Naxçıvan Muxtar Respublikasında tikinti-quruculuq işləri davam edir

Avqustun 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin binası əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Səxavət Salmanov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova raport vermişdir.

Ali Məclisin sədri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinin binasının yenidənqurma işlərindən sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Hər bir müstəqil ölkə öz fəaliyyətini müvafiq dövlət qurumları vasitəsilə həyata keçirir. Bu gün Azərbaycan da müstəqil dövlətdir. Ölkəmizdə dövlət qurumlarının fəaliyyəti təmin olunmuş, müxtəlif sahələr üzrə qanunvericilik bazası yaradılmışdır. Bu cür dövlət qurumlarından biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir. 2012-ci ildə yaradılan xidmətin təşkili üçün qanunlar qəbul edilmiş, qurumun qarşısında mühüm vəzifələr müyyənləşdirilmişdir.

Ali Məclisin sədri açılışı bildirən lenti kəsmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.

Bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Yenidənqurma işləri zamanı elektrik xətləri və istilik sistemi yenilənmiş, interyer müasir şəkildə qurulmuş, birinci və ikinci mərtəbələrdə 18 iş otağı kollektivin istifadəsinə verilmişdir. Həmçinin binada arxiv, qəbul və kompyuter otaqları, eləcə də 45 yerlik akt zalı vardır.

Zirzəmidə yeməkxana, qazanxana, anbar, server otağı, nəzarət qrupu üçün 2 iş otağı və hərbi həkim komissiyası üçün 8 otaq yerləşir. Hərbi həkim komissiyası üçün nəzərdə tutulan otaqlarda çağrışçı gənclərin müayinəsi üçün lazımi şərait yaradılmışdır.

Binanın həyətində də abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.

***

Muxtar respublikada elektrik enerjisinin istehlakçılara fasiləsiz və keyfiyyətli çatdırılması istiqamətində ardıcıl tədbirlər görülür, elektroenergetika sistemi ən müasir standartlara uyğun şəkildə yenidən qurulur.

Avqustun 21-də Ordubad şəhərindəki “Ordubad” elektrik yarımstansiyası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov “Ordubad” yarımstansiyasının yenidən qurulmasını Ordubad şəhərinin enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin davamı kimi dəyərləndirmiş, göstərilən diqqət və qayğıya görə energetiklər adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Muxtar respublikamızda vacib sahə olan energetikanın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlər muxtar respublikanın sosial-iqtisadi inkişafında, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət daşıyır. Muxtar respublikamızda elektrik enerjisinin verilişinə, yarımstansiyaların qurulmasına ötən əsrin 60-cı illərindən başlanılmışdır. O dövrdən istismar olunan elektrik verilişi xətlərinin və yarımstansiyaların bu gün yenidən qurulması zərurətə çevrilmişdir.

Ali Məclisin Sədri demişdir: Muxtar respublikamızın sürətli sosial-iqtisadi inkişafı bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsinə imkan verir. Bu gün energetikanın inkişafı diqqət mərkəzində saxlanılır, bu sahədə çalışanlar üçün normal iş şəraiti yaradılır, sosial rifah halları yaxşılaşdırılır. Artıq Naxçıvan enerji alan bir regiondan enerji ixrac edən muxtar respublikaya çevrilmişdir. Bu da ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

Ali Məclisin sədri enerji təminatı sahəsindəki işlərin bundan sonra da davam etdiriləcəyini bildirərək demişdir: Muxtar respublikada əhalinin elektirik enerjisi ilə fasiləsiz təmin olunması, dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər görülür. Yeni elektirik stansiyaları tikilir, müasir yarımstansiyalar yaradılır, bərpa olunan enerji mənbələrindən səmərəli istifadə olunur. Hazırda Arpaçay Su Elektrik Stansiyası sınaq rejimində işləyir. Həmçinin “Ordubad” və “Arpaçay-2" su elektrik stansiyalarının tikintisi davam etdirilir. Gələcəkdə muxtar respublikanın dağ çaylarının mövcud hidroenerji potensialından istifadə edilərək yeni su elektrik stansiyalarının tikintisi də həyata keçiriləcəkdir.

Sonra Ali Məclisin sədri yarımstansiyanın qurulmasında fərqlənənləri hədiyyələrlə mükafatlandırmış, açılışı bildirən rəmzi lenti kəsmişdir.

Məlumat verilmişdir ki, 1959-cu ildə qurulan “Ordubad” yarımstansiyasının avadanlıqlarının istismar müddəti başa çatdığından mövcud stansiyanın yaxınlığında gücü 41 meqavoltamper olan 110/35/10 kilovoltluq yeni yarımstansiya tikilmişdir. 9 mindən artıq əhali abonentinin dayanıqlı enerji təminatını həyata keçirəcək yarımstansiya üzrə yay aylarında elektrik enerjisinə olan tələbat 10-12, qış aylarında isə 4-5 meqavatdır.

Tikinti işləri aparılarkən stansiyada 1 ədəd 25 meqavoltamper və 1 ədəd 16 meqavoltamper gücündə transformatorlar, 5 ədəd 110 kilovoltluq eleqaz açarı quraşdırılmış, 10 ədəd məsafədən idarə olunan 110 kilovoltluq ayırıcı, 6 ədəd gərginlik və 9 ədəd cərəyan transformatoru qoyulmuşdur. Eleqaz açarları olan 35 və 10 kilovoltluq hücrələrin avtomatik idarəetmə qurğularının yerləşdirilməsi üçün ərazidə bina tikilmiş, 35 və 10 kilovoltluq elektrik verilişi xətləri üçün eleqaz açarlı hücrələr quraşdırılmışdır. Burada sabit cərəyan dövrələrini qidalandırmaq üçün akkumlyator batareyaları və 2 ədəd sərfiyyat transformatoru da qoyulmuşdur.

***

Ordubad şəhərindəki yaşayış binalarında əsaslı təmir işləri aparılmışdır. Avqustun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yaşayış binalarına baxmışdır.

Binanın sakini Nərgiz Həsənəliyeva Ordubad şəhərinin günü-gündən inkişaf etdiyini, aparılan quruculuq və abadlıq işlərindən, yaradılan yüksək şəraitdən hər bir sakinə pay düşdüyünü qeyd etmiş, göstərilən diqqət və qayğıya görə sakinlər adından minnətdarlığını bildirmişdir.

Ali Məclisin sədri yaşayış binalarının yenidənqurma işlərindən sonra istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: Bu gün ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi nəticəsində bütün sahələrdə inkişaf və tərəqqi müşahidə olunur. İnsanların sosial-məişət şəraitinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Ordubad şəhərində yaşayış binalarının yenidən qurulması, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması insan amilinə göstərilən qayğının daha bir ifadəsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Sonra Ali Məclisin sədri binalarda yaradılan şəraitlə maraqlanmışdır.

Bildirilmişdir ki, 5 mərtəbəli yaşayış binalarının hər birində 50 mənzil vardır. Təmir işləri aparılarkən binaların dam örtüyü və giriş qapıları dəyişdirilmiş, elektrik, qaz, rabitə, su və kanalizasiya xətləri yenilənmiş, müasir istilik sistemi quraşdırılmışdır. Binaların həyətlərində də abadlıq işləri aparılmış, işıqlandırma sistemləri quraşdırılmış, yaşıllıqlar salınmışdır.

Ali Məclisin sədri ərazidəki 4 mərtəbəli yaşayış binasında həyata keçirilən təmir işlərinin gedişi ilə də maraqlanmış, müvafiq tapşırıqlar vermişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

 

 

 

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında