Bakıda Azərbaycan ilə Yaponiya arasında kosmik sənayenin inkişafına həsr olunmuş seminar keçirilir

 

 

Fevralın 27-də Bakıda Azərbaycan ilə Yaponiya arasında kosmik sənayenin inkişafına həsr olunmuş seminar işə başlamışdır.

İki gün davam edəcək seminarın məqsədi Azərbaycan-Yaponiya iqtisadi əlaqələrinin inkişafına töhfə verməkdir.

Seminarda çıxış edən Yaponiya nümayəndə heyətinin rəhbəri, “Mitsubishi Electric Corporation”nın böyük vitse-prezidenti Takaşi Sasakava tədbirdə həm dövlət, həm də özəl sektor nümayəndələrinin iştirak etdiklərini söyləmişdir. Bildirmişdir ki, seminarın keçirilməsi iki ölkə arasında aerokosmik sahədə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması üçün çox önəmli hadisədir.

Kosmik sənayedə müasir texnologiyalardan istifadə edildikdə, bunun paralel olaraq digər sektorların da inkişafına şərait yaratdığını deyən natiq qeyd etmişdir ki, Yaponiyada ən yüksək səmərəli aparatların istehsalına nail olunmuşdur. Bundan başqa, gələcək nəsil üçün yeni qurğular hazırlanmışdır.

Yaponiyanın kosmik sektorunun dünyanın ən qabaqcıl peyk texnologiyasına malik olduğunu söyləyən T.Sasakava ölkəsinin Sinqapur və Tayvan üçün peyk istehsal etdiyini, hazırda isə Türkiyə üçün yeni “Türksat” peykinin üzərində işlədiklərini bildirmişdir. 

Azərbaycan ilə Yaponiyanın kosmik sahədə əməkdaşlığına həsr olunmuş seminarın əhəmiyyətini yüksək qiymətləndirən rabitə və texnologiyalar naziri Əli Abbasov bu müzakirələrin konkret əməkdaşlığa çevriləcəyinə ümid etdiyini bildirmişdir. Nazir qeyd etmişdir ki, Azərbaycanda kosmik texnologiyanın inkişafı başlanğıc mərhələsindədir. Buna baxmayaraq, vaxtilə keçmiş İttifaqın kosmik sənayedə əldə etdiyi uğurlarda ölkəmizin də rolu olmuşdur. Belə ki, Azərbaycan hələ 1970-ci illərin əvvəllərindən Sovetlər İttifaqının kosmik proqramının fəal iştirakçısı, sonra isə bu sahədə bir sıra uğurlara imza atan respublikalardan biri olmuşdur. Lakin müstəqil Azərbaycanın kosmik sənayesinin tarixi 2008-ci ildən etibarən başlanmışdır. Ötən dörd il müddətində respublikamız artıq ilk telekommunikasiya peykini orbitə çıxarmışdır. Eyni zamanda, bu istiqamətdə geniş planlarımız da mövcuddur.

Azərbaycan bu gün iqtisadi inkişafın yeni mərhələsindədir. Artıq təbii sərvətlərə əsaslanan iqtisadiyyatı texnoloji və innovativ iqtisadiyyata yönəldilmiş siyasət həyata keçirməyə başlamışıq. Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun geniş əhatə olunduğunu xatırladan nazir, gələcəkdə qeyri-neft sektorunun, xüsusilə də bu sahənin inkişaf etdiriləcəyini demişdir.

Azərbaycanın ikinci alçaq orbitli peykinin 2014-cü ildə orbitə çıxarılacağını vurğulayan Ə. Abbasov ölkəmizdə kosmik sənayenin inkişafı üçün reallaşdırılacaq tədbirlərdən də danışmışdır.

Daha sonra Yaponiyanın ölkəmizdəki səfiri Suşuke Vatanabe Azərbaycanın təkcə təbii ehtiyatları ilə deyil, insan resursları ilə də zəngin olduğunu bildirərək demişdir ki, bu, çox mühüm amildir. Hər bir ölkənin gələcəyi bu resursların səmərəli istifadə olunmasından asılıdır.

Kosmik sektora dair seminarın təşkilinin ikitərəfli əlaqələrdə yeni üfüqlər açacağını qeyd edən səfir, 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” olduğunu diqqətə çatdırmış və bu sahənin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu söyləmişdir.

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev kosmik sənayenin ölkəmiz üçün yeni sahə olduğunu deyərək, bu istiqamətdə qarşıda duran perspektiv layihələr barədə məlumat vermiş, respublikamızda İKT-nin inkişafının beynəlxalq bazarlara da yol açdığını qeyd etmişdir. Bildirilmişdir ki, fevralın 8-də orbitə qaldırılan Azərbaycanın ilk telekommunikasiya peykinin istismar müddəti ən azı 15 il təşkil edəcəkdir. “Azərspace-1” adlanan peyk teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulmuşdur. Azərbaycanın 2014-cü ildə Yerin müşahidəsi peykini, 2016-cı ildə isə digər bir peyki orbitə qaldıracağını da söyləyən R.Nəbiyev, bu sahədə uğura nail olmaq üçün təcrübəli ölkələrlə əməkdaşlığın önəmini vurğulamışdır.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi və Yaponiyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən seminar qarşılıqlı təqdimatlarla davam etmişdir.

Seminara Yaponiya tərəfdən “Mitsubishi Electric Corporation”, “Nippon” elektrik korporasiyası, “IHI Corporation”, “IHI Aerospace Co.”, PASCO, JAMSS, “Sumitomo”, “Itochu Corporation”, Yaponiya Kosmos Forumu, Yaponiya Aerokosmik Tədqiqat Agentliyi, Yaponiya Kosmos Sistemləri, Yaponiya Uzaqdan İdarəetmə Mərkəzi, Yaponiya Aerokosmik Şirkətləri Cəmiyyətinin, ümumilikdə isə 17 şirkətin nümayəndələri qatılmışlar. Azərbaycan tərəfdən isə tədbirdə 24-dən çox şirkətin nümayəndə heyətləri iştirak edirlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında