Milli Məclis 2013-cü ilin dövlət büdcəsini təsdiq etdi

Noyabrın 30-da Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti iclası keçirildi. İclasda 2013-cü il dövlət büdcə zərfinə daxil olan 6 qanun layihəsi müzakirə olundu. 
Maliyyə naziri Samir Şərifov ötən iclaslarda deputatların təklifləri əsasında layihəyə daxil edilən əlavə və dəyişikliklər barədə məlumat verdi. Diqqətə çatdırıldı ki, səhiyyə müəssisələrinin, o cümlədən xüsusi təyinatlı səhiyyə ocaqlarının maddi-texniki və dərman təminatının yaxşılaşdırılması üçün onlara ayrılan məbləğ 3 milyon manat artırılıb. S.Şərifov siyasi partiyalara ayrılan vəsaitin artırılması barədə təkliflərin də nəzərə alındığını bildirdi və əlavə 500 min manatın ayrılmasının büdcə layihəsində nəzərdə tutulduğunu dedi. Bununla da siyasi partiyalara ayrılan vəsait 2,5 milyon manata çatdırıldı.
Nazir qeyd etdi ki, Milli Məclisin xərclər smetası üçün əlavə 726 min manat vəsaitin ayrılması məqbul hesab edilib. Büdcə təşkilatlarının büdcədənkənar fəaliyyəti nəticəsində görülən işlərə və cərimələrdə nəzərdə tutulan gəlirlərə görə büdcədənkənar təşkilatların gəlirlərinin artmasını nəzərə alaraq həmin təşkilatların maddi-texniki təminatının yaxşılaşdırılması və əmək haqlarının artırılması məqsədilə bu sahəyə əlavə 35 milyon manat ayrılacaq. Bu dəyişikliklər nəticəsində dövlət büdcəsinin gəlir və xərclər hissəsi dəyişib. Belə ki, büdcə gəlirləri 5 milyon manat artırılaraq 19,159 milyard manata, xərcləri isə 40 milyon manat artırılaraq 19,850 milyard manata qaldırılıb. Büdcə kəsiri isə 35 milyon manat artırılaraq 690 milyon manata çatdırılıb.
Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin layihəsinin yekunu barədə fondun sədri Səlim Müslümov məlumat verdi. O dedi ki, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il üçün büdcəsi haqqında" qanuna əsasən, gələn il fondun büdcəsinin gəlir və xərclər hissəsi 2 632,695 miyon manat səviyyəsində nəzərdə tutulub.
Fondun gəlirlərinin əsas hissəsi, yəni 1 550,161 milyon manatı və ya ümumi gəlirlərin 58 faizi icbari dövlət sosial sığorta haqlarının payına düşür. Bundan əlavə, 1 077,034 milyon manatı dövlət büdcəsindən ayrılacaq, 5,5 milyon manatı isə sair gəlirlərdir.Fondun xərclərinin strukturunda əsas yeri əmək pensiyalarının ödənilməsi ilə bağlı məsrəflər tutur. Belə ki, bu xərclərin həcmi 2 500,291 milyon manat və ya ümumi xərclərin 95 faizini təşkil edir. Bu məbləğin isə öz növbəsində 1 358,480 milyon manatı pensiyaların baza hissəsi, 1 141,811 milyon manatı isə sığorta hissəsinin ödənilməsinə yönəldiləcək.
S.Müslümov dedi ki, fondun büdcəsi 2013-cü ildə 178,395 milyon manat artırılıb. Eyni zamanda, gələn il pensiyalar üzrə ödəmələr 177,8 milyon manat və ya 7,7 faiz artırılıb.
Bəzi yaşayış məntəqələrində bankomat çatışmazlığı ilə bağlı deputatların ötən iclasda qaldırdığı məsələlərə münasibət bildirən S.Müslümov bildirdi ki, bu təkliflərlə bağlı hər iki müvəkkil bankın -"Kapital Bank" və Beynəlxalq Bankın rəhbərliyi ilə görüş keçirilib. Eyni zamanda, "Kapital Bank"ın rəhbərliyi pensiya və müavinətlərin verilməsini asanlaşdırmaq üçün yeni ilin əvvəlində Azərbaycana 30 bankomantın gətiriləcəyini və daha çox ehtiyac duyulan digər ərazilərdə quraşdırılacağını bildirdi.
Fond sədri qeyd etdi ki, həmçinin deputat Azay Quliyevin qaldırdığı məsələyə uyğun olaraq Beynəlxalq Bank Şirvan şəhərinin 2 qəsəbəsində əlavə bankomatın qoyulması məsələsini də həll edib. Bununla yanaşı sifariş verilmiş 2 səyyar bankomat yaxın günlərdə Azərbaycana gətiriləcək, daha bir stasionar bankomat isə Tovuz rayonunun sərhədyanı kəndlərində quraşdırılacaq.
Bununla da Milli Məclis dünən keçirilən plenar iclasında 2013-cü il üçün icmal büdcəsinin gəlirini 20,729 milyard manat, xərclərini 24,100 milyard manat, kəsirini isə 3,371 milyard manat səviyyəsində təsdiq etdi.
Təsdiq olunan dövlət büdcəsi haqqında danışan parlamentin sədri Oqtay Əsədov bildirdi ki, Azərbaycanın gələn il üçün büdcəsi müstəqillik tarixində ən böyük büdcədir. 2013-cü ilin dövlət büdcəsi ötənilkilərlə müqayisədə daha uğurludur. Büdcə layihəsi səsə qoyularaq qəbul edildi.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında