Paytaxtın “Four Seasons” otelində Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın 2012-ci il üzrə fəaliyyət nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Tədbiri Bankın İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Sona Abbasova açmışdır. İdarə Heyətinin sədri Fərid Axundov PAŞA Bankın 2012-2014-cü illərin strategiyasının əsas istiqamətləri, ötən ilin nəticələri və ümumiləşdirilmiş maliyyə göstəricilərini təqdim edərək demişdir ki, ölkəmizin aparıcı bankına çevrilmək, tam fünksional fərdi bank xidmətləri imkanı yaratmaq, korporotiv idarəetmə sistemini gücləndirmək istiqamətində fəaliyyətimiz getdikcə güclənir. Bankın brendinin daxildə və xaricdə tanınması, informasiya texnologiyalarının güclənməsi, insan resurslarının idarə olunması sisteminin daha da optimallaşdırılması, maliyyə sabitliyinin qorunub saxlanması, institusional inkişaf, qeyri-neft, özəl sektorların, kiçik və orta sahibkarlığın inkişafı bankın başlıca prioriteti və strateji istiqamətləridir.
F. Axundov məruzəsində göstərmişdir ki, 2012-ci ildə Bank maliyyə cəhətdən daha da güclənmiş, maliyyə bazarında proaktiv mövqeyini qoruyub saxlamış, bazarda mövcud olan insan resurslarının ən yaxşısını, ən istedadlısını işə cəlb etmək üçün işləyib hazırladığı unikal qəbul sistemindən bəhrələnmiş, insan kapitalının idarəolunmasının effektivlik göstəricisi-gəlir əmsalına görə (hər əməkdaş bir ildə Banka 150 min AZN gəlir verir) ölkə bankları arasında aparıcı yer tutmuşdur.
2012-ci ildə “İnternet Banking” bir xidmət kimi işlənib hazırlanaraq müştərilərə təqdim edilmiş, risklərin idarəolunma sisteminin inkişafı sahəsində geniş miqyaslı işlər həyata keçirilmişdir. Daxili nəzarət mexanizmlərinin, Komplayens funksiyasının gücləndirilməsi və daxili auditin səmərəliliyinin təmin olunması əsas istiqamət olaraq qalmışdır.
Şəffaflıq PAŞA Bank üçün “zamanın tələbi” deyil, rəqabət üstünlüyünün əldə olunması üçün bir silahdır. Aktiv müştəri bazasının 99,5 faizi qeyri-neft sektorunu təmsil edir.
Kredit portfelinin 80 faizdən çoxu Bankın hədəf kimi seçdiyi sektorlara (ticarət və xidmətlər, istehsalat və tikinti) verilmiş kreditlərdir.
Özəl sektor müştəri hesabları həcminin 99,2 faizini təşkil edir. Azərbaycanda biznes inkişaf etdikcə imkanlar genişlənir, yeni bank məhsulları, yeni “know how”lar üçün ehtiyac artır. Bizneslər artıq Azərbaycanın sərhədləri hüdudundan çıxaraq yeni bazarlar axtarmağa başlayır. KOSlar Azərbaycan iqtisadiyyatının təməl daşlarından birinə çevrilir və KOS sektorunun ÜDM-də payı gələcək illərdə daha da artacaq. Strateji müddətin sonunadək PAŞA Bankın portfelinin yarısından çoxunun KOSlara verilən kreditlərdən ibarət olması gözlənilir. Bunun nəticəsidir ki 2012-ci ildə KOSlar üçün geniş reklam kampaniyası başlamışdır ki, bu da kredit portfelində KOSların çəkisini artırmağa imkan verir.
Bank öz müştəriləri ilə birlikdə yeni bazarlara daxil olur. 2013-cü ilin fevral ayından PAŞA Bank Gürcüstanda rəsmən fəaliyyət göstərməyə başladı və 188 348 431 AZN-ə (239 934 307 ABŞ dolları) malik olan kapitalı ilə ən iri kommersiya banklarından biri kimi mövqeyini qoruyub saxlaya bildi. Bankın kapitalının 40 faizi gəlirlərin kapitallaşması vasitəsilə əldə edlən vəsaitdən ibarətdir.
Ötən il Beynəlxalq Reytinq Agentliyi “Standard & Poor’s” PAŞA Banka 100 faiz yerli kapitala malik banklar arasında ən yüksək “BB”-stabil proqnoz reytinqi verilib. “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (EDR) “Sabit” proqnozla “B+” səviyyəsində təsdiq edib.
Bank maliyyə bazarında ilk dəfə olaraq korporativ kağızlar üzrə marketmeyker xidmətləri göstərməyə başlamışdır. Ölkənin bank sistemində ilk dəfə olaraq 150 milyon ABŞ dolları məbləğində avrobond buraxılışının birgə idarə etmə vəzifəsini Avropanın aparıcı banklarından biri ilə bölmüşdür.
Konfransda İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Şahin Məmmədov və Baş İnvestisiya İnzibatçısı Taleh Kazımov çıxış etmişlər.
Qeyd olunmuşdur ki, 2012-ci ildə PAŞA Bankın aktivlərinin ümumi məbləği 721 074 710 AZN (918 566 510 ABŞ dolları) təşkil etdi ki , bu da 2011-ci il (573 879 801 AZN / 731 057 071 ABŞ dolları) ilə müqayisədə 26 faiz artım deməkdir. 2012-ci il üzrə bankın aktivlərin strukturu aşağıdakı kimi bölünür: qiymətli kağızlar portfeli - 47 faiz, müştərilərə verilmiş kreditlər - 38 faiz, nağd pul və nağd pul ekvivalentləri - 10 faiz, kredit təşkilatlarına verilən vəsaitlər - 2 faiz və digərləri dövriyyə və qeyri-dövriyyə aktivlərinə aiddir.
Bank 2012-ci ildə likvidliyi arzu olunan səviyyədə, qiymətli kağızlar portfelində 29 faiz artımla saxlaya bildi (337 878 743 AZN / 430 418 781 ABŞ dolları). Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə bu göstərici 260 975 703 AZN (332 453 125 ABŞ dolları) olub. Biz ümumi kredit portfelimizi 15 faizə kimi, yəni 282 837 279 AZN-ə (360 302 266 ABŞ dolları) artırmaqla güclü kredit artımına nail olduq. Müvafiq göstərici 2011-ci ildə 246 769 000 AZN (314 355 414 ABŞ dolları) təşkil etmişdi. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 3,1 faiz (2011 - 5,2 faiz) olmuşdu.
İnkişafa doğru gedən bazarda davamlı qalaraq və müştərilərə xidmət göstərərək biz indi son bir neçə il ərzində inkişaf etdirdiyimiz əlaqələrdən yararlanırıq. Nəticədə müştəri bazasında 457 066 671 AZN (582 250 536 ABŞ dolları) balans ilə güclü inkişafa nail olduq. Ötən il üçün isə müvafiq göstərici 371 499 366 AZN (473 247 600 ABŞ dolları) təşkil etmişdi ki, bu da inkişafa meyl və yeni hesabların inkişafından irəli gəldi. Qeyd etdiyimiz müştəri balansları əsasən tələb olunan və müddətli hesablarda-müvafiq olaraq 58 faiz və 42 faiz nisbətində cəmlənib (2011-ci il üçün 55 faiz və 45 faiz).
Bankın 2012-ci ildə xalis mənfəəti 16 211 544 AZN-dən (20 651 648 ABŞ dolları) ibarətdir ki, bu da 2011-ci ilin (13 359 130 AZN / 17 018 000 ABŞ dolları) müvafiq müddəti ilə müqayisədə 21 faiz artım deməkdir. Bizim mənfəət vergisi xərcindən əvvəl mənfəətimiz 20 762 517 AZN (26 449 066 ABŞ dolları) təşkil etmişdir. Bu isə əvvəlki il ilə (15 150 307 AZN/19 299 754 ABŞ dolları) müqayisədə 37 faiz artım deməkdir. 2012-ci il üzrə ümumi əməliyyat gəliri 43 142 099 AZN (54 958 088 ABŞ dolları) olmuşdur. Bu isə 2011-ci ildə əldə olunmuş 31 036 978 AZN (39 537 552 ABŞ dolları) ilə müqayisədə 39 faiz artım olmasını göstərir.
Bankın faiz gəliri 33 faiz artaraq 48 141 039 AZN (61 326 164 ABŞ dolları) təşkil etdiyi halda, qeyri-faiz gəliri 30 faiz artaraq 9 282 918 AZN (11 825 373 ABŞ dolları) məbləğinə çatmışdır.
Bank vaxtında və peşəkar xidmətlər göstərmək potensialını gücləndirmək məqsədilə müştərilər üçün müxtəlif seminar və görüşlər təşkil etmişdir. Sənədli əməliyyatlar üzrə göstərici bir il ərzində 2,3 dəfə artırılaraq 2011-ci ildə olan 43 689 159 AZN (55 654 980 ABŞ dolları) məbləğindən 101 648 473 AZN (129 488 501 ABŞ dolları) məbləğinə çatdırılmışdır. Bank üçün hazırkı strateji hədəf 2013-cü ildə ticarətin maliyyələşdirilməsi portfelini 140 000 000 AZN (178 343 949 ABŞ dolları) məbləğinə çatdırmaqdır.
Bizim ROA (aktivlər üzrə rentabellik) güclü olaraq 3,84 faiz (2011 - 3,40 faiz) qaldığı halda, ROE (kapital üzrə gəlirlilik) üzrə mənfəət vergisi xərcindən əvvəl mənfəət və ehtiyatlardan öncə hesablanması əsasında 17,62 bfaiz (2011 - 15,80 faiz) olmuşdur. Bank, birinci dərəcəli kapitalın mövcudluğunu Azərbaycan Respublikası Mərkəzi Bankının 34 faiz (2011 - 43 faiz) kapital tələbinə göstərərək güclü daxili kapital yüksəlişi əldə etmişdir, bu da Bankın nizamnamə kapitalından səmərəli istifadə etməsini göstərir. Biz, Basel II və Basel III tətbiqinin yekunlaşdığı zaman, lazımi kapital səviyyəsinin qarşılanması üzərində çalışmağa davam edərək təsisçilərimizə kapitalı dividend şəklində geri qaytarırıq. 2012-ci ildə Bank səhmdarlara 2011-ci ilin xalis mənfəətindən 982 199 AZN (1 251 209 ABŞ dolları) məbləğində dividend ödəmişdir. Bu isə ümumi xalis mənfəətin 6,1 faizini təşkil etmişdir.
Konfransın sonunda Bankın İdarə Heyətinin üzvləri tərəfindən jurnalistləri maraqlandıran suallara ətraflı cavablar verilmişdir.
Afət Sadıqoğlu, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.