İqtisadiyyat və Sənaye Nazirliyində 2014-cü ildə qarşıda duran vəzifələrlə bağlı geniş müşavirə keçirilmişdir

 

 

 

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verdiyi tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, struktur bölmələrinin və digər qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 2013-cü ildə qazanılmış iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti proqram xarakterli çıxışında ötən il görülmüş işlərə yekun vurmuş, 2014-cü ildə hərtərəfli inkişaf kursunun davam etdirilməsi və qazanılmış uğurların daha da möhkəmləndirilməsi üçün əsas prioritetləri müəyyənləşdirmişdir.

Diqqətə çatdırılmışdır ki, Nazirlər Kabinetinin iclasında dövlətimizin başçısı makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, Dövlət İnvestisiya Proqramına uyğun olaraq infrastruktur layihələrinin davam etdirilməsi barədə konkret tapşırıqlar vermişdir. Buraya 2014-cü ildə Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin icra edilməsi, Şəmkirçay Su Anbarının tikintisinin başa çatdırılması, içməli su və kanalizasiya təminatının yaxşılaşdırılması, qazlaşdırma səviyyəsinin yüksəldilməsi, yol tikintisinin sürətləndirilməsi, sosial obyektlərin, Bakıda keçiriləcək I Avropa Olimpiya oyunları ilə əlaqədar idman obyektlərinin tikintisi, regionların, eləcə də Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramlarının hazırlanması, sahibkarlığa dəstək tədbirlərinin gücləndirilməsi, alternativ enerji sahəsinə investisiyaların artırılması, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, “ASAN xidmət” şəbəkəsinin genişləndirilməsi və digər vəzifələr daxildir.

Vurğulanmışdır ki, Prezident İlham Əliyev çıxışında müasir texnologiyalara və innovasiyalara əsaslanan sənayeləşmə siyasətinin davam etdirilməsinə xüsusi diqqət yetirmiş, ölkədə sənayenin daha da inkişaf etdirilməsi, o cümlədən texnoparkların yaradılması sahəsində işlərin genişləndirilməsi, metallurgiya sənayesinin inkişafı, ixracyönümlü məhsulların istehsalı, böyük sənaye komplekslərinin, emal müəssisələrinin yaradılması istiqamətində göstərişlər vermiş, 2014-cü il yanvarın 10-da imzaladığı Sərəncam ilə 2014-cü ili “Sənaye ili” elan etmişdir.

Müşavirədə nazirliyin 2013-cü ildəki fəaliyyəti müzakirə olunmuş, qurum rəhbərlərinin hesabatları dinlənilmişdir.

Nazir Şahin Mustafayev dövlətimizin başçısının çıxışından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar vermişdir. Belə ki, regionların və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramlarının geniş təhlillər və araşdırmalar aparılmaqla hazırlanması mühüm vəzifə kimi qarşıya qoyulmuş, bu sahədə işlərin ən qısa müddətdə başa çatdırılmasının vacibliyi qeyd edilmişdir.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən, İqtisadiyyat və Sənaye Nazirliyinə 2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan edilməsinə dair Tədbirlər Planının hazırlanmasının tapşırıldığını vurğulayan nazir Şahin Mustafayev sənədin qısa müddət ərzində hazırlanması üçün nazirliyin müvafiq strukturlarına göstəriş vermişdir.

Müşavirədə dövlət investisiyalarının səmərəli istifadəsinə və infrastruktur layihələrinin icrasına nəzarətin gücləndirilməsi, Bakı-Astara yolunun, eləcə də kənd yollarının  tikintisinin sürətləndirilməsi, bu sahədə mütəmadi monitorinqlərin keçirilməsi, iqtisadi təhlillərin səviyyəsinin yüksəldilməsi və yeni metodların tətbiqinin vacibliyi vurğulanmış, 2014-cü ildə sahibkarlığa dəstəyin daha da artırılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, maarifləndirmə tədbirlərinin, biznes forumların, işgüzar görüşlərin səmərəliliyinin artırılması, istehlak bazarına nəzarətin, istehlakçı hüquqlarının qorunması və süni qiymət artımına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, istehlakçı fəallığının artırılmasına nail olunması istiqamətində qarşıda duran vəzifələrdən də ətraflı bəhs olunmuşdur.

Eyni zamanda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, iri taxılçılıq təsərrüfatlarının yaradılmasının davam etdirilməsinə, yeni torpaq sahələrinin dövriyyəyə cəlb olunmasının mühüm vəzifə kimi qarşıya qoyulduğu, bu sahədə işlərin sürətləndirilməsinin vacibliyi vurğulanmışdır. Habelə rəqabət qabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasının, ticarət əlaqələrinin daha da genişləndirilməsinin, yeni və ənənəvi bazarlara çıxış imkanlarına xüsusi diqqət yetirilməsinin əsas vəzifələrdən olduğu qeyd edilmişdir.

Müşavirədə ekoloji tədbirlərin sürətləndirilməsi, göllərin, xüsusilə Böyük Şor gölünün təmizlənməsi və gələn il layihənin birinci mərhələsinin başa çatdırılması, atmosferi çirkləndirən müəssisələrin müəyyənləşdirilməsi istiqamətində nazirliyin görəcəyi işlər də müəyyənləşdirilmişdir.

Müşavirəyə yekun vuran nazir Şahin Mustafayev Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin vaxtında və  hərtərəfli icrasına nail olmaq üçün konkret tapşırıqlar vermiş, müvafiq Tədbirlər Planının hazırlanması qərara alınmışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında