Şriftin ölçüsü:
12.07.2013 12:00 | Oxunma sayı: 2182
Azərbaycanda MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılmışdır. Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunda xüsusi təqdimat mərasimi keçirilmişdir.
Fondun sədri Səlim Müslümov bildirmişdir ki, müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamla təsdiq etdiyi “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda əksini tapmış mühüm vəzifələrdəndir. S. Müslümov vurğulamışdır ki, pensiya təyinatının avtomatlaşdırılması kimi mühüm prosesə başlanılması sığorta-pensiya sistemində aparılan davamlı islahat tədbirlərinin məntiqi nəticəsidir. Bu sıraya pensiya qanunvericiliyinə edilən ardıcıl dəyişikliklərlə pensiya təyinatı alqoritminin tam sadələşdirilməsi, ödənilən sosial sığorta haqlarının fərdi uçotu, sığorta-pensiya sistemində Avropa standartlarına uyğun müasir avtomatlaşdırılmış infrastrukturun qurulması, DSMF-nin serverlərində unikal elektron məlumat bazalarının yaradılması kimi kompleks tədbirlər daxildir.
Ötən dövr ərzində DSMF-nın www.dsmf.gov.az ünvanlı internet səhifəsində təkmil müştəri xidmətləri sistemi yaradılmışdır. İstənilən vətəndaş bura daxil olaraq öz fərdi hesabı barədə məlumat ala, eləcə də pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilir. Bu gündən etibarən isə pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanılır. DSMF-də bu məqsədlə xüsusi “Çağrı Mərkəzi” (190-0) yaradılmışdır. Pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən bu nömrəyə zəng vurub, şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilər. Zəng vuran vətəndaşdan tələb olunan məlumatlar isə yalnız şəxsiyyət vəsiqəsinin nömrəsidir. Bu məlumat dərhal sistemə daxil ediləcək, təsdiqləndiyi halda Fondun fərdi məlumatlar bazasına inteqrə edilərək avtomatlaşdırılımış qaydada əmək pensiyası təyinatı aparılacaq və vətəndaşa ona təyin olunan pensiyanın məbləği bildiriləcəkdir. Eyni zamanda, zəng edən şəxsə öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının (şöbəsinin) ünvanında çatdırılacaqdır. Fondun sədri bildirmişdir ki, bu proses ümumilikdə bir neçə dəqiqəyə başa çatacaq: “Avtomatlaşdırılmış pensiya təyinatı ilkin olaraq yaşa görə əmək pensiyası növü üzrə aparılacaq. Əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının təyinatının avtomatlaşdırılmış qaydada aparılması isə digər müvafiq dövlət qurumlarında qeyd olunan təyinatlarla bağlı zəruri informasiyaları özündə əks etdirən elektron xidmətlərin yaradılmasından sonra mümkün olacaqdır”.
S. Müslümov vurğulamışdır ki, bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunun son dərəcə azaldılmasına gətirib çıxaracaqdır: “Buna görə də vətəndaşlar öz fərdi hesablarında məlumatların tam əks olunmasında xüsusi maraqlı olmalıdırlar. O cümlədən ölkəmizdə fərdi uçot sisteminin tətbiqindən əvvəlki dövrə, yəni 2006-cı il, yanvarın 1-nə qədər iş stajlarının qeydiyyata alınmasında aktivlik göstərməlidirlər. Çünki avtomatlaşdırılmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır və təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa, hesablamalarda onların nəzərə alınması texniki baxımdan imkan xaricindədir”.
Tədbirdə avtomatlaşdırılmış pensiya təyinatının aparılması prosesi əyani şəkildə nümayiş etdirilmişdir. Ayrı-ayrı rayonlardan 190-0 çagrı mərkəzinə zəng vuran vətəndaşlara avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılmışdır.
Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.