Dünyanın dinamik və sabit inkişaf edən ölkələrindən sayılan Azərbaycan Respublikası 2013-cü ilin birinci yarısını da yüksək nailiyyətlərlə, uğurlu iqtisadi göstəricilərlə başa vurmuşdur.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, dünyanın əksər ölkələri qlobal maliyyə böhranının nəticələrini tam aradan qaldırmağa müvəffəq olmasalar da, Azərbaycan dinamik inkişaf yoluna davam edərək həyatın bütün sahələrində növbəti uğurlara imza atmışdır. Təkcə onu qetd etmək kifayətdir ki, cari ilin ilk altı ayında ölkəmizin qeyri-neft iqtisadiyyatı 10,9 faizlik artıma nail omuşdur ki, bu da dünya səviyyəsində çox yaxşı göstərici hesab olunur. Bütün bu uğurlar isə, heç şübhəsiz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının modernləşdirilməsi və şaxələndirilməsi istiqamətində həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir.
İlin əvvəlindən həyata keçirilmiş məqsədyönlü islahatların nəticəsidir ki, ötən 6 ayda ölkə üzrə ümumi daxili məhsul istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artaraq 27,2 milyard manata çatmışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin ilk yarısında ölkə üzrə əlavə dəyərin 63,9 faizi məhsul istehsalı sahələrində, 29,6 faizi isə xidmət sahələrində yaradılmışdır. Ümumi daxili məhsulun 6,5 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Cari ilin yanvar-iyun aylarında ümumi daxili məhsulda sənayenin payı 48,6 faiz təşkil etmişdir. ÜDM-in 10,9 faizi inşaat kompleksində, 4,4 faizi kənd təsərrüfatında, 5,5 faizi nəqliyyatda, 9,6 faizi ticarət və pullu xidmətdə, 1,7 faizi rabitədə, 12,8 faizi isə sosial və digər xidmət sahələrində yaradılmışdır. Göründüyü kimi, ilin ötən dövründə əldə olunmuş əsas makroiqtisadi göstəricilər son dərəcə uğurlu olmuşdur və bu tendensiya, heç şübhəsiz, ölkə iqtisadiyyatının dinamik inkişaf yolu ilə inamla irəliləməsinin məntiqi nəticəsidir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev ölkəmizin ümumi inkişafını yüksək qiymətləndirərək demişdir: “ Hesab edirəm ki, Azərbaycanda iqtisadi artım bu il də dünya miqyasında nümunə ola bilər. Ümumi daxili məhsul 5 faiz artmışdır və ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz təxminən 11 faiz artmışdır. Bu, son illər ərzində Azərbaycanda görülmüş işlərin, düzgün aparılan iqtisadi islahatların nəticəsidir. Bu göstəricilər, deyə bilərəm ki, dünya miqyasında ən yüksək səviyyədədir. Çünki bizim əsas hədəfimiz bu gün qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarətdir və hesab edirəm ki, bu istiqamətdə çox ciddi nailiyyətlər əldə edilib”. Göründüyü kimi, Azərbaycanda əvvəlki dövrlərdə müşahidə olunan iqtisadi sabitlik 2013-cü ilin birinci yarısında da davam etmişdir. Bu da təsadüfi deyil. Çünki özünün daxili imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanan Azərbaycan artıq 22 ilə yaxındır ki, müstəqil iqtisadi siyasət yürüdür, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış edir. Bu da ölkəmizi regionda və dünyada mühüm tərəfdaşa və nüfuz sahibinə çevirir. Məhz bunun nəticəsidir ki, son illər dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda həyata keçirilən islahatları təqdir edir, bəyənirlər. Artıq bir çox dövlətlər iqtisadi inkişafın “Azərbaycan modeli”ni nümunə kimi qəbul edir, ölkəmizin təcrübəsini öyrənirlər.
Son illər Azərbaycanda çox güclü sənayeləşmə siyasəti həyata keçirilir. Sənayenin, xüsusən də qeyri-neft sahələrinin sürətli inkişafına nail olmaq dövlətin əsas hədəflərindən birinə çevrilmişdir. Bu məqsədlə ölkədə çoxsaylı sənaye parkları yaradılır, yeni istehsal sahələri işə salınır. Bu da Azərbaycanın sənaye potensialının artmasına səbəb olur. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 6 ayında ölkənin sənaye sahələrində 16, 9 milyard manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çoxdur. Prezident İlham Əliyevin ölkə iqtisadiyyatında prioritet elan etdiyi şaxələndirmə siyasəti nəticəsində sənayenin qeyri-neft bölməsində 2,9 faizlik artım qeydə alınmışdır. Heç şübhəsiz, sənayenin qeyri-neft bölməsini yaxın perspektivdə daha yüksək inkişaf tendensiyası gözləyir. Çünki son illər ölkəmizdə böyük sənaye kompleksləri, texnoparklar yaradılır. Həmin obyektlərdə istehsal olunan məhsullar, həm də Azərbaycanın ixrac potensialının genişləndirilməsinə imkan yaradır.
Azərbaycan Respublikasında əldə olunan iqtisadi artım ölkənin maliyyə imkanlarının genişlənməsinə səbəb olur. İndi dövlətimizin valyuta ehtiyatları 48 milyard dollardan çoxdur. Bu da ölkədə bir sıra ümummilli proqramların, mühüm investisiya layihələrinin uğurla həyata keçirilməsinə əlverişli imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, son illər ölkə üzrə investisiya qoyuluşunun həcmi yüksək sürətlə artır. İnvestisiya qoyuluşunun artması isə öz növbəsində ölkə iqtisadiyyatının daha çox şaxələndirilməsinə, neft-qazdan asılılığın minimuma endirilməsinə şərait yaradır.
Bu ilin birinci yarısında ölkə iqtisadiyyatına 12, 6 milyard dollar investisiya qoyulmuşdur. Azərbaycanın valyuta ehtiyatlarının artması fonunda ölkə iqtisadiyyatına yönəldilən daxili investisiyaların həcminin ildən-ilə çoxalması müşahidə olunur. Təkcə bu ilin 6 ayında ümumi kapital qoyuluşunun 7 milyard dollarından çoxu daxili investisiyaların payına düşməsi də bunu təsdiqləyir. Hələlik isə daxili investisiyaların daha çox dövlət vəsaitlərinin hesabına formalaşmasına baxmayaraq, özəl sektorun da bu sahədə fəallığının ilbəil artması müşahidə olunur. Elə Nazirlər Kabinetinin məlum iclasında dövlət başçısı İlham Əliyev də bu məsələyə toxunaraq demişdir: “ Özəl sektor tədricən öz investisiya imkanlarını artırır. Şübhə etmirəm ki, vaxt gələcək Azərbaycan iqtisadiyyatına yatırılan daxili investisiyaların böyük hissəsi özəl qurumlar tərəfindən qoyulacaqdır. Buna nail olmaq üçün, əlbəttə ki, özəl qurumlar daha da fəal işləməlidir, daha da güc toplamalıdırlar. Dövlət isə öz tərəfindən onlara bütün lazımi dəstəyi göstərir”. İlin ötən dövründə ölkə iqtisadiyyatına 5 milyard dollardan artıq xarici sərmayənin yönəldilməsi də onu sübut edir ki, Azərbaycan hələ də əcnəbi şirkətlər üçün cəlbedici dövlətdir. Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev Azərbaycanın uzun illər xarici investorlar üçün cəlbedici dövlət olaraq qalmasını ölkəmizə olan inamın məntiqi nəticəsi kimi səciyyələndirmişdir.
Artıq keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri də ölkədə son dərəcə mühüm və iri infrastruktur layihələrinin reallaşdırılmasından ibarətdir. Bunun üçün isə külli məbləğdə maliyyə vəsaiti tələb olunur. Sevindirici haldır ki, ölkəmizin maliyyə imkanlarının ilbəil artması istənilən sosial və infrastruktur layihələrinin uğurla həyata keçirilməsinə imkan verir. Azərbaycanın hazırkı dövlət büdcəsi ötən 22 illik müstəqillik tariximiz üçün ən yüksək göstərici hesab olunur. Heç şübhəsiz ki, bu amil cari il üçün nəzərdə tutulmuş bütün vacib sosial və infrastruktur layihələrinin uğurla reallaşdırılmasına imkan yaradır. Həmin layihələrin siyahısının kifayət qədər geniş olması isə ona dəlalət edir ki, Azərbaycanda nəzərdə tutulmuş işlərin reallaşdırılması üçün zəngin təcrübə, siyasi iradə, ən başlıcası isə güclü maliyyə dayaqları mövcuddur. Qeyd etdiyimiz kimi, artıq özünün dayanıqlı iqtisadi inkişafını təmin etmiş Azərbaycan Respublikası bütün diqqəti vacib infrastruktur layihələrinin reallaşdırılmasına yönəltmişdir. Hazırda istər paytaxt Bakıda, istərsə də regionlarda bu sahədə mühüm işlər görülür. Bu baxımdan cari ilin ilk yarısında da ölkəmizdə bir sıra vacib sosial və infrastruktur layihələrinin icrası sahəsində yüksək nailiyyətlər əldə edilmişdir.
Azərbaycanın sosial-iqtisadi inkişafı üçün uğurlu sayılan birinci yarım il kənd təsərrüfatında da yüksək artımla müşahidə olunmuşdur. Belə ki, hesabat dövründə ölkənin aqrar sektorunda 5 faizlik artım qeydə alınmışdır ki, bu da son dövrlər üçün uğurlu göstərici sayıla bilər. 2013-cü ilin yanvar-iyun aylarında ölkə üzrə 2 milyard 123 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Bununla belə, aqrar sektordakı mövcud vəziyyət ölkənin potensialını tam əks etdirmir. Məhz buna görədir ki, Nazirlər Kabinetinin iclasında dövlət başçısı İlham Əliyev bu sahədə həlli vacib məsələlərə toxunmuş, kənd təsərrüfatı məhsullarının istehsalında artıma nail olmaq üçün konkret tövsiyə və tapşırıqlarını vermişdir. Məlum olduğu kimi, əkinə yararlı torpaqların dövriyyəyə cəlb olunması, həmin sahələrdə lazımı meliorativ tədbirlərin görülməsi, ölkədə iri fermer təsərrüfatlarının yaradılması, eləcə də dövlət xətti ilə kənd təsərrüfatı texnikalarının alınması Azərbaycanda aqrar bölmənin sürətli inkişafı üçün son dərəcə vacib amillərdəndir.
2013-cü ilin ilk yarısı ölkəmiz üçün bir sıra əlamətdar hadisələrlə də zəngin olmuşdur. Belə ki, dünya ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verən Azərbaycan Respublikası daha bir mühüm enerji layihəsinin həyata vəsiqə almasına yardımcı oldu. Bu, ölkəmizin regionda tərəfdaşlıq mövqeyinin bir qədər də güclənməsinə səbəb olacaq Trans-Adriatik (TAP) qaz kəməri layihəsidir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində son dərəcə mühüm bir addım sayılan bu layihə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində hasil ediləcək təbii qazın Türkiyə ərazisindən Yunanıstan, İtaliya və Cənub-Şərqi Avropadakı müştərilərə çatdırılmasına imkan yaradacaqdır. Xatırladaq ki, ilkin dövrdə “Cənub qaz dəhlizi” ilə ildə 10 milyard kubmetrədək “Şahdəniz” qazı Avropa bazarlarına daşınacaq. TAP layihəsinin seçilməsi ilə bağlı qəbul olunmuş qərar, həmçinin konsorsiumun “Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarı planlarında da mühüm bir addımdır. Bu layihə boru kəmərləri ilə birlikdə 40 milyard dollara başa gələcək və ildə 16 milyard kubmetr Azərbaycan qazını Avropa bazarına daşıyacaqdır. İki il əvvəl dövlət başçısı tərəfindən qəbul olunmuş ”Bakı şəhərinin və onun qəsəbələrinin 2011-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində işlər getdikcə intensivləşir və ötən müddətdə paytaxtın ayrı-ayrı qəsəbələrində sosial və infrastruktur məsələlərinin həlli istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, ötən dövrdə Bakı şəhərində və ətraf qəsəbələrdə yeni təhsil və səhiyyə müəssisələri tikilmiş, mövcud obyektlər əsaslı şəkildə təmir olunmuşdur. Ötən müddətdə, həmçinin şəhərətrafı qəsəbələrin yol infrastrukturunun əsaslı təmiri və yeni yolların tikintisi sahəsində də xeyli iş görülmüş, Bakıətrafı qəsəbələrdə içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması ilə bağlı genişmiqyaslı tədbirlərin reallaşdırılmasına başlanmışdır. Ətraf qəsəbələrdə yaşayan sakinlərin elektrik enerjisi və “mavi yanacaq”la təminatının daha da yaxşılaşdırılması üçün də çoxsaylı tədbirlər həyata keçirilmişdir.
Hazırda ölkəmizin bütün regionlarında da geniş quruculuq işləri aparılır, nəhəng infrastruktur layihələri reallaşdırılır. Məlum olduğu kimi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ölkənin bütün bölgələri üzrə konkret tədbirlər nəzərdə tutulmuşdur. Əvvəlki illərdə olduğu kimi, cari ilin ötən dövründə də Dövlət Proqramında əksini tapmış tədbirlərin uğurla reallaşdırılması regionların simasını əsaslı şəkildə dəyişmiş, gözəlləşdirmişdir. Yeri gəlmişkən, bu ilin əvəllərindən etibarən dövlət başçısı tərəfindən ölkənin ayrı-ayrı şəhər və rayonlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə xeyli məbləğdə vəsait ayrılmışdır ki, bu da regionlarda bir sıra vacib məsələlərin həllinə təkan vermişdir.
Dövlət başçısı İlham Əliyev regionlarda yol-nəqliyyat infrastrukturunun əsaslı şəkildə yeniləşdirilməsinə xüsusi diqqət yetirir və bu məqsədlə kifayət qədər maliyyə vəsaiti ayırır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2013-cü ilin birinci yarısında ölkəmizdə yol-nəqliyyat infrasrtukturunun inkişafına 923 milyon manat investisiya yönəldilmişdir ki, bunun da hesabına avtomobil və dəmir yolları, eləcə də yük və sərnişin daşımaları sahələrində mühüm işlər görülmüşdür. Hesabat dövründə ölkədə 430 kilometr uzunluğunda respublika və yerli əhəmiyyətli yollar təmir olunmuş, 6 körpü inşa və təmir edilmişdir. Hazırda ölkəmizdə magistral yolların tikintisi ilə yanaşı, kəndlərə də müasir, rahat yollar çəkilir. Bütün bunlar isə, heç şübhəsiz, Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir.
Yeri gəlmişkən, ölkəmizin maliyyə gücünün ildən-ilə genişlənməsi əhalinin firavanlığına, rahatlığına xidmət edən bir sıra vacib sosial infrastruktur layihələrinin icrasına da imkan yaratmışdır. Bu baxımdan içməli su, kanalizasiya, elektrik enerjisi və qaz təchizatı sahələrində reallaşdırılan layihələr diqqəti xüsusilə cəlb edir. Dövlət başçısının birbaşa nəzarəti altında həyata keçirilən həmin layihələr isə yerlərdə dərin razılıqla qarşılanır və əhalidə ölkəmizin firavan gələcəyinə inamı bir qədər də artırır.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.