Gələn ilin sonlarında “Qərbi Çıraq platforması”ndan neft hasilatına başlanacaq

Azərbaycanın yeni neft strategiyasının davamı olan “Çıraq” layihəsi çərçivəsində tikinti-quraşdırma işləri tədricən sona yaxınlaşır.

Azərbaycanın yeni neft strategiyasının davamı olan “Çıraq” layihəsi çərçivəsində tikinti-quraşdırma işləri tədricən sona yaxınlaşır. Xatırladaq ki, 2010-cu il mart ayının 9-da adıçəkilən layihəyə başlamağa dair sazişin imzalandığı vaxtdan indiyədək bütün tikinti fəaliyyətləri plana uyğun şəkildə davam etdirilmişdir. Artıq tikinti-quraşdırma işlərinin 83 faizi heç bir istehsalat qəzası baş vermədən yüksək səviyyədə tamamlanmışdır.

Azərbaycanda fəaliyyət göstərən konsorsiumun sifarişçisi olduğu “Çıraq” neft layihəsinin ümumi dəyəri 6 milyard ABŞ dolları təşkil edir. Layihə çərçivəsində nəzərdə tutulan tikinti-quraşdırma işlərinin mühüm hissələrindən sayılan “Qərbi Çıraq” platformasının dayaq blokunun tikintisi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda bu yaxınlarda uğurla başa çatdırılmışdır. “Bos Şelf” yerli Azərbaycan şirkətinin  podratçısı olduğu dayaq bloku Xəzər dənizində indiyədək inşa edilmiş bu tipli ən ağır qurğudur. Onun tikintisinə 2 min nəfər cəlb olunmuşdur. Subpodratçı və təchizatçı mütəxəssislərin də daxil olduğu işçi qüvvəsinin 96 faizini yerli Azərbaycan vətəndaşları təşkil etmişdir. Dayaq blokunun tikintisində ARDNŞ-in birgə müəssisələrindən, gəmilərindən, tikinti-quraşdırma sahələrindən və digər zəruri infrastrukturundan istifadə olunmuşdur. “Qərbi Çıraq” platformasının dayaq blokunun ümumi çəkisi 18 min 200 ton, hündürlüyü isə təxminən 185 metrdir. Qurğunun ümumi çəkisi 6700 ton olan 13 (üstəgəl bir ehtiyat) payası, 7 dikborusu, 8 “J” şəkilli  və 10 qoruyucu borusu var. Onu da deyək ki, “Çıraq” neft layihəsi üzrə tələb olunan bütün tikinti-quraşdırma işləri, qurğu və avadanlıqların inşası tamamilə Azərbaycanda həyata keçirilmişdir.  Bu da  “Əsrin müqaviləsi” çərçivəsində  ilk dəfə reallaşdırılan bir təşəbbüs kimi diqqəti cəlb edir.

 Dayaq bloku ötən həftənin sonunda Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun  tikinti-quraşdırma sahəsinin yanalma limanında təhlükəsiz şəkildə Dövlət Neft Şirkətinə məxsus STB-1 daşıma barjına yüklənmişdir.  Məlumat üçün bildiririk ki, cari ilin sonunadək  barjın üzərində qalacaq qurğu 2013-cü ilin əvvəllərində dənizə yola salınacaq. Bu müddət ərzində isə “Çıraq” neft layihəsi üçün hazırda quraşdırılmaqda olan sualtı boru kəmərlərinin inşasını, eləcə də “Dədə Qorqud” qazma  qurğusuna təqribən iki il əvvəl başladığı öncə qazma işlərini maneəsiz şəkildə sona çatdırmağa imkan verəcək. Xatırladaq ki, “Qərbi Çıraq” platforması “Dərinsulu Günəşli” və “Çıraq-1” platformalarının arasındakı ərazidə suyun 170 metr dərinliyində quraşdırılacaq. Layihə çərçivəsində ilk neftin hasilatı isə 2013-cü ilin dördüncü rübündə nəzərdə tutulur.

Layihə meneceri İlqar Məmmədov jurnalistlərlə söhbət zamanı demişdir: “Çıraq” neft layihəsi bp-yə Azərbaycanın yerli ehtiyatlarından istifadəni optimallaşdırmaq öhdəliyini yerinə yetirmək üçün daha bir imkandır. Layihənin tikinti-quraşdırma işləri dövründə 20 milyon-adam iş saatının sərf olunacağı gözlənilir. Bunun isə 90 faizi Azərbaycanda  həyata keçirilir. Həmçinin  podratçı şirkətlərə yerli subpodratçılardan maksimum istifadə  etmək tövsiyə olunub ki, bunun da nəticəsində layihə üzrə ümumi xərclərin 30 faizindən çox hissəsinin Azərbaycanda sərf ediləcəyi gözlənilir”.

“Çıraq” neft layihəsinin əsas qurğularından sayılan hasilat platformasının üst modulları isə  AMEC-TEKFEN-AZFEN alyansının Bibiheybət tikinti-quraşdırma sahəsində inşa olunur. Artıq üst modulların tikintisi üzrə işlərin təxminən 90 faizi uğurla başa çatdırılmışdır. Qurğunun dənizə yola salınması isə gələn ilin ikinci rübünə planlaşdırılır. “Əsrin müqviləsi” çərçivəsində indiyədək əldə olunmuş zəngin təcrübəyə əsaslanan “Çıraq” neft layihəsi üzrə reallaşdırılan tikinti-quraşdırma işlərinə ümumilikdə 3500 nəfərdən artıq işçi cəlb olunmuşdur ki, bunun da 90 faizi yerli vətəndaşlardır.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında