Beynəlxalq konfrans Azərbaycanın reklam bazarına güclü təsir göstərəcək

Xəbər verdiyimiz kimi, martın 29-da Bakıda reklamla bağlı birinci beynəlxalq konfrans öz işinə başlamışdır. "Millidən qlobala, qlobaldan milliyə" şüarı ilə təşkil olunan "Reklam mədəniyyəti - reallıq və perspektivlər. Reklam və marketinq məsələlərinə müasir baxış" adlı konfransı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Reklamçılar İttifaqı ilə birgə təşkil etmişlər.
Konfransda Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Almaniya və Türkdilli ölkələrin beynəlxalq akademiyalarının professoru Cahid Həsənovla görüşdük. Ondan konfrans barədə ətraflı məlumat verməsini, onun məqsəd və vəzifələri barədə oxucularımızı məlumatlandırmasını xahiş etdik:
- Azərbaycan son vaxtlar ardıcıl olaraq belə tədbirlərə ev sahibliyi edir. Bunun səbəbi isə ölkəmizin beynəlxalq miqyasda qazandığı müsbət imicdir. Ölkəmiz müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi, reklam işi sahəsində də müvafiq qanunvericilik aktları qəbul etmiş, onun hüquqi bazası yaradılmışdır. 1997-ci ildə isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən "Reklam haqqında" müvafiq qanun imzalanmışdır.
Reklam sahəsinin inkişafı hər bir ölkənin iqtisadi, sosial, mədəni inkişafı ilə sıx bağlıdır. Son onillikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, daha doğrusu, ölkə başçısının qəbul etdiyi qərarlar, məqsədyönlü tədbirlər sayəsində Azərbaycanda baş verən böyük yenidənqurma, sosial-iqtisadi sıçrayış və hərtərəfli intibah reklam sahəsinin müasir əsaslarını formalaşdırmaqla yanaşı, reklamçılığın genişlənməsinə, təkmilləşməsinə geniş imkanlar açaraq səmərəli mühit yaratmışdır.
Postsovet dövrünün kifayət qədər ciddi və özünəməxsus çətinliklərini cəsarətlə dəf edən Azərbaycan dövləti dünyaya inteqrasiya yolunda mühüm addımlar atmış, dünya birliyinin tamhüquqlu üzvünə çevrilə bilmişdir. Azərbaycan öz uğurlu inkişaf modeli ilə bir çoxlarına örnək olmuşdur.
"Millidən qlobala, qlobaldan milliyə" şüarı ilə təşkil olunan "Reklam mədəniyyəti - reallıq və perspektivlər, reklam və marketinq məsələlərinə müasir baxış" I Bakı beynəlxalq elmi-praktik konfransı Azərbaycan dövlətinin son illərdə apardığı məqsədyönlü sosial inkişafın modelləşməsində, reklam və marketinq işinin mədəni dəyərlərə uyğun qurulması baxımından çox vacib bir tədbirdir. Konfransa məruzəçi qismində dünyanın 20 ölkəsindən reklam və marketinq mütəxəssisləri dəvət edilib. Tədbirdə azərbaycanlı reklam mütəxəssisləri ilə yanaşı Türkiyə, İngiltərə, İsveç, İspaniya, BƏƏ, CAR, İran, Rusiya, Ukrayna, Özbəkistan, Gürcüstan kimi bir çox ölkələrin reklam sahəsində böyük təcrübəyə malik, görkəmli alim və mütəxəssisləri iştirak edirlər. Bakı şəhəri ilk dəfədir ki, qloballaşan dünyada tanınmış marketinq və reklam mütəxəssislərinin bir araya gəldiyi konfransa ev sahibliyi edir. İki gün davam edəcək konfransda milli reklamçılıq sahəsində mövcud vəziyyətin öyrənilməsi, dünya təcrübəsinə baxış, reklam dizaynı və marketinq, müasir tələblərə cavab verən reklam mədəniyyətinə sahib olmaq imkanları, habelə mədəniyyət və turizm sahələrinin reklam təminatı kimi bir çox aktual məsələlər müzakirə edilir.
- Konfransın gündəliyi çox zəngindir. Kimlər çıxış edəcək və hansı məsələlər ön plana çıxarılacaq?
- Konfransa çoxlu xarici nümayəndələr gəlib. Onlar həm çıxış etdi, həm də ustad dərsləri keçdilər. Elə Azərbaycandan da reklamla bağlı məruzə edən mütəxəssislər oldu. "Mədəni dəyərlərin təbliğində reklamın rolu" mövzusunda Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərovun çıxışı böyük maraqla qarşılandı. "Azərbaycanda sahələr üzrə reklamın potensialı, reallığı və perspektivləri" mövzusunda isə Azərbaycan Reklamçılar İttifaqının prezidenti, professor Hacıəmi Atakişiyev çıxış etdi.
Bundan başqa, əməkdar incəsənət xadimi, professor Arif Əziz ("Reklam dizaynında yaradıcılıq problemləri"), Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli ("Reklam işi mədəniyyətin əsas sahələrindən biri kimi"), Dövlət Radiotezliklər İdarəsinin rəisi Əflatun Məmmədov ("İnternetdə reklamın rolu"), Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Vüqar Şıxməmmədov ("Çap reklamı və onların növləri") və başqa yerli mütəxəssislərin çıxışları konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Xarici ölkələrdən dəvət olunmuş nümayəndələr də reklam işinin vəziyyəti ilə bağlı çıxışlar etdilər. Məsələn, Cənubi Afrika Respublikasından olan Ernie Heath, Rusiyadan dəvət olunmuş Sergey Pilatov, Türkiyədən Ahmed Aktaş, Mehmet Beyhan, İsveçdən Stefan Ryden, İrandan Keyvan Şahqolian, Gürcüstandan David Simşilaşvili və başqaları çıxış etmiş, ustad dərsləri aparmışlar.
Qonaqlarda Bakı ilə tanışlıq xoş hisslər doğurmuşdur. Onlar Bakının yeni görkəminin tanınmaz dərəcədə gözəlləşdiyini və yenidən bu şəhərə dönəcəklərini bildirdilər.
Artıq Azərbaycan dünya reklam bazarına güclü inteqrasiya yolundadır. Deyirlər, reklam daha çox biznesə xidmət edir. Ancaq unutmaq olmaz ki, onun yaradılmasında bir çox mədəniyyət və incəsənət atributlarından istifadə edilməsi baxımından, o, həm də mədəniyyət faktı hesab olunmalıdır.
Dolğun ifadə dili, estetik dəyəri olmayan reklam, şübhəsiz ki, təsir gücünə malik deyil və istənilən nəticəni verə bilməz.
Bu konfrans Azərbaycanda sosial-iqtisadi, mədəni, tarixi sahələrin sürətli inkişafı dövrünə təsadüf edir. Bu, Azərbaycanda reklam işinin də bütün sahələrdə inkişafına zəmin yaratmışdır. Güman edirəm ki, konfrans milli reklamçılıq ənənələrinin inkişafına təkan verəcək, bu sahədə beynəlxalq əlaqələrimizin daha da genişlənməsinə imkan yaradacaq.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında