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nın təsdiq edilməsinə dair sərəncam imzalamış, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi əsas hədəflər kimi müəyyənləşdirilmişdir.

Vaqif BAYRAMOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında