Ümummilli lider Heydər Əliyevin tarixi şəxsiyyət kimi böyüklüyü XX əsrin sonu və XXI əsrin əvvəllərində ictimai-siyasi həyatın bir çox sahələrində özünü göstərdi. Lakin tarixin çox mürəkkəb, dramatik və məsul bir dövründə xalqın əsrlərdən gələn azadlıq və müstəqillik arzularını gerçəkləşdirərək, müstəqil və suveren Azərbaycan Respublikasını qurması onun dövlətçilik fəaliyyətini daha parlaq şəkildə nümayiş etdirdi. Bu fəaliyyəti zamanı o, fenomenal keyfiyyətləri ilə yanaşı, böyük iqtisadçı kimi də hakimiyyətinin ilk dövründə olduğundan daha qabarıq və parlaq şəkildə imkanlarını nümayiş etdirə bildi.
Doğrudur, Heydər Əliyevin sovet dönəmindəki siyasi fəaliyyəti də onun adını xalqımızın tarixində əbədiləşdirməyə kifayət edərdi. Ən yaxın tarix göstərir ki, kommunist rejiminin təzyiq və amansızlıqlarına baxmayaraq, postsovet məkanında sosial-iqtisadi inkişaf səviyyəsinə görə “qardaş sovet respublikalarının” arxa cərgəsində yer alan Azərbaycanda ürəkaçan bir mənzərədən danışmaq çox çətin idi. Ölkənin istər neft sənayesində, istər qeyri-neft sektorunda , istərsə də kənd təsərrüfatında üzücü bir mərhələ hökm sürürdü. Lakin o zaman Dövlət Təhlükəsizlik Komitəsinin 46 yaşlı generalı Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi hər şeyi kökündən dəyişmişdi.
Ölkə özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Respublikada sanki möcüzə baş vermiş və bütün regionlar hərəkətə gəlmişdi. Qeyri-adi bir qüvvə sirli şəkildə ölkənin iqtisadi, sosial, mədəni və elmi simasını sürətlə dəyişməyə başlamışdı.
Azərbaycana rəhbərliyinin ilk onilliyində Heydər Əliyev ölkə iqtisadiyyatında sözün əsl mənasında inqilab etmiş, respublikada yüzlərlə yeni müəssisə tikilmiş, neft-maşınqayırma sənayesinin yeni sahələri yaradılmış, dəmiryol nəqliyyatı sektoru yenidən qurulmuş, kimya, yeyinti sənayesi, kənd təsərrüfatının ayrı-ayrı sahələri sürətlə inkişaf etməyə başlamışdı. Artıq 1975-ci ildə respublikada ümumi neft və qaz hasilatının həcmi 27,1 milyon tona çatmışdı. Bu isə o demək idi ki, Azərbaycan 1941-ci ildəki ən yüksək neft və qaz hasilatı səviyyəsini ötüb keçmişdi.
Azərbaycanın şəhər və qəsəbələrinin, kəndlərinin siması sürətlə dəyişməyə, insanların rifah halı durmadan yaxşılaşmağa başladı. Az bir zamanda Azərbaycanın keçmiş sovetlər birliyində qabaqcıllar sırasına çıxması, Heydər Əliyevin ölkənin gələcəyinə ünvanlanan sirli strateji planlarının həyata keçirilməsinə şərait yaradırdı. Artıq müstəqillik illərində bu dövrü xatırlayarkən ümummilli lider deyirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun, hər şeydən əvvəl iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara demirdim nə üçün bu lazımdır... Mən istəyirdim mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin.”
Amma çox az bir zamandan, artıq SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini və Sov. İKP MK-nın siyasi bürosunun üzvü Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırılandan qısa bir müddət sonra Azərbaycanın bu cah-cəlalından əsər əlamət belə qalmır. Digər sovet respublikalarından fərqli olaraq ölkənin müstəqilliyə keçidi müharibə, daxili hakimiyyət çəkişmələri, vətəndaş qarşıdurması ilə müşaiyət olunur və hakimiyyətə qayıdışının elə ilk günündə Heydər Əliyev bu gerçəkliyi bəyanatında bütün təfərrüatı ilə xalqa bəyan edir: “İndi Azərbaycanda vəziyyət belədir: iqtisadiyyat büsbütün dağılmışdır. O ki, qaldı ictimai-siyasi vəziyyətə, bundan pisini ağıla gətirmək olmaz . Suveren dövlətin ərazisinin 17 faizi işğal olunmuşdur. Yarım milyondan çox qaçqın var. Sənaye və kənd təsərrüfatı istehsalı sıfır həddindədir...”
İqtisadi vəziyyətin həqiqətən gərgin olduğunu statistik rəqəmlər də aydın göstərirdi: əgər 1989-91-ci illərdə ümumi daxili məhsul istehsalı ildə orta hesabla 6,7 faiz azalmışdısa, müstəqilliyin ilk üç ili ərzində bu geriləmənin sürəti 3,8 dəfə artmışdı. 1990-cı illə müqayisədə 1993-cü ildə sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı 2 dəfə azalmışdı.
Ulu öndər Heydər Əliyevə qoyub getdiyi çiçəklənən bir Azərbaycandan iqtisadiyyatı dağılmış, Ermənistanla Dağlıq Qarabağ savaşında məğlub duruma düşmüş, minlərlə qaçqının çöllərə səpələndiyi, anarxiya, xaos və separatizmin meydan suladığı, vətəndaş müharibəsi həddində olan viranə bir məmləkət miras qalmışdı. Bununla belə, hələ ayaq tutmamış müstəqil ölkəni bu vəziyyətdə də rahat buraxmır, dağılan SSRİ-nin xarabalıqlarında ən qiymətli parça kimi Azərbaycanı öz qabağına çəkmək istəyən nəhəng xarici ölkələr arasında gedən gizli bir diplomatiya müharibəsində respublikaya hər tərəfdən zərbələr vurulurdu.
Ölkənin belə bir vəziyyətdə, bir çox dövlətlərin Dağlıq Qarabağ savaşından spekulyasiya etdiyini, Azərbaycanın isə dünyanın istər iqtisadi, siyasi, istərsə ideoloji savaşında çox zəif olduğunu, 1993-94-cü illərdə Qarabağ münaqişəsinin hərbi yolla həllinin perspektivsizliyini və onun ölkənin iqtisadi dirçəlişini əngəllədiyini nəzərə alan Heydər Əliyev ölkənin müharibədən çıxmasına və atəşkəs haqqında özünəməxsus razılaşma əldə edilməsinə nail oldu.
“Nə sülh, nə müharibə” kimi qeyri müəyyən bir vəziyyətdə Azərbaycan üçün ən qiymətlisi vaxt idi. Çünki bu amil məhz Azərbaycana işləyir, onun nəfəs dərməsinə, özünə gəlib yıxılmaqda olan dövlətçiliyini xilas etməsinə kömək edəcək, münaqişənin Bakıya münasib həllinə nail olmaq üçün qüvvələri sonrakı mərhələyə səfərbər etməyə imkan verəcəkdi. Digər tərəfdən, böyük uzaqgörənliklə neft diplomatiyası dövrünün başlandığını və bu diplomatiyada ölkənin qazanacağı iqtisadi və siyasi dividendləri görən Heydər Əliyev çox böyük səylə özünün uzun illərə hesablanmış neft strategiyasının real hədəflərini bələdləyirdi. Siyasət strateqi onu da yaxşı bilirdi ki, ölkədəki xaos və anarxiya, ədalətsiz müharibə və qeyri müəyyənlik, Azərbaycandakı zəngin karbohidrogen ehtiyatlarında maraqlı olan, nəhəng dövlətlərin və şirkətlərin təhlükəli region kimi ölkəmizə investisiya qoymasına imkan vermir. Hazırki durumda isə xarici kapital olmadan Azərbaycan iqtisadiyyatını iflasdan xilas etmək və ayağa qaldırmaq qeyri mümkün idi. Ona görə də qarşıdakı maneələri nəyin bahasına olursa olsun tezliklə dəf etmək lazım idi.
...Heydər Əliyevin az bir müddətdə bu istiqamətdə atılmış düşünülmüş və hədəfə ünvanlanmış addımları öz bəhrəsini verdi. 1994-cü il sentyabrın 20-də təzyiq və hədələrə baxmayaraq, “Əsrin müqaviləsi” imzalandı. Şübhəsiz, bu müqavilənin çox böyük iqtisadi dəyəri ilə yanaşı, ölçüyə gəlməyən siyasi əhəmiyyəti də var idi. Yaxın vaxtlara qədər dünyanın tanımadığı, iflas və məhv olmaq təhlükəsi qarşısında olan gənc, müstəqil Azərbaycan beynəlxalq iqtisadi-siyasətin maraq mərkəzlərindən birinə, bu siyasəti müəyyənləşdirən qüdrətli dövlətlərin mühüm iqtisadi tərəfdaşına çevrilirdi.
“Əsrin müqaviləsi” imzalanandan sonra əlverişli və etibarlı investisiya mühitinin formalaşdırılması üçün güclü qanunvericilik bazası yaradılmağa başlandı. Ölkə iqtisadiyyatında aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sisteminin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, yeni iqtisadi münasibətlərə cavab verməsi 1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı. Bunun başlıca amili isə ölkəyə xarici investisiya axınının başlanması idi. Əgər 1993-cü ildə Azərbaycan iqtisadiyyatına heç bir xarici kapital yönəldilməmişdisə, artıq 1994- 2000-ci illərdə ölkəyə 5,5 milyard birbaşa xarici investisiya daxil olmuşdu ki, bunun da 3,3 milyard dolları neft sektoruna, 2,2 milyard dolları isə sənayenin digər sahələrindəki infrastrukturun inkişafına yönəldilmişdi. Bu investisiya axını artdıqca Azərbaycan sənayesi, tikinti, nəqliyyat-kommunikasiya və digər xidmət sahələri dirçəlməyə, 1997-ci ildən isə ümumi daxili məhsul istehsalı sürətlə artmağa başladı.
1995-2000-ci illərdə xarici investisiyalarla paralel olaraq yerli mənbələr hesabına kapital qoyuluşunun həcmi də sabit olaraq qalxmağa başladı. Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlardan sonra əldə olunan gəlirlər dövlət büdcəsindən, yerli şirkətlərdən və fərdi şəxslərdən, bu dövrdə sənayenin bir çox sahələrinə- yaşayış evlərinin və kommunal xidmət müəssisələrinin tikintisinə, nəqliyyat və kommunikasiyaya, ticarət və xidmət obyektlərinin, mədəni müəssisələrin, hotellərin tikintisinə 9,7 trilyon manat (2,3 milyard dollar) vəsait yönəltməyə imkan verdi.
Xarici ticarətin liberallaşdırılması və idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi Azərbaycanın xarici ticarət əlaqələrinin inkişafının sürətləndirilməsinə geniş imkanlar açdı. “Heç bir ölkə, hətta ən böyük bir ölkə belə, yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz”, deyən və ölkədə xarici biznes adamları üçün “açıq qapılar” siyasəti elan edən Prezident Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı bu ölkələrin iş adamları, şirkət rəhbərləri ilə görüşür, gənc müstəqil dövlətin iqtisadi potensialı haqqında ətraflı danışır, onları Azərbaycana dəvət edir və yüksək biznes mühitinə təminat verirdi. Bunun nəticəsi özünü çox gözlətmədi. Artıq 1994-cü ildəki 57 ölkədən fərqli olaraq, 2000-ci ildə respublika 123 ölkə ilə ticarət əlaqəsi qurmuş, xarici ticarət dövriyyəsinin həcmi 3,9 milyard manata çatmışdı ki, bu da 1994-cü ildə olduğundan 2,5 dəfə çox idi.
Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən biri də Azərbaycanda yaxın illər ərzində sosial -iqtisadi tərəqqini təmin edəcək sahibkarlıq mexanizminin əsasını qoyması, onu bütün ölkə boyu işlək mexanizmə çevirmək üçün qanunvericilik bazasını yaratması və ölkədə yeni yaranmağa başlayan sahibkarlar sinfinin formalaşmasında şəxsən iştirak etməsi olmuşdur. Bu işdə dövlət başçısının qətiyyəti sayəsində ictimai və dövlət mülkiyyətinin özəlləşdirilməsinin yeni Dövlət Proqramının hazırlanıb çox sürətlə həyata keçirilməsinə start verməsi xüsusilə mühüm rol oynamışdır.
Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci il iyulun 30-da “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət Proqramı”nın təsdiq olunması üçün Milli Məclisə ünvanladığı müraciət məktubunda çox böyük uzaqgörənliklə bu tədbirin mühüm əhəmiyyətini göstərərək yazırdı: “İqtisadi böhrandan əsas çıxış yolu dövlət mülkiyyətinin özəlləşdirilməsindədir, ona görə ki, dövlətin iqtisadi sahədə yeganə inhisarçı olduğu şəraitdə heç bir islahatın aparılması mümkün deyildir”.
Bununla paralel olaraq Prezident Heydər Əliyev vaxt itirmədən, məsuliyyəti üzərinə götürərək, böyük cəsarətlə, ancaq çox dəqiqliklə işlənmiş aqrar islahatlara start verdi. Qısa vaxtda “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və “Torpaq islahatı haqqında” qanunlar işlənib hazırlandı və qəbul olundu. Bu artıq fərdi təsərrüfatların, yəni şəxsi mülkiyyətə söykənən sahibkarlığın əsasını qoymağa geniş imkan açırdı.
Ulu öndərin cəsarətlə bu islahatlara getməyinin bir səbəbi də onda idi ki, o, torpaq islahatını Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə Culfa rayonunun Şurut və Gal kəndində sınaqdan keçirmişdi. Böyük dövlət xadiminin bu sahədə müstəsna xidmətlərinin real nəticəsidir ki, indi hər il kənd təsərrüfatı məhsulları istehsalının artan dinamikası müşahidə edilir və bu da ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan verir. Məsələn, 2006-cı ildə respublikanın kənd təsərrüfatında indiki qiymətlərlə 2,1 milyard dollarlıq məcmu məhsul istehsal edilmişdi.
Fəlsəfi fikir sahiblərindən biri yazır ki, “siyasət dünyasında daimi heç nə olmadığı kimi, heç bir universal resept də yoxdur. Yalnız uğur qazanmaq üçün daimi qaydalar var. Siyasətdə başlıcası adekvat metod və vasitələr axtarıb tapmaqdır.” Bu metod və vasitələri tapmaqda çətinlik çəkməyən Heydər Əliyevin fenomenal siyasi istedadı ən çətin məqamda belə ona uğur gətirən qızıl qaydaya çevrilmişdi.
Bu fenomenal siyasi istedad sahibinin müstəqil respublikanın iqtisadiyyatına verdiyi misilsiz töhfələrdən biri də, irəli sürdüyü unikal layihələrlə Azərbaycanı tranzit ölkəsinə çevirməsidir. bp şirkətinin prezidenti Con Braunun haqlı olaraq “dünyanın enerji xəritəsini dəyişən” layihə kimi qiymətləndirdiyi Bakı—Tbilisi—Ceyhan neft kəməri ulu öndərin neft strategiyasında yeni bir mərhələ oldu. Bəzi dövlətlərin qısqanclıqla yanaşdıqları, hətta reallaşacağına şübhə etdikləri Bakı-Tbilisi-Ceyhan neft kəməri, əslində, böyük öndərin neft strategiyasının məntiqi davamı idi. Nahaq deyildi ki, hələ böyük neft müqaviləsi imzalananda tanınmış rus siyasətçilərindən biri yazırdı: “Vaxtilə “Neft Daşları”nın kəşfi Azərbaycanı Xəzərin hökmdarı etmişdisə, Heydər Əliyevin ağıllı kombinasiyalarının, dərin zəkasının və qətiyyətinin təntənəsi olan “Əsrin müqaviləsi” gənc müstəqil Azərbaycanı dünyanın qüdrətli dövlətlərinin mühüm iqtisadi tərəfdaşına çevirdi”.
Bu gün fəaliyyət göstərən Böyük İpək Yolunun bərpası, Bakı—Tbilisi—Ceyhan neft kəməri, Bakı-Tbilisi—Ərzurum qaz kəməri layihələrinin reallaşmasının ardınca hazırda gerçəkləşməkdə olan, Şimalla -Cənubu birləşdirəcək Bakı-Tbilisi - Qars yeni dəmir yolu magistralının istifadəyə verilməsi Azərbaycanı nəinki regionda, bütün dünyada çox mühüm strateji portnyora cevirəcək. Bu, Hindistanın, Cənubi Asiya və Fars körfəzi, Yaxın və Orta Şərq, Şərqi və Mərkəzi Avropa ölkələrinin Azərbaycandan keçən yüklərinin həcmini əhəmiyyətli dərəcədə artıracaq.
Alfred Nobelin XX əsrin əvvəllərində “burada neft, qan və siyasət çox sıx şəkildə bir-birinə qarışıb” – deyə, xarakterizə etdiyi Azərbaycan artıq XX əsrin sonunda xalqın dahi oğlu Heydər Əliyevin gərgin əməyi, məntiqi siyasi gedişləri və inkişaf strategiyası nəticəsində qan-qadadan uzaq, sabitliyin və əmin-amanlığın hökm sürdüyü bir ölkəyə çevrilirdi. Gündən-günə artan neft gəlirləri, xarici investisiya axını ölkənin iqtisadi mənzərəsini dəyişir, Azərbaycanı regionun lider dövlətinə çevirirdi.
Fransız politoloqu Jan Blondel yazırdı: “Siyasi liderlik bir və ya bir neçə fərdin həyata keçirdiyi elə bir hakimiyyətdir ki, bununla millətin nümayəndələri hərəkətə gətirilir.” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev özünün uzaqgörən siyasəti və gərgin əməyi sayəsində, ağır və ziddiyyətli şəraitə baxmayaraq, tarixin çox qısa bir zamanı çərçivəsində ölkəsinin kövrək müstəqilliyini qoruyub möhkəmləndirməklə bərabər, respublikanın sosial-iqtisadi inkişafında və dünya təsərrüfat sisteminə inteqrasiya olunmasında da çox böyük uğurlar qazandı. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, ölkədə müstəqil dövlət quruculuğu prosesinin həyata keçirildiyi bu dövrdə iqtisadi islahatların mahiyyətcə tam yeni bir modeli – Azərbaycan modeli meydana gəldi. Artıq 2003-cü ildən başlayaraq, yeni bir liderin – Prezident İlham Əliyevin rəhbərliyi ilə məhz bu iqtisadi modelin ikinci mərhələsi reallaşdırılmağa başlanıldı.
İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.