Şriftin ölçüsü:
29.06.2012 07:29 | Oxunma sayı: 738
Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz kondensat yatağının tammiqyaslı işlənməyə cəlb edilməsi istiqamətində hazırlıq işləri davam etdirilir. Xatırladaq ki, adıçəkilən yataqda zəngin qaz ehtiyatlarının mövcudluğu layihəyə marağı getdikcə artırır, potensial alıcıların sırası genişlənir. İndi Avropa ölkələrinin əksəriyyəti özünün enerji təhlükəsizliyinin təmin edilməsində "Şahdəniz" qazına böyük ümidlər bəsləyirlər. Bu arada "Şahdəniz" konsorsiumunun iştirakçıları Cənub-şərqi və Mərkəzi Avropa istiqamətində potensial qaz ixracı marşrutlarının qiymətlədirilməsini yekunlaşdırmışdır.
bp-Azərbaycan şirkətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, Türkiyə-Bolqarıstan sərhədindən Baumqartenədək (Avstriya) bir marşrutu nəzərdə tutan "Nabukko Uest" (Nabucco West) layihəsi "Şahdəniz" yatağının ikinci işlənmə mərhələsi çərçivəsində hasil ediləcək qazın Mərkəzi Avropaya potensial ixracı üçün boru kəməri variantı kimi seçilmişdir. "Şahdəniz" tərəfdaşlarının Bolqarıstan, Rumıniya və Macarıstanla əməkdaşlıqda tərtib etdikləri Cənib-şərqi Avropa Boru Kəməri (SEEP) layihəsinin işlənməsi isə dayandırılır. Məlumatda bildirilir ki, bu qərar 2011-ci ildə ictimaiyyətə açıqlanmış seçim meyarları əsasında qəbul edilmişdir. Xüsusən də, "Nabukko Uest" layihəsinin daha yetkin olması konsorsiuma bu layihənin "Şahdəniz" yatağının ikinci işlənmə mərhələsi ilə eyni vaxt çərçivəsində işlənib hazır ola biləcəyi əminliyini yaratmışdır. Xatırladaq ki, konsorsium indi həmin layihənin miqyası, texniki araşdırmaları və kommersiya təklifinin optimallaşdırılması məqsədilə "Nabukko Uest" layihəsi ilə əməkdaşlıq edəcək. Eyni meyarlar əsasında konsorsium bu ilin fevral ayında Trans-Adriatik boru kəməri (TAP) layihəsini "Şahdəniz" yatağının ikinci işlənmə mərhələsi qazının İtaliyaya ixracı üçün potensial marşrut kimi seçmişdi. Həmin qərardan ötən müddət ərzində "Şahdəniz" konsorsiumu Trans-Adriatik boru kəməri ilə birgə işləyərək bu yaxınlarda həmin layihə ilə bir əməkdaşlıq sazişi bağlamışdır. Yeri gəlmişkən onu da qeyd edək ki, "Şahdəniz" konsorsiumu seçilmiş hər iki boru kəməri variantının sahibləri ilə işləməkdə davam edəcək. Konsorsium bu iki layihə arasında öz yekun seçim qərarını 2013-cü ilin ortaları üçün planlaşdırılmış mərhələ-2 layihəsinin yekun sərmayə qərarından əvvəl verməklə yanaşı, həmin vaxtadək müvafiq qaz satışı sazişlərini də bağlayacaq. bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir bununla bağlı demişdir: "Nabukko Uest" variantının bizim əvvəlki seçimimiz olan Trans-Adriatik boru kəməri ilə yanaşı seçilməsini elan etməkdən məmnunluq duyuruq. Bu, "Şahdəniz" yatağının ikinci mərhələ layihəsinin işlənməsi və qaz ehtiyatlarının Xəzərdən Avropaya nəql edilməsi yönümündə daha bir vacib addımdır. Biz "Nabucco West" və Cənub-şərqi Avropa boru kəməri layihələrinin hər ikisinin işlənməsinə dəstək vermiş hökumətlərə və şirkətlərə minnətdarıq".
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev isə bəyan etmişdir ki, bu qərar Avropa ölkələrinin, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyənin davamlı enerji təhlükəsizliyi ilə bağlı strateji maraqlarına xidmət edən Cənub qaz dəhlizi strategiyasının həyata keçirilməsinə doğru atılan mühüm bir addımdır. ARDNŞ rəhbərinin fikrincə, bu addım, eyni zamanda, Avropa bazarına şaxələndirilmiş enerji ehtiyatlarının təmin olunmasını mümkün edəcək bir ölkə kimi Azərbaycanın artmaqda olan rolunu nümayiş etdirir.
Məlumat üçün bildiririk ki, "Şahdəniz" yatağının ikinci işlənmə mərhələ layihəsi "Cənub qaz dəhlizi"ni açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. Bu günədək edilmiş irəliləyiş konsorsiuma mərhələ-2 layihəsindən ilk qaz ixracına təqribən 2017-ci ilin sonlarında başlamaq məqsədini qüvvədə saxlamağa imkan verir. "Şahdəniz"in ikinci işlənmə mərhələ layihəsinin birinci mərhələdən olan ildə təqribən 9 milyard kubmetr qaza ildə 16 milyard kubmetr qaz hasilatı əlavə edəcəyi gözlənilir. O da gözlənilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 kilometr məsafədə yerləşən "Şahdəniz" yatağının ikinci işlənmə mərhələsinə körpü ilə birləşdiriləcək iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılacaq 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz boru kəmərinə ildə 16 milyard kubmetr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq.
"Şahdəniz" qazının Türkiyəyə və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcək. İkinci işlənmə mərhələsi çərçivəsində hasil ediləcək qazı ixrac etmək üçün seçilən hər hansı ixrac marşrutu bütün müvafiq ətraf mühit, texniki təhlükəsizlik, sosial, hüquqi və dövlət nəzarəti standartlarına cavab verməyə qadir olmalıdır.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.