Bu ilin yanvar-oktyabr aylarında ölkənin sosial-iqtisadi inkişafı dinamik xarakter daşımışdır

{nl}

Prezident İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri olan qeyri-neft sektorunda irəliləyişin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, sahibkarlığa hərtərəfli dəstək verilməsi, əhalinin maddi rifahının daha da yüksəldilməsi nəticəsində ölkənin sosial-iqtisadi tərəqqisi bu gün keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və bu ilin ötən on ayında əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.

{nl}

Ölkədə makroiqtisadi sabitlik, strateji valyuta ehtiyatlarının artımı və səmərəli istifadəsi, milli valyutanın sabitliyi təmin edilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, qeyri-neft sektorunun inkişaf sürəti neft sektorunu üstələmişdir.Bütün bunlar Dövlət Statistika Komitəsinin cari ilin on ayının sosial-iqtisadi inkişafını əks etdirən göstəricilərində də öz ifadəsini tapmışdır.

{nl}

Yanvar-oktyabr ayları ərzində ölkədə 40,7 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz, yaxud müqayisəli qiymətlərlə 95,8 milyon manat artmışdır. ÜDM-in 27,8 milyard manatı və ya 68,4 faizi məhsul istehsalı sahələrində, 10,5 milyard manatı, yaxud 25,7 faizi xidmət sahələrində yaradılmış, 2,4 milyard manatı (5,9 faizi) isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Adambaşına 4499,7 manatlıq (5693,7 ABŞ dolları) əlavə dəyər istehsal olunmuşdur. Qeyri-neft sektorunda əlavə dəyər istehsalı 8,6 faiz artmış, neft sektorunda isə 7,8 faiz azalmışdır. Əlavə dəyərin 54,9 faizi yaradılmış sənaye sahəsində ev təsərrüfatlarının və sənaye sahəsində fəaliyyət göstərən fiziki şəxslərin istehsal etdikləri məhsul da nəzərə alınmaqla 28 milyard manatlıq məhsul istehsal olunmuşdur. Sənaye məhsulunun 77,7 faizi mədənçıxarma bölməsində, 17,3 faizi emal bölməsində, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində və 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.

{nl}

Mədənçıxarma bölməsində 39 milyon ton neft, 21,6 milyard kubmetr qaz hasil edilmişdir. Emal bölməsində qida məhsulları istehsalı 6,9 faiz, içki istehsalı 18,2 faiz, geyim istehsalı 57,4 faiz, ağac emalı və ağacdan məmulatlar istehsalı 17,8 faiz, poliqrafiya məhsulları istehsalı 2 faiz, neft məhsulları istehsalı 2,5 faiz, kimya sənayesi məhsulları istehsalı 36 faiz, rezin və plastik kütlə məmulatları istehsalı 24,5 faiz, tikinti materialları istehsalı 2 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 86,2 faiz, kompyuter və digər elektron avadanlıqları istehsalı 30,7 faiz, maşın və avadanlıqlar istehsalı 18,2 faiz, avtomobil və qoşquların istehsalı 12,3 faiz, mebel istehsalı 10,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 60,8 faiz artmışdır.

{nl}

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində ötən ildə olduğundan 5,4 faiz çox və ya 15,3 milyard kilovattsaat elektrik enerjisi istehsal edilmişdir. Sənaye müəssisələrinin anbarlarında 241 milyon manatlıq hazır məhsul olmuş və ötən ayla müqayisədə 39,1 milyon manat azalmışdır. Sənaye məhsulu istehsalı qeyri-neft sektorunda 9,8 faiz artmış, neft sektorunda isə 7 faiz azalmışdır.

{nl}

Sözügedən dövrdə kənd təsərrüfatı sahəsində də mühüm uğurlar qazanılmışdır. Belə ki, noyabrın 1-nə kimi tarlalardan qarğıdalı ilə birlikdə 2455,9 min ton taxıl, 937,5 min ton kartof, 1184,6 min ton tərəvəz, 615,9 min ton meyvə və giləmeyvə, 477,6 min ton bostan məhsulları, 115 min ton üzüm, 3,5 min ton tütün, 190,6 min ton şəkər çuğunduru, 513,6 ton yaşıl çay yarpağı toplanmışdır. Operativ məlumatlara əsasən, noyabrın 1-nə kimi 41,9 min ton pambıq toplanıb emal müəssisələrinə təhvil verilmişdir.

{nl}

İlin əvvəlindən keçən vaxt ərzində diri çəkidə 373,7 min ton ət, 1361,4 min ton süd, 834,3 milyon ədəd yumurta və 15,9 min ton yun istehsal olunmuşdur. 2010-cu ilin müvafiq dövrünə nisbətən ət istehsalı 4,2 faiz, süd istehsalı 6,3 faiz, yun istehsalı 3,9 faiz artmışdır. Beləliklə, bitkiçilik məhsulları istehsalı 9,9 faiz, heyvandarlıq məhsulları istehsalı 3,5 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 7,1 faiz ötənilki səviyyədən yüksək olmuşdur.

{nl}

Kənd əməkçiləri gələn ilin məhsulu üçün 769,5 min hektar sahədə şum qaldırmış, 386,4 min hektar sahədə dən üçün taxıl, o cümlədən 243,2 min hektar sahədə buğda, 143,2 min hektar sahədə arpa səpmişlər.

{nl}

Bu ilin ötən on ayı ərzində tikinti sektorunda da işlər sürətlə getmişdir.İnşaat kompleksində bütün maliyyə mənbələrindən iqtisadi və sosial sahələrin inkişafına 8,6 milyard manat həcmində, yaxud 21,7 faiz çox vəsait əsas kapitala yönəldilmişdir. Vəsaitin 5,2 milyard manatı (60,3 faizi) dövlət bölməsinə məxsus təşkilatlar və fiziki şəxslər, 3,4 milyard manatı isə qeyri-dövlət bölməsinə məxsus idarə və təşkilatlar tərəfindən qoyulmuşdur. Bilavasitə tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsait 5,2 milyard manat olmuş və ümumi investisiyanın 60,7 faizini təşkil etmişdir. İstifadə edilmiş investisiyanın 46,9 faizi və ya 4,1 milyard manatı məhsul istehsalı obyektlərin inşasına sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyanın 6,6 milyard manatını və ya 76,7 faizini daxili investisiya, 2 milyard manatını xarici investisiya təşkil etmişdir.

{nl}

2011-ci ildə inşası davam etdiriləcək və yeni tikiləcək obyektlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 3116,9 milyon manatından istifadə olunmuş və ilin əvvəlindən ötən vaxt ərzində ümumi sahəsi 1506,9 min kvadratmetr yaşayış evləri, 7704 şagird yerlik ümumtəhsil məktəbləri, 99 çarpayılıq xəstəxana, 260 yerlik məktəbəqədər uşaq müəssisəsi, Bakı şəhərində “Dərnəgül” metro stansiyası, Müalicə-diaqnostika mərkəzi, “Kempinski Badamdar” otel kompleksi, Gəncədə fiziki qüsurlu insanlar üçün Regional informasiya mərkəzi, Tovuz rayonunda Süd emalı zavodu və Olimpiya idman kompleksi, Abşeron rayonunda Mebel fabriki və AZDMF zavodu, Astara rayonunda Qaz-kompressor stansiyası, Naftalan şəhərində “Çinar hotel” kompleksi və “Qaşaltı” sanatoriyası, Ağcabədi rayonunda Süd emalı zavodu, Süd məhsulları kombinatı və Şahmat məktəbi, İmişli rayonunda yem və bitki yağları fabrikləri, Olimpiya idman kompleksi, Xızı rayonunda Müalicə-diaqnostika mərkəzi, Qobustan rayonunda Eksperimental poliqon və tədris mərkəzi, Quba rayonunda Şahmat məktəbi, Xaçmaz rayonunda Kondensator zavodu və Şahmat məktəbi, Ağsu rayonunda Çörək, Şirə və Şərab emalı zavodları, stadion, Ağdaş rayonunda Ağdaş-Ləki avtomobil yolu, Ucar rayonunda Şahmat məktəbi, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilmişdir.

{nl}

Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən on ay ərzində 168,3 milyon ton və ya 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox yük daşınmışdır. Sərnişin daşınması 7,3 faiz artaraq 1,2 milyard nəfər təşkil etmişdır. Beynəlxalq Avrasiya nəqliyyat dəhlizi ilə yanvar-sentyabr aylarında 40 milyon ton və ya bütün yüklərin 26,2 faizi qədər yük daşınmışdır. Dəhlizlə yük və sərnişin daşınmasından 324,1 milyon manat gəlir əldə edilmişdir.

{nl}

İnformasiya və rabitə müəssisələri tərəfindən ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 997,2 milyon manatlıq, yaxud keçən ilin müvafiq dövründəkindən 11,7 faiz çox xidmət göstərilmişdir. Mobil telefon rabitəsinin xidmət növündən əldə olunmuş gəlirlərin həcmi 4,2 faiz artaraq 621,4 milyon manata çatmış və ümumi gəlirlərin 62,3 faizini təşkil etmişdir.

{nl}

Əmtəə dövriyyəsi və pullu xidmət sahəsində də göstəricilər müsbətdir. Belə ki, yanvar-oktyabr ayları ərzində əhaliyə 17,3 milyard manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 10,4 faiz artaraq 13,1 milyard manata, pullu xidmətlərin həcmi isə 7,4 faiz artaraq 4,2 milyard manata çatmışdır. Əhalinin istehlak bazarından aldığı malların 8 milyard manatını və ya 61,2 faizini ərzaq məhsulları, 5,1 milyard manatını qeyri-ərzaq malları təşkil etmiş və müvafiq olaraq 2,7 və 28,8 faiz artmışdır.

{nl}

Xarici ticarət sahəsində də müsbət irəliləyiş nəzərə çarpmışdır.Doqquz ay ərzində xarici ölkələrlə 26,6 milyard dollar məbləğində ticarət əməliyyatları aparılmışdır. Əmtəə dövriyyəsinin 74,2 faizini və ya 19,7 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 25,8 faizini (6,9 milyard dollarını) isə idxal məhsulları təşkil etmiş, əmtəə mübadiləsinin 83,8 faizi uzaq xarici ölkələrlə, 16,2 faizi MDB üzvü dövlətləri ilə aparılmışdır.

{nl}

İlin əvvəlindən ötən vaxt ərzində ölkəmizə idxal olunmuş əmtəənin 72,9 faizi, yaxud 5 milyard dolları uzaq xarici dövlətlərdən, 27,1 faizi (1,9 milyard dolları) MDB üzvü ölkələrindən daxil olmuşdur. Ölkədən ixrac olunmuş malların 87,6 faizi, yaxud 17,3 milyard dolları uzaq xarici dövlətlərə, 12,4 faizi (2,4 milyard dolları) isə MDB üzvü ölkələrinə göndərilmişdir. Ticarət əməliyyatları nəticəsində 12,8 milyard dollar məbləğində müsbət ticarət saldosu yaranmışdır. Doqquz ay ərzində ölkəmizə 20,4 milyon ABŞ dolları məbləğində humanitar və texniki yardım daxil olmuşdur.

{nl}

Bu ilin ötən on ayı ərzində əhalinin gəlirləri də artmışdır. Belə ki, sözügedən dövrdə ölkə əhalisinin gəlirləri 19 faiz artaraq 24,5 milyard manat təşkil etmişdir. Bu vaxt ərzində adambaşına düşən gəlirlər 17,4 faiz yüksələrək 2713,6 manata və ya orta hesabla ayda 271,4 manata çatmışdır.Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-sentyabr aylarında 2010-cu ilin müvafiq dövrünə nisbətən 9 faiz artaraq 355,1 manat olmuşdur.

{nl}

Maliyyə Nazirliyinin məlumatına əsasən, yanvar-sentyabr aylarında dövlət büdcəsinə 9 milyard manat məbləğində vəsait daxil olmuş, büdcədən 8,7 milyard manat vəsait xərclənmişdir. Büdcə xərclərinin 43,7 faizi və ya 3,8 milyard manatı iqtisadiyyatın inkişafına, 9,8 faizi, yaxud 854,4 milyon manatı təhsilə, 12,7 faizi və ya 1112,3 milyon manatı sosial müdafiə və sosial təminata yönəldilmişdir.

{nl}

Vaqif BAYRAMOV,

{nl} {nl}

“Xalq qəzeti”

{nl} {nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında