Dayanıqlı inkişafa nail olan Azərbaycan Respublikasınının iqtisadi uğurları haqqında müasir dünyada çoxsaylı fikirlər səslənir. Bu gün ulu öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasətini daha inamla və müasir dövrün reallıqlarına uyğun həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasındakı mövqeyini getdikcə möhkəmləndirir.
2003-cü ildən həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti, iqtisadi islahatların dərinləşdirilməsi, mövcud potensialın gücləndirilməsi və ondan istifadənin səmərənliliyinin yüksəldilməsi ölkədə dinamik sosial-iqtisadi inkişafın təmin olunmasına, bu sahədə əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsinə xidmət etmişdir. Məhz bu siyasətin nəticəsi olaraq tarazlı və dayanıqlı inkişafını təmin edən Azərbaycan Respublikası qazandığı iqtisadi uğurları ilə beynəlxalq aləmdə nüfuzlu söz sahibinə və aparıcı dövlətlərdən birinə çevrilmiş, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Beləliklə, cənab Prezidentimizin hələ 2003-cü ildə andiçmə mərasimində bəyan etdiyi “Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir. Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik” kimi reallığa söykənən fikirləri öz təsdiqini tapmışdır. Ölkəmizdə dinamik sosial-iqtisadi tərəqqini təmin edən iqtisadi kursun qorunub saxlanılması, onun beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, sosial həyatın bütün sahələrində mütərəqqi islahatların aparılması istiqamətində çoxsaylı addımlar atılmışdır. Artıq dünya birliyinə yaxından inteqrasiya olunan müstəqil Azərbaycan Respublikasındakı bütün proseslər xalqımızın milli mentalitetinə və dövlətçilik prinsiplərinə uyğun olaraq dünya birliyinin, nüfuzlu beynəlxalq təşkilatların rəyləri nəzərə alınmaqla müasir dövrün tələbləri səviyyəsində qurulmaqdadır.
Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq ölkə iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda, yeni keyfiyyət parametrləri ilə də özünü təsdiqləmişdir. Əlbəttə, bütün bunlar dövlət başçısının həyata keçirdiyi ardıcıl və qətiyyətli addımların real nəticəsidir. Akademik Ramiz Mehdiyevin söylədiyi kimi, “İlham Əliyev yeni əsrin yeni lideridir. Onun yeni əsrdə Azərbaycanın Prezidenti olmasının özündə rəmzi məna vardır. O, postsovet məkanında tamamilə yeni tipli siyasi liderin nümunəsinə çevrilmişdir”.
Dinamik və dayanıqlı inkişafın təmin edildiyi 2013-cü il də artıq arxada qalmışdır. Qazanılan uğurlar və əldə edilən böyük nailiyyətlər ölkə iqtisadiyyatının daha da güclənməsinə, onun çoxşaxəli inkişafına və keyfiyyət baxımından təkmilləşməsinə təkan vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Bu, çox böyük göstəricidir. Nəzərə alsaq ki, bu gün dünyanın əksər ölkələrində ümumi daxili məhsul yarım faiz, 1 faiz, 1,5 faiz artır, təxminən 6 faiz səviyyəsində artan ümumi daxili məhsul böyük nəticədir. Ən sevindirici məsələ ondan ibarətdir ki, qeyri-neft sektorumuz 9,8 faiz artmışdır. Yəni, təxminən 10 faiz artmışdır və bu da son illərdə aparılan islahatların nəticəsidir. Aparılan islahatlar bunu təmin edibdir. Qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün indi ciddi proqramlar icra edilir və növbəti illərdə icra ediləcəkdir. Əminəm ki, biz bu dinamikanı saxlayacağıq. Əhalinin pul gəlirləri 8 faiz artmışdır. İnflyasiya isə cəmi 2,4 faizdir. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri inflyasiyanı 3 dəfədən çox üstələyir. Bu, onu deməyə əsas verir ki, vətəndaşların rifah halı yaxşılaşır və müsbət dinamika burada da özünü göstərir”.
Makroiqtisadi göstəricilərin dinamikası, ötən ildə ölkə iqtisadiyyatının şaxələnməsinə yönəlmiş iqtisadi kursun uğurla icra olunmasını nümayiş etdirir. Belə ki, 2013-cü ildə ÜDM-nin həcmi artıq 57 milyard manata çatmış və əvvəlki ilə nisbətən real artım 5,8 faiz təşkil etmişdir. Bu zaman adambaşına düşən ümumi daxili məhsulun həcmi də 4,4 faiz yüksələrək 6 min 132 manat (təxminən 8 min ABŞ dolları) səviyyəsində olmuşdur.
Diqqət çəkən məqam odur ki, qeyri-neft sektoru üzrə artım daha yüksək həddə müşahidə olunmuş və 9,8 faiz artım əldə edilmişdir. Təbii ki, qeyri-neft sektorunun inkişafına üstünlük verilməsi dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Buna görə də müasir tələblərə cavab verən istehsal, sosial və bazar infrastrukturu şəbəkəsinin yaradılması, həmçinin səmərəli təsərrüfatçılıq və mütərəqqi idarəçilik üsullarından istifadə hallarının genişləndirilməsi zərurət kəsb edir. Bu baxımdan ölkəmizdə nəzərdə tutulmuş proqramlar əsasında həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində iri miqyaslı yol, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, kommunal, təchizat, elm, təhsil, səhiyyə, bir sözlə, bütün sosial-iqtisadi, mədəni və digər sahələri əhatə edən nəhəng infrastruktur layihələri reallaşdırılmış, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin edilmiş, ərzaq məhsullarına olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olmaq istiqamətində mühüm addımlar atılmışdır.
Aparılan təhlillər göstərir ki, müasir dünya iqtisadiyyatında texnoloji inkişafın və dəyişkənliyin yeni dalğasının güclənməsi, sosial-iqtisadi inkişafda innovasiyaların rolunun yüksəldilməsi, çoxsaylı ənənəvi artım amillərinin təsirlərinin aşağı düşməsi və digər məsələlərin nəzərə alınması zəruridir. Bu baxımdan, 2020-ci ilə qədər olan dövrdə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da inkişaf meyilləri iqtisadi sistemin yeni texnoloji bazasının formalaşmasına istiqamətlənməlidir. Bu inkişaf tendensiyası özünü informatika, nanotexnologiyalar, biotexnoloji və iqtisadiyyatın elmtutumlu sahələrində daha çox göstərəcəkdir. Həm də elmi-texniki potensialın və yüksək texnologiyalı istehsalın mövcudluğu ölkəmizin yüksək texnologiyalı məhsul və intellektual xidmət bazarlarında iştirak mövqeyinin güclənməsi, beynəlxalq bazarlara daha mütərəqqi elmtutumlu məhsulların çıxarılmasına nail olunması və müxtəlif istiqamətlərdə texnoloji liderliyin təmin edilməsinin mühümlüyünü zəruri edir. Bu istiqamətdə görülən tədbirlərdən biri kimi informasiya-kommunikasiya texnologiyaları sahəsində qazanılan uğurlar diqqəti daha çox cəlb edir. Məsələn, ölkəmizin tarixində ilk dəfə olaraq ötən il kosmik fəaliyyət sahəsində “Azərspace-1” telekommunikasiya peyki orbitə çıxarılmış və fəaliyyətə başlamışdır. Bu isə ölkə iqtisadiyyatının şaxələndirilməsi, eləcə də informasiya müstəqilliyi və təhlükəsizliyinin təmin edilməsi baxımından da qürurverici haldır. Nazirlər Kabinetinin iclasında möhtərəm Prezidentimiz bu barədə demişdir: “2013-cü ildə qeyri-neft sektorunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır və statistik göstəricilər də bunu təsdiqləyir. Mən onların içində kosmik sənayenin yaranmasını qeyd etmək istəyirəm. 2013-cü il Azərbaycanda kosmik sənayenin yaranması ili kimi tarixdə qalacaqdır. Təsadüfi deyil ki, biz ilin əvvəlində 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etdik. Birinci Azərbaycan peyki “Azərspace - 1" fəzaya qaldırılmışdır. Bu, xalqımızın, dövlətimizin böyük tarixi nailiyyətidir”.
Ötən il Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Həmin müddətdə ölkə iqtisadiyyatına rekord həcmdə — 28 milyard dollar investisiya qoyulmuşdur. Diqqəti cəlb edən məqam odur ki, bu vəsaitin 63 faizi, yaxud 17,5 milyard dolları daxili sərmayələrin payına düşür. Qürurverici haldır ki, iqtisadiyyata qoyulan daxili sərmayələr xarici sərmayələri xeyli üstələyir. Artıq bu tendensiya bir neçə ildir ki, sürətlə davam edir. Bu proses, eyni zamanda, sağlam rəqabət mühitinin formalaşmasına iqtisadiyyatın rəqabət qabiliyyətlilik səviyyəsinin yüksəlməsinə də böyük təkan verərək onu sürətləndirir.
Burada bir məqamı da xüsusilə qeyd etmək lazımdır. Təbii ki, ümumi iqtisadi inkişaf ayrı-ayrı sahələrin tərəqqisi əsasında əldə edilir. Belə ki, ölkə iqtisadiyyatının əsasını təşkil edən və ÜDM-də xüsusi çəkisi 50 faizdən yüksək olan sənaye sahəsi daha mühüm rol oynayır. Ölkə iqtisadiyyatında aparılan uğurlu iqtisadi islahatların nəticəsidir ki, digər sahələrlə yanaşı, sənayenin inkişafında da böyük nailiyyətlər əldə olunmuşdur. 10 il ərzində sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmışdır. Bu isə, təbii ki, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” nəticəsində neft sənayesi və onunla bağlı olan infrastruktur sahələrin inkişafı ilə bağlıdır. Lakin qeyri-neft sənaye sahələrinin inkişafına xüsusi diqqət yetirilməlidir. Bu gün həmin sənaye sahələrinin inkişaf perspektivlərində ön plana innovasiya yenilənməsi, onun iqtisadi səmərəliliyi və rəqabət qabiliyyətliliyinin artması əsasında iqtisadi artımın müasir tələblərinə cavab verən sahə strukturunun formalaşması məsələləri dayanır. Sözsüz ki, sahənin xammal yönümlü inkişafı texnoloji geriliyi və innovasiyalı inkişafı ləngidə bilər. Həm də dünyada aparıcı mövqelərə iddialı olan istənilən ölkənin inkişaf strategiyası - son nəticədə elmi-texniki tərəqqinin artım nöqtələri, sənaye məhsullarının rəqabət qabiliyyəti, həmçinin yüksək həyat səviyyəsini müəyyən edən fasiləsiz innovasiya axtarışı əsasında təşəkkül tapır. Bu zaman sənaye sahələrinin səmərəli artımının əsas amillərindən birini isə məhz enerjiyə qənaət edən texnologiyalar təşkil edir. Təbii resursların tükənməsini nəzərə alaraq elmtutumlu və enerjiyə qənaət edən yüksək texnologiyaların tətbiqi zərurət kəsb edir.
Möhtərəm Prezidentimiz İlham Əliyev Nazirlər Kabinetinin iclasında bununla bağlı demişdir: “Sənaye istehsalının artırılması ilə bağlı texnoparkların fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə artıq ilkin nəticələr vardır. Sumqayıt Texnoparkı fəaliyyət göstərir. Yeni Kimya Texnologiya Parkı artıq fəaliyyətə başlayır. Digər şəhərlərdə, Mingəçevirdə texnoparkın yaradılması nəzərdə tutulur. Balaxanı Texnoparkının yaradılması prosesi gedir. Bu istiqamətdə bu il daha da ciddi addımlar atılmalıdır. Ümumiyyətlə, mən dəfələrlə demişəm ki, bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir. Ümumi daxili məhsulumuzun artımı da sənaye istehsalının hesabına mümkün olacaqdır. 2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bu, çox perspektivli bir sahədir”. Dövlət başçısı tərəfindən 2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan edilməsi də bu fikrin məntiqi təzahürüdür.
Aqrar sahənin dayanıqlı inkişafı və ərzaq təhlükəsizliyinin səmərəli təmin edilməsi də cari ildə qarşıda duran prioritet məsələlərdən biridir. Bütövlükdə, bu sahədə kənd təsərrüfatı məhsullarını emal edən bölmələrin inkişafının stimullaşdırılması, onların ixracına dövlət himayəsinin artırılması, maliyyə-kredit xidmətlərinin genişləndirilməsi, daxili və xarici investisiyalarının təşviqi sisteminin təkmilləşdirilməsi daxili bazarın yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi, o cümlədən beynəlxalq tələblərə uyğun standartların hazırlanması, bu sahənin inkişafı ilə bağlı fundamental elmi-tədqiqat işlərinin dövlət tərəfindən dəstəklənməsi, həmçinin kadr potensialının gücləndirilməsi mühüm məsələ kimi qarşıda durur. Bunlarla yanaşı, kənd təsərrüfatı və emal sənayesi məhsullarının ixracını təmin edən potensial imkanların düzgün müəyyənləşdirilərək istifadə olunması, bu sahədə ekoloji cəhətdən beynəlxalq standartlara cavab verən məhsulların həcmini əsaslı şəkildə artırmaqla onların rəqabət qabiliyyətinin yüksəldilməsi məsələləri də aktuallıq kəsb edir. Bu sahədə həyata keçirilən uğurlu islahatlar nəticəsində müsbət irəliləyişlərə nail olunmuşdur. Cənab İlham Əliyev aqrar sahənin önəmini vurğulayaraq qeyd etmişdir: “Kənd təsərrüfatının inkişafı ilə bağlı mən giriş sözümdə fikirlərimi bildirdim. Bir daha demək istəyirəm ki, bu, növbəti illər üçün qeyri-neft sektorunun inkişafı istiqamətində prioritetlərdən biri olacaqdır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi proqramı da icra edilir. Son illərdə bu istiqamətdə böyük addımlar atılmışdır, idxaldan asılılığımız böyük dərəcədə azalmışdır. Bu gün Azərbaycanda bütün əsas ərzaq məhsulları istehsal edilir, bəzi məhsulların istehsalı tələbatımızı tam ödəyir, bəzi sahələrdə hələ ki, idxaldan asılıyıq. Ancaq, bildiyiniz kimi, mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bu gün də demək istəyirəm ki, Azərbaycanda bütün əsas ərzaq məhsulları tam şəkildə öz tələbatımızı təmin etməlidir. Yəni, bizdə istehsal olunan ərzaq məhsulları tam şəkildə tələbatımızı təmin etməlidir. Biz buna yaxınlaşırıq və çalışmalıyıq ki, növbəti 5 il ərzində, bəlkə də ondan da tez bir müddətdə 3-cü regional inkişaf proqramının icrası başa çatanda artıq ərzaq təhlükəsizliyi ilə bağlı olan bütün məsələlər öz həllini tapsın”.
2013-cü ildə sahibkarlığın inkişafına dövlət dəstəyi daha da gücləndirilmiş, iqtisadiyyatın müxtəlif sahələri üzrə 4468 sahibkara 275 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 150 milyon manatını dövlət büdcəsindən ayrılmış vəsait təşkil edir. Ölkə rəhbərliyinin bu sahəyə böyük diqqət və qayğısı nəticəsində sahibkarlıq fəaliyyəti daha da təkmilləşərək keyfiyyət mərhələsinə keçmişdir. Xüsusən də istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlarımız nəinki daxili bazarı keyfiyyətli məhsullarla təmin edir, həm də xarici bazarlara rəqabət tələblərinə cavab verən Azərbaycan məhsulları ilə çıxırlar. Göründüyü kimi, ixrac potensialının artırılması və məhsul nomenklaturasının daha da genişləndirilməsi qarşıda duran əsas istiqamətlərdəndir. Ötən il infrastruktur sahələrinin inkişafına da böyük diqqət yetirilmiş, çoxsaylı sosial-mədəni və məişət obyektləri tikilərək istifadəyə verilmişdir. Dövlətimizin sosialyönümlü siyasətinin nəticəsidir ki, təkcə ötən il minimum əmək haqqının 13 faiz, əmək pensiyasının baza hissəsinin 17,6 faiz, bütün növ sosial müavinətlərin 10-67 faiz çərçivəsində artımı təmin edilmiş, dövlət sektorunda çalışanların əmək haqları isə minimum 10 faiz artırılmışdır. Bu yöndə həyata keçirilən ən böyük tədbirlərdən biri isə erməni qəsbkarlarının işğalçılıq siyasəti nəticəsində öz yurdlarından didərgin düşmüş məcburi köçkünlərin həyat və mənzil şəraitinin yaxşılaşdırılması tədbirlərinin 2013-cü ildə də davam etdirilməsi olmuşdur. Dövlətimiz öz vətəndaşlarının sosial durumunun yaxşılaşdırılmasına da həmişə xüsusi diqqət və qayğı ilə yanaşır.
Beləliklə, ölkəmizin həyatında və cəmiyyətimizin dayanıqlı inkişafında mühüm rol oynayan daha bir il arxada qalmışdır. 2014 - cü ildə isə qarşımızda daha məsul vəzifələr və Azərbaycanın xoş, uğurlu gələcəyi naminə yerinə yetirilməsi vacib olan işlər durur.
İsa ALIYEV,
AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad
elmləri doktoru, professor,
İlkin SOLTANLI,
institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.