Şriftin ölçüsü:
06.10.2012 10:35 | Oxunma sayı: 807
İkinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "İqtisadi inkişaf modellərinin humanitar aspektləri" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
"Dəyirmi masa"nı giriş sözü ilə Azərbaycan İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev açmışdır. O bildirmişdir ki, bugünkü tədbirdə dünya iqtisadiyyatının inkişaf meyilləri və onların humanitar aspektləri müzakirə olunacaq, maraqlı məruzələr dinləniləcəkdir.
Qeyd olunmuşdur ki, XXI əsr dünya iqtisadiyyatına çox böyük təzadlar gətirmişdir. Artıq köhnə idarəetmə modelləri özünü doğrultmur və bunun bariz nəticəsi də bəşəriyyəti bürüyən maliyyə böhranıdır. Baxmayaraq ki, dünya iqtisadiyyatı son 10 ildə 2 dəfə, ümumi daxili məhsul 60 trilyon dollar, əhalinin sayı 1 milyard artmışdır, hələ də həll olunmamış problemlər çoxdur. Əhalinin sayının artması bir çox ölkələrdə ərzaq problemlərinin, təhsil və səhiyyəyə çıxış çətinliklərinin yaşanması ilə müşayiət olunur. Bu gün dünya iqtisadçılarının ən ümdə vəzifəsi ərzaq problemini həll etmək və yoxsulluq səviyyəsinin aşağı salınması istiqamətində fəaliyyət modellərini hazırlayıb tətbiq etməkdir. Məhz həmin iqtisadi həllər humanitar aspektlər nəzərə alınmaqla həyata keçirilməlidir.
Dünyanı bürüyən maliyyə böhranı dalğası hələ də davam edir və bunu yaradan səbəblər qalmaqdadır. Böhranın qarşısının alınması üçün bu bəlaya dayanıqlı ölkələrin modelləri öyrənilməlidir. Ş.Hacıyev Azərbaycanın da belə ölkələrdən biri olduğunu demişdir. Bildirilmişdir ki, böhrana dayanıqlıq prosesində ölkəmizin təcrübəsi də öyrənilməyə layiqdir. Bu gün Azərbaycanda humanitar sahələrin inkişafı diqqət mərkəzindədir və aparılan siyasət bir neçə onillikləri nəzərə alaraq hazırlanmışdır. Bunun nəticəsində son 10 ildə Azərbaycanda yoxsulluq həddi 5,6 faizə düşmüşdür. Neft kapitalından düşünülmüş istifadə bu uğurlarda öz rolunu oynamışdır. Ölkə strategiyası hazırlanarkən dünyanın ən yaxşı təcrübələri öyrənilmiş və uğurla tətbiq edilmişdir.
Sonra iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, Harvard İqtisadi Məktəbinin yaradıcısı, professor Kennet Cozef Arrou "Bu gündən gələcəyə doğru" mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə hər bir yeniliyin, qoyulan sərmayələrin, başladılan işlərin gələcəyə hesablanmasının vacibliyinə toxunulmuşdur. Bildirilmişdir ki, iki hissəyə - cari xərclər və gələcək gəlirlərə bölünən hər bir biznes layihəsinin özünü nə dərəcədə doğruldacağı bir sıra siyasi və iqtisadi risklərlə yanaşı, iqlim dəyişmələrindən də asılıdır. Belə ki, baş verən iqlim dəyişmələri nə qədər paradoksal səslənsə də, hər bir başlanğıca böyük təsir göstərir.
Qlobal Araşdırmalar Mərkəzinin direktoru, Böyük Britaniyanın Uorvik Universitetinin fəxri professoru lord Robert Skidelski dünyada iqtisadi inkişafın rifah termini ilə eyniləşdirildiyini, lakin bunun səhv fikir olduğunu diqqətə çatdırmışdır. İnsanlar yüksək inkişaf etməyən cəmiyyətlərdə də xoşbəxt ola bilirlər, - deyən professor artırılmış gəlirin rifahla mütənasib olmadığı fikrini irəli sürmüşdür. Həmçinin əhalinin say artımı da rifah yaradan amil deyildir. Hər bir cəmiyyətin öz rifah modeli olduğunu deyən britaniyalı alim, bunun səbəbini fərqli aspektlərdən izah etmişdir.
Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa iqtisadi inkişafın hər bir fərdin gəlirləri ilə müəyyən dərəcədə bağlı olduğunu demişdir. O söyləmişdir ki, insanları xoşbəxt etməyən iqtisadiyyat və dəyişikliklər onlarda haqlı narazılıq doğuracaqdır. Məhz bu səbəbdən istər iqtisadi, istərsə də siyasi qərarlar xalq tərəfindən qəbul olunmağa məhkumdur. İqtisadi uğurlar yalnız sabit cəmiyyət və təhlükəsiz millət üçün maraqlıdır.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun moderatorluq etdiyi "Qlobal iqtisadi inkişafın sosial və humanitar aspektləri: strateji çağırışlar" adlı bölmə iclasında beş mövzu üzrə məruzələr dinlənilmişdir. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı, professor Finn Kidland "Siyasətin qeyri-müəyyənliyinin mənşəyi və riskləri", iqtisadiyyat üzrə digər Nobel mükafatı laureatı, professor Rocer Bryus Mayerson "Dövlət tənzimlənməsi standartları", Rusiya İqtisadi Strategiyalar İnstitutunun baş direktoru, professor Aleksandr Ageev "dəyirmi masa"nın mövzusuna dair sərbəst, Almaniyanın Köln Universitetinin professoru Reza Kərimi "Davamlı iqtisadi artımın humanitar aspektləri", Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar İnstitutunun elmi işçisi Vladimer Papava "Qlobal maliyyə böhranının dərsləri və Zombi iqtisadiyyatından doğan təhlükələr" mövzularında məruzələr və təqdimatlarla çıxış etmişlər. Çıxışlarda əsas diqqət dövlət, siyasət və iqtisadiyyat aspektlərinə yönəldilmişdir.
Növbəti bölmə iclasına Lord Robert Skidelski moderatorluq etmişdir. "Dayanıqlı və inklyuziv iqtisadi inkişafın strateji məsələləri" adlı bölmə iclasının işində bir-birindən maraqlı məruzələr dinlənilmişdir. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı professor Edvard Preskottun "Açıqlıq: zəngin olmağın həlledici amili kimi", Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin tətbiqi institusional iqtisadiyyat kafedrasının müdiri professor Aleksandr Auzanın "Dəyərlər və davranış qaydaları iqtisadi dinamikanın amili kimi", Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin direktoru professor Stanislav Çernyavskinin "İqtisadi inkişaf modellərinin humanitar nəticələri", Qırğız Respublikası Milli Elmlər Akademiyasının akademiki, professor Turar Koyçuyevin "Humanistləşdirmə və iqtisadi ideologiya haqqında", Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) prorektoru professor Əvəz Bayramovun "İqtisadi sistemin mental ölçüsü: azadlıq fenomeni", ADİU-nun Elmi Tədqiqat İnstitutunun direktoru professor Rasim Həsənovun "Marjinal faydalılıq və humanitar hədəflər: uzlaşdırmanın çətinlikləri" mövzularında məruzələri maraqlı diskussiyalara səbəb olmuşdur.
"Dəyirmi masa"nın üçüncü bölmə iclasında isə moderatorluğu Aleksandr Auzan etmişdir. Bölmə iclasının işində Avrasiya İqtisadi Münasibətlər Assosiasiyasının idarə heyətinin sədri Hikmət Erenin "İqtisadi inkişafda insani dəyərlərin yeri və əhəmiyyəti", CİTRİS CSE kompyuter elmləri və mühəndislik mərkəzinin direktoru professor Masud Nikraveşin "Texnologiya, innovasiya və iqtisadi inkişafda liderlik: biliklərə əsaslanan iqtisadiyyat", Belarus Parlamentarizm və Xüsusi Sahibkarlıq İnstitutunun birinci vitse-prezidenti professor Andrey Markovun "Yeni iqtisadiyyatın formalaşması şəraitində şəxsiyyətin təkamül inkişafının texnoloji amilləri" və azərbaycanlı alim professor Nazim İmanovun "Azərbaycanda iqtisadi və sosial inkişaf arasında müvazinət: yaxın gələcəyin vəzifələri" mövzularında məruzələri dinlənilmiş və suallar cavablandırılmışdır.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.