Şriftin ölçüsü:
25.09.2011 10:48 | Oxunma sayı: 595
Sentyabrın 24-də "Caspian Fish" zavodunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçirilən beynəlxalq tədbirdə iştirak etmək üçün 60-a yaxın ölkədən 300-dək qonaq Bakıya gəlmişdir.
Tədbirdə iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan iqtisadiyyatının inkişaf mərhələləri, aparılmış məqsədyönlü islahatlar və qazanılmış uğurlu nailiyyətlər barədə iştirakçılara geniş məlumat vermişdir. Bildirilmişdir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev müstəqil Azərbaycanın, həmçinin ölkədə azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasının əsasını qoymuş, həyata keçirilən çevik və düşünülmüş siyasət nəticəsində Azərbaycan qısa zaman kəsiyində böyük uğurlara nail olmuşdur.
Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsinin - bərpa və dinamik inkişaf dövrünün başladığını diqqətə çatdıran Şahin Mustafayev 1995-2003-cü illərdə ümumi daxili məhsulun 90,1 faiz, büdcə gəlirlərinin 3 dəfə, strateji valyuta ehtiyatlarının 85 dəfə artdığını, inflyasiya səviyyəsinin 2-3 faizə endirildiyini, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi məbləğinin 20 milyard ABŞ dollarını keçdiyini bildirmişdir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılmış nailiyyətlər daha da möhkəmləndirilmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. Müstəqillik illərində ölkə iqtisadiyyatına 100 milyard dollardan çox investisiya yatırılmış, 2003-cü ildən bəri 1 milyona yaxın yeni iş yeri yaradılmışdır.
Şahin Mustafayev qazanılmış nailiyyətlərin nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da yüksək qiymətləndirildiyini qeyd etmişdir. Təsadüfi deyil ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business-2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, növbəti illərin hesabatlarında ölkəmiz öz mövqelərini qoruyub saxlamışdır. Dünya İqtisadi Forumu tərəfindən 2011-2012-ci illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan MDB ölkələri arasında yenə də lider mövqeyini qoruyub saxlamışdır. Hesabatda Azərbaycan ötənilki göstərici ilə müqayisədə 2 pillə irəliləyərək, 142 ölkə arasında 55-ci yerdə qərarlaşmışdır.
Ş.Mustafayev Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin ölkəmizin ardıcıl və dayanıqlı iqtisadi inkişafını təmin edəcəyini, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ən başlıcası isə Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəlməsinə imkan verəcəyini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ümummilli lider Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neft strategiyasının Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında və ölkəyə xarici investisiyaların cəlb olunmasında mühüm əhəmiyyətindən bəhs etmişdir. Qeyd olunmuşdur ki, 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması və icrasına başlanması Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməlini qoymuşdur. Bildirilmişdir ki, hazırda böyük potensiala malik neft-qaz sektorunun dayanıqlı inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Əldə olunan neft gəlirləri ölkəmizdə qeyri-neft sektorunun inkişafına, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət edir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.