“Azərbaycanın gələcəyi üçün növbəti böyük addımlar: Azərbaycanın neftdən sonrakı iqtisadiyyatı” mövzusunda Birinci Beynəlxalq Bakı Forumu keçirilmişdir

 

İyunun 3-də “Azərbaycanın gələcəyi üçün növbəti böyük addımlar: Azərbaycanın neftdən sonrakı iqtisadiyyatı” mövzusunda Birinci Beynəlxalq Bakı Forumu keçirilmişdir.

Forum Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycanın Gələcəyi Tədqiqatlar Cəmiyyəti və “Minilliyin layihəsi”nin Azərbaycan bölməsi tərəfindən təşkil olunmuşdur.

Forumun işində azərbaycanlı mütəxəssislərlə yanaşı, ABŞ, Kanada, Meksika, Venesuela, Uruqvay, Braziliya, Çili, Finlandiya, Çernoqoriya, Sloveniya, Rumıniya, Polşa, Çexiya, Rusiya, Fransa, Almaniya, İspaniya, Belçika, Böyük Britaniya, Hindistan, Koreya Respublikası, Çin, İsrail, Türkiyə, İran, Misir, Keniya, CAR-dan nümayəndələr, beynəlxalq qurumların əməkdaşları iştirak edirlər.

Minilliyin layihəsinin Azərbaycan bölməsi olan Azərbaycan Futuroloqlar Cəmiyyətinin rəhbəri Reyhan Hüseynova Bakı Forumunu açaraq tədbirin əhəmiyyətindən danışmışdır. Diqqətə çatdırılmışdır ki, müasir dünyamızda yeni texnologiyalar daim bir-birini əvəzləyir, ölkə iqtisadiyyatını formalaşdırır, eləcə də potensial istedadları üzə çıxarır. Böyük neft-qaz ehtiyatlarına malik olan Azərbaycan da İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sektorunun inkişafını, innovativ texnologiyaların respublikada tətbiqini qarşısına məqsəd qoymuşdur və bu istiqamətdə real addımlar atır. Prezident İlham Əliyev tərəfindən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiqlənməsi də ölkəmizin bu sahənin inkişafı ilə iqtisadiyyatın şaxələndirilməsində qərarlı olduğunu göstərir.

“Neft asılılığının arxasında inkişaf edən gələcək informasiya iqtisadiyyatı” mövzusunda çıxış edən Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov karbohidrogen ehtiyatlarının tükənməsindən sonrakı dünyanın gələcəyinin İKT sahəsinin inkişafı ilə bağlı olduğunu demişdir. Bildirilmişdir ki, bu gün neftdən sonrakı iqtisadiyyat beynəlxalq təşkilatlar, alimlər, mütəxəssislər üçün tədqiqat mövzusudur. Azərbaycanı son illər öz iqtisadiyyatını karbohidrogenlər hesabına çox sürətlə inkişaf etdirmiş və artıq yeni mərhələyə - neftdən sonrakı inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmiz neft ehtiyatlarına görə dünyanın 19-cu, neftin istehsalında isə 29-cu ölkəsidir. Bu istiqamətdə əldə etdiyimiz nailiyyətlər bütün dünyaya məlumdur.

Azərbaycanın qədim neft ölkəsi olduğunu deyən nazir bildirmişdir ki, dünyada sənaye üsulu ilə ilk neft hasilatı XIX əsrdə Bakıda reallaşmışdır. Bundan başqa, Böyük Vətən Müharibəsində  faşizm üzərində Qələbənin əldə olunmasında mühüm rol oynayan Azərbaycan nefti bu gün Avropanın enerji təhlükəsizliyinə də töhfə verməkdədir.

Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya kifayət qədər iddialı hədəflərin qoyduğunu deyən Ə.Abbasov demişdir ki, ölkəmiz qarşıdakı 8-10 ildə yalnız qeyri-neft sektorunun hesabına ümumi daxili məhsulu 2 dəfə artırmağı hədəfləyir. Konsepsiyada qeyd olunduğu kimi, bu, elm, təhsil, yüksək texnologiyalar və həmçinin İKT-nin geniş tətbiqi sayəsində reallaşacaqdır. Burada özəl sektorun yeri, yeni iqtisadi mühitin yaradılması önəmli amildir. Qarşıya qoyulan hədəflərdə İKT sektorunun 4-4,5 dəfə genişləndirilməsi nəzərdə tutulur. Yaxın 8-10 ildə İKT-nin inkişafı əsasən 3 istiqamətdə - infrastrukturun genişlənməsi, real İKT sektorunun inkişafı və İKT-nin digər sahələrə təsiri yönündə olacaqdır.

Azərbaycanda rəqəmsal televiziyanın tətbiqinin sürətləndiriləcəyini deyən Ə.Abbasov bildirmişdir ki, bu gün bütün ölkə 3G, bir çox yerlər isə 4G texnologiyaları ilə təmin olunmuşdur. Həmçinin ilk telekommunikasiya peykimiz də orbitdə öz mövqeyini tutduqdan sonra ilk xidmətlərini göstərməyə başlamışdır. Çox yaxşı haldır ki, ilk istifadə ixrac xidmətləri ilə bağlıdır. Şimali Afrika ölkələri artıq bu xidmətlərdən yararlanır.

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə qabaqcıl texnologiyalarının tətbiqinin cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biri olduğunu deyərək, gənc və müstəqil ölkə olan Azərbaycanın gələcəyə nikbin baxdığını və qarşısına qoyduğu bütün məqsədlərə çatmaqda qərarlı olduğunu vurğulamışdır.

Ölkəmizin beynəlxalq, iqtisadi, siyasi və humanitar forumların, toplantıların keçirildiyi mühüm bir məkana çevrildiyini diqqətə çatdıran şöbə müdiri bildirmişdir ki, Azərbaycan bu gün sivilizasiyaların, o cümlədən Şərqlə Qərbin, Şimalla Cənubun qovuşuğunda yerləşən  ölkə kimi mühüm rol oynayır. Bu gün ölkəmizdə bütün dinlərdən, dillərdən olan insanlara böyük hörmət və ehtiram göstərilir. Azərbaycanda sinaqoqlar, kilsələr, digər dini məbədlər fəaliyyət göstərir. Dövlət səviyyəsində sinaqoqlar, kilsələr, dini məbədlər təmir edilir.

E.Aslanov demişdir ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan Xəzər dənizindəki karbohidrogen ehtiyatlarına malik bir ölkə kimi dünyanın və xüsusilə Avropanın enerji təhlükəsizliyində mühüm bir tərəfdaş qismində çıxış edir. Ümummilli lider Heydər Əliyevin qətiyyətli qərarları 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin və digər neft sazişlərinin imzalanması ilə nəticələndi. Məhz bu sazişlər nəticəsində görülən işlər və qazanılan uğurlar ölkəmizi regionun və Avropanın enerji təhlükəsizliyində vacib tərəfdaşa çevirmişdir.

Ermənistanın Azərbaycanın torpaqlarını işğal altında saxlamasını ölkəmizin və regionun inkişafına başlıca maneə olaraq dəyərləndirən E.Aslanov bildirmişdir ki, 20 ildən artıqdır Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. Münaqişənin həlli ilə bağlı bir sıra beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, Ermənistan münaqişədə mövcud status-kvonun qorunub saxlanmasında maraqlı görünür. Ancaq Azərbaycan dövlətinin məqsədi münaqişənin ərazi bütövlüyü prinsipi çərçivəsində həlli, qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması və burada uzunmüddətli sülhüm bərqərar edilməsidir.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ekoloji tarazlığın qorunmasından danışaraq, havaya atılan zərərli tullantıların azaldılması istiqamətində görülən işləri diqqətə çatdırmış, ölkəmizdə yaşıllıqların salınmasında əldə olunan uğurlardan bəhs etmişdir.

Nazir bildirmişdir ki, 20 il ərzində Azərbaycanda iqtisadiyyatın 3 dəfədən çox artması ilə yanaşı, 1990-cı illərlə müqayisədə karbon emissiyası 2 dəfə azalmışdır. Ölkədə meşələrin qırılmasının qarşısının alındığını vurğulayan H.Bağırov demişdir ki, bu, gələcəyə doğru mühüm inkişaf göstəricisidir. Hazırda nəsli kəsilməkdə olan heyvanların, fauna və floranın qorunması istiqamətində də uğurlu addımlar atılmaqdadır.

Qeyd olunmuşdur ki, Azərbaycan enerji resurslarından səmərəli istifadə etməklə davamlı iqtisadi inkişafa nail olmaqda maraqlıdır və həmin istiqamətdə də mühüm tədbirlər görülür. Bu inkişaf isə müasir qabaqcıl texnologiyaların tətbiqindən keçir.

“Minillik layihəsi”nin direktoru Jerom Qlenn forumun əsas diqqətinin gələcəyin texnologiyalarına, post-neft iqtisadiyyatının inkişafı üçün nano və biotexnologiyalara, gələcəyin formalaşmasında İKT-nin strateji roluna yönəldiyini deyərək, Bakıya ilk dəfə gətirilən 3D Printer və Holoqrafik Prezentasiya barədə məlumat vermiş, müasir dünyanın durmadan inkişaf etməsindən, yeni texnologiyalarla ayaqlaşmağın əhəmiyyətindən danışmışdır.

UNESCO-nun Proqnozlaşdırma Departamentinin rəhbəri Reyl Miller, Monteneqronun elm və bilik naziri xanım Sanya Vlahoviç, ABŞ-ın Oksford Universiteti professoru, aparıcı futuroloq, nanotexnologiyaları üzrə tədqiqatçı Erik Drexler, ABŞ-ın “Chief Scientist and Chairman Emeritus of Rocky Mountain” İnstitutunun əməkdaşı Amory Lovins çıxışlarında bildirmişlər ki, gələcəyi öncədən görmək mümkün olmasa da, bu, bizə heç bir iş görməməyimizə əsas vermir. Biz düşüncəmizə əsaslanmaqla yeni texnologiyaları kəşf edərək, onların tətbiqi vasitəsilə gələcəyin istiqamətini yaradırıq. Hansı ki, bu Forumda da yeni texnologiyaların tətbiqi və bunun iqtisadiyyata təsiri müzakirə olunur.

Artıq yeni nəsil texnologiyalar həyatımızı dəyişir. Bu gün kiçik “çip”lər böyük məlumatları özündə saxlaya bilir, çətin prosesləri yerinə yetirir. Ancaq vaxtilə bunu təsəvvür etmək belə mümkün deyildi.

Vurğulanmışdır ki, çox çətin və mürəkkəb dünyada yaşamağımıza baxmayaraq, gələcəyi proqnozlaşdırmağın ən yaxşı yolu kreativ yaradıcılıqdan keçir. Məhz bu cür yanaşmanı məntiqlə uzlaşdıraraq yeni nəsil texnologiyalara sahib olmaq mümkündür. Bu isə hər bir ölkənin gələcək iqtisadiyyatında önəmli rol oynaya bilər. Azərbaycan böyük enerji resurslarına malik olsa da, öz gələcəyini yeni nəsil texnologiyaların tətbiqində və İKT sektorunda görməsini yalnız alqışlamaq olar.

Forumda Azərbaycanda ilk dəfə yeni nəsil texnologiyalardan olan Holoqrafik Prezentasiya nümayiş etdirilmiş və printer texnologiyası baxımından yenilik sayılan 3D Printer qurğusu təqdim olunmuşdur.

Birinci Beynəlxalq Bakı Forumu işini panellərlə davam etdirmişdir.

Beynəlxalq Bakı Forumu çərçivəsində keçirilən birinci panel iclasda “Gələcəyin iqtisadiyyatında enerjinin tətbiqi və enerji səmərəliliyi” mövzusu müzakirə olunmuşdur.

Roki Mountin İnstitutunun nümayəndəsi Amori Lovins “Alovun yenidən ixtirası: neft və kömürdən səmərəlilik və bərpa olunan enerjiyə biznes keçidi” mövzusunda məruzə etmişdir.

Bildirilmişdir ki, enerji resursları -neft, neft məhsulları, qaz, elektrik, istilik, su və atom enerjiləri, bərpa olunan və digər enerji daşıyıcıları texnikanın mövcud səviyyəsinə və ya inkişafına müvafiq istifadə olunmalıdır.  Enerji resurslarından səmərəli istifadənin təminatı üzrə iqtisadi tədbirlər görülməli, enerji resurslarına qənaət sahəsində elmi?tədqiqat işləri aparılmalıdır. Artıq bu istiqamətdə müsbət təcrübə mövcuddur və bir sıra ölkələrdə günəş, külək və digər  alternativ enerji mənbələrindən istifadə olunur.

A.Lovins mühərrik texnologiyaları və ultra çəkili materiallardan hazırlanan avtomobillərin elektriklə idarə olunmasında Avropa təcrübəsindən danışmışdır. Qeyd olunmuşdur ki,  enerji sistemindən səmərəli istifadə zamanı  yanacaqların sərfinə tələbat azalacaqdır. 

Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynova ölkəmizdə həyata keçirilən neft strategiyasının uğurlarından danışmışdır. Bildirilmişdir ki, Azərbaycanda neft sektorundan əldə olunan gəlirlər qeyri-neft  sektorunun inkişafına yönəldilmişdir. Azərbaycan ölkə iqtisadiyyatının enerji marşrutlarının şaxələndirilməsində, neft və qazın Avropa bazarlarına çatdırılmasında mühüm rol oynayır.

Venesuela parlamentinin deputatı Xose Kordeyro neftdən sonrakı mərhələdə ölkə iqtisadiyyatının sabit inkişafı üzrə məsələlərdən bəhs etmiş, ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən istifadənin zəruriliyini vurğulamışdır.

Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin baş direktorunun müavini Cəmil Məlikov Azərbaycanda alternativ enerji haqqında Dövlət Proqramının tətbiqinə 2004-cü ildən başlandığını bildirmişdir. Qeyd olunmuşdur ki, 2012-2020-ci illər üçün Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair strategiya mövcuddur və ölkəmiz bu sahədə dünyanın bir sıra dövlətləri ilə müvafiq sənədlər imzalamışdır.

Azərbaycanda alternativ enerji mənbələri kimi külək, günəş, biokütlə, geotermal enerjisindən, kiçik su elektrik stansiyalarından istifadə olduğunu deyən C.Məlikov bu sahədə əldə olunan nailiyyətlərdən danışmışdır.

Birinci Beynəlxalq Bakı Forumunun “İKT-nin neftdən sonrakı iqtisadiyyatda strateji rolu” mövzusundakı panel iclası da maraqlı müzakirələrlə yadda qalmışdır.

Müzakirələrdə çıxış edən ABŞ-ın “Minillik layihəsi”nin direktoru Jerom Qlenn və Monteneqronun elm naziri xanım Sanya Vlahoviç müasir informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqindən, elm və texnologiya siyasətindən, “Millennium” layihəsi üzrə araşdırmalardan danışmışlar.

Milli Məclisin deputatı Asəf Hacıyev “Neft, qaz və informasiya texnologiyaları” mövzusunda çıxış etmişdir. Deputat bildirmişdir ki, bu gün Azərbaycanda İKT neftdən sonra ikinci prioritet sahədir.  Neft və qazdan əldə olunan gəlirlər insan kapitalına çevrilməkdədir. İnformasiya texnologiyalarından istifadə edilməsə, gələcəkdə heç bir nailiyyət əldə oluna bilməz. Bu sahədə təhsilin keyfiyyətinin artırılması ən mühüm amildir.

Azərbaycan Mərkəzi Bankının sədr müavini Xaqani Abdullayev maddi resursların səmərəli istifadəsindən danışaraq bildirmişdir ki, iqtisadi inkişafın əsas istiqaməti innovasiyalar və sərmayələrdir.

“Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev “Azərspeys 1. Biliyə əsaslan iqtisadiyyata doğru böyük addım” mövzusunda məruzə ilə çıxış etmişdir. 

Respublikamızda həyata keçirilən peyk layihələrindən danışan R.Nəbiyev bildirmişdir ki, hazırda Azərbaycanın ikinci peyk proqramı üzrə müqavilə imzalanmaq mərhələsindədir. Azərbaycanın peyk proqramı kommersiya xarakteri daşıyır və ilk peykin buraxılmasına qədər onun resurslarının 40 faizi artıq satılmışdı.

İclasda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və maraqlı diskussiyalar aparılmışdır.

Beynəlxalq Bakı Forumunun 3-cü panel iclasında “Nanotexnologiya və gələcək iqtisadiyyatlar” mövzusu müzakirə edilmişdir.

Oksford Universitetinin professoru, nanotexnologiyalar üzrə tədqiqatçı Erik Drexler “İfrat bolluğun gələcəyi: Sivilizasiyanın maddi əsasının transformasiyası” mövzusunda məruzə ilə çıxış etmişdir. Professor vurğulamışdır ki, nanotexnologiyaların gələcək iqtisadiyyatın formalaşdırılmasında rolu çox böyükdür. Bu elm yeni yaranmasına baxmayaraq, sənayenin elə bir sahəsini tapmaq mümkün deyil ki, orada tətbiq olunmasın. Nanotexnologiyanın imkanları həddindən artıq genişdir. Lakin texnologiyalar inkişaf etdikcə rahatlıq və zənginliklə yanaşı,  özü ilə müəyyən ekoloji  problemlər, xəstəliklər gətirə bilər. Hazırda dünyanı ən çox düşündürən mövzu gələcəkdə bu problemlərin qarşısının alınmasında hansı texnologiyalardan istifadə etməkdir. Nanotexnologiyaların təkamül prosesinə baxsaq, bu kontekstdə deyə bilərik ki, bu, dünyanı dəyişəcək gücə malikdir.

Alim Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində neft sənayesinin müxtəlif sahələrində nanotexnologiyanın tətbiqini araşdırmaq üçün “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzi yaradılmasını yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, nanotexnologiyalar Azərbaycanda neftdən sonrakı iqtisadiyyatda da çox mühüm dəyişikliklər edəcəkdir.

Vurğulanmışdır ki, nanotexnologiyalar növbəti illərdə dünyada  daha intensiv şəkildə tətbiq olunacaqdır. Artıq əsas məqsəd texnologiyaların tətbiqi ilə yanaşı, ekologiyanı qorumaq, xərcləri azaltmaq, istehsal zamanı zərərli tullantıların qarşısını almaq, alternativ enerji mənbələrindən bu texnologiya vasitəsilə istifadə etməkdir.

Minilliyin layihəsinin Silikon Vadisi bölməsinin sədri Brok Hinzmann, nanotexnologiya və 3D  çap printeri haqqında danışmışdır. Qeyd edilmişdir ki, nanotexnologiyaların tətbiqi üçün elm və təhsil sahəsində də müəyyən inkişafa nail olmaq lazımdır və bu sahəni dərindən öyrənmək vacibdir. Nanotexnologiyalar artıq fiziki elmləri üstələyir. 3D çap dedikdə bio və elektro çapdan danışa bilərik. Bu fiziki obyektləri daha fərqli  şəkildə qavramağımıza şərait yaradacaqdır.

ARDNŞ “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzinin direktoru Eldar Şahbazov  vurğulamışdır ki, son 6 ildə  dünya üzrə nanotexnologiyalar sahəsinə 100 milyard dollar vəsait ayrılırdısa  indi bu rəqəm  800 milyard dollara çatmışdır. Dünyada neftə olan tələbat  ildə 1,8-2 dəfə artır. Azərbaycanda neftin daha səmərəli istehsalını təmin etmək üçün artıq  7 il bundan öncə ölkəmizdə nanotexnologiyaların araşdırılmasına başlanmışdır və nailiyyətlər əldə olunmuşdur. Neft-qaz hasilatının artırılması, köhnə, xüsusilə sulaşmış yataqlarda karbohidrogenlərin çıxarılması və bu istiqamətdə xərclərin azaldılmasına nail olunması üçün işlər aparılır.

Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru Elmira Ramazanova nanotexnologiyaların araşdırılması prosesi haqqında məlumat vermişdir.

Tədbir müzakirələrlə davam etmişdir.

Birinci Beynəlxalq Bakı Forumu çərçivəsində növbəti panel iclası “Sintetik biologiya” mövzusuna həsr olunmuşdur.

Panel iclasında “İnsan geninin ardıcıllığının nümunəsi” mövzusunda çıxış edən ABŞ-dan olan mütəxəssis Xose Kordeyro insan geninin ardıcıllığının müəyyən edilməsindən, araşdırılmasından və bu sahədə aparılan tədqiqat işlərindən söhbət açmışdır.

X.Kordeyro insan geninin ardıcıllığını müəyyən edən avadanlıq haqqında məlumat verərək bildirmişdir ki, bu müasir texnologiya vasitəsilə biz insanın soykökünü, mənşəyini və onu qarşıda hansı xəstəliklərin gözlədiyini müəyyən edirik. Bu cihaz əsasən orqanizmdə yarana biləcək xərçəng xəstəliyinin aşkar edilməsində əsas rol oynayır. Müasir dövrdə insanın saçının bir tükü vasitəsilə onun genini müəyyən etmək mümkündür. Həmin  prosesdə artıq məxfilik itir. Bu, müasir texnoloji inqilabdır.

Bakıda olmağından məmnunluğunu bildirən Finlandiya Futuroloji Tədqiqat Mərkəzinin nümayəndəsi Sirkka Heynonen təmsil etdiyi qurum haqqında məlumat verərək bildirmişdir ki, bu təşkilatda dünyanın müxtəlif ölkələrindən tələbələr magistr dərəcəsi üzrə təhsil alırlar. O, gələcəkdə azərbaycanlı tələbələrin də onların sıralarında olmasını arzulamışdır. Qonaq ölkəmizdə Azərbaycan Futuroloqlar Cəmiyyətinin fəaliyyətindən məmnunluğunu bildirmişdir. Alim “insan”, “həyat” və “texnologiya” məfhumlarının yenidən öyrənilməsinin vacibliyini vurğulamışdır. Qeyd olunan terminlərin səciyyəvi xüsusiyyətlərini xarakterizə edən S.Heynonen vurğulamışdır ki, biz mümkün gələcəkdə yox, istədiyimiz gələcəkdə iş qurmaq istərdik.

Sonda Təl-Əviv Universitetinin nümayəndəsi Yair Şaran “Sintetik biologiya: şans və ya risk” mövzusunda təqdimatla çıxış etmişdir. O məlumat verərək bildirmişdir ki, bu, biologiya elminin yeni bir sahəsidir. Bu sahə ilə məşğul olan alimlər biobloklardan ibarət struktur hazırlamaq üçün axtarışlar aparırlar.

O, neftdən sonrakı iqtisadiyyatın formalaşmasında sintetik biologiyanın rolunu vurğulamış və sintetik biologiyanın inkişafına kənd təsərrüfatının təsirini xüsusi qeyd etmişdir.

Sonda suallar cavablandırılmış, mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Elə həmin gün Birinci Beynəlxalq Bakı Forumuna yekun vurulmuşdur.

Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov forumun yekununda çıxış edərək bildirmişdir ki, belə tədbirlərin Azərbaycanda təşkili respublikamız üçün çox əhəmiyyətlidir. O qeyd etmişdir ki, gələcəyə baxışın formalaşdırılması bu günün ən vacib məsələlərindəndir və bu məqsədlə xarici ekspertlərin fikirləri bizim üçün hər zaman maraqlıdır. Biz inanırıq ki, bu forum Azərbaycanın gələcəyi haqqında konkret təsəvvürlərin və perspektiv planların formalaşdırılmasına öz töhfəsini verəcəkdir. 

Sonra çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə demişdir ki, bu gün forumda ən müasir texnologiyalar, çox maraqlı ideyalar, gələcəkdə bizi gözləyən yeniliklər barədə baxışlar, fikirlər söylənildi və onların gerçəkləşməsi üçün konkret addımlar müzakirə olundu. Məhz ölkələrimiz, alimlərimiz və mütəxəssislərimiz arasındakı əməkdaşlıq qarşıya qoyduğumuz məqsədlərə çatmağımıza əsas yaradır.

Sonda “Minillik layihəsi”nin direktoru Jerom Qlenn və Azərbaycan Futuroloqlar Cəmiyyətinin rəhbəri Reyhan Hüseynova forumun uğurla başa çatdığını vurğulayaraq, bunun təmsil etdikləri qurumlar arasında qarşılıqlı əməkdaşlığa öz töhfəsini verəcəyindən əmin olduqlarını ifadə etmişlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında