Birləşmiş Millətlər Təşkilatı, 2015-ci ildən etibarən, Minilliyin İnkişaf Məqsədlərini, Dayanıqlı İnkişaf Məqsədləri ilə əvəz etməyi planlaşdırmaqdadır. Əvvəlki məqsədlərdə daha çox yoxsulluğun azaldılması əsas məsələ ikən, indi hər sahədə dayanıqlı inkişafa nail olmaq birinci dərəcədə əhəmiyyətli olub.
Bu baxımdan, 2014-cü ilin Sənaye İli elan olunması və bu sahədə dövlət proqramının hazırlanması barəsində alınan qərar kifayət qədər sevindiricidir. Cünki ümumilikdə dayanıqlı inkişaf, xüsusən də qeyri-neft sənayesi Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı üçün xüsusi əhəmiyyətə malikdir. Bu
xüsusi əhəmiyyət, iki əsas nəticənin cazibəsindən irəli gəlir. Birincisi, qeyri-neft sənaye sektorunun inkişafı iqtisadi fəaliyyətlərin və ixracatımızın çox şaxəli olmasına gətirib çıxaracaq. İkincisi, Azərbaycan - 2020 inkişaf konsepsiyasında əhalinin orta təbəqəsinin genişlənməsi başlıca məqsədlərdən biri kimi elan olunmuşdur. Dünya təcrübəsi, emalat sənayesinin orta təbəqəni meydana gətirən əsas iqtisadi sektor olduğunu sübut etmişdir. Emalat sənayesinin imkanları hesabına bünövrəsi sağlam bir orta təbəqənin meydana gətirilməsində Amerika nümunəsi ibrətamizdir. 1970-ci ildə Amerikada emalat sənayesində məşğulluqla təmin olunan işçi qüvvəsinin sayı 18 milyon idi, 1990-cı ildə bu rəqəm 17,5 milyon oldu, 2011-ci ildə isə 12,7 milyona qədər azaldı. Məşğulluğun bu sahədə ciddi azalması müqabilində, Amerika Prezidentinin Elm və Texnologiya üzrə Məsləhətçilər Şurası Prezidentə, mövzu ilə bağlı lazımı tədbirləri əhatə edən hesabatı təqdim etməli oldular. Hesabat, yüksək texnologiya tərkibi olan emalat sənayesində müqayisəli üstünlüyün qorunub saxlanılması istiqamətində həyata keçiriləcək tədbirlər planı haqqında da izah verməkdədir. Emal sənayesində qlobal miqyaslı statistikaya nəzər yetirsək, mövzu daha anlaşıqlı hala gələcəkdir. Birləşmiş Millətlər Sənaye İnkişafı Təşkilatının (UNIDO) elan etdiyi son statistika əsasında sənaye ilə bağlı qlobal reallığı bariz olaraq müşahidə etmək olar: 2012 - ci ildə dünyada emal sənayesində əldə edilən əlavə dəyər 8,9 trilyon dollar olmuşdur. Bu dəyərin 5,8 trilyon dolları sənayeləşmiş ölkələrdə (65 faizi) , 3,1 trilyon (35 faizi) dolları isə inkişaf etməkdə olan ölkələrdə istehsal edilmişdir. Emal sənayesinin dünya üzrə ixracatı isə 2011-ci ildə 13,5 trilyon dollar olmuşdur. İnkişaf etmiş ölkələrin ixracatı, 9,5 trilyon dollar, inkişaf etməkdə olan ölkələrin ixracatı isə 4 trilyon dollar olmuşdur. Bu rəqəmləri göstərici kimi nəzərə aldığımızda aydın olur ki, sənaye strategiyasında əldə ediləcək uğurlar, Azərbaycanın nəhəng və dadlı bir tortdan yaxşı pay almağı mənasına gələcəkdir. 1986-cı ildə, dörd Çinli elm adamı, Çin hökümətinə, İKT-nin prioritet səha kimi qəbul edilməsini təklif etdilər. Bu təklif qəbul edildi və 1988-ci ildə Çin, İKT-ni strategik sahə olaraq elan etdi. Bununla bağlı sənaye strategiyası hazırlandı. 2002 - 2011 illərini əhatə edən dövrdə, Çinin ixracatı orta hesabla hər il 22 faiz artırdı. Çin, 2011-ci ildə 1,8 trilyon dollarlıq ixracatla, dünya emal sənayesi ixracatındakı hissəsini 16,6 faizə çatdırdı. 2012-ci ildə isə, Çin`in ən çox ixrac etdiyi 10 məhsuldan 6-sı yüksək texnologiya tərkibi olan mallardan meydana gəlmiş və 450 milyard dollara bərabər olmuşdu. Bu soyuq statistiki məlumatların mərhəmət və şəfqət dolu bir cəhəti var; 1986-cı ildə elm adamlarının atdığı addımın bəhrəsini, Çinin gələcək nəsillərinin gördüyünə bütün dünya şahid oldu. Türkiyədə üçün son zamanlarda müzakirə edilən məsələlərdən biri də, ölkə iqtisadiyyatının orta gəlir tələsinə (middle income trap) "ilişib qaldığı" şərhləridir. Bu məsələnin səbəbini araşdırdığımda belə bir nəticəyə gəldim ki, Türkiyə əlavə dəyəri və texnologiya tutumu yüksək olan məhsullar ixrac edəbilmir. Bu isə iqtisadiyyatın bir sonrakı mərhələyə keçməsi qarşısında ciddi bir maneədir. Türkiyənin təcrübəsini nəzərə aldığımızda Çinin attığı addımın əhəmiyyəti daha bariz anlaşılır. 2023-cü ildə ixracatını 500 milyard dollara yüksəldmək istəyən və 2013-cü ildə 152 milyard dollar məhsul ixrac edən Türkiyə üçün, orta gəlir tələsində qalmağa davam etmək ciddi bir itkidir.
2014-cü ilin Prezidentimiz Cənab İlham Əliyevin imzaladığı sərəncamla Sənaye ili elan edilməsi, və eyni zamanda 2015 - 2020-ci illəri əhatə edən Dövlət Proqramının hazırlanması barəsində tədbirlər planı ilə bağlı alınan qərar uğurlu nəticələrin əldə edilməsinə gətirib çıxaracaqdır. Sənaye üzrə dövlət proqramının hazırlanması istiqamətində Azərbaycanlı elm adamlarının öz təkliflərini irəli sürmələri vacib məsələdir. Bu addım, strategiyanın səmərəli formalaşmasına və gələcək nəsillər üçün daha da məhsuldar nəticələrin əldə edilməsinə gətirib çıxaracaqdır. Sənaye Strategiyasının uğurla tətbiqi nəticəsində, Azərbaycanda orta təbəqə əhalinin genişlənməsi meydana gələcək, iqtisadi istehsalın çox şaxəli olmasına nail olunacaq və qeyri-neft sektorunun ixracat potensialı daha da gücləndiriləcəkdir. Sənaye Strategiyası, Azərbaycan 2020 - İnkişaf Konsepsiyası çərçivəsində, sənaye sektorundan gələcəyə baxışın mühüm bir formasıdır.
Dr. Sərvər Qurbanov,
Qafqaz Universiteti, Sosial - İqtisadi Tədqiqatlar Mərkəzi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.