Aktauda Qazaxıstan-Azərbaycan biznes forumu keçirilmişdir

 

İyunun 19-da Qazaxıstanın Aktau şəhərində Qazaxıstan-Azərbaycan biznes forumu keçirilmişdir.

Biznes-forumda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Qazaxıstanın iqtisadiyyat və büdcə planlaşdırılması naziri Erbolat Dosayevin rəhbərliyi ilə nümayəndə heyətləri iştirak etmişlər.

Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, ərzaq sənayesi, tikinti, turizm və digər sahələrdə fəaliyyət göstərən iş adamları təmsil olunmuşlar.

Mangistau vilayətinin akimi Alik Aydarbaev forum iştirakçılarını salamlamış, vilayətin sosial-iqtisadi inkişafı haqqında məlumat vermiş, Azərbaycan ilə yaranmış əməkdaşlığın inkişafı məsələlərinə toxunmuşdur.

Qazaxıstanın iqtisadiyyat və büdcə planlaşdırması naziri Erbolat Dosayev belə biznes forum və işgüzar görüşlərin iş adamları arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulamış, tərəflərin geniş iqtisadi potensiala, əlverişli biznes və investisiya mühitinə malik olduğunu bildirmiş, iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanın Qazaxıstan ilə ikitərəfli əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini, qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulan bu əlaqələrin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulduğunu bildirmişdir. Nazir ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini, əlaqələrin genişlənməsində yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin, aparılan danışıqların mühüm rol oynadığını qeyd etmişdir.

Ölkələrimiz arasında möhkəm müqavilə-hüquq bazası yaradılmış, 90-dan çox sənəd imzalanmışdır ki, bunun da 20-si iqtisadi sahəyə aiddir. Əlaqələrin genişlənməsi sahəsində əhəmiyyətli rol oynayan Azərbaycan-Qazaxıstan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının indiyədək 9 iclası keçirilmişdir.

Ş.Mustafayev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın investisiya ixracatçısına çevrildiyini vurğulamışdır.

Qeyd olunmuşdur ki, Azərbaycanda Qazaxıstan iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən 37 şirkət uğurla fəaliyyət göstərir. Təkcə Qazaxıstanın qərb regionunda Azərbaycan kapitalı ilə işləyən 46 müəssisə qeydiyyatdan keçmişdir. Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edən nazir bu biznes forumun işgüzar təşəbbüslərin stimullaşdırılmasına, yeni əməkdaşlıq imkanlarının yaradılmasına və ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyini vurğulamışdır.

Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya imkanları və işgüzar əlaqələri haqqında məlumat vermişdir.

Biznes-forum çərçivəsində AZPROMO ilə Mangistau vilayət Akimliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Aktau

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında