Şriftin ölçüsü:
12.02.2012 11:17 | Oxunma sayı: 842
Azərbaycanın zəngin qaz potensialı bu sahədə bir sıra əlavə işlərin görülməsini, qaz təsərrüfatının infrastruktur imkanlarının daha da genişləndirilməsi zərurətini yaradır. Təsadüfi deyil ki, son illər ölkə ərazisinin tamamilə qazlaşdırılması, əhalinin və iqtisadiyyatın "mavi yanacağa" olan tələbatının ödənilməsini təmin etmək məqsədilə qəbul olunmuş xüsusi proqram uğurla həyata keçirilir. Ölkənin qaz təsərrüfatının yaxın illər üçün əsas prioritetlərini müəyyənləşdirən həmin proqram çərçivəsində nəzərdə tutulmuş mühüm tədbirlərin xeyli hissəsi artıq reallığa çevrilmişdir.
Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, son bir neçə ildə Azərbaycanda "mavi yanacağın" hasilatı iki dəfə artmış, qaz təsərrüfatı infrastrukturunun tamamilə yenidən qurulması istiqamətində geniş miqyaslı işlər görülmüşdür. Belə ki, qaz hasilatının artırılması məqsədilə dəniz yataqlarının yerləşdiyi ərazilərdə yeni özüllər inşa olunmuş, mövcud obyektlərdə bir sıra genişləndirmə işləri həyata keçirilmiş, əlavə qaz quyuları qazılıb istismara verilmişdir. İndi qarşıda duran əsas vəzifələrdən biri də ölkənin qaz təsərrüfatında yığım-nəql sisteminin təkmilləşdirilməsi və "mavi yanacağın" istehlakçılara çatdırılmasını təmin etmək üçün ən müasir infrastrukturun yaradılmasından ibarətdir.
Qaz təsərrüfatının infrastruktur imkanlarının genişləndirilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin reallaşdırılmasında Dövlət Neft Şirkəti "Neftqaztikinti" Trestinin 2 saylı tikinti-quraşdırma idarəsinin kollektivi də mühüm rol oynayır. Təkcə onu demək kifayətdir ki, son illər inşaatçılar magistral qaz kəmərlərinin, qaz anbarlarının, kompressor stansiyalarının tikintisi ilə bağlı dövlət sifarişlərini vaxtında və keyfiyyətlə yerinə yetirməyə müvəffəq olurlar. Bu baxımdan ötən ili də kollektiv üçün uğurlu hesab etmək olar. Belə ki, 2011-ci ildə bir sıra dövlət əhəmiyyətli obyektlərin tikintisini müvəffəqiyyətlə başa çatdıran inşaatçılar ölkənin qaz təsərrüfatının inkişafına mühüm töhfələr vermişlər. Astara kompressor stansiyasının genişləndirilməsi layihəsi inşaatçıların ötən il həyata keçirdikləri mühüm podrat işlərindəndir. Adı çəkilən obyekt ölkəmizin cənub regionunun "mavi yanacaq"la təminatının yaxşılaşdırılması, eləcə də qonşu İran İslam Respublikasına qazın ixrac olunması üçün nəzərdə tutulmuşdur. İl ərzində stansiyada mühüm tikinti-quraşdırma işləri həyata keçirilmiş, burada 10 QKN tipli 6 ədəd kompressor maşını quraşdırılmışdır. Bu da stansiyadan sutka ərzində 3,5 milyon kubmetr qazın nəqlinə imkan yaradır. Yaxın vaxtlarda isə kompressor aqreqatlarının sayını 10-a çatdırmaqla stansiyanın ümumi gücünün 5 milyon kubmetrədək artırılması nəzərdə tutulur. Xatırladaq ki, Astara kompressor stansiyası ötən ilin aprel ayında dövlət başçısı İlham Əliyevin xeyir-duası ilə istismara buraxılmışdır.
Ölkənin qaz təsərrüfatında həyata keçirilən mühüm infrastruktur layihələrindən biri də yeraltı qaz anbarlarının tutumunun artırılması ilə bağlıdır. Bu baxımdan ötən il Qaradağ yeraltı qazsaxlama anbarında görülən işlər diqqəti cəlb edir. Belə ki, anbarda quyulara qaz vurulmasını təmin edən kompressor stansiyasının tikintisi sahəsində mühüm işlər həyata keçirən inşaatçılar obyektdə MKS tipli 5 ədəd qazomotokompressor quraşdırmış, bir sıra yardımçı binalar tikmişlər. Bunun da nəticəsində obyektin vaxtında istismara verilməsi mümkün olmuşdur. Yeri gəlmişkən, bu il Qaradağ yeraltı qaz anbarında yeni kompressor stansiyasının tikintisi nəzərdə tutulur.
Hazırda ölkənin neft-kimya sənayesi kompleksində bir sıra mühüm işlər görülür, yeni layihələr reallaşdırılır.Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə "Azərikimya" İstehsalat Birliyinin Etilen-Politelin Zavodu arasındakı quru qaz və nafta kəmərlərinin tikintisi də məhz bu tip layihələrdəndir. Xatırladaq ki, iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulan layihənin icrasına ötən ilin ilk ayında start verilmişdir. Layihənin birinci buraxılış obyektinə 55,3 kilometrlik quru qaz kəmərinin çəkilişi daxildir. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun sifarişçisi olan layihənin birinci mərhələsi uğurla başa çatdırılmışdır. Dövlət əhəmiyyətli layihəni vaxtında təhvil vermək üçün bütün imkanları səfərbər edən inşaatçılar ötən ilin son rübündə bu məsul vəzifənin də öhdəsindən layiqincə gələrək ümumi uzunluğu 44,6 kilometr təşkil nafta kəmərini sifarişçiyə təhvil verməyə müvəffəq olmuşlar.
Ötən il inşaatçılar ölkənin qaz təsərrüfatında bir sıra uğurlu təmir-bərpa işləri həyata keçirmişlər. Belə ki, il ərzində Astara-Qazıməmməd magistral qaz kəmərinin Araz çayının yeni məcrasına düşən hissəsinin yerinin dəyişdirilməsi obyektində təmir və yenidənqurma işləri görülmüş, kəmərin 10 kilometrlik hissəsi əsaslı təmir edilərək sifarişçi təşkilat olan "Azəriqaz" İstehsalat Birliyinə təhvil verilmişdir. Bundan əlavə, 2011-ci ildə inşaatçıların səyi nəticəsində Qazıməmməd-Qazax qaz kəmərinin 9,5 kilometrlik hissəsində köhnə boru xətləri yeniləri ilə əvəz olunmuş, Daşgil-Qaz Emalı Zavodu qaz kəmərində əsaslı təmir işləri həyata keçirilmişdir. İl ərzində inşaatçılar, həmçinin Şirvan-Bakı arası magistral neft kəmərinin Səngəçal terminalının mühafizə zonasının ərazisində iki kiometr uzunluğunda yeni kəmər çəkmişlər. Bütün bunlarla yanaşı, 2 saylı tikinti-quraşdırma idarəsinin kollektivi ötən il dövlət əhəmiyyətli digər obyektlərdə də ümumi uzunluğu 11 kilometr olan müxtəlif diametrli boru xətləri çəkmiş, bir sıra təmir-bərpa işləri həyata keçirmişlər.
Göründüyü kimi, ölkəmizin neft-qaz sənayesinə mühüm töhfələr verən inşaatçılar dövlət qayğısından ruhlanaraq sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirirlər. Qaz təsərrüfatının infrastruktur imkanlarının artırılması isə əhalinin və iqtisadiyyatın "mavi yanacaq"la təminatının yaxşılaşdırılmasına, eləcə də ölkəmizin ixrac potensialının genişləndirilməsinə gətirib çıxarır.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.