Azərbaycanda müstəqil milli dövlətin mövcudluğu dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Həqiqi müstəqilliyə uzun illər ərzində zəmin yaradan iqtisadi müstəqillik də məhz bu fenomen şəxsiyyətin milli resursları nəzərə almaqla müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanır.
Ölkəmizin son illərdə sosial-iqtisadi sahədə qazandığı böyük uğurlar, əldə etdiyi səmərəli nəticələr məhz ulu öndər Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində müdrikliklə formalaşdırdığı iqtisadi resurslardan, sənaye və istehsal potensialından qaynaqlanır. Dahi öndərin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə milli şüurun oyanışı naminə həyata keçirilən kompleks tədbirlər təkcə ədəbi-mədəni sferaları əhatə etməmişdir. Ümummilli liderimizin rəhbərliyi ilə təhsil, səhiyyə, kadr hazırlığı, sosial-iqtisadi sahələr üzrə həyata keçirilən məqsədyönlü tədbirlərin uğurlu nəticələri bir neçə onillikdən sonra Azərbaycanın müstəqil dövlət kimi yaşamasına etibarlı təminat yaratmışdır.
Həmin illərdə formalaşmış sənaye potensialı əsasında respublikamız neft maşınqayırması, məişət kondisionerləri, elektrik mühərrikləri, elektromaqnit avadanlığı, soyuducular, sintetik kauçuk, boru-prokat, şüşə və şüşə qablar və s. istehsalına görə ittifaq miqyasında qabaqcıl mövqelərə çıxmışdır. Həmin dövrdə Sumqayıt şəhərinin respublikanın ən iri sənaye mərkəzlərindən birinə çevrilməsi, burada çoxlu sayda zavod və fabriklərin, emal müəssisələrinin tikilib istifadəyə verilməsi, şəhər infrastrukturunun formalaşdırılması da məhz ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri ilə bağlıdır. 70-80-ci illərdə şəhərdə ağır sənaye ilə yanaşı, yüngül sənaye və maşınqayırma müəssisələri, çoxsaylı sosial obyektlər fəaliyyətə başlamış, Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş insanlar işlə təmin olunmuşlar. Ümummilli lider Heydər Əliyev “kiçik Azərbaycan” adlandırdığı Sumqayıta mütəmadi olaraq baş çəkmiş, şəhər sakinlərinin qayğıları, problemləri ilə maraqlanmış, yeni müəssisələrin açılış mərasimində iştirak etmişdir. Bu görüşlərin hər biri Sumqayıtda yeni infrastruktur layihələrinin həyata keçirilməsində, tikinti-quruculuq işlərinin sürətlənməsində mühüm rol oynamışdır.
Bütün bunların nəticəsi olaraq ötən əsrin 70-80-ci illərində Sumqayıt özünün iqtisadi potensialına görə SSRİ məkanında tanınır, onun istehsal etdiyi məhsullar ittifaqın 700 şəhərinə ixrac olunurdu. Burada fəaliyyət göstərən bir neçə elmi-tədqiqat institutu nəinki ittifaq miqyasında, həmçinin xarici ölkələrdə böyük nüfuza malik idi. Sumqayıtda maşınqayırma, qara və əlvan metallurgiya, trikotaj, kimya, şüşə sənayesi inkişaf edərək bir çox ölkələrin diqqətini özünə cəlb edirdi. 1963-cü ildə fəaliyyətə başlayan, uzun illər respublikamızda şüşə sənayesinin formalaşmasına və inkişafına töhfə vermiş Sumqayıt şüşə zavodunun intibah dövrü də məhz ümummilli liderin birinci rəhbərlik dövrünə təsadüf edir. Heydər Əliyev hələ o dövrdən bu müəssisənin və bütövlükdə şüşə sənayesinin problemlərini diqqət mərkəzində saxlamış, onun inkişafı, yüksək səviyyədə məhsul istehsalı üçün lazımi köməyi əsirgəməmişdir. Bunun nəticəsi olaraq Azərbaycan o dövrdə bütün Zaqafqaziyanı və Rusiyanın bir çox bölgələrini 25 il müddətində keyfiyyətli pəncərə şüşəsi ilə təmin etmişdir.
Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanda istehsalın ümumi həcmi 2,7 dəfə artmış, respublikamız milli gəlirin səviyyəsinə görə ittifaq miqyasında ön mövqelərə çıxmış, əmək məhsuldarlığı 1,8 dəfə yüksəlmişdir. Heydər Əliyevin 1982-ci ildən sonra siyasi fəaliyyəti Kremlə bağlansa da, müdrik rəhbər xalqına və respublikasına maksimum dərəcədə diqqət və qayğı ilə yanaşmağa çalışmışdır. Bununla belə, 80-ci illərin ikinci yarısında keçmiş SSRİ-də müşahidə olunan iqtisadi böhran respublikadan da yan keçməmiş, milli iqtisadiyyatda durğunluq və geriləmə meyilləri özünü göstərmişdir. 1986-cı ildə ümumi milli gəlirin səviyyəsi 1985-ci ilə nisbətən 101,6 faiz olmuşdu və bu da Azərbaycan üçün son 10 ildə ən aşağı göstərici idi. Respublikanı idarə edən o vaxtkı rəhbərlər ümumi milli gəlirin səviyyəsinin artım tempinin aşağı düşməsindən heç bir nəticə çıxarmırdılar. Xüsusən də 1990-1993-cü illərdə obyektiv və subyektiv səbəblər üzündən ölkə iqtisadiyyatında tənəzzül, böhran və əks proseslərin genişlənməsi, idarəetmədə səriştəsiz və bacarıqsız adamlara geniş meydan verilməsi az qala Azərbaycanın dövlət kimi süqutuna səbəb olacaqdı.
Xalqın ən ağır günlərində – 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyət və böyük bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə, ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyasını irəli sürmüşdür. Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını da təmin etmişdir.
Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının əsasını üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil etmişdir: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə iqtisadi dirçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başlamışdır.
İqtisadi islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsinin tərəfdarı kimi çıxış edən Heydər Əliyev yeni mərhələdə, ilk növbədə, torpaq islahatı və dövlət mülkiyyətinin özəlləşdirilməsi vacibliyini önə çəkmiş, bu proses keçid dövrünün bəzi kiçik çatışmazlıqlarına rəğmən, uğurla başa çatdırılmışdır. Ümummilli lider yaxşı başa düşürdü ki, dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası, insanların şüurunda, həyat tərzində əsaslı dəyişiklik deməkdir. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə ciddi zəmin yaratmışdır.
Respublikada özəl sektorun inkişafı, ictimai-siyasi sabitliyin, davamlı inkişafın təminatçısı olan sahibkarlar sinfinin formalaşması da məhz ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri ilə bağlıdır. Ulu öndər hakimiyyətə gəldiyi ilk dövrlərdən milli sahibkarlarla görüşür, onların qayğılarını, problemlərini öyrənir, mövcud çətinliklərinin həlli məqsədilə operativ qərarlar qəbul edirdi. Sahibkarlarla ilk belə səmimi görüşlərdən biri də 1996-cı ilin əvvəllərində keçirilmişdi. Həmin görüşdə iş adamları sahibkarlığın inkişafı sahəsində mövcud çətinlikləri diqqətə çatdırmış, səmərəli nəticələrə nail olmaq üçün təkliflər irəli sürmüşdülər. Ulu öndər Heydər Əliyev özünəməxsus təmkinlə, həssaslıqla sahibkarları dinləmiş, özəl sektorun fəaliyyətinə mane olan neqativ amillərin aradan qaldırılması ilə bağlı yerindəcə aidiyyəti dövlət qurumlarına tapşırıqlar vermişdi. Eyni zamanda, Heydər Əliyev sahibkarlıq subyektlərinə dövlət büdcəsindən güzəştli kreditlərin verilməsi, habelə dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması ilə bağlı təşəbbüslərimizə müsbət yanaşmış, belə bir qurumun yaradılmasını dəstəkləmişdi. Bu görüşdən az sonra ulu öndərin sərəncamı ilə yaradılmış şuranın məqsədi ölkədə sahibkarlığın inkişafına nail olmaq, iş adamlarının dövlət başçısının yürütdüyü siyasətin həyata keçirilməsində səmərəli, fəal iştirakını istiqamətləndirmək, bu yolda mövcud olan problemləri araşdırmaq və onların həlli üçün təkliflər verməkdir. Şura uzun illər ölkədə sahibkarlığın inkişafına, bu sahəyə dövlət qayğısının artırılmasına, mövcud problemlərin həllinə, ölkə iqtidarının müəyyənləşdirdiyi mükəmməl inkişaf strategiyasının reallaşmasına öz töhfəsini verməyə çalışmışdır.
1998-ci ilin prezident seçkilərində ulu öndərin vəkili olmuş şəxs kimi deyə bilərəm ki, Heydər Əliyev ictimai münasibətlər sisteminin sivil məcrada tənzimlənməsində, ölkədə siyasi sabitliyin möhkəmlənməsində, ümumilikdə rifah və tərəqqinin təmin olunmasında sahibkarlar sinfinin müstəsna rolu və imkanlarını daim yüksək dəyərləndirmişdir. Ulu öndərin hakimiyyətə qayıdışı ilə aparılan məqsədyönlü siyasət sahibkarlar sinfinin formalaşmasına, bu sahədə mükəmməl hüquqi bazanın yaradılmasına zəmin yaratmışdır. Azərbaycanda sahibkarlığın inkişafına təkan verən mühüm addımlardan biri 1994-cü ilin sentyabr ayında Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə Bakıda “Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma” mövzusunda beynəlxalq konfrans olmuşdur. Konfransın açılış mərasimində dərin məzmunlu nitq söyləyən ulu öndər xarici şirkətləri ölkə iqtisadiyyatına sərmayə qoymağa çağırmış, sahibkarların fəaliyyətinə dövlət təminatının mövcudluğunu xüsusi vurğulamışdır: “İqtisadi baxımdan inkişaf etmiş Qərb ölkələrinin təcrübəsindən bəhrələnməklə, sözün yaxşı mənasında, sahibkarlıq bizim üçün ən mühüm amildir, buna görə də dövlət hər şeyi edəcəkdir ki, biz bu yolla gedə bilək. Bununla əlaqədar olaraq mən xarici investisiyalar üçün hüquqi imkanlar yaradan, onların müdafiə edilməsini nəzərdə tutan qanunu da xatırlatmaq istərdim. Zənnimcə, bu qanun əlverişli şərait yaradır ki, bizdə sahibkarlıq nəinki Azərbaycanın məhdud çərçivəsi daxilində inkişaf etsin, həm də bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi xarici firmalarla birlikdə, xarici investisiyalardan fəal istifadə olunmaqla həyata keçirilsin. Xarici investisiyaların Azərbaycanda tətbiq olunması üçün burada şərait var”.
Ölkədə sosial-iqtisadi inkişafın bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə kifayət qədər böyük əlaqəsi olduğunu aydın görən Heydər Əliyev bu istiqamətdə dövlət qayğısının artırılması və ən əsası mövcud potensialın reallaşdırılması üçün vacib addımlar atmışdır. Bu xüsusda 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən sahibkarlığın inkişafı ilə bağlı iki dövlət proqramı ayrıca qeyd olunmalıdır. Həmin illərdə iqtisadiyyata nəzarəti həyata keçirən dövlət orqanlarının çoxluğu və fəaliyyəti bir sıra hallarda iqtisadi inkişafa subyektiv maneələr yaradır, iqtisadi islahatların tələblərinə cavab vermir və çox vaxt sahibkarlığın inkişafına süni əngəllər törədirdi. Yaranmış vəziyyəti ən xırda detallarına qədər düzgün qiymətləndirən Heydər Əliyev qeyd olunan istiqamət üzrə problemlərin aradan qaldırılması üçün qısa bir müddətdə kompleks tədbirlərin həyata keçirilməsinə nail olmuşdur. Bu kontekstdə ən vacib addımlardan biri kimi ölkə Prezidenti tərəfindən 1996-cı il iyunun 17-də “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” fərmanın imzalanması qeyd edilməlidir. Fərmanın təsdiqindən bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görülmüş, iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldılmışdır.
Ümumiyyətlə, 1996-2003-cü illərdə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramının (1997-2000-ci illər üçün)”, habelə “Sahibkarlıq fəaliyyəti haqqında”, “Müəssisələr haqqında”, “Səhmdar cəmiyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Əmtəə birjası haqqında”, “Lizinq xidməti haqqında” və bazar iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər qanunların qəbulu sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi mexanizmlərini təkmilləşdirmişdir.
Ümummilli lider sonrakı mərhələdə də sahibkarların problemləri ilə bilavasitə tanış olmaq üçün onlarla mütəmadi görüşlərin keçirilməsinə, iş adamlarını hansı məsələlərin narahat etməsini onların öz dilindən eşitməyə xüsusi diqqət yetirirdi. Buna nümunə kimi ulu öndərin 2002-ci il aprel ayının 10-da yerli, 25-də isə xarici sahibkarlarla görüşməsini, onların hər birinə şifahi və ya yazılı surətdə problemlərini söyləmək üçün əlverişli şərait yaratmasını göstərmək olar. Bu, yeni idarəçilik metodlarından istifadənin ən gözəl və səmərəli forması kimi tarixiləşmişdir.
Ulu öndər Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü sahibkarlığın inkişafı strategiyası son 10 ildə onun ən layiqli davamçısı - Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah” tezisi əsasında reallaşdırılan iqtisadi siyasət sivil və inkişaf etmiş cəmiyyət quruculuğu sahəsində mühüm uğurların əldə olunmasına imkan yaratmışdır. Ötən illərdə Azərbaycan “təqibedici artım” modelini uğurla həyata keçirərərək keçid dövrünü başa vurmuş, ölkə modern inkişaf mərhələsinə adlamışdır. Həyata keçirilən yeni iqtisadi siyasət sayəsində milli iqtisadiyyatın həcmi son 10 ildə 3,4 dəfə artmışdır. Hazırda Cənubi Qafqazda istehsal olunan ÜDM-in 85 faizi, strateji valyuta ehtiyatlarının 91 faizi Azərbaycanın payına düşür. Azərbaycanda ÜDM-in 1 faizlik nominal artımı təxminən 1,5 milyard dollar təşkil etdiyi halda, bu göstərici Gürcüstanda cəmi 160 milyon dollara, Ermənistanda 100 milyon dollara bərabərdir.
Respublikamız iqtisadi artım və makroiqtisadi sabitlik hədəflərini də müvəffəqiyyətlə balanslaşdıra bilmişdir. Ölkənin, o cümlədən Mərkəzi Bankın beynəlxalq normalardan bir neçə dəfə çox valyuta ehtiyatları var və bu da zəruri “təhlükəsizlik yastığı” rolunu oynayır. Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 47 milyard ABŞ dollarını ötmüşdür ki, bu da ölkəyə idxalın təxminən 3 il ərzində fasiləsiz şəkildə maliyyələşdirilməsinə kifayətdir. Bu vəsaitin xarici dövlət borcunu təxminən 10 dəfə üstələməsi də kifayət qədər diqqətçəkici faktdır.
Sumqayıt və Gəncə kimi ənənələri olan böyük şəhərlərdə mövcud sənaye müəssisələrinin yenidən qurularaq işə salınması Azərbaycanın iqtisadi sahədə inkişaf etmiş dövlətə çevrilməsi prosesinə ciddi təkan verəcəkdir. Ölkə iqtisadiyyatına layiqli töhfəsini verəcək belə layihələrdən biri də “Xəzər” Səhmdar Cəmiyyətinin şüşə sənayesini inkişaf etdirəcək “Azərşüşə” layihəsidir. Azərbaycanın hazırkı sosial-iqtisadi uğurları - tikinti-quruculuq, abadlıq və yenidənqurma işlərinin geniş vüsət alması, yeyinti, qida, tibb sənaye sahələrinin inkişafı, habelə elmi-texniki tərəqqi sahəsindəki nailiyyətlər şüşə sənayesinin inkişafını aktual məsələ kimi gündəmə gətirmişdir.
Hər bir azərbaycanlı bugünkü inkişafa, firavanlığa, əmin-amanlığa, ictimai-siyasi sabitliyə, ölkəmizin dünyadakı nüfuzunun artmasına görə ümummilli liderimiz Heydər Əliyevə və onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevə borcludur. Ölkə vətəndaşları ürəkdən inanırlar ki, Azərbaycanın hərtərəfli tərəqqi və yüksəlişinə xidmət edən bu siyasət qarşıdakı illərdə də inamla, uğurla davam etdiriləcəkdir. Qədirbilən xalqımız öz ümummilli liderini daim böyük məhəbbət və ehtiramla anacaq, bu dahi şəxsiyyətə olan sədaqətinin ifadəsi olaraq onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşəcəkdir.
Qüdrət KƏRİMOV,
“Xəzər” Səhmdar Cəmiyyətinin sədri,
iqtisad elmləri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.