Azərbaycanda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluğun səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına nail olmaq məqsədilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” uğurla icra edilmişdir. Hazırda isə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində tədbirlər cədvəl üzrə həyata keçirilir.
Ölkəmizin son illərdəki büdcəsinə də nəzər saldıqda reallaşdırılan iqtisadi strategiyanın milli maraq və mənafe baxımından səmərəliliyi bir daha təsdiqini tapır. MDB dövlətlərinin büdcə vəsaitləri 2003-2012-ci illərdə ən yaxşı halda 3-4 dəfə artdığı halda, respublikamızda bu göstərici üzrə fərq 10 dəfədən çoxdur. Azərbaycanın büdcə gəlirlərinin illik artım tempi ötən dövrdə orta hesabla 30-40 faiz artımla müşayiət olunmuşdur. Məsələn, əgər 2003-cü ildə büdcə gəlirləri 1 milyard 200 milyon manat təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 17 milyard manatı ötmüşdür.
Son illər Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” Təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi və digər qurumların hesabatlarında Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də digər tədbirlərin intensiv xarakter alması əksini tapmışdır. Ümumdünya İqtisadi Forumunın açıqladığı ənənəvi qlobal rəqabətlilik əmsalında respublikamız 2011-ci illə müqayisədə 9 pillə irəliləyərək 46-cı yerdə qərarlaşmış, əksər MDB və Avropa ölkələrini geridə qoymuşdur.
İnsan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət nəticəsində son illər Azərbaycanda işsizliyin səviyyəsində də nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. 2012-ci ilin birinci yarısında respublikada 37 mini daimi olmaqla 46 minə yaxın iş yerinin açılması da kifayət qədər uğurlu göstəricilərdən biridir. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verir. Müqayisə üçün bildirək ki, hazırda avrozonada işsizliyin səviyyəsi 10,8 faiz olduğu halda, Azərbaycanda bu göstərici 5,4 faiz təşkil edir. 2003-cü ildən ölkədə 1 milyondan artıq iş yeri açılmış, işsizliyin səviyyəsi 28 faizdən 5,4 faizə düşmüşdür.
Azərbaycanda son 10 ildə qeyri-neft sektoru 2,8 dəfə artmışdır. Qeyri-neft sahələrinin inkişafına və ölkə iqtisadiyyatının diversifikasiyasına, eləcə də bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yüksəldilməsinə yönəlmiş tədbirlər nəticəsində son 5 ildə ÜDM-də qeyri-neft sektorunun payı 40,7 faizdən 44,4 faizə yüksəlmiş, neft sektorunun payı isə 53,8 faizdən 48,5 faizə qədər azalmışdır.
Elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlərin aparılması, yolların və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması və inkişafı layihələrinin həyata keçirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) beynəlxalq standartlara uyğun yenidən qurulması və inkişafı, yeni iş yerlərinin və yeni müəssisələrin açılması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə özündə 817 tədbiri əks etdirən “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” həyata keçirilir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Prezident İlham Əliyev 9 sərəncam imzalamış, Prezidentin Ehtiyat Fondundan Bakının rayon və qəsəbələri üçün 28,5 milyon manat vəsait ayrılmışdır.
Əldə olunmuş iqtisadi nailiyyətlər əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlərin gerçəkləşdirilməsinə, xüsusilə də əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasına daha əlverişli şərait yaratmış, bütün sahələrdə olduğu kimi, sosial sferada da aparılan islahatlar əhalinin etibarlı sosial müdafiə sisteminin inkişafını təmin etmişdir. Müstəqillik illərində dövlət büdcəsindən əhalinin sosial müdafiəsi və sosial təminatına çəkilən xərclər 30,8, iqtisadiyyatın inkişafına yönəldilən vəsaitlər isə 93 dəfə artmış, əməkhaqqı, pensiya və müavinətlərin ödənilməsinə 52 dəfə çox vəsait sərf olunmuşdur.
Son 20 il ərzində əhalinin real gəlirləri 2,4, ölkə üzrə iqtisadiyyatda məşğul olan işçilərin orta aylıq əməkhaqqı nominal ifadədə 107 dəfə artmışdır. Əhalinin hər nəfərinə düşən gəlirləri də 16,2 dəfə çoxalmışdır. BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatında Azərbaycanın sosial sahədə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirilmişdir. İnsan inkişafı üzrə 2005-ci ildə 101-ci yerdə qərarlaşan Azərbaycan öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq hazıtda 67-ci yerə yüksəlmişdir. Bundan başqa ölkəmiz MDB ölkələri arasında insan inkişafı indeksinə görə ən yüksək göstəriciyə nail olmuş və “orta insan inkişafı” qrupundan “yüksək insan inkişafı” qrupuna keçmişdir. Azərbaycanda insan inkişafı indeksinin yüksəlməsinə təhsil göstəriciləri əhəmiyyətli təsir göstərmişdir. Belə ki, həmin hesabata əsasən, Azərbaycanda savadlılıq səviyyəsi 99,5, ibtidai təhsillə əhatə səviyyəsi 100, orta təhsillə əhatə səviyyəsi 95,6 faiz təşkil edir.
“Neft kapitalı”nın “insan kapitalı”na çevrilməsi siyasəti nəticəsində ölkənin gələcək inkişafının indiki gənc nəslin təhsil səviyyəsindən birbaşa asılılığı nəzərə alınaraq Prezidentin müvafiq sərəncamına əsasən, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” həyata keçirilir. Dövlət proqramı çərçivəsində bakalavr və magistratura pillələrinin hər biri üzrə gənclərin təhsili üçün prioritet sahələr müəyyənləşdirilmişdir. Neft Fondundan ayrılan vəsait Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanların təhsil haqları, viza və qeydiyyat, yaşayış, tibbi sığorta və yol xərclərinin ödənilməsinə yönəldilir.
Ümumiyyətlə, 1993-cü ildən başlayaraq məntiqi ardıcıllıqla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılmış, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunmuş və azad rəqabət mühiti formalaşdırılmış, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilmiş, qiymətlərin bazar tərəfindən müəyyənləşməsi, xarici iqtisadi fəaliyyətin liberallaşdırılması təmin edilmiş və bununla da iqtisadiyyatda keçid dövrünün başa çatmasına nail olunmuşdur.
Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən də qeyd edilir. Dünya İqtisadi Forumu tərəfindən dərc edilən dünya ölkələrinin rəqabət qabiliyyətliyi səviyyəsini xarakterizə edən “Qlobal Rəqabət Qabiliyyəti İndeksi” hesabatlarında Azərbaycan 142 ölkə arasında 55-ci yerə layiq görülmüş və beləliklə də son 7 hesabat ərzində ölkəmizin mövqeyi 14 pillə yaxşılaşmışdır. Bu göstəriciyə görə artıq son 3 illik hesabatdır ki, ölkəmiz MDB ölkələri arasında 1-ci yerdədir.
Dünya Bankı tərəfindən hazırlanan “Doing Business” hesabatında Azərbaycan biznesin təşkili və aparılması istiqamətində əlverişli şəraitin yaradılması və inkişafı üçün tədbirlər həyata keçirən ölkə kimi qeyd edilir. “Doing Business” hesabatının nəticələrinə əsasən, Azərbaycan “top islahatçı” ölkə kimi qiymətləndirilmiş, 97-ci pillədən 33-cü pilləyə yüksəlməklə öz mövqeyini 64 pillə yaxşılaşdırmışdır. “Doing Business” hesabatlarının tarixi ərzində bu ən yüksək irəliləyiş olmuş və hələ ki, təkrarolunmaz nəticə kimi qalmaqdadır. Dünya Bankının hesabatında ölkəmiz 183 milli iqtisadiyyat arasında 54-cü və MDB məkanında 1-ci olmuşdur.
“Dünya Rəqabət Qabiliyyəti İndeksi 2011-2012" hesabatında Azərbaycan bir sıra alt göstəricilər üzrə də yüksək nəticələr əldə etmişdir. Belə ki, ”əmək bazarının səmərəliliyi" alt göstəricisi üzrə ölkəmiz dünyada 14-cü, “makroiqtisadi vəziyyət” alt göstəricisi üzrə isə 16-cı yerə layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, son bir il ərzində ölkəmiz “əmək bazarının səmərəliliyi” alt göstəricisi üzrə 11, “əmtəə və xidmətlər bazarının səmərəliliyi” alt göstəricisi üzrə isə 14 pillə irəliləmişdir.
“Fitch Ratings” agentliyi tərəfindən ilk dəfə olaraq ölkəmizə investisiya reytinqi verilmişdir. Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatları arasında investisiya reytinqi almış ilk və indiyədək yeganə iqtisadiyyatlı ölkə olaraq qalmaqdadır. Xüsusilə ilə qeyd edilməlidir ki, Azərbaycanın kredit reytinqinin yaxşılaşlması Avropanın bəzi inkişaf etmiş ölkələrinin suveren reytinqlərinin aşağı salınması fonunda baş verir.
Bir sıra alt göstəricilərə görə Azərbaycan dünya üzrə ilk iyirmilikdə, o cümlədən “mülkiyyətin qeydiyyatı” üzrə 10-cu, “biznesin yaradılması” üzrə 15-ci, “investisiyaların qorunması” üzrə 20-ci yerdə bərqərar olmuşdur. “The Heritage Foundation” fondu və “The Wall Street Journal” məcmuəsi tərəfindən dünya ölkələrində iqtisadi azadlıq səviyyəsini xarakterizə edən ənənəvi illik son “İqtisadi azadlıq indeksi” hesabatında Azərbaycan hökumətinin ölkədə iqtisadi azadlığın yaxşılaşdırılması istiqamətində islahatlar aparması, eləcə də vergi azadlığı, valyuta azadlığı və korrupsiyadan azadlıq göstəriciləri üzrə müsbət nəticələr qazandığı qeyd edilmişdir.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün bütün sahələrdə real bəhrələrini verir. Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan bu strategiya Azərbaycanın iqtisadi-sosial həyatında da mühüm nailiyyətlərə imkan yaratmışdır. Respublikamız postsovet məkanında keçid dövrünü uğurla başa vuran ilk ölkə olaraq, bununla əslində, yürütdüyü iqtisadi-sosial islahatların dünyada ən mükəmməl inkişaf modellərindən biri olduğunu təsdiq etmişdir. Bu gün dünyanın tədqiqatçı-mütəxəssisləri, həmçinin iqtisadiyyat elmi “İnkişafın Azərbaycan modeli”ni inkaredilməz fakt kimi qəbul edir, araşdırır və öyrənir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.